Məhkəmə qərarları › İş №2(104)-1507/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1507/2023

02.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1507/2023 02.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, iddiaçı “Azəriqaz” İstehsalat Birliyinin nümayəndəsi X3 iştirakı ilə, Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı “itirilmiş təbii qazın dəyərinin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 602,94 manat məbləğində itirilmiş qazın, həmçinin 30,40 manat ödənilmiş dövlət rüsumunun alınaraq "Azəriqaz" İB-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı "Azəriqaz" X2 X4 İdarəsi ilə Cavabdeh (kod: **********00000) arasında xx.xx.2022-ci il tarixli, 17372/05/22 saylı Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı onun istifadə və öhdəlik qaydalarının təmin edilməsi üçün istehlakçi ilə Paylayıcı arasında qarşılıqlı müqavilə bağlanmışdır. Gəncə X4 İdarəsinin əməkdaşları tərəfindən Cavabdeh məxsus fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı xx.xx.2018-ci il tarixli, ******* nömrəli akta əsasən sayğac yenisi ilə əvəz edilərək dəyişdirilmiş və dövləti yoxlamasından keçirilməsi üçün "İnformasiya Texnologiyaları ve Rabitə idarasının Sanaye və məişət qaz sayğaclarını kalibrləmə laboratoriyasına göndərilmişdir. "İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını kalibrlə laboratoriyası"-nin MSK 29/1710- 00947-1 saylı rəyinə əsasən sayğaca baxış keçirilərkən sayğacın hesablama mexanizminə vurulan plomb kəsilməsi müəyyən edilmişdir. Bundan sonra həmin rəyin əsasında itirilmiş qazın hesablanması üçün xx.xx.2018-ci il tarixdə ******* nömrəli akt tərtib edilmiş və həmin akta əsasən itirilmiş təbii qazın dəyərinin hesabatı aparılmışdır. Hesabatın nəticələrinə əsasən Qaz işlədicilərindən 2 gözlü qaz plitəsinin maksimal saatlıq qaz sərfi 0.6 m3 saat, orta günlük iş rejimi 6 saat, hesabat müddəti 180 gün qəbul edilməklə, radiator sobasının maksimal saatlıq qaz sərfi 0.8 m3/saat, orta günlük iş rejimi 18 saat, hesabat müddəti 180 gün qəbul edilməklə 3240m3 itirilmiş qazın bərpası üçün hesabat aparılaraq rəy verilmişdir. Limitdən artıq istifadə edilmiş hər kub metr təbii qazın dəyəri 0,20 qəpiklə hesablanır. Belə olan halda 3240m3 təbii qaz 0.20 qəpiyə vurularaq 648,00 manat hesablanmışdır. Bununla da abonentin "Azəriqaz" İB-nin Gəncə X4 İdarəsinə 684.00 manat borcu yaranmışdır. Cavabdeh göstərilən məbləğdən hal-hazırki, vaxta qədər qismən ödəniş etsə də borcunu tam ödəməmişdir. Dəymiş ziyanın tam ödənilməsinə dair 07 iyun 2022-ci il tarixli HS-01/13-944 saylı xəbərdarlıq məktubunun verilməsinə baxmayaraq abonent tərəfindən tam ödəniş həyata keçirilməmişdir. Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsi ilə (hakim T.Mustafayev) iddianın rədd edilməsi və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu və 0,40 manat xidmət haqqının iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə aid edilməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 28 iyun 2018-ci nömrəli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış Cavabdeh yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacına texniki baxış keçirilən zaman sayğacın hesablama mexanizmasının qapağına vurulan plombun qırılması müəyyən edilmiş və həmin sayğac yeni sayğacla əvəz olunmuşdur. “Qaz sayğacının yoxlanılması barədə 30 iyul 2018-ci il tarixli aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 24 iyul 2018-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair 26 iyul 2018-ci il tarixli tələbnamənin surətindən görünür ki, ******* zavod nömrəli sayğacın hesablama mexanizmasının qapağına vurulan plombun qırılması müəyyən edildiyindən 3240m3 itirilmiş qaz həcmi müəyyən edilmişdir. Abonentin saldosu adlı sənəddən görünür ki, 3240m3 itirilmiş qaz həcminin dəyəri olan 648 manat 2018-ci ilin iyul ayı üzrə borc qismində cavabdehin hesabına işlənmişdir. Apellyasiya şikayətinin dəlilləri: Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsindən narazı qalan iddiaçı “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməməsi hissəsində gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablanmalıdır və hər ay istehlakçıya hesabtəqdim edilməlidir. Smart-kart tipli qaz sayğacı olan istehlakçıya istifadə erdiyiqazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi tələ edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesbalanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Göründüyü kimi 2018-ci ilin iyul ayında hesablanmış borc məbləği qaz sayğacının göstəricilərinə əsasən müəyyən edilərək cavabdehin abonent hesabına işlənmişdir. Belə ki, birinci instansiya məhkəməsi cavabdeh tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləmiş, iş materiallarını səthi araşdıraraq işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. Belə ki, iş materialarına əlavə edilmiş ekspertiza rəyini nəzərə almamış, araşdırmamışdır. Abonentin istismarında olmuş qaz sayğacına müdaxilə edilməsi barədə "Azəriqaz" İstehsalat Birliyi tərəfindən MSK 29/1710-00947-1 saylı ekspertiza rəyinin təqdim olunmasına baxmayaraq məhkəmə bunu nəzərə almamışdır. Məhkəmə qətnamədə qeyd edir ki, göründüyü kimi cavabdeh X1 evində öz vəsaiti hesabına qaz sayğacını quraşdırmaq, onun normal qaydada işləməsinə nəzarət etmək iddiaçı "Azəriqaz" istehsalat Birliyinin vəzifəsi olduğu halda o, öz vəzifələrini yerinə yetirdikdən sonra sayğacın qüsurlarına görə istehlakçının təqsirini sübuta yetirmədən xx.xx.2018-ci il tarixli, ******* saylı akt tərtib etmişdir. Lakin, məhkəmə qaz sayğacına müdaxilə edildiyi aşkarlandığı üçün (sayğac abonentin istismarında olduğundan müdaxilənin edilməsi onun maraq dairəsindədir) sayğacın şəbəkədən açıldığını nəzərə almamışdır. Məhkəmə Kollegiyasının diqqətinə çatdırırlar ki, iddia tələbinin ilk hissəsində qeyd edilən 2018-ci ilin iyul ayında hesablanmış borc məbləği sırf qaz sayğacının göstəricilərinə əsasən hesablanmış və mövcuq qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. Tələbin ikinci hissəsi ilə bağlı qeyd etmək istəyirlər ki, 2018-ci ilin iyul ayında qaz sayğacının işləmədiyi 90 gün ərzində faktiki olaraq istifadə edilmiş qazın dəyəri "Qazdan istifadə Qaydaları"nın 5.4-cü bəndinə əsasən orta günlük qaz sərfinə uyğun hesablanmış və iddiaçı tərəfindən tam olaraq ödənilməlidir. Yuxarıda qeyd etdiklərindən göründüyü kimi iş materiallarında yer alan sübutlara əsaslanaraq 1-ci instansiya məhkəməsi səhv nəticəyə gəlmiş və iş materiallarında olan sübutlara, öz təsdiqini tapmış faktlara əsaslanmadan işin hallarına uyğun olmayan qətnamə qəbul etmişdir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclıasında iştiak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə etdiyini bildirib, təmin edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

Məhkəmə kollegiyası iş materiallarını araşdırıb hesab edir ki, Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, Cavabdeh yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacına texniki baxış keçirilən zaman sayğacın hesablama mexanizmasının qapağına vurulan plombun qırılması müəyyən edilmiş və buna görə də iddiaçı tərəfindən “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” ******* nömrəli, 28 iyun 2018-ci nömrəli akt tərtib edilərək ******* nömrəli qaz sayğacı çıxarılmış, eyni zamanda həmin sayğac yeni sayğacla əvəz olunmuşdur. Sayğacın hesablama mexanizmasının qapağına vurulan plombun qırılması əsas gətirilərək, iddiaçı tərəfindən 648 manat dəyərində, 3240m3 itirilmiş qaz həcmi müəyyən edilərək, 2018-ci ilin iyul ayı üzrə borc qismində cavadebhin hesabına işlənmişdir ki, iddiaçı tərəfindən tələb edilən pul məbləği həmin məbləğin əsas hissəsi olmuşdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və qətnaməni əsaslandırması ilə razılşaraq, apellyasiya şikayətin dəlilərini isə əsassız hesab etmişdir. Belə ki, sayğacın hesablama mexanizmasının qapağına vurulan plombun qırılması sayğacın hesablama mexanizminə müdaxilə edilməsi anlamına gəlməməklə yanaşı, plombun qırılması səbəbindən sayğacın keçən qazın həcmini qeydə almaması və ya düzgün qeydə almaması nəticəsinə gəlməyə də əsas verməməkdədir. Hərçənd ki, iş materiallarında olan abonentin saldosu adlı sənəddən görünür ki, qaz sayğacı çıxarılmamışdan əvvəlki aylar üzrə iddiaçı tərəfindən istifadə edilmiş qazın həcmi hər ay qeydə alınmış və müvafiq ödənişlər edilmişdir. Yeni qaz sayğacı quraşdırıldıqdan sonrakı aylarda isə istifadə edilmiş qazın həcmi əvvəlki sayğacla istifadə edilmiş qazın həcmi ilə kəskin fərqlənməmişdir. Belə ki, cavabdehə məxsus abonent saldosundan görünür ki, 2017-ci il üzrə cavabdeh tərəfindən 1 il ərzində ümumilikdə 1442 kubmetr həcmində, 2018-ci ilin iyul ayına kimi (sayğac yenisi ilə əvəz edilənədək), yəni 6 ay ərzində 836 kubmetr qazdan istifadə edilmişdir ki, yeni sayğac quraşdırıldıqdan sonra 2018-ci ilin iyul ayından 2019-cu ilin yanvar ayınadək isə növbəti 6 ay ərzində 602 kubmetr, 2019-cu il üzrə 1787 kubmetr, 2020-ci il üzrə 1433 kubmetr, 2021-ci il üzrə 1718 kubmetr qazdan istifadə edilmişdir ki, qeyd edilən fakt sayğacın keçən qaz həcmini qeydə almaması və ya düzgün qeydə almaması halını istisna etmişdir. İddiaçı tərəfindən isə iddiaçıya məxsus qaz sayğacının hesablama mexanizmindəki plombun qırılması əsas gətirilərək, iddiaçının təxminən iki illik qaz sərfiyatı həcmindən artıq olan həcmdə, yəni 3240 kubmetr həcmində itirilmiş qazın dəyəri qismində zərər məbləği hesablaması əsassız olmuşdur. Beləliklə, məhkəmə kollegiyasının iclasında cavadbehin qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamaqla, əksinə cavabdehə məxsus qaz sayğacının hesablama mexanizminin keçən qazın həcmini qeyd etməsi sübut olunmuşdur ki, bununla da cavadbehin iddiaçı qaz təchizatı müəssisəsinə ziyan vurması məhkəmə araşdırması zamanı öz təsdqini tapmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı rədd etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

q ə t e t d i:

Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsindən iddiaçı“Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 06 dekabr 2022-ci il tarixli 2(045)-1534/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar