Məhkəmə qərarları › İş №2(104)-1507/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1507/2024

09.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1507/2024 09.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2007-ci il tarixli, AZ-İ 882846 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23 noyabr 2006-cı il təvəllüdlü X1 atası Cavabdeh, anası İddiaçıdır.

2. Bərdə Rayon VVADQ Şöbəsi tərəfindən verilmiş 24 yanvar 2008-ci il tarixli, AZ-İİ 050509 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, 23 noyabr 2007-ci il təvəllüdlü X2 atası Cavabdeh, anası İddiaçıdır.

3. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş “Nikahın pozulması haqqında” 16 oktyabr 2017-ci il tarixli, AZ-İ 275482 nömrəli şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında olan nikah ləğv edilmişdir.

4. Bərdə Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(021)-2266/2022 saylı qətnaməsindən görünür ki, 23 noyabr 2006-cı il təvəllüdlü X1 və 23 noyabr 2007-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə Rayon Məhkəməsinin 2(021)-2150/2019 saylı, 23 avqust 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməklə cavabdeh X5 alınaraq İddiaçı xeyrinə ödənilməsi, alimentin bu qətnamə ilə müəyyən edilmiş miqdarda tutulmasının qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin olunmaması qət edilmişdir

5. 06 fevral 2024-cü il tarixli, MŞG/MT032/2024-00136 nömrəli arayışdan görünür ki, İddiaçı “Mediasiya haqqında“ Azərbaycan Respublikasının Qanununun 21.8-ci maddəsinin tələblərinə uyğun olaraq arayış verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2266/2022-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilə birgə nikahlarından doğulmuş xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 adlı uşaqlarının yetkinlik yaşına çatana qədər saxlanması üçün təyin edilən hər ay hər uşaq üçün 150 manat olmaqla cəmi 300 manat aliment məbləğinin artırılaraq cavabdehdən hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə aralarında bağlanmış rəsmi nikah 2017-ci il tarixdə pozulmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(021)-2150/2019 saylı qətnaməsi ilə birgə nikahlarından olan xx.xx.2006-cı il tarixdə anadan olmuş X6 və xx.xx.2007-ci il tarixdə anadan olmuş X7 adlı övladlarının saxlanılması üçün hər ay hər uşaq üçün 130 manat olmaqla, cəmi 260 manat aliment məbləğinin Cavabdeh tutularaq onun xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2266/2022 saylı qətnaməsi ilə uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləği onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladlarının gündəlik tələbatları artdığından və onları bir neçə müəllim yanında hazırlığa qoyduğundan onların hazırlıq pullarını ödəməkdə çətinliklər çəkir. Maddi imkanı çox aşağıdır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfindən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanılmasına, onların tələbatlarının ödənilməsinə çatmır.

8. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 qətnaməsi ilə (hakim Gündüz Abbasov) iddia qismən təmin edilərək, Bərdə Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(021)-2266/2022 nömrəli qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılaraq 23 noyabr 2006-cı ildə anadan olmuş X1 və 23 noyabr 2007ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat olmaqla, cəmi 340 (üç yüz qırx) manat miqdarında aliment sabit pul məbləğində qətnamə qanuni qüvvəyə mindiyi gündən tutularaq İddiaçı verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir.

9. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, valideynlərin uşaqların saxlanılması üçün bərabər məsuliyyət daşımasını, alimentin tutulması barəsində məhkəmə qətnaməsi qəbul edilməsindən iki ilə yaxın müddət keçməklə uşaqların tələbatlarının artmasını, bununla yanaşı Cavabdeh qazancının qeyri-müntəzəm olmasını, iddiaçının cavabdehin işləməsi və ya gəlirlərinin artması haqqında sübut təqdim etməməsini, cavabdehin qardaşının məhkəmə iclasında verdiyi izahatında cavabdehin xəstə olduğuna görə işləməməsini və heç bir qazancının olmadığını göstərməsini, cavabdehin sabit pul məbləğində ayda hər uşağa görə 235 manat miqdarında aliment ödəməsinin real olmamasını nəzərə alaraq belə hesab edir ki, iddia alimentin miqdarının artırılması hissədə qismən təmin edilməli, göstərilən diqqətəlayiq hallar, habelə tərəflərin maddi və ailə vəziyyəti, uşaqların əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulmaqla Bərdə Rayon Məhkəməsinin 04 avqust 2022-ci il tarixli, 2(021)-2266/2022 nömrəli məhkəmə əmri ilə müəyyən edilmiş alimentin məbləğinin dəyişdirilərək 23 noyabr 2006-cı ildə anadan olmuş X1 və 23 noyabr 2007-ci ildə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay hər uşağa görə 170 (yüz yetmiş) manat məbləğində alimentin sabit pul məbləğində tutularaq İddiaçı verilməsi qanuna və məqsədəuyğundur.

10. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 34cü maddəsinə, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 56.1, 75.1, 78.1, 78.2, 112.1ci maddələrinə, “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 5, 8, 13, 19-cu maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

11. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsindən İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 qətnaməsinin alimentə dair hissəsinin apellyasiya icraatı qaydasında dəyişdirilərək, cavabdehdən hər ay hər uşağa 235 manat olmaqla, 470 manat alimentin tutulmasına dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

12. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(021)-2266/2022 saylı qətnaməsi ilə uşaqların saxlanılmasına görə hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat aliment məbləğinin onun xeyrinə ödənilməsi qət edilmişdir. Övladlarının gündəlik tələbatları artdığından və onları bir neçə müəllim yanında hazırlığa qoyduğundan onların hazırlıq pullarını ödəməkdə çətinliklər çəkir. Maddi imkanı çox aşağıdır. Cavabdeh isə uşağın saxlanması üçün heç bir əlavə yardım göstərmir, hətta uşaqla maraqlanmır. Cavabdeh tərəfindən onun xeyrinə ödənilən aliment pulu uşaqların saxlanılmasına, onların tələbatlarının ödənilməsinə çatmır. Həmin Məcəllənin 78.2-ci maddəsinə görə, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” 30 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanununa görə, Azərbaycan Respublikasında 2023-cü üçün yaşayış minimumu uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Yaşayış minimumu haqqında Qanunda edilmiş dəyişikliyə əsasən 2024-cü il üzrə bir uşağın saxlanması xərci 235 manat müəyyən edilmişdir. Mülki Prosessual Məcələnin 82.1-ci maddəsinə əsasən hamıya bəlli olan halların və faktların sübuta ehtiyacı olmadığından, hesab edir ki, hazırki qətnamə ləğv edilməli və apellyasiya şikayəti təmin olunmalıdır. Nəzərə alınsa ki, bir uşağın saxlanması üçün “minimum” 235 manat müəyyən edilmişdir, onda bir birgə nikahdan olan uşağın saxlanması üçün cəmi 170 manat aliment tutulması Qanunun tələbləri ilə ziddiyyət təşkil edir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmənin suallarına cavab olaraq bildirmişdir ki, cavabdehin hazırda harada işləməsi barədə dəqiq məlumatı yoxdur. Güman edir ki, cavabdeh Bakı şəhərində qardaşı ilə mağazada işləyir. Cavabdehin qazancında dəyişiklik olması barədə məlumatı yoxdur. O özü isə Daxili Qoşunların 16077 Saylı Hərbi Hissəsində aptekçi vəzifəsində işləməklə 480 manat əmək haqqı alır.

15. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

16. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

17. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

18. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

19. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

20. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

21. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

22. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

23. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

24. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

25. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

26. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

30. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

31. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Hazırkı apelyasya şikayətində qətnamə iddianın təmin edilməyən hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

35. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsi saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

36. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı cavabdeh X8 ilə 2005-ci il tarixində ailə qurmuşlar. Birgə nikahlarından xx.xx.2006-cı ildə X6 və xx.xx.2007-ci ildə isə X7 adında övladları vardır. Cavabdehlə rəsmi olaraq 2017-ci ildə məhkəmə qaydasında boşanmışlar. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(021)-2266/2022 saylı qətnaməsi ilə 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 23 noyabr 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün Bərdə rayon Məhkəməsinin 2(021)-2150/2019 saylı, 23 avqust 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə tutulan alimentin məbləği dəyişdirilərək hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməklə cavabdeh X5 alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırda isə iddiaçı uşaqların tələbatlarını ödəməkdə çətinlik çəkdiyini bildirirərək hər ay hər uşaq üçün 235 manat olmaqla, cəmi 470 (dörd yüz yetmiş) manat sabit pul məbləğində alimentin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

37. Məhkəmə kollegiyası qeyd edir ki, Ailə Məcəlləsinin 112.1-ci maddəsinin tələbinə görə alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər. Göründüyü kimi qanunvericiliyin tələbinə əsasən alimentin məbləğinin artırılması üçün ən əsas şərtlərdən biri də aliment məbləği müəyyən edildikdən sonra aliment ödəyən şəxsin gəlirlərində müəyyən müsbət dəyişikliyin olmasıdır. Bərdə Rayon xx.xx.2022-ci il tarixli, 2(021)-2266/2022 saylı qətnaməsi ilə 23 noyabr 2006-cı il tarixdə anadan olmuş X1 və 23 noyabr 2007-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşaq üçün 150 (bir yüz əlli) manat olmaqla, cəmi 300 (üç yüz) manat məbləğində müəyyən edilməklə cavabdeh X5 alınaraq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir ki, həmin tarixdən indiyədək cavabdehin gəlirlərinin artması ilə bağlı iddiaçı məhkəməyə hər hansı bir sübut təqdim etməmişdir.

38. Bundan başqa iddiaçı məhkəmə kollegiyasının iclasında verdiyi izahatında onun Daxili qoşunlarda işləməklə aylıq 480 manat əmək haqqı aldığını bildirmişdir. Məhkəmə kollegiyası iddiaçının işləməklə müəyyyən gəlirə malik olmasını, tərəflərin hər ikisinin valideyn kimi uşaqlarını saxlamaq vəzifəsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlar üçün 235 manat məbləğində müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsinin uşağın saxlanılması üçün müəyyən etdiyi 170 manat aliment məbləği əsaslı olmuşdur. Buna görə də, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin dəlillərini əsassız hesab etmişdir.

39. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1195/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar