Məhkəmə qərarları › İş №2(104)-1500/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1500/2023

19.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1500/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X2 iştirakları ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(125)-1121/2022 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 nömrəli kredit müqaviləsinə əsasən İddiaçı ASC tərəfindən Cavabdeh1 36 ay müddətinə, illik 23 faiz olmaqla 11000 manat kredit verilmişdir.

2. 27 yanvar 2021-ci il tarixli 10-MZ2-1-0-60-21(Z1) və 10-MZ2-1-0-60-21(Z2) nömrəli zaminlik müqavilələrdən görünür ki, 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0- 60-21 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərini təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmışdır.

3. 17 iyun 2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 nömrəli kredit müqaviləsi üzrə 8250,08 manat əsas, 716,74 manat faiz, 74,84 manat cərimə olmaqla, cəmi 9041,66 manat ödənilməmiş borcu qalmışdır.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı ASC cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən müştərək qaydada 8250,08 manat əsas, 716,74 manat faiz, 37,42 manat cərimə olmaqla, cəmi 9004,24 manat borc və ödənilmiş 110,04 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 nömrəli kredit müqaviləsi bağlanmış və sonuncuya 36 ay müddətinə, illik 23 faiz olmaqla 11000 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında zaminlik müqavilələri bağlanmış və zaminlər borcun qaytarılması üzrə məsuliyyəti öz üzərlərinə götürmüşlər. Borcalan müqavilə şərtlərini pozaraq ödənişləri vcaxtında etməmiş və nəticədə 8250,08 manat əsas, 716,74 manat faiz, 74,84 manat cərimə olmaqla, cəmi 9041,66 manat ödənilməmiş borc yarnmışdır. Cərimə borcu 50 faiz miqdarında, yəni 37,42 manat tələb olunur.

6. Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(125)-1121/2022 nömrəli qətnaməsi ilə (hakim C.Quliyev) cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tərəfindən iddianın etiraf olunması təsdiq edilməsi; İddiaçı ASC-nin iddiası təmin edilməsi; Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8250 (səkkiz min iki yüz əlli) manat 08 (səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 716 (yeddi yüz on altı) manat 74 (yetmiş dörd) qəpik, cərimə qismində 37 (otuz yeddi) manat 42 (qırx iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat 04 (dörd) qəpik, cəmi 9114 (doqquz min yüz on dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaiti tutulması qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385.1, 427.3, 442, 445.1, 448, 472.1, 472.2, 462.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 52.2, 119, 191.3, 216- 220, 227, 358-360 və 362 maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh2 apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, əsas və faiz borcu düzgün hesablanmamışdır. Borcun düzgün müəyyən olunması üçün iş üzrə məhkəmə mühasibatlıq ekspertizası təyin edilməlidir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı ASC-nin etibarnamə üzrə nümayəndəsi X3 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və əlavə olaraq bildirmişdir ki, cavavdehlər iddia tələbini etiraf etmişlər. Sonuncu ödəniş tarixi 2022-ci ilin iyun ayında olmuşdur. Əsas və faiz borc sistem üzrə düzgün hesablanmışdır. Apellyasiya şikayətində borcun düzgün hesablanmaması qeyd olunsada, lakin bu dəlillə bağlı sübut təqdim olunmamışdır. X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasıbarədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

13. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

15. Maddə 443 Öhdəliyi icra etməyən cavabdeh kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Zərər bu Məcəllənin 21-ci maddəsində nəzərdə tutulan qaydalara uyğun müəyyənləşdirilir.

16. Maddə 445.2.1. Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır.

17. Maddə 448.1. Bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

18. Maddə 449 Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər.

19. Maddə 449.3. Əgər kreditorun pul vəsaitindən qanunsuz istifadə nəticəsində ona dəyən zərər bu Məcəllənin 449.1-ci maddəsinə əsasən ona çatası faizlərin məbləğindən çoxdursa, kreditor borcludan həmin məbləğdən çox olan hissədə zərərin əvəzini ödəməyi tələb edə bilər.

20. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

21. Maddə 472.1 və 472.2. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır.

22. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

23. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

24. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

28. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

29. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

30. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

31. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

32. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8250,08 manat əsas, 716,74 manat faiz, 37,42 manat cərimə olmaqla, cəmi 9004,24 manat İddiaçı ASC-nin xeyrinə tutmaqda düzgün nəticəyə gəlmişdir.

33. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

34. Belə ki, işdən müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 nömrəli kredit müqaviləsinə əsasən sonuncuya 36 ay müddətinə, illik 23 faiz olmaqla 11000 manat kredit verilmişdir. Müqavilə üzrə öhdəliklərin icrasını təmin etmək məqsədilə bankla Cavabdeh2 və Cavabdeh3 arasında 27 yanvar 2021-ci il tarixli 10-MZ2-1-0-60- 21(Z1) və 10-MZ2-1-0-60-21(Z2) nömrəli zaminlik müqavilələri bağlanmış və borcalan Cavabdeh1 kreditor qarşısında öhdəliklərini yerinə yetirənədək zaminlər onunla birlikdə məsuliyyət daşımaları barədə öhdəlik götürmüşlər. Borcalan müqavilə üzrə öhdəlikləri vaxtında və lazımı qaydada yerinə yetirmədiyindən kreditor hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.

35. Bu qətnamənin 32-ci bəndində də qeyd olunduğu kimi məhkəmə kollegiyası birinci insatnsiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. İlk öncə məhkəmə mollegiyası onu qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

36. Apellyasiya şikayətində Cavabdeh2 əsas və faiz borcunun düzgün hesablanmadığını qeyd etsədə bu barədə hər hansı möhtəbər sübutu məhkəməyə təqdim etməmişdir. Ona görə də kollegiya şikayətin dəlillərini əsassız hesab edir. Digər tərəfdən Cavabdeh2 birinci instansiya məhkəməsində icraat zamanı iddianı tam etiraf etmiş və bu barədə məhkəməyə yazılı ərizə təqdim etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 52-ci maddəsinə görə, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdır. İddianın cavabdeh tərəfindən etiraf edilməsi qanuna zidd olduqda və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozduqda məhkəmə belə hərəkətləri qəbul etmir. Həmin Məcəllənin 191.3. maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Birinci instansiya məhkəməsi iddianın etirafı barədə Cavabdeh2 ərizəsini prosessual qanunvericiliyin tələbinə uyğun hesab edərək ona qarşı yönələn iddianı təmin etmişdir.

37. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi İddiaçı ASC-nin xeyrinə 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0-60-21 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8250 (səkkiz min iki yüz əlli) manat 08 (səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 716 (yeddi yüz on altı) manat 74 (yetmiş dörd) qəpik, cərimə qismində 37 (otuz yeddi) manat 42 (qırx iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat 04 (dörd) qəpik, cəmi 9114 (doqquz min yüz on dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 tutulması hissədə dəyişdirilmədən saxlanılmalıdır.

38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli 2(125)-1121/2022 nömrəli qətnaməsi İddiaçı ASC-nin xeyrinə 27 yanvar 2021-ci il tarixli, 10-MZ2-1-0- 60-21 kredit müqaviləsi üzrə ödənilməmiş əsas borcun əvəzi qismində 8250 (səkkiz min iki yüz əlli) manat 08 (səkkiz) qəpik, hesablanmış və ödənilməmiş faiz borcu qismində 716 (yeddi yüz on altı) manat 74 (yetmiş dörd) qəpik, cərimə qismində 37 (otuz yeddi) manat 42 (qırx iki) qəpik və dövlət rüsumunun ödənilməsinə sərf edilmiş vəsaitin əvəzi qismində 110 (bir yüz on) manat 04 (dörd) qəpik, cəmi 9114 (doqquz min yüz on dörd) manat 28 (iyirmi səkkiz) qəpik məbləğində pul vəsaitinin müştərək qaydada Cavabdeh2 tutulması hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar