Məhkəmə qərarları › İş №2(104)-1505/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1505/2025

13.08.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1505/2025 13.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi ilə, İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair mülki iş üzrə Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-650/2025 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında yazılı icraat qaydasında baxaraq Müəyyən etdi: Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-650/2025 saylı qətnaməsi ilə (hakim H.Qəniyev) iddia tələbinin təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 birgə qaydada 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun, 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) faiz borcunun, cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat kredit borcu və iş üzrə ödənilmiş 55,90 manat (əlli beş manat 90 qəpik) dövlət rüsumunun pul əvəzi, ümumilikdə 3645,68 manatın (üç min altı yüz qırx beş manat 68 qəpik) tutularaq iddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin qətnaməsinin ləğv edilməsi və iddianın əsassız olduğu üçün rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı LPO "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı kiçik iddialara dair işlər üzrə ərizə ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 17 iyul 2019-cu il tarixli MBNP 018- 7168453FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsi üzrə banka ödənilməmiş cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat məbləğində borcunbundan 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) manat faiz borcunun və iş üzrə ödənilmiş 55,90 (əlli beş manat 90 qəpik) manat dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 tutularaq iddiaçı LPO "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, LPO İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 17 iyul 2019cu il tarixli MBNP 018- 7168453FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3466,13 (üç min dörd yüz altmış altı manat 13 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqavilələsinin 1.1 və 2.2-ci bəndlərinə əsasən zamin durmuş şəxs borc alanın kredit müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi və ya lazımınca yerinə yetirmədiyi nəticəsində əmələ gələn faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və bununla əlaqədar digər zərərin əvəzinin ödənilməsinə görə bank qarşısında borcalanla eyni həcmdə məsuliyyət daşıyır. Kredit müqaviləsinin 1.1.1 və 3.3.4-cü bəndlərinə əsasən Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat məbləğində borcu vardır. Bundan 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borc və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) manat faiz borcu təşkil edir. Bank tərəfindən kredit borcunun qaytarılması tələbi ilə cavabdehlərə bir neçə dəfə şifahi müraciət olunmasına və 07 sentyabr 2023-cü il tarixli **********859 nömrəli xəbərdarlıq məktubu ilə isə yazılı qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər kredit borcunun banka qaytarılmasını təmin etməmiş və xx.xx.2022-ci il tarixdə isə banka 5 (beş) manat məbləğində ödəniş etdikdən sonra kredit üzrə ödənişləri tam dayandırmışlar. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İş üzrə yuxarıda göstərilən məhkəmə qətnaməsi qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi işə baxan zaman tərəflərin prosessual hüquqlarının pozulmasına yol verilib ki, bu da qərarın ədalətinə təsir edib. Müdafiə və sübut hüquqları düzgün nəzərə alınmamış, bu da ədalətsiz qərara səbəb olmuşdur. Məhkəmənin qərarında hüquq normalarının şərhi və tətbiqində səhvlərə yol verilib ki, bu da bankın iddiasının düzgün təmin edilməməsinə səbəb olub. Həmçinin hesab edir ki, iddiaçı bank onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərinin yerinə yetirlməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. Lakin o, iddiaçının pul tələbi iddasında irəli sürdüyü tələbdəki fazilərlə razılaşmır. O səbəblə ki, pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ifadə olunan heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Onun real vəziyyətini təsvir edən faktlara diqqət yetirildikdə onun tərəfindən öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi kimi bir vəziyyət yoxdur. Bank, borcalanı faiz dəyişiklikləri, gecikmə şərtləri və ödəniş cədvəlinin dəyişməsi barədə vaxtında məlumatlandırmamışdır. Həmçinin, o, ödənişləri gecikdirməyilə bağlı iddiaçının mülahizələri iddiaçının nöqtəyi nəzərindən məhkəməyə təqdim olunan ümumi mülahizələr olmuşdur. Təəssüf ki, iddiaçı bank onunla lazımi qaydada danışıqlar üçün təşəbbüs nümayiş etdirməyibdir. O, iddiaçı Bank ilə müqavilənin mühüm şərtləri barədə razılığa gəlikdə həm də onu razılaşmışlar ki, birinci halda mübahisələr öz aralarında həllini tapmalıdır və bunun üçün mübahisə yarandığını düşünən tərəf ciddi təşəbüskarlıq nümayiş etdirməlidir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi ididaçı tərəfindən sadalanan faktlar ilə birgəlikdə yerinə yetirilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasından imtina etməsini də verilən maddi hüquq normaları işığında ədalətli və obyektiv şəkildə qiymətləndirə bilməmişdir. məhkəmənin iclası və yeri barədə lazımi şəkildə məlumatlandırlmamışlar. Məhkəmə iclası barədə xəbəri olmayıbdır. Hakim tək tərəfli işə baxaraq, onların iştirakını təmin etmədən, bununla da onların mövqeyinə dair dəlillərə sahib olmadan obeyktiv olmayan qətnamə çıxarmışdır. Hakim, iddiaçı bank tərəfindən müqavilə müddəti üzrə 3 illik iddia müddətinin ötürülməsi səbəbi ilə banka qarşı müddətin tətbiqi ilə əlaqədar iddianın rədd edilməsinə dair ərizə təqdim etməyə bağlı imkan əldə etmək üçün onların iştirakını təmin etməmiş və bununla da mülki prosessual qanunverciliyin tələblərini pozmuş olmuşdur. Məhkəmə prosesi zamanı rəsmi pozuntulara yol verilib ki, bu da işin nəticəsinə təsir göstərib. Məhkəmə prosesi zamanı onların hüquqları, o cümlədən sübutların təqdim olunması, məhkəmə iclaslarında olmaq hüququ və adekvat nümayəndəlik hüquqlarının tam hüquqlu müdafiəsi təmin edilməmişdir. Şəxsən onlar heç bir məhkəmə bildirişi almamışlar. Hakim işə birtərəfli qaydada, məhkəmə müdafiə hüququ pozmaqla baxmış və iddiaçının şəxsi mülahizələri əsasında onun xeyrinə mülki işin həlli üçün özünün obyektiv olmayan daxili inamı ilə hərkət etmişdir. Onlar tərəfindən banka ödənişlər olubdur. Məhkəmənin çəkişmə prinsipini təmin etməməsi həmin sübutların məhkəməyə təqdim etməkdən onları məhrum buraxmışdır. Çünki məhkəmə müdafiə hüququnun təmin olunmaması BANK ASC-nin iddiasında irəli sürdüyü tələblərə dair mühasibatlıq ekspertizası təyin edilməsinə dair vəsatət verməkdən də onları məhrum buraxmışdır. Prosessual məsələlər: Hazırki şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, lakin tərəflər məhkəmə kollegiyasına izahat və etiraz göndərməmişlər. Hüquqi məsələlər və əsaslandırma: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb məruzəçi hakimi dinləyərək hesab edir ki, apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, iş materiallarında olan LPO "xxxx" ASC ilə Cavabdeh1 arasında bağlanmış 17 iyul 2019-cu il tarixli MBNP 018- 7168453FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinə borclu Cavabdeh1 5 il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3466,13 (üç min dörd yüz altmış altı manat 13 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. “Borcalan” isə müəyyən olunmuş müddətdə kredit borcları və hesablanacaq faizləri “Bank”a qaytarmağı öhdəsinə götürmüşdür. İş materiallarında olan 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719- 01/ZM/1 nömrəli Zaminlik müqaviləsindən görünür ki, zamin Cavabdeh2 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01/ZM/1 nömrəli zaminlik müqaviləsi üzrə kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyəti tam olaraq öz üzərinə götürmüşdür. İş materiallarında olan LPO "xxxx" ASC tərəfindən verilmiş maliyyə arayışından görünür ki, Cavabdeh1 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 saylı kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə 3464,66 (üç min dörd yüz altmış dörd manat 66 qəpik) manat əsas borcun və 125,12 (bir yüz iyirmi beş manat 12 qəpik) faiz borcu, cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat borcu vardır. İş materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 30 aprel 2020-ci il tarixli 2-3(103)-130/2020 saylı qərarından görünür ki, İddiaçı ASC müflis elan edilmiş və Əmanətlərin Sığortalanması Fondu İddiaçı ASC-nin ləğvedicisi təyin edilmişdir. İş materiallarında olan cavabdehlərə göndərilmiş 07 sentyabr 2023-cü il tarixli bildirişdən görünür ki, Cavabdeh1 və Cavabdeh2 "xxxx" ASC-yə olan borcu barədə məlumat verilmişdir. Məhkəmədə araşdılmış sübutlarla müəyyən edilmişdir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Bərdə filialı ilə Cavabdeh1 arasında “Azərbaycan Respublikasında Fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Fərmanına uyğun olaraq bağlanmış 17 iyul 2019-cu il tarixli MBNP 018- 7168453FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh1 5 (beş) il müddətinə, illik 1 (bir) faiz dərəcəsi ilə 3466,13 (üç min dörd yüz altmış altı manat 13 qəpik) manat məbləğində güzəştli şərtlərlə kredit verilmişdir. Cavabdeh1 kredit verilərkən bank ilə Cavabdeh2 arasında 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01/ZM/1 nömrəli zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 kredit müqaviləsi ilə müəyyən edilmiş müddətdə və qaydada kredit məbləğini və ona hesablanacaq faizləri ödəmək barədə bank qarşısında öhdəlik götürsə də, o, bu öhdəlikləri lazımınca yerinə yetirməmişdir. Bu səbəbdən də Cavabdeh1 17 iyul 2019-cu il tarixli MBNP ***-*******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsi üzrə 20 noyabr 2023-cü il tarixə banka ödənilməmiş cəmi 3589,78 (üç min beş yüz səksən doqquz manat 78 qəpik) manat məbləğində borcu vardır. Göründüyü kimi bank tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən üzərinə düşən öhdəlikləri tam yerinə yetirsə də, cavabdehlər həmin müqavilə üzrə üzərinə düşən öhdəlikləri yerinə yetirməmişdir. İddia tələbini təmin etmiş birinci instansiya məhkəməsi gəldiyi nəticəni əsaslandırmaq üçün göstərmişdir ki, Cavabdeh1 kredit müqaviləsi əsasında kredit almaq hüququna malik olduğu kimi, eyni zamanda göstərilən müqavilə əsasında kredit məbləğini və həmin müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Lakin cavabdeh kredit müqaviləsi əsasında kredit vəsaitini almasına dair hüququndan istifadə etmiş, kredit vəsaitini və həmin kreditdən yaranan faiz borclarını ödəməli olmasına dair vəzifəsini isə tam icra etməyərək, pul öhdəliyini lazımınca yerinə yetirməmişdir. Odur ki, iddiaçı cavabdehdən kredit müqaviləsi üzrə yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır. Eyni zamanda iddia tələbinin digər cavabdeh (zamin) Cavabdeh2 qarşı olan hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməlidir. Birinci instansiya məhkəməsini gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borclundan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə əsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, mülki qanunvericiliyin şərh olunmuş normaları və borclu ilə iddiaçı arasında bağlanmış 17 iyul 2019-cu il tarixli MBNP ***- *******FİMSA(B)170719-01 nömrəli kredit müqaviləsinin və zaminlə bağlanmış eyni tarixli zaminlik müqaviləsinin şərtləri baxımından cavabdehlər Cavabdeh1 və Cavabdeh2 hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilir. Belə ki, borclu Cavabdeh1 kredit müqaviləsi üzrə götürmüş olduğu borcun bir hissəsini ödəmiş olsa da, lakin borcun qalan hissəsini ödəməmişdir. Digər cavabdeh, yəni zamin əsas borclunun öhdəliyinin təminatı kimi zaminlik müqaviləsini bağlayaraq kredit alanla müştərək məsuliyyət daşıdığına görə kollegiya hesab edir ki, iddiaçının cavabdehlərə münasibətdə tələbi əsas borc və əsas borca hesablanmış faiz borcu hissəsində qanuni və əsaslı olduğu üçün məhkəmə iddianı həmin hissədə tam təmin etməkdə haqlı olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı cavabdehlərdən müqavilədə nəzərdə tutulmuş öhdəliklərin icrasını tələb etməkdə haqlıdır, cavabdehlər isə həmin müqavilə ilə nəzərdə tutulmuş öhdəlikləri icra etməyə borcludurlar. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, birinci instansiya məhkəməsi işə baxan zaman tərəflərin prosessual hüquqlarının pozulmasına yol verilib ki, bu da qərarın ədalətinə təsir edib. Müdafiə və sübut hüquqları düzgün nəzərə alınmamış, bu da ədalətsiz qərara səbəb olmuşdur. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının tələb etdiyi məbləğ 5000 manatdan az – 3590,32 manat təşkil etdiyinə görə həmin işlərə Azərbaycan Respublikası MPM-in 41-1-ci maddəsinin tələbinə görə sadələşdirilmiş icraat qaydasında baxılır.MPM-in 284.1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. İş materiallarından görünür ki, cavabdehlərə məhkəmə bildirişi göndərilmiş, lakin onlar iddiaçının tələbinə dair əsaslandırılmış etirazlarını məhkəməyə göndərməmişlər. Göründüyü kimi məhkəmə işə prosessual qanunvericiliyin tələblərinə uyğun baxmışdır. Apellyasiya şikayətinin ikinci dəlilində qeyd edilir ki, iddiaçı bank onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərinin yerinə yetirlməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Belə ki. iş materiallarəməm 35-ci vərəqəsində olan bildirişdən, 45-48-ci vərəqələrində olan poçt xəbərnamələrindən görünür ki, borcun könüllü ödəməsi. əks halda məhkəməyə müraciət ediləcəyi ilə bağlı cavabdehlərə xəbərdarlıq edilmişdir. Kollegiya apellyasiya şikayətinin iddiaçı bank tərəfindən müqavilə müddəti üzrə 3 illik iddia müddətinin ötürülməsi səbəbi ilə banka qarşı müddətin tətbiqi ilə əlaqədar iddianın rədd edilməsinə dair ərizə təqdim etməyə bağlı imkan əldə etmək üçün onların iştirakını təmin etməməsinə dair dəlilini də əsassız sayır. Ona görə ki, işdən göründüyü kimi tərəflər arasındakı kredir müqaviləsi xx.xx.2019-cu il tarixə və 5 (beş) il müddətə bağlanmışdır. Belə olan halda nə əsas borcluya, nə də zaminə münasibətdə iddia müddəti keçməmiş sayılır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin mübahisələndirilən qətnaməsi iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmışdır, apellyasiya şikayətinin təmin edilməsi üçün hüquqi əsaslar yoxdur. Ona görə də, həmin şikayət təmin edilmədən, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-650/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(040)-650/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə elan olunduqdan dərhal sonra qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar