Məhkəmə qərarları › İş №2(104)-150/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-150/2025

12.11.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-150/2025 12.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X1 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-852/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə 12 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 25 yanvar 2023-cü il tarixli mütəxəssis rəyindən görünür ki, aparılmış araşdırmalar və təhlillərə əsasən DAF markalı yəhərli dartıcı tipli olan yük avtomobilinə təqdim olunmuş siyahi üzrə ehtiyat hissələrinin 25 yanvar 2023-cü il tarixə olan orta bazar dəyəri 10140 manat təşkil edir.

2. 03 dekabr 2021-ci il tarixli 114/12-03 nömrəli müqavilədən görünür ki, sahibkar İddiaçı ilə fiziki şəxs sürücü Cavabdeh arasında bağlanmış müqaviləyə görə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli avtomaşınla beynalxalq yüklərin daşınmasını təşkil edilmişdir.

3. xx.xx.2023-cü il tarixli 271 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat şirkəti olan X6 Ekspedisiyası Kompaniyası MMC ilə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli nişanlı yük avtomobilinin sahibi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən X2 iştirakçı kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixində yüklə dolu avtonəqliyyat vasitəsi sürücüsü Cavabdeh tərəfindən idarə olunaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən “Fud-Siti” ticarət mərkəzinə getmiş və yükü boşaltdıqdan sonra maşın sahibinə çatacaq 2100 dollar (3570 manat) pulu almış, sonra isə Azərbaycan Respublikasına yük gətirmək üçün yola çıxaraq öz təqsiri üzündən avtonəqliyyat vasitəsini qəsdən yararsız hala salmış və yolun kənarında ataraq çıxıb getmişdir. Nəticədə avtomobil 5 aydan çox müddət ərzində Moskva şəhərində baxımsız və nəzarətsiz qalmış və sahibi İddiaçı hər ay orta hesabla 2000 dollar (3400 manat) maddi ziyana düşərək cəmi 5 ay x 2000 dollar (17000 manat) faktiki gəlirdən məhrum olmuşdur.

4. 01 iyun 2022-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respubilkası Dövlət Gömrük Komitəsinin Şimal Ərazi Baş Gömrük İdarəsinə ünvanlanmış 31 may 2022-ci il tarixli məktuba cavab olaraq bildirilmişdir ki, DAF 150.460/SHMİTS markalı 99BE732/99ZA022 dövlət nömrə nişanlı yük avtomobili xx.xx.2021-ci il tarixdə yüklü olaraq sürücü Azərbaycan Respublikasının vətandaşı Cavabdeh tərəfindən idarə olunaraq Rusiya Fedarasiyası istiqamətində ölkəni tərk etmiş və xx.xx.2022-ci il tarixdə boş olaraq sürücü Azərbaycan Respublikası vətəndaşı Balayev Xəqani tərəfindən idarə olunaraq Rusiya Federasiyası istiqamətindən ölkə ərazisinə daxil olmuşdur.

5. LEX FORİ hüquq və qiymətləndirmə şirkətinin 25 yanvar 2023-cü il tarixli 04 saylı məktubundan görünür ki, DAF markalı yəhərli dartıcı tipli olan yük avtomobilinə təqdim olunmuş siyahı üzrə ehtiyat hissələrinin 25 yanvar 2023-cü il tarixə orta bazar dəyəri 10140 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, ona məxsus olan “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin talanması nəticəsində avtomaşına aldığı yeni hissələrə xərclədiyi 10140 manat, maşının təmiri üçün xərclədiyi 100.000 rus rublu, yəni 3500 manatın, cavabdehə verilməsi üçün arvadı Nümayəndə bank kartına köçürülmüş 680 manat və digərlərinin cavabdehin bank kartlarına köçürülmüş 850 manat, sürücü X4 xidmət haqqı kimi ödənilmiş 500 manat və onun təyyarə ilə Mockvaya uçması üçün biletə ödənilmiş 820 manat, maşının hissələri talan olduğuna görə maşının boş dayanması səbəbindən əldən çıxmış fayda olab 17000 manatın, dövlət rüsumu kimi ödənilmiş 180 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomobilinin və onun **-ZA-*** d.q nömrəsi olan yük qoşqusunun sahibidir, fərdi qaydada həmin avtomaşınla idarə edən sürücülərlə müqavilə bağlayaraq “ABADA”-da (Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiyası) həqiq üzvü olan yük daşımaları həyata keçirilən avtomasınla yükdaşımalar xidmətini göstərir. 2021-ci ilin noyabrın axırlarında o, avtomaşınla yükün Rusiya Fedrasiyasına daşımaq üçün sifariş almışdır. Bu səbəbdən o, bu yükü aparmaq üçün sürücü axtarmağa başlamışdır. Sosial şəbəkələrdə cavabdehin başqa ölkələrə yük maşını ilə yüklərin daşınmasını öyrənəndən sonra, onunla elanda qoyduğu nömrə (***-***-**-**, ***-***-**-**) ilə əlaqə saxlamış, onunla görüşmüşdür. Cavabdeh ona Rusiyaya dəfələrlə yük daşıdığını bildirmişdir. O, cavabdehlərlə vaxtaşırı şirkətlərdən ona yük daşıması üçün sifarişlərin olduğunu demiş və o, onun təyin etdiyi qiymətə yükün daşımasına razılıq vermişdir. 03 dekabr 2021-ci il tarixdə "xxxx" MMC arasında yüklərin daşınması üçün 14/92 №-li müqavilə imzalanmışdır. Həmin günü “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomaşını və onun ** ZA *** d.q.nömrəsi olan yük qoşqusu ilə yüklərin daşınması üçün 14/12-03 №-li, 03 dekabr 2023-cü il tarixli müqavilə bağlanmışdır. Eyni zamanda "xxxx" MMC yükün gömrükdən keçirilməsi üçün tələb olunan gömrük bəyannamələri, Rusiyada yükün alıcıya təhvil verilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün cavabdehə 03 dekabr 2021-ci il tarixli etibarnamə verilmişdir. 2021-ci ilin dekabrın ortalarında (qablaşdırma pomidor) vurularaq maşın Rusiyaya yola salınmışdır. xx.xx.2021-ci il tarixdə yük Moskva şəhərində yerləşən “Fut Siti” bazarına çatdırılmışdır. xx.xx.2021-ci il tarixdə yük boşaldıqdan sonra yükün daşınmasına görə ona çatacaq 2100 ABŞ dolları (3570 manat) pul cavabdehə verilmişdir. Cavabdeh həmin pulu maşınla birlikdə ona təhvil vermədən sonra o, həmin məbləğdən sürücü xidməti üçün ona 600 ABŞ dolları (1020 manat) verməli olmuşdur. Geri qaytarma üçün də o, artıq yük tapmışdır. Lakin hava çox şaxta olduğundan maşını bir qədər “Fud Sity”-nin yaxınlığındakı yük maşınları üçün olan dayanacaqda saxlamaq qərarına gəlmiş və cavabdehlə havanın yumşalmasının gözlənməsini tapşırmışdır. 21 dekabr 2021-ci il tarixdə cavabdeh onun tapşırığına əməl etmədən və qabaqcadan ona məlumat vermədən maşını dayanacaqdan götürmüş, yükü götürmək üçün yola düşmüş, müəyyən məsafə qətdikdən sonra isə cavabdehin ona bildirdiyinə görə avtomaşının mühərrikinin sönməsi səbəbindən startellə maşını yolun kənarına çəkib elə orda onu buraxıb çıxıb getmişdir. 5 gündən sonra o, cavabdehlə əlaqə saxlayanda, o, ona maşının startelinin yandığını bildirmişdir. O, ona özbaşına dayanacağı tərk etməsini, ona starterin gücü ilə maşını yolun qırağına çəkdiyinə görə onun yanması barədə vaxtında məlumat verməməyinə irad bildirərək, yükə görə verilən puldan starterin təmir edilməsini, bu mümkün olmadıqda isə yeni starter alıb maşına qoymasını tapşırmışdır. Bundan sonra o, maşını aldığı yerə getmiş, maşının polislər tərəfindən evakuatora qoyulmasını görmüş, ona zəng edərək, maşının aparılmamasına görə polislərə pul vermək lazım olmasını bildirmişdir. O, da həmin vaxt “Fud Siti” bazarına yük aparmış digər tanışı Ağaxan adlı sürücüyə zəng etmiş, cavabdehə 8000 rubl, yəni 110 ABŞ dolları verməyi xahiş etmişdir. Ağaxan onun xahişi ilə öz kartından 3000 və 5000 rubl pulu cavabdehin bank kartına köçürmüşdür. Bundan sonra cavabdeh yenə də ona zəng edib polislər tərəfindən maşının aparılmasını və onun polislərlə birlikdə maşının dayacağına getdiyini bildirmişdir. Whatsapla maşının yerləşdiyi yeri mobil nömrəsinə göndərmişdir. Maşın dayanacaqda saxlandığı vaxtda cavabdeh dəfələrlə ona zəng vurub ondan pul istəmişdir. Pullar onun xahişi ilə başqalarının kart hesabından köçürülmüşdür. Rusiyada yaşayan Oksana Andreyevna K-10000 rublxx.xx.2022 tarixdə Mirzə Gülmurad oğlu K-5000 rubl və 15000 pubul, xx.xx.2022-ci il tarixdə Rusiyada ustanın pulunun verilməsi üçün Azərbaycanda həmin şəxsin tanışı Taryel Əliyevə 180 manat olan köçürmələr olmuşdur. Lakin, bundan sonra cavabdeh maşının hissələrini (akkumlyatorun, Almanıya istehsalı olan PİANER markalı maqintafonları ABŞ şnuru ratsiyasını, yeni alınmışstarterini, tiklərini disklərlə bir yerdə qoşqunun paylayıçı krantını və onun şünurları radyatorun qabağında olan qoruyucu paneli, maşının 6 ədəd təkərini digər yük maşını Kamaz markalı maşının yararsız təkərləri ilə əvəz etmişdir) sataraq Nijni-Vartovsk şəhərinə getmişdir. Oradan cavabdeh ona zəng vuraraq dostlarının yanında olduğunu,13 yanvarda yeni il qurtardıqdan sonra qayıdacağını bildirmişdir. Bundan sonra cavabdeh yenə də hər iki gündən bir ona zəng edərək ondan pul göndərəcəyini tələb edirdi. O, da həmin pulları cavabdehin arvadı Nümayəndə bank kartına 480 manat köçürmüşdür. Onun arvadı isə həmin pulları Rusiyaya cavabdehin kartına köçürmüşdür. Mirzə tərəfindən cavabdeh ödənilmiş pulları o, onun Bakıda yaşayan ailəsinə 500 manat pul vermişdir. Oksanaya çatacaq pul isə onun xalası oğlu Emin vasitəsilə verilmişdir. Cavabdehə starteri Moskvada yaşayan həmyerlisi ustaya aparmasını demiş, lakin cavabdeh buna da əməl etməmişdir. Eyni zamanda cavabdeh demişdir ki, maşının akkumulyatoru da ölmüşdür, yəni yeni akkumulyator alınmalıdır. Bildirmişdir ki, 2 ədəd 15000 rubla işlənmiş akkumulyator var. O, yenə də Ağacana zəng edib akkumulyator üçün cavabdehə 15000 rubl verməsini xahiş etmişdir. Ağacan da bu məbləği Mirzədən bu pulu cavabdehə göndərməsini xahiş etmişdir. Bundan sonra o, maşın üçün starter alaraq Moskvaya göndərmişdir. Sonradan məlum olmuşdur ki, aldığı starter maşına uyğun olmamışdır. Ona görə də yenisini alıb Moskvaya göndərməli olmuşdur. Cavabdeh isə akkumulyatorları almış və sonra isə satmışdır. Cavabdeh Novruz bayramı ərəfəsində maşını Moskvada qoyaraq Azərbaycana gəlmişdir. Cavabdeh ona telefon vasitəsilə bildirmişdir ki, guya o İrkutski şəhərindədir. O, onun Azərbaycanda olduğunu ona bildirmiş və maşının sənədlərini və açarlarını ondan isdədikdə o, ondan 500 manat pul tələb etmişdir. O, ona öz iradını bildirərək ona dəymiş ziyanın ona ödəməsi əvəzində ondan yenə pul tələb etməsini ona irad kimi göstərmişdir. 2022-ci ilin mart ayının axırlarında cavabdehin arvadının bank kartına 200 manat pul köçürmüşdür. Bundan sonra cavabdeh maşının açarlarını və sənədlərini ona taksi ilə göndərmişdir. Bundan başqa maşını Moskvadan gətirmək üçün qohumlarından 850 manat və 30.000 rubl almışdır. Başqa sürücü X5 etibarnamə verərək onu Lənkaran hava limanından Moskvaya yola salmışdır. Xəqani də 3 gün ərzində maşının talanmış hissələrini 70.000 rubl borc alaraq düzəltdirərək maşını Azərbaycana gətirmişdir. Cavabdehla sürücü xidmətlərinin göstərilməsi üçün bağlanmış 14/12-05№-li 03 dekabr 2023-cü il tarixli müqavilənin 2.2.6-cı bəndinə görə sürücü yükləmə və boşaltma zamanı o cümlədən yükün daşınması zamanı daşınan yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşıyır. Cavabdeh qərəzli olaraq etdiyi hərəkətlərlə yəni istismar qaydalarını pozaraq maşının hissələrini sataraq və s. əməlləri ilə maşını 5 ay müddətində istismara yararsız hala salmışdır. Ona maddi ziyan vurmuş, əldə olunacaq gəlirdən onu məhrum etmişdir. Cavabdeh özbaşına güclü şaxtalı gündə avtomaşını dayanacaqdan götürərək digər yükü götürmək üçün yola düşmüşdür. Bundan sonra cavabdehin maşını yolda xarab olmuş, maşını yolun kənarına çəkmək üçün starterin gücü ilə maşını yoldan kənara çəkmişdir. Həmin vaxt starter xarab olmuşdur. Bundan sonra cavabdeh maşını yolda qoyaraq yeni il qeyd etmək üçün başqa yerə getmişdir. Həmçinin maşını talayıb hissələrini satmışdır. Halbuki həqiqətən də maşının starteri xarab olmuş olsaydı belə cavabdeh starterin təmir olunması və ya bu mümkün olmadıqda isə yeni starter alıb, maşına qoyulması üçün tədbir görməli, maşını tərk edib başqa yerə getməməli idi. Cavabdeh maşının üstündə olan starteri ona təhvil verməmişdir ki, bunun özü isə həqiqətən də starteri xarab olunmasını şübhə altına alır. Belə çıxır ki, cavabdeh tamah məqsədi ilə maşını talan etmiş və ondan artıq pullar almış, ona lüzumsuz yerə böyük məbləğdə maddi ziyan vurmuşdur.

8. Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-852/2024 nömrəli qətnaməsi ilə (hakim Zaur Hünmətov), iddianın qismən təmin edilməsi, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10140 manat, maşının təmiri üçün xərclənmiş 3500 manat və əldən çıxmış faydaya görə 17000 manat, cəmi 30640 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 181 manat 92 qəpik Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 385.1, 777.1, 777.2, 778.1, 778.2, 779.1, 850.1, 850.2, 1096.1, və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Həmin qətnamədən narazı qalan Cavabdeh nümayəndəsi (vəkil) Vəkil apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, İddiaçı ilə onun arasında hər hansı yazılı tapşırıq müqaviləsi mövcud olmamışdır. Əgər mübahisəyə onların aralarında şifahi tapşırıq müqaviləsi formasında olması baxımından yanaşılsa belə maşının xarab olaraq, ziyan vurulmasında o öhdəlik daşımır. Yəni, o şifahi olaraq öhdəsinə götürdüyü tapşırığı lazımı qaydada və vicdanla yerinə yetirmişdir. Qətnamə qəbul edilərkən məcəllənin bu maddələrinin də tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, məhkəmədə onun nümayəndəsi onun yuxarıda qeyd etdiyi xüsusatları öz izahatında təsdiq etmişdir. Hakim isə öz qətnaməsində həmin izahatı yazmaqla kifayətlənmişdir. Yəni qətnamədə həmin izahata hüquqi qiymət verilməmişdir. Digər tərəfdən qətnamədə qətnamənin əsası kimi qeyd edilmiş məktublarda göstərilir ki, maşına ümumilikdə müəyyən məbləğdə ziyan vurulmuşdur. Lakin həmin ziyanın onun təqsiri ucbatından vurulması heç nə ilə sübut olunmur. Hakim isə öz qətnaməsində həmin hallara ümumiyyətlə qiymət verməmişdir. Bu hal isə prosessual hüquq normalarının pozulması deməkdir ki, prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi qətnamənin ləğvi üçün əsasdır. Bundan əlavə məhkəmə qeyd etmişdir ki, iddia ərizəsinə əlavə edilən sübutların əksini təsdiq edəcək sübut növü onun tərəfimdən məhkəməyə təqdim edilməmişdir. Nümayəndəsinin dedikləri mötəbər sübüt kimi qəbul edilməmişdir. Bu sübutlar da məhkəmə tərəfindən izahsız və cavabsız qalmışdır. Əslində isə iddiaçı tərəf istinad etdiyi halların sübutu olaraq məhkəməyə hər hansı mötəbər sübut təqdim etməmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. İş üzrə İddiaçı, Cavabdeh nümayəndələri Nümayəndə və (vəkil) Vəkil məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə, onlara məhkəmə bildirişinin və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə, həmin xəbərdarlığı almalarına baxmayaraq, onlar heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onların iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdehin nümayəndəsi (vəkil) Vəkil elektron sistemə ərizə yükləyərək istintaq və digər məhkəmə iclasları olduğunu bildirsədə, bunu təsdiq edən sübutları təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh tərəfin məhkəmə iclasında iştirak etməməsi üzürlü sayıla bilməz. Məhkəmə kollegiyası cavabdeh tərəfin bu hərəkətlərini işin düzgün və tezliklə baxılmasına və onun həll edilməsinə ardıcıl olaraq maneçilik törətməsi kimi qiymətləndirir (MPM 120-ci maddəsi). Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

14. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

15. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

16. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

17. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

18. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

19. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

20. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

21. Maddə 778.1. Vəkalət alan tapşırığı vicdanla icra etməli, bu zaman vəkalət verənin haqlı mənafelərini müdafiə etməlidir.

22. Maddə 778.2. Tapşırığın məzmunu birbaşa göstərilmədikdə, bağlanan əqdlərin və ya göstərilən xidmətlərin xarakteri ilə müəyyənləşdirilir. Məsələn, tapşırıqda onun icrasına aid hüquqi hərəkətlərin yerinə yetirilməsi səlahiyyəti göstərilməlidir. Üçüncü şəxslər üçün nümayəndəliyə aid müddəalar qüvvədə olur.

23. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır.

24. Maddə 850.1. yük daşınması müqaviləsinə görə daşıyıcı yükü haqq (yüklərin daşınması üçün haqq) müqabilində olduğu yerdən təyinat yerinə daşımağı, yük göndərən, yükü alan və ya onların səlahiyyətləndirdiyi digər şəxs isə daşımanın dəyərini ödəməyi öhdəsinə götürür.

25. Maddə 850.2. Əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, yük daşınması müqaviləsinə tapşırıq haqqında göstərişlər tətbiq edilir.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

28. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

31. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

32. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

33. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

34. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

35. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

37. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

Apellyasiya baxışının hədləri

38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

41. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

42. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

43. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

44. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-852/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

45. Beləliklə, işin faktiki hallarından görünür ki, İddiaçı ilə Cavabdeh arasında müqavilə bağlanmışdır. Həmin müqavilənin şərtlərinə görə sürüçü Cavabdeh İddiaçı məxsu “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli avtomaşınla beynəlxalq yüklərin daşınmasını həyat keçirmiş, həmin müqaviləyə əsasən yükün daşınması zamanı daşınan yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşımışdır. Lakin, Cavabdeh müqavilə şərtlərini pozaraq iddiaçıya maddi zərər vurmuşdur.

46. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

49. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

50. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur.

51. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

52. Göründüyü kimi, cavabdehin təqsiri ucbatından iddiaçıya ziyan dəyməsi işin mübahisəsiz halıdır. Həmin ziyanın hansı məbləğdə olması apellyator tərəfindən mübahisələndirilməsə də, məhkəmə kollegiyası tərəfindən iddiaçıya dəymiş zərərin düzgün müəyyən edilməsi üçün iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası keçirilmiş və "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli, G-10/25-164 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, “DAF 105-406 yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı yük avtomobilinə təqdim olunmuş siyahı üzrə ehtiyat hissələrinin orta bazar dəyəri 10790 manat təşkil etmişdir.

53. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

54. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

55. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Həmin rəy əsaslandırılmış, rəy verilərkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur.

56. Məhkəmə kollegiyası hesab edir ki, qiymətləndirmə tərəfindən hesablama aparılan zaman mübahisəli yük avtomobilinə dəymiş maddi zərərin məbləği 10790 manat həcmdə müəyyən edilsədə, iddiaçı “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən ziyanın 10140 manat həddində tələb etmişdir. Mülki qanunvericiliyə görə Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə Kollegiyası həmin 10140 manat məbləği ağlabatan hesab edir və rəyə əsasən dəyişdirilməsinə luzum görmür.

57. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

58. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «Vəkilanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

60. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

61. Mülki işin yuxarıda sadalanan və tədqiq olunan hallarından göründüyü kimi, İddiaçı özünə məxsus “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomobilinin və onun **-ZA-*** d.q nömrəsi olan yük qoşqusunu fərdi qaydada həmin avtomaşınla idarə edən sürücülərlə müqavilə bağlayaraq “ABADA”-da (Azərbaycan Beynəlxalq Daşıyıcıları Assosiyası) həqiq üzvü olan yük daşımaları həyata keçirilən avtomasınla yükdaşımalar xidmətini göstərir. 2021-ci ilin noyabrın axırlarında o, avtomaşınla yükün Rusiya Fedrasiyasına daşımaq üçün sifariş almışdır. Bu səbəbdən o, bu yükü aparmaq üçün sürücü axtarmağa başlamışdır. O, Cavabdeh ilə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yük avtomaşını və onun ** ZA *** d.q.nömrəsi olan yük qoşqusu ilə yüklərin daşınması üçün müqavilə bağlamış, həmçinin gömrükdən keçirilməsi üçün tələb olunan gömrük bəyannamələri, Rusiyada yükün alıcıya təhvil verilməsi ilə bağlı sənədləşmə işlərinin aparılması üçün cavabdehə etibarnamə verilmişdir. 2021-ci ilin dekabrın ortalarında (qablaşdırma pomidor) vurularaq maşın Rusiyaya yola salınmışdır. xx.xx.2021ci il tarixdə yük Moskva şəhərində yerləşən “Fut Siti” bazarına çatdırılmışdır. xx.xx.2021-ci il tarixdə yük boşaldıqdan sonra yükün daşınmasına görə ona çatacaq 2100 ABŞ dolları (3570 manat) pul cavabdehə verilmişdir. Cavabdeh həmin pulu maşınla birlikdə ona təhvil vermədən sonra o, həmin məbləğdən sürücü xidməti üçün ona 600 ABŞ dolları (1020 manat) verməli olmuşdur. Geri qaytarma üçün də o, artıq yük tapmışdır. Lakin hava çox şaxta olduğundan maşını bir qədər “Fud Sity”-nin yaxınlığındakı yük maşınları üçün olan dayanacaqda saxlamaq qərarına gəlmiş və cavabdehlə havanın yumşalmasının gözlənməsini tapşırmışdır. 21 dekabr 2021-ci il tarixdə cavabdeh onun tapşırığına əməl etmədən və qabaqcadan ona məlumat vermədən maşını dayanacaqdan götürmüş, yükü götürmək üçün yola düşmüş, müəyyən məsafə qətdikdən sonra isə cavabdehin ona bildirdiyinə görə avtomaşının mühərrikinin sönməsi səbəbindən startellə maşını yolun kənarına çəkib elə orda onu buraxıb çıxıb getmişdir. İddiaçı ona cavabdehin hərəkətləri nəticəsində sürücü xidmətlərinin göstərilməsi üçün bağlanmış müqavilənin 2.2.6-cı bəndinə görə sürücü yükləmə və boşaltma zamanı o cümlədən yükün daşınması zamanı daşınan yükün və avtonəqliyyat vasitəsinin tamlığına və qorunmasına görə məsuliyyət daşıyır. Cavabdeh qərəzli olaraq etdiyi hərəkətlərlə yəni istismar qaydalarını pozaraq maşının hissələrini sataraq və s. əməlləri ilə maşını 5 ay müddətində istismara yararsız hala salmışdır. Ona maddi ziyan vurmuş, əldə olunacaq gəlirdən onu məhrum etmişdir. O, ona məxsus “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin talanması nəticəsində avtomaşına aldığı yeni hissələrə xərclədiyi 10140 manat, maşının təmiri üçün xərclədiyi 100.000 rus rublu, yəni 3500 manatın, cavabdehə verilməsi üçün arvadı Nümayəndə bank kartına köçürülmüş 680 manat və digərlərinin cavabdehin bank kartlarına köçürülmüş 850 manat, sürücü X4 xidmət haqqı kimi ödənilmiş 500 manat və onun təyyarə ilə Mockvaya uçması üçün biletə ödənilmiş 820 manat, maşının hissələri talan olduğuna görə maşının boş dayanması səbəbindən əldən çıxmış fayda olab 17000 manatın, dövlət rüsumu kimi ödənilmiş 180 manatın cavabdehdən tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tovuz rayon məhkəməsi tərəfindən iddia qismən təmin edilmiş, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10140 manat, maşının təmiri üçün xərclənmiş 3500 manat və əldən çıxmış faydaya görə 17000 manat, cəmi 30640 manat, eyni zamanda dövlət rüsumu kimi ödənilmiş 181 manat 92 qəpik Cavabdeh alınaraq İddiaçı verilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Məhkəmə kollegiyası tərəfindən apellyasiya şikayətinin dəlilləri araşdırılarkən müəyyən olunmuşdur ki, “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli yəhərli dartıcı maşının ehtiyat hissələrinin sıradan çıxması nəticəsində avtomaşına alınmış yeni hissələrə xərclənən 10140 manat, maşının təmiri üçün 3500 manat xərclənmişdir. Bu hal işdə olan sübutlarla öz təsdiqini tapır. Məhkəmə Kollegiyası əldən çıxmış fayda ilə əlaqədar qeyd edir ki, işə əLavə edilmiş xx.xx.2023-cü il tarixli 271 saylı məktubdan görünür ki, xx.xx.2021-ci il tarixdə nəqliyyat şirkəti olan X6 Ekspedisiyası Kompaniyası MMC ilə “DAF” markalı 99BE732 dövlət qeydiyyat nömrəli nişanlı yük avtomobilinin sahibi İddiaçı arasında bağlanmış müqaviləyə əsasən X2 iştirakçı kimi fəaliyyət göstərir. xx.xx.2021-ci il tarixində yüklə dolu avtonəqliyyat vasitəsi sürücüsü Cavabdeh tərəfindən idarə olunaraq Rusiya Federasiyasının paytaxtı Moskva şəhərində yerləşən “Fud-Siti” ticarət mərkəzinə getmiş və yükü boşaltdıqdan sonra maşın sahibinə çatacaq 2100 dollar (3570 manat) pulu almış, sonra isə Azərbaycan Respublikasına yük gətirmək üçün yola çıxaraq öz təqsiri üzündən avtonəqliyyat vasitəsini qəsdən yararsız hala salmış və yolun kənarında ataraq çıxıb getmişdir. Nəticədə avtomobil 5 aydan çox müddət ərzində Moskva şəhərində baxımsız və nəzarətsiz qalmış və sahibi İddiaçı hər ay orta hesabla 2000 dollar (3400 manat) maddi ziyana düşərək cəmi 5 ay x 2000 dollar (17000 manat) faktiki gəlirdən məhrum olmuşdur. Məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddia tələbinin əldən çıxmış faydaya görə 17000 manat hissəsində təmin etməsi ağlabatan miqdar olmuşdur.

62. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

63. Beləliklə, birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə məhkəmə kollegiyası razılaşır, onu qanuni və əsaslı qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

64. Məhkəmə kollegiyası qeyd olunanları ümumilikdə nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-852/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən 350 manat qiymətləndirmə haqqı Cavabdeh tutularaq, "xxxx" MMC-nin hesabına ödənilməlidir.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkil) Vəkil tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(062)-852/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. İş üzrə keçirilmiş qiymətləndirmənin haqqı 350 (üç yüz əlli) manat Cavabdeh tutularaq "xxxx" MMC-nin VÖEN **********, "xxxx" ASC Abşeron filialı, VÖEN **********, M/h: AZ03NABZ********************, Kodu: 805539, S.W.İ.F.T. BİC: İBAZAZ2X, H/h: AZ 521BAZ******************** hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet üzərindən Gəncə Apellyasiya Məhkəməsinin vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar