Məhkəmə qərarları › İş №2(104)-150/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-150/2023

20.04.2023 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-150/2023 20.04.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 Ağalı oğlunun Cavabdeh1 Mənzil Tikinti Kooperativi qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: (qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi) Sədrlik edən və məruzəçi hakim Süleymanov Loğman Srac oğlu, hakimlər Həsənov İslam Telman oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, Üçüncü şəxs X7, onun nümayəndəsi, vəkil X3 iştirakları ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə 20 aprel 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. 24 may 2014-cü il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilədən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyriyaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı1 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2-dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur.( Müqavilənin əsli məhkəmə kollegiyasına təqdim edilmişdir.)

2. "xxxx" X1 maliyyə arayışından görünür ki, İddiaçı1 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2014-cü il tarixə firmaya borcu yoxdur.

3. 2019-cu il yanvarın 1-dək mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış, istismar edilən mənzilləri olan və aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazədən və Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavininin məktubundan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 19 fevral 2019-cu il tarixli 529 saylı Fərmanına uyğun olaraq, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 05 saylı Qərarı ilə, Gəncə şəhəri Ş.İ.Xətai prospekti 50, 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli (korpus 1 və 3) və 2 girişli, zirzəmili 10 mərtəbəli (korpus 2) yaşayış binalarının istismarına icazə verilmişdir.

4. Məhkəmə kollegiyasının sorğusuna əsasən həmin sənədlərin təsdiq edilmiş surəti əldə edilərək, işə əlavə edilmişdir.

5. xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin kserosurətindən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” X8 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2 -dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur. Həmin kserosurət müqavilə xx.xx.2012-ci ildə məsli ilə düzdür yazılmış müqavilədən kserosurət olunmuşdur.( iş vərəqə 123-124)

6. "xxxx" X1 xx.xx.2007-ci il tarixli maliyyə arayışından görünür ki, X7 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 A saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyri-yaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2007-ci il tarixə firmaya borcu yoxdur. Ödənişlər sənədindən görünür ki, xx.xx.2007-ci ildə 246.600 manat ödəniş qeydi olunmuşdur. ( İş vərəqə 125-126, həmin sənədlər kserosurətdir.)

7. İddiaçının nümayəndəsi Vəkil Fərhad oğlu məhkəmə kollegiyasına həmin çoxmənzilli yaşayış binasının tikintisi haqqında bir neçə fərdi müqavilənin kserosurətlərini göndərmiş və işə əlavə edilmişdir.

8. Məhkəmə kollegiyası yerli baxış keçirərkən, həmin çoxmənzilli yaşayış binasının tikintisi haqqında bir neçə fərdi müqavilələrin kserosurətlərini əldə edərək, işə əlavə etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

Birinci instansiya məhkəməsində icraat:

9. İddiaçı1 cavabdeh "xxxx" X2 (hazırkı Cavabdeh1nə) qarşı “qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, cavabdeh tərəfindən yaradılan maneələrin qadağan edilməsi, əmlakın təhvil verilməsi və vurulmuş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinə sahiblik və istifadə hüququnun tanınması, qeyri-yaşayış sahəsində istifadə və sahiblik etmək üçün cavabdeh "xxxx" Mənzil Tikinti Kooperativi tərəfindən İddiaçı1 maneələrin yaradılmasının qadağan edilməsi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyriyaşayış sahəsinin İddiaçı1 Ağalı oğluna təhvil verilməsi, 24000 manat əldən çıxmış faydanın, 460 manat hüquqi xidmət haqqının və 30 manat ödənilmiş dövlət rüsumunun əvəzinin cavabdeh “KAT- 2020" Mənzil Tikinti Kooperativindən alınaraq İddiaçı1 Ağalı oğluna ödənilməsi barədə qətnamə çıxarılması xahiş etmişdir.

10. İddia tələbi onunla əsaslandırılmışdır ki, 24 may 2014-cü il tarixli müqaviləyə əsasən “Podratçı” "xxxx" X4 (VÖEN **********), hazırda Cavabdeh1 Mənzit-Tikinti Kooperativi Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsini 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı1 təhvil verilməli idi. Müqavilənin 3-cü bəndinə əsasən binanın qeyriyaşayış sahəsinin 1 kv.m. qiyməti 1800 (min səkkiz yüz) manat olmaqla 137 kv.m. üçün 246600 (iki yüz qırx altı min altı yüz) manat təşkil etmişdir. Sifarişçi İddiaçı1 tərəflər arasında bağlanmış Müqavilənin şərtlərinə tam əməl etməklə qeyri-yaşayış sahəsi üçün tələb olunan 246600 (iki yüz qırx altı min altı yüz) manat pulu "xxxx" X2 (hazırda Cavabdeh1 MTK) tam şəkildə ödəmiş, bu barədə müvafiq arayış verilmişdir. Podratçı tərəfindən verilmiş arayışdan göründüyü kimi, İddiaçı1 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə almış olduğu qeyriyaşayış sahəsinin ümumi dəyərini tam ödəmişdir və xx.xx.2014-cü il tarixə borcu yoxdur. Lakin cavabdeh göstərilən Müqavilə şərtlərinin tələblərini kobud şəkildə pozaraq sözügedən qeyri-yaşayış sahəsini bu günə qədər İddiaçı1 təhvil verməmişdir. Bununla əlaqədar cavabdehə dəfələrlə müraciətlər edilmiş, lakin qeyri-yaşayış sahəsinin təhvil verilməsi təmin edilməmişdir. Sonuncu dəfə cavabdehə 28 yanvar 2021-ci il tarixində yazılı pretenziya verilmiş, lakin cavabdeh növbəti dəfə də Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanıda 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə İddiaçı1 sahiblik və istifadə hüququnun mövcud olduğu halda əmlakı ona təhvil verməmiş, qeyri-yaşayış sahəsinə daxıl olmaq üçün şərait yaratmamış, pretenziyaya cavab belə verməmişdir, buna görə də qeyri-yaşayış sahəsindən istifadə etmək və sahiblik etmək üçün yaradılan maneələr cavabdehə qadağan edilməli, qeyriyaşayış sahəsi ona təhvil verilməli, əmlak vaxtında təhvil verilmədiyinə görə ona vurulmuş zərərin əvəzi cavabdehdən tutulmalıdır. Belə ki, cavabdeh qeyri-yaşayış sahəsinin vaxtında, yəni 24 may 2016-cı il tarixində təhvil vermiş olsaydı, iddiaçı həmin qeyri-yaşayış sahəsini icarəyə verməklə gəlir əldə edə bilərdi, 137 kv.m. sahə üçün icarə haqqı ən azı bir ay üçün 500 (beş yüz) manat təşkil edərdi, bu məbləği 48 (qırx səkkiz) ay üçün hesablandıqda 24000 (iyirmi dörd min) manat təşkil edir. Bundan başqa, məhkəməyə müraciət edilməsi ilə bağlı vəkil bürosu ilə 25 yanvar 2021-ci ildə Müqavilə imzalanmış, vəkil haqqı olaraq 460 manat ödəniş aparılmışdır.

11. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 776/2022 nömrəli qətnaməsi ilə (hakim Gündüz Şirinov) iddia tələbi qismən təmin edilmiş, Gəncə şəhəri H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin İddiaçı1 sahibliyinə təhvil verilməsi vəzifəsinin Cavabdeh1 ("xxxx" X1) üzərinə qoyulması, Cavabdeh1 ("xxxx" X1) məhkəmə xərci qismində 30 (otuz) manat dövlət rüsumu və hüquqi yardıma görə ödənilmiş 460 manat (dörd yüz altmış) manatın tutularaq, İddiaçı1 ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

12. Məhkəmə hesab etmişdir ki, cavabdehlə aralarında bağlanmış qeyri-yaşayış sahəsinin inşa edilməsinə dair podrat müqaviləsinin şərtlərinə görə iddiaçı müəyyənləşdirilmiş muzdu ödəməyi, cavabdeh isə müqavilədə nəzərdə tutulmuş qeyriyaşayış sahəsini inşa edib iddiaçıya təhvil verməyi öz öhdələrinə götürmüşdür. İddiaçı müqavilə üzrə müəyyənləşdirilmiş muzdu tam həcmdə ödədiyindən qeyri-yaşayış sahəsinin təhvil verilməsini tələb etmək hüququ yaranmışdır. Ona görə də Gəncə şəhəri, H.Əliyev prospekti (indiki Ş.İ.Xətai prospekti), 50 ünvanında 1 saylı yaşayış binasında 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m qeyri-yaşayış sahəsinin İddiaçı1 sahibliyinə təhvil verilməsi vəzifəsi cavabdeh "xxxx" X1 (hazırkı Cavabdeh1 MənzilTikinti Kooperativinin) üzərinə qoyulmalıdır. İddianın digər hissələri isə əsassız hesab edilmişdir.

13. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 752 və 425.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri

14. Üçüncü şəxs X9 oğlu apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

15. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, mübahisə edilən əmlak 18 may 2007-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən əmlakın dəyəri tam ödənilməklə, 246600 manata ona satılmışdır. Həmin əmlak onun faktiki olaraq istifadəsindədir, başqa şəxslərə icarə əsasında istifadəyə verilmişdir. O, həmin əmlaka böyük məbləğdə vəsait xərcləyərək, təmir etdirmişdir. Müqavilə ilkin olaraq 2007-ci ildə onunla bağlanmışdır. 2014-cü ildə isə iddiaçı ilə bağlanmışdır.Bu baxımdan, sonrakı müqavilə öz-özlüyündə əhəmiyyətsizdir. Onda olan məlumata görə, iddiaçının tələb etdiyi əmlakın yerləşdiyi bina hazırda mövcud deyildir. Yalnız bünövrəsi mövcuddur. Bu hallar məhkəmə tərəfindən araşdırılmamışdır. Həm də, iddiaçı cavabdehdən tələb etdiyi əmlaka dair ümumi iddia müddətini ötürmüşdür. Təqdim etdiyi iddia müddətinin tətbiqinə dair ərizə gizlədilməməli və təmin edilməli idi. Məhkəmə işə baxarkən həmin əmlaka baxış keçirtməli, əmlakın mövcud vəziyyətini müəyyənləşdirməli, bundan əlavə tikinti şirkətinin nümayəndəsinin iştirakını tam şəkildə təmin etməli idi. Onda olan məlumata əsasən "xxxx" Mənzil Tikinti Kooperativinin rəhbərliyinin hazırki iş üzrə İddiaçı1 əlində olan müqavilədən xəbəri yoxdur və onların məhkəmə baxışında iştirakını təmin edilsə, həmin əmlakın ona satılması və onun istifadəsinə verilməsi öz təsdiqini tapar. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri 16.Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları 17.İş üzrə üçüncü şəxs X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. 18.İş üzrə üçüncü şəxs X7 nümayəndəsi, vəkil X6 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etdi. 19.İş üzrə İddiaçı1 və cavabdeh "xxxx" X2 məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq, onlar məhkəməyə gəlməmişlər. İddiaçı1 nümayəndəsi Vəkil Fərhad oğlu məhkəmə kollegiyasına yazılı ərizə göndərərək, işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Cavabdeh "xxxx" X1 nümayəndəsi isə, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-in 376.2-ci maddəsinə müvafiq olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. 20.İddiaçı1 nümayəndəsi Vəkil Fərhad oğlu məhkəmə kollegiyasının əvvəlki iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, "xxxx" X4 ilə nümayəndəsi olduğu şəxs arasında Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinə dair 24 may 2014-cü il tarixli müqavilə bağlanılmışdır. Müqaviləyə əsasən, qeyri-yaşayış sahəsinin 1 kv.m. qiyməti 1800 manat olmaqla, 137 kv.m. üçün 246600 manat ödəniş edilmişdir. Həmin bina Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 05 saylı Qərarı ilə istismara qəbul edilmişdir. X9 isə Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı xx.xx.2007-ci il tarixli müqavilə təqdim etmiş və həmin müqavilədə qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat göstərilmişdir. Əslində isə, həmin ünvanda 1a saylı bina yoxdur və mübahisə edilən qeyri-yaşayış sahəsi 1 saylı binada yerləşir. Həm də, 2007-ci ildə həmin ərazidə və binada, mənzillərin qiyməti çox ucuz olmuşdur ki, təqdim edilmiş həmin müqavilənin həqiqiliyi şübhə doğurur. Onu da qeyd edir ki, "xxxx" MMC-nin rəhbərliyi cinayət məsuliyyətinə cəlb edilmişdir. Məhkəmənin qətnaməsini qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhəri Nizami Rayon xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq: 21.Mülki Məcəllə 752.1-ci maddəsinə əsasən, podrat müqaviləsinə görə, podratçı müqavilədə nəzərdə tutulan işi icra etməyi, sifarişçi isə podratçıya razılaşdırılmış muzd ödəməyi öhdəsinə götürür. 752.3-cü maddəsinə görə, əgər podratda hər hansı məmulatın hazırlanması nəzərdə tutularsa və podratçı onu özünün əldə etdiyi materiallardan hazırlayarsa, hazırlanmış məmulata mülkiyyəti sifarişçiyə verir. Əgər əvəz edilən əşya hazırlanmışdırsa, alğı-satqı qaydaları tətbiq edilir. Maddə 753.1. Sifarişçi podratçıya şərtləşdirilmiş muzd ödəməyə borcludur. Maddə 762.1. Podratçı sifarişçi üçün podratı elə icra etməlidir ki, podratın nəticəsi qüsurlardan, üçüncü şəxslərin hüquqlarından və ya iddialarından azad olsun 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

22.Mülki Prosessual Məcəllə Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

23. Azərbaycan Respublikasının MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 24.Azərbaycan Respublikasının MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 25.Üçüncü şəxs X9 apellyasiya şikayətində, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etsə də, apellyasiya şikayəti qətnamənin iddianın təmin edilmiş hissəsinin ləğv edilməsinə yönəldiyindən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığı iddianın qismən təmin edilmiş hissəsində yoxlanılmalıdır. Qətnamənin digər hissələri ilə bağlı araşdırılma aparılmır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi 26.Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. 27.İşin müəyyən edilmiş hallarından görünür ki, 24 may 2014-cü il tarixli çox mənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilə ilə, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” İddiaçı1 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat olmaqla, 137,0 kv.m qeyri-yaşayış sahəsi üçün İddiaçı1 tərəfindən 246600 manat ödənilmiş və onun xx.xx.2014-cü il tarixə firmaya borcu qalmamışdır. Məhkəmə kollegiyasının təklifinə əsasən, həmin müqavilə və ödəmə sənədinin əsli təqdim edilmiş və iş materiallarına əlavə edilmişdir. 28.Üçüncü şəxs X9 apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, mübahisə edilən əmlak 18 may 2007-ci il tarixdə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətin tərəfindən əmlakın dəyəri tam ödənilməklə, 246600 manata ona satılmışdır. Həmin əmlak onun faktiki olaraq istifadəsindədir, başqa şəxslərə icarə əsasında istifadəyə verilmişdir. O, həmin əmlaka böyük məbləğdə vəsait xərcləyərək, təmir etdirmişdir. Müqavilə ilkin olaraq 2007-ci ildə onunla, 2014-cü ildə isə iddiaçı ilə bağlanmışdır ki, bu baxımdan, sonrakı müqavilə özözlüyündə əhəmiyyətsizdir. Onda olan məlumata görə, iddiaçının tələb etdiyi əmlakın yerləşdiyi bina hazırda mövcud deyildir. Yalnız bünövrəsi mövcuddur. 29.Məhkəmə kollegiyası üçüncü şəxs X7 həmin dəlilləri ilə bağlı ilk öncə onu qeyd edir ki, işə əlavə edilmiş xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin kserosurətindən görünür ki, “Podratçı” adlanacaq "xxxx" X4 Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisini, 24 (iyirmi dörd) ay müddətində “Sifarişçi” X8 mənzili, suvaq, daxili naxış, cihaz və daxilin qapılar olmamaq şərti ilə təhvil verilməyi öz öhdəsinə götürmüş, binanın qeyri-yaşayış sahəsinin 1 m2 qiyməti 1800,00 manat həcmindədir, qeyri-yaşayış sahəsi 137,0 m2 -dir və müqavilənin qiyməti 246600,00 manat olmuşdur. Həmin kserosurət müqavilə xx.xx.2012-ci ildə əsli ilə düzdür yazılmış müqavilədən kserosurət olunmuşdur. Həmçinin "xxxx" X1 xx.xx.2007-ci il tarixli maliyyə arayışı və ödənişlər sənədində xx.xx.2007-ci ildə 246.600 manat ödəniş qeydi olunmuşdur. Həmin sənədlər də, kserosurətdir. 30.Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən, notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. 31.89.4. Sənədlərin əsli qanunlara və ya digər normativ hüquqi aktlara müvafiq olaraq, işin halları ancaq bu cür sənədlərlə təsdiq edildikdə və ya məhkəmənin tələbi ilə digər zəruri hallarda təqdim edilir. 32.Əvvəlki məhkəmə iclasında xx.xx.2007-ci il tarixli çoxmənzilli yaşayış binasının tikintisi haqqında X9 ilə bağlanılmış fərdi müqavilənin, xx.xx.2007-ci il tarixli maliyyə arayışının və ödənişlər sənədinin əsllərinin məhkəmə kollegiyasına təqdim edilməsi X7 nümayəndəsi olan vəkil X5 təklif edilmiş, lakin o, həmin sənədlərin təsdiq edilmiş surətlərinin təqdim edildiyini bildirərək, həmin sənədlərin əslininin istənilməsini mübahisələndirmiş və növbəti məhkəmə iclaslarında təqdim edilməmişdir. Bununla belə, nümayəndənin istinad etdiyi və işin 213-216-cı vərəqələrində olan həmin sənədlərdə Gəncə Apeellyasiya Məhkəməsi tərəfindən əsli ilə düzdür yazılaraq, zərflər üçün nəzərdə tutulmuş möhürlə təsdiqlənmənin kim tərəfindən, nə vaxt aparılması müəyyən olunmur. Digər tərəfdən, həmin kserosurət müqavilə xx.xx.2012-ci ildə əsli ilə düzdür yazılmış müqavilədən kserosurət olunmuşdur. Göründüyü kimi, həmin sənədlər Azərbaycan Respublikasının MPM-nin 89.1-ci maddəsinin tələblərinə cavab vermir və yazılı sübut kimi qiymətləndirilə bilməz. 33.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, xx.xx.2007-ci ildə bağlanılmış həmin müqavilə Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binasında, 1-ci girişdə 1-ci mərtəbədə 137 kv.m. qeyri-yaşayış sahəsinin tikintisi ilə bağlı olmaqla, qeyriyaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat müəyyən olunmuşdur. Halbu ki, mübahisə edilən qeyri-yaşayış sahəsinin yerləşdiyi binada yaşayan sakinlərlə bağlı mövcud olan bir sıra müqavilələr əldə edilərək, işə əlavə edilmiş və həmin müqavilələrdən görünür ki, ayrı-ayrı vətəndaşlarla "xxxx" MMC-ti arasında müqavilələr məhz Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1 saylı yaşayış binasının mənzillərinə dair bağlanılmış və həm də, 2006-cı ilə dair bağlanılmış müqavilədə mənzilin 1 kv.m-nin qiyməti 150 manat, 2011-ci ilə dair bağlanılmış müqavilədə mənzilin 1 kv.m-nin qiyməti 450 manat, 2014-2016-cı illərə dair bağlanılmış müqavilələrdə mənzilin 1 kv.m-nin qiyməti 450 manat, 2020-2021-ci illərə dair bağlanılmış müqavilələrdə mənzilin 1 kv.m-nin qiyməti 660-844 manat civarında müəyyən edilmişdir. Bu isə onu deməyə əsas verir ki, 2006-cı ilə həmin binada mənzilin 1 kv.m-nin qiyməti 150 manat olduğu, həmçinin 2014-cü ildə qeyriyaşayış sahəsinin 1 kv.m-nin qiyməti 1800 manat olduğu halda, 2007-ci ildə qeyri yaşayış sahəsinin 1 kv.m-nin qiymətinin 1800 manat olması inandırıcı görünmür və həmin müqavilənin etibarlılığını şübhə altına alır. 34.Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2020-ci il tarixli 05 saylı Qərarı ilə, ünvan ünvanda yalnız 2 ədəd 1 girişli, zirzəmili, 10 mərtəbəli korpus 1 və 3 və 2 girişli, zirzəmili 10 mərtəbəli korpus 2 saylı yaşayış binaları istismara qəbul edilmişdir. 35.Göründüyü kimi, Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında 1a saylı yaşayış binası mövcud olmamış və istismara verilməmişdir.

36. Məhkəmə kollegiyası tərəfindən Gəncə şəhəri, H.Əliyev prospekti, 50 ünvanında yerləşən 1 saylı yaşayış binasına yerli baxış keçirilmiş və müəyyən edilmişdir ki, həmin ünvanda 1 saylı bina mövcud olduğu halda, 1a saylı yaşayış binası mövcud deyildir. 37.Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianın qismən edilmiş hissəsində müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş, məhkəmənin qətnamədə göstərdiyi dəlillər həmin hissədə işin hallarına uyğun olmuş və mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apelyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın.

38. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏT ETDİ :

Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-776/2022 nömrəli qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar