Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1509/2024 01.10.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi. Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı və Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(125)-1442/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə məhkəmə kollegiyası 01 oktyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Gəncə Şəhər BPİ-nin İstintaq və Təhqiqat İdarəsinin müstəntiqi, polis leytenantı Süleyman Piriyev tərəfindən qəbul edilmiş cinayət işinin başlanılmasının rədd edilməsi haqqında xx.xx.2023cü il tarixli qərardan görünür ki, toplanmış materialda cinayət tərkibi olmadığından material üzrə cinayət işinin başlanması rədd edilmişdir. Qərardan görünür ki, material üzrə izahatı alınmış Cavabdeh göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır. İddiaçı onun qonşusudur. Onun Gövhər ilə əvvəllər aralarında düşmənçilikləri və ədavətləri olmamışdır. 2023-cü ilin yanvar ayının əvvəllərində Gövhər onun yaşadığı mənzilə gəlib, qan laxtalanması xəstəliyindən əziyyət çəkən oğlu Nihat Quliyevə baş çəkmişdir. Söhbət zamanı Gövhər ona övladı olmadığına görə qulluq etməyi ondan xahiş etmişdir. O da uşağına xatir Gövhər ilə razılaşmışdır. Sonra Gövhər yaşadığı evin giriş qapısının açarlarını ona vermişdir. Gövhər hər dəfə durub qapını açmasın deyə, mənzilinə məxsus giriş açarlarını ona vermişdir. O hər səhər Gövhərin yaşadığı evə gedib ona “kerkules” bişirməklə çayını dəmləmiş, hər səhər çörəyini alır, zibilini atırmış. Dəqiq tarixi yadında qalmayan vaxtda o qardaşı Ramin, anası Mahizər ilə birlikdə Gövhər müayinə ötrü Gəncə şəhəri Abbas Səhhət adına xəstəxanada işləyən Knyaz həkimin yanına aparmışlar. Bundan əlavə Gövhəri MRT müayinəyə də aparmışlar. Sonradan əri Barat Quliyev onu Gövhərin yaşadığı və gedib-gəlməsinə icazə verməmişdir. O da, əri Baratın göstərişindən sonra Gövhərə məxsus mənzilin giriş açarlarını aparıb sonuncuya təhvil vermişdir. O, Gövhərdən 24500 manat pul götürməmiş, Gövhərə 3000 manat pul geri qaytarmamışdır. Həmçinin o, Gövhərdən hər ay sonuncuya baxmaq müqabilində hər ay 500 manat olmaqla, cəmi 1500 manat pul almamışdır, onun göstərdikləri yalandır. Aparılmış araşdırma zamanı izahatı alınmış X1 Cəlilova ilə eyni məzmunlu izahat vermişdir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 20000 manat məbləğində pul və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 150 manat pul olmaqla, cəmi 20150 manat məbləğində pulun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1954-cü ildə Şəmkir rayonu Bayramlı kəndində fəhlə ailəsində anadan olmuşdur. Ali təhsillidir, təqaüdçüdür, heç bir yerdən köməyi yoxdur. Həyat yoldaşı X2 2011-ci ildə vəfat edib, övladı olmayıb, tək yaşayır. 2022-ci ilin noyabr ayında yaşadığı evi 35000 (otuz beş min) manata Durdanə xanıma satmışdır. Onunla bir binada yəni, ünvan 1 ünvanında qonşuluqda yaşayan Cavabdeh ilə bir qonşu kimi münasibətləri yaxşı olubdur, onun evinə gəlib-getmiş, ona ev işlərində kömək etmiş, ustalarına yemək bişirmiş, zibilini tökmüşdür, özünü ona ən yaxın insan kimi aparmışdır. Cavabdeh onun evini satdığından məlumatlı idi və bilirdi ki, satdığı evin pulu evdədir. Bir gün cavabdeh onun evini təmizləməyə bir xanım gətirdi, həmin qadın hər gün gəlib evi yığışdırırdı. İddiaçı həmin şəxsi tanımırdı. Cavabdehin iki oğlu var - Murat və Nihat. Nihat anasının dediyinə görə xəstə idi. Nihatı müalicə etmək üçün cavabdeh onu tez-tez Bakı şəhərinə aparmışdır. 20 yanvar 2023-cü il tarixdə cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə mən Bakı şəhərinə Nihatı müalicəyə aparacam, evi satdığın pulu ver, evimdə saxlayım, sənə lazım olanda verərəm, pulunu götürərlər”. O cavabdehə Allaha inandığı kimi inanmış və bu səbəbdən mətbəxdən qazanın içindən, göy rəngli sellofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan, Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını cavabdehə vermişdir. Cavabdeh Bakı şəhərinə gedəndə ona demişdir ki, “Gövhər müəllimə səni aparım anamgilə, mən gələnə kimi orada qal”. O, əvvəlcə razı olmasa da, sonra razılaşmışdır. Cavabdeh Bakı şəhərindən ona zəng eləyirdi, ona “gəlirəm, darıxma” deyirdi. 2023-cü ilin fevral ayının əvvəllərində cavabdeh Bakı şəhərindən qayıtdıqdan sonra o, da öz evinə qayıtmışdır. 2023-cü ilin aprel ayında cavabdeh onun pensiyasını almaq üçün xəstə oğlu X4 getmişdir. Həmin vaxt cavabdeh ona demişdir ki, “Gövhər müəllimə sənin kartında 39 manat pul oldu”. Elə həmin vaxt cavabdehə bildirmişdir ki, “qızım Rübabə göy rəngli sellofan paketin içində sənə verdiyim 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quranı, bir ədəd möhürü (yoldaşımdan qalan Məqam qəzetində təhsisçi baş redaktor işləyirdi) pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını gətir ver özümə”. 22 aprel 2023-cü il tarixdə evdə oturanda görmüşdür ki, evin qapısına açar salınaraq qapı açılmış və cavabdeh içəri girmişdir. Cavabdeh ona bildirmişdir ki, “Gövhər müəllimə sənin iki qızıl sepini, qızıl quran klonunu, 3 açarını, pensiya kartını, tam kredit kartını, işığın kartını və möhürü gətirmişəm, 24500 manatdan üç ay sənə köməkçi qüvvə kimi baxdığıma yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan çıxıram edir 1500 manat”. O da cavabdehə bildirmişdir ki, “1500 manat pul ana südün kimi halalın olsun, orda 23000 manat pul qaldı”. Cavabdeh də bildirdi ki, “Gövhər müəllimə 3000 manat pul gətirmişəm, qalır 20000 manat”. İddiaçı da bildirdi ki, “Rübabə qızım, 20000 manat pulu nə vaxt verəcəksən”. Cavabdeh də cavabında “2023-cü il may ayının 1-də saat 12-də verəcəm”. 2023-cü il may ayının 1-də saat 12-də cavabdehə telefonla zəng etmiş və cavabdehə verdiyi 20000 manat pulunu istəmişdir. Cavabdeh isə demişdir ki, “gəlirəm”. Bir müddətdən sonra cavabdeh gəlmiş, evə girməmiş və bildirmişdir ki, “Gövhər müəllimə bankdan zəng ediblər ora gedirəm, mənə verdiyin 20000 manat pulu evdə saxlayıram, gətirib verəcəm”. Həmin gün saat 22.00-a kimi cavabdehi gözləsə də, cavabdeh gəlməmişdir. O, dəfələrlə cavabdehdən pulunu qaytarmağını tələb etsə də o, hər dəfə müxtəlif bəhanələr gətirərək borcunu ödəməkdən boyun qaçırmışdır. 2023-cü ilin avqust ayında dəfələrlə telefonlarına zəng vursa da, telefonu açmamışlar. Bütün bunlardan sonra əsəb-stressdən gözündən əməliyyat olunmuş, xəstəliklər tapmışdır. Cavabdeh onu bir ildir ki, aldadır, ona verdiyi 20000 manat pulunu qaytarmır. Göstərilən səbəblərdən çox ağır maddi vəziyyətə düşmüşdür. Cavabdeh onun 20000 manat pulunu vermir, onun cavabdehə verdiyi pul ilə cavabdeh oğlu Murada dəbdəbəli nişan edibdir. İddiaçı ərizəsində qeyd etmişdir ki, cavabdehin ona 20000 manat borcu qalmışdır və cavabdehlə aralarında olan razılaşmaya görə cavabdeh ona olan borcunu 01 may 2023-cü il tarixdə qaytarmağı öhdəsinə götürmüş və bu barədə cavabdeh ona olan borcunu etiraf etmişdir. Tərəflər arasında borc müqaviləsi şifahi qaydada bağlanmışdır. Cavabdeh razılaşdırılmış müddət bitməsinə baxmayaraq, 20000 manat pulunu qaytarmır. Cavabdehə dəfələrlə bu barədə bildirsə də, cavabdeh onu aldadaraq hər dəfə borcunu yaxın müddətdə qaytaracağını desə də, müxtəlif bəhanələr gətirərək pulu qaytarmır, öhdəliyini icra etmir. O, pulunu cavabdehdən məhkəmədənkənar ala bilmədiyinə görə məcbur olub hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Cavabdeh üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyindən onun cavabdehin vəzifəsinin icrasını tələb etmək hüququ var.
4. Gəncə Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(125)-1442/2024 nömrəli qətnaməsi ilə (hakim Fuad Fərhadov) İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.
5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1091.1 və 1091.2-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, tək-tənha qadındır, nə oğlu, nə də ki, qızı var. Cavabdeh Allaha inandığı kimi inanmışdır və bu səbəbdən mətbəxdən qazanın içindən, göy rəngli selofan paketin içində 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhür (yoldaşından qalan Məqam qəzetində təsisçi baş redaktor işləmişdir) pensiya kartını, tam kredit kartını, işığın və qazın kartını vermişdir Cavabdeh. Cavabdeh dəfələrlə məhkəmə iclasının yeri və vaxtı bildirilsə də, lakin sonuncu məhkəmə iclasına gəlməmişdir. Özünün günahı olduğu üçün, onun 20000 manat pulunu verməmək məqsədi ilə özünün əvəzinə vəkil göndərmişdir. Cavabdeh məhkəmədə iştirakının təmin edilməsini, ona sualları olacağını, əgər cavabdeh gəlsə ondan pul aldığını etiraf edəcəyəni bildirsə də, məhkəmə bunları nəzərə almamışdır. Apellyasiya instansiyası məhkəməsindən cavabdehin şəxsən özünün məhkəmə iclasında iştirakının təmin edilməsini xahiş edir. Əgər cavabdeh özü məhkəmə iclasında iştirak etsə məhkəmə tərkibi də onun yalan danışdığının şahidi olacaqdır.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
9. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək apellyasiya şikayətinin və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, Cavabdeh əvvəlcə pulun onda olduğunu demiş, sonradan isə pulu banka verdiyini bildirmişdir. Evin satışından götürdüyü pulu cavabdehə verməyi ilə bağlı hər hansı sübutu yoxdur. Pulu cavabdehə verəndə yanlarında başqa heç kəs olmamışdır.
10. Əvvəlki məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh iddiaçının evində xidmətçi kimi işləməmişdir. İddiaçı və cavabdeh qonşudurlar. İddiaçı tək olduğuna görə Cavabdeh ona kömək etmək məqsədi ilə ara-sıra ona baş çəkmiş, bəzi ev işlərini görməkdə, kommunal borclarını ödəməkdə ona köməklik göstərmişdir. İddiaçı iddia tələbinin əsaslı olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Hətta məsələ ilə bağlı Gəncə şəhəri Baş Polis İdarəsində iki dəfə araşdırma aparılmış, sübut olmadığından cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarlar çıxarılmışdır.
11. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, cavabdehə 24500 manat pul vermişdir. 1500 manat ona baxmaq üçün çıxıb, 3000 manatını isə 2023-cü ilin aprel ayında qaytarmışdır. Həmin pulla eyni vaxtda qızıl sepi də ona vermişdir. Verilən suallara cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdeh hər ay üzrə 500 manat olmaqla 3 aylıq pulun əvəzini özünə götürmüşdür. Cavabdeh gedəndə 24500 manat aparmış, gələndə isə ona bildirmişdir ki, 1500 manat pulu 3 aylıq ona baxdığı üçün çıxır. Cavabdeh 2023-cü ilin yanvar ayından ona qulluq etməyə başlamışdır. Həmin vaxtdan əvvəl cavabdeh onun evinə girib-çıxmamışdır, ancaq çörəyini, suyumu verib getmişdir. 2023-cü ilin yanvar ayından sonra isə evin açarı cavabdehdə olmuşdur. Cavabdehin onun evinin qulluqcusu olduğundan öz evi kimi oraya girib çıxmışdır. 2022-ci ilin noyabr-dekabr ayları ərəfəsində evini 35000 manata satmışdır, həmin pulun 10000 manat hissəsi ilə aşağı evi təmir etdirmişdir. Qalıq 24500 manat pulu isə Rübabəyə vermişdir. Hazırda pulu yoxdur, pensiyası hesabına və evdəki əşyaları satmaqla dolanır. Cavabdehin ona hazırda 20000 manat borcu qalıb və bildirir ki, “vermirəm, kimin yanında veribsən? Sübut elə ki, mənə pul veribsən”. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
12. Hazırkı məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Nümayəndə apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, iddiaçının iddia ərizəsi ilə apellyasiya şikayətinin dəlilləri ziddiyyət təşkil edir. İddia ərizəsində göstərilən həqiqətə uyğun deyil və öz təsdiqini tapmır. Nümayəndə sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmiş, lakin cavabdeh məhkəmə iclasında nümayəndə (vəkil) vasitəsilə təmsil edildiyindən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
14. Maddə 1091.1. Əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin.
15. Maddə 1092.1. Varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır.
16. Maddə 1091.2-ci maddəsinin tələbinə görə, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
17. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
18. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
19. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
20. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
21. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
22. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.
Apellyasiya baxışının hədləri
23. Maddə 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
24. Maddə 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
27. İşin hallarından görünür ki, iddiaçı cavabdehi tanıdığı üçün və ona inanaraq cavabdehə saxlamaq üçün 20 yanvar 2023-cü il tarixdə 24500 manat pulu (245 ədəd yüzlük), evin 3 açarını, iki qızıl sepini, bir ədəd qızıl klon quran, bir ədəd möhürü, pensiya kartını, tam kredit kartını, işığın kartını, qazın kartını verdiyini, 22 aprel 2023-cü il tarixdə cavabdehin ona məxsus iki qızıl sepini, qızıl quran klonu, 3 açarı, pensiya kartını, tam kredit kartını, işığın kartını, möhürü və 3000 manat pulu qaytardığını, 21500 manatdan üç ay ona köməkçi qüvvə kimi baxdığına görə yanvar, fevral, mart ayları üçün hər ay 500 manatdan, cəmi 1500 manat çıxdığını, cavabdehin ona cəmi 20000 manat borcu qaldığını, lakin həmin vəsaiti qaytarmadığını əsas gətirərək hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
29. İddiaçı Cavabdeh 24500 manat pul verdiyini, həmin pul vəsaitindən 1500 manat pulun sonuncuya xidmət haqqı kimi verdiyini, həmin puldan 3000 manat məbləğini ona geri qaytarıldıqdan sonra 20000 mant pulun cavabdehdə qaldığını iddia etsə də, lakin bu barədə məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Cavabdeh tərəf birinci instansiya məhkəməsində icraat zamanı, habelə apellyasiya baxışında verdiyi izahatında iddiaçıdan pul alınmadığını və ona hər hansı məbləğdə pul qaytarmadığını bildirmişdir.
30. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
32. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir.
33. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.
34. Sübutetmə standartı - sübutların qiymətləndirilməsi və faktların müəyyən edilməsi meyarıdır. Nəzərə alınmalıdır ki, iki sübutetmə standartı – “ağlabatan (əsaslı) şübhədən kənar” və “sübutların üstünlüyü” standartları mövcuddur. İşə baxan məhkəmənin qarşısında duran vacib məsələlərdən biri işin faktlarını və hallarını müəyyən etməkdir. Onlara tətbiq edilən qanun-hüquq normaları yekunda çıxarılan məhkəmə qərarının əsasını təşkil edir. Faktları müəyyən etmək üçün məhkəmə ona təqdim edilmiş sübutları qiymətləndirir və sübutetmə standartı məhkəmə prosesinin məqsədləri üçün müəyyən faktın olub-olmamasını müəyyən edən kriteriyadır (meyardır).
35. Kollegiya xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.
36. Bu baxımdan işin hallarına yanaşıldıqda müəyyən edilir ki, iddia tələbi sübutların çatışmamazlığı nöqteyi-nəzərindən əsassızdır. Çünki iddiaçı iddia tələbində göstərilən halları təsdiq edə biləcək sübutları məhkəmələrə təqdim edə bilməmişdir.
37. Apellyasiya şikayətinin dəlillərinə də ümumilikdə hüquqi qiymət verən məhkəmə kollegiyası qeyd edir ki, şikayətin dəlilləri əsassızdır və həmin dəlillər birinci instansiya məhkəməsinin qətnaməsinin ləğvi üçün əsas deyil. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
38. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 07 may 2024-cü il tarixli 2(125)-1442/2024 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.