Məhkəmə qərarları › İş №2(104)-1509/2023

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1509/2023

08.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1509/2023 08.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı "xxxx" MMC-nin nümayəndəsi X2, Cavabdeh2 iştirakı ilə, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-873/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmədə baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı "xxxx" MMC cavabdehlər X1 və Cavabdeh2 qarşı "pul" tələbinə dair kiçik iddia üzrə sadələşmiş icraat qaydasında ərizə ilə xx.xx.2023-cü il tarixdə məhkəməyə müraciət edərək, xx.xx.2022-ci il tarixli ********* saylı Müddətli (Nisyə) alqı-satqı müqaviləsi üzrə xx.xx.2022-ci il tarixinə yaranmış 917.90 manat əsas, 137.60 manat cərimə, cəmi 1055,50 manat borcun ve 30,56 manat ödənilmiş dövlət rüsumunun cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq "İRŞAD-ELECTRONİCS Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" MMC ilə Cavabdeh1 arasında bağlanmış xx.xx.2022-ci il tarixli ********* saylı müddətli (nisyə) alqı-satqı müqaviləsinə əsasən, sonuncu aldığı "Samsung" markalı mobil telefona görə 12 ay ödəniş cədvəli üzrə hər ay 60 manat olmaqla cəmi 719.90 manat ödəməyi öhdəsinə götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh2 ilə xx.xx.2022-ci il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin cavabdeh müqavilələrin şərtlərini pozaraq xx.xx.2022-ci il tarixində 60 manat ödəniş etdikdən sonra, qalıq qalmış 539,90 manat borcu qaytarmamışdır. Dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq, borclu borcu ödəməkdən boyun qaçırır. Nisyə alqısatqı müqaviləsinin Nº1 saylı əlavəsinin şərtlərinə uyğun olaraq, gecikdirilən borc məbləğinin 1(bir) % dərəcəsi ilə (minimum 50 qəpik) gündəlik dəbbə hesablanır və Alıcı tərəfindən Satıcıya ödənilir. Bildirilir ki, cavabdehin gecikdirdiyi günlərin faktiki cərimə borcu 809 manat təşkil edir. Cavabdehin müqavilə üzrə hər bir günə görə hesablanmış cərimə məbləğinin miqdarı 809 manat təşkil etdiyi halda, humanizm prinsipinə əsaslanaraq həmin cərimə məbləğinin 90%-i güzəşt edilmişdir və cavabdeh tərəfindən cərimə məbləğinin 10%-i, yəni 80.90 manat "xxxx" MMC-yə ödənilməlidir. Beləliklə, cavabdeh xx.xx.2022-ci il tarixədək "xxxx" MMC-ne olan borcu 539.90 manat esas, 80,90 manat təşkil etmişdir. Şəmkir Rayon Məhkəməsinin 2 (076)-873/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ilə (hakim: R.Mustafayev) iddia təmin edilmiş, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 917.90 manat əsas, 137.60 manat cərimə borcu olmaqla, cəmi 1055,50 (bir min əlli beş manat əlli qəpik) manat borc məbləği və məhkəmə xərci qismində 30,56 (otuz manat elli altı) manat dövlət rüsumunun tutularaq iddiaçı "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh2 apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətində göstərilənləri müdafiə edərək, əlavə olaraq bildirdi ki, əsas borclu Cavabdeh1 ölmüşdür. Sonda şikayətin təmin edilməsini xahiş etmişdir Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxslərin izahatını dinləyib, hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-873/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi MPM-in tələbləri pozulmaqla qəbul edildiyindən ləğv edilməli, hazırki işdə barəsində iddia qaldırılan Cavabdeh1 məhkəmədə ona qarşı iddia qaldırıldıqdan əvvəl öldüyündən, Cavabdeh1 aid olan hissədə işin icraatına xitam verilməli, Cavabdeh2 aid olan hissədə iddia baxılmamış saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasına təqdim edilmiş AZ-İİ 323752 nömrəli xx.xx.2022-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh1 26 dekabr 2022-ci il tarixdə vəfat etmişdir. Göründüyü kimi, iddiaçı xx.xx.2023-cü il tarixdə məhkəməyə iddia ərizəsi ilə müraciət edərkən Cavabdeh1 artıq ölmüşdü və iddianın bir hissəsi ölmüş şəxsə qarşı qaldırılmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin; 25.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq qabiliyyəti insanın mülki hüquqlara malik olmaq və mülki hüquq vəzifələri daşımaq qabiliyyətidir. Bütün fiziki şəxslərin mülki hüquq qabiliyyəti eyni dərəcədə tanınır. 25.2-ci maddəsinə əsasən fiziki şəxsin hüquq qabiliyyəti onun doğulduğu an əmələ gəlir və ölümü ilə xətm edilir. Beyinin fəaliyyətinin dayanması ölüm anı sayılır 28.1-ci maddəsinə əsasən fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin; 46-cı maddəsinə əsasən, tərəflər, üçüncü şəxslər, ərizəçilər, maraqlı şəxslər, pozulmuş və ya barəsində mübahisə edilən hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək hüququ olan ictimai təşkilatlar, dövlət orqanları və digər orqanlar işdə iştirak edən şəxslərdir. 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. 149.2.2-ci maddəsinə əsasən iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları); 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdəvə ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Qeyd edilən qanun normalarının tələblərinə əsasən, ölmüş şəxsə qarşı iddia qaldırıla bilməz. Ancaq birinci instansiya məhkəməsi qanunun bu tələblərinə əməl etməmiş və ölmüş şəxsə qarşı qaldırılan və məhkəmədə baxılmalı olmayan iddia ərizəsini icraata qəbul etmiş və mahiyyəti üzrə qərar qəbul etmiş, bununla da Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, Şəmkir Rayon Məhkəməsinin 2 (076)-873/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ləğv edilməlidir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən,iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh1 aid olan hissədə işin icraatına xitam verilməlidir. Mülki işin materiallarına əsasən Cavabdeh1 iş üzrə əsas borclu, Cavabdeh2 isə ona zamin durmuş şəxs olmuşdur. Mülki qanunvericiliyin tələblərinə əsasən hazırki vəziyyətdə Cavabdeh2 qarşı qaldırılan iddiaya baxılması yolverilən hesab edilə bilməz, ancaq gələcəkdə ona qarşı hazırki tələblə iddia qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12-ci maddəsinə əsasən, ərizə bu Məcəllənin 149-cu maddəsində nəzərdə tutulmuş tələblər göstərilmədən, eləcə də bu Məcəllənin 150.1.2-ci və ya 150.1.3-cü maddələrində göstərilən sənədlər əlavə edilmədən verildikdə iddiaçı hakim tərəfindən müəyyən edilmiş müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda məhkəmə ərizəni baxılmamış saxlayır. Qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh2 aid olan hissədə iddia baxılmamış saxlanmalıdır. Azərbaycan Respublikası MPM-nin 384.0.5-ci maddəsinə görə apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnamə və ya qərardadını qismən ləğv edə, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 259.0.1-259.0.5-ci və 259.0.8—259.0.12-ci maddələrinə müvafiq olaraq iddianı tamamilə, yaxud qismən baxılmamış saxlaya, qətnamə və ya qərardadı tamamilə, yaxud qismən ləğv edib, bu Məcəllənin 261-ci maddələrinə müvafiq olaraq iş üzrə icraata xitam verə bilər. Məhkəmə kollegiyası yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.12, 261.0.1, 384.0.5, 385.1.1, 402, və 406-cı maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Şəmkir Rayon Məhkəməsinin 2 (076)-873/2023 saylı mülki iş üzrə 09 mart 2023-cü il tarixli qətnaməsi ləğv olunsun Cavabdeh1 aid olan hissədə işin icraatına xitam verilsin. Cavabdeh2 aid olan hissədə iddia baxılmamış saxlansın. Bu qərardadın işin icraatına xitam verilməsi hissəsindən, onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar