Məhkəmə qərarları › İş №2(104)-1509/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1509/2025

18.07.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1509/2025 18.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Məcidov Rüfət Azadəli oğlu (məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-919/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünü yoxlayaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı dəymiş maddi və mənəvi ziyan tələbinə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh, dəymiş maddi ziyana görə 14000 (on dörd min) manat və mənəvi ziyana görə 50000 (əlli min) manat məbləğində pulun ona ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-919/2025 nömrəli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, Cavabdeh vurulmuş maddi zərərin əvəzi kimi 8000 (səkkiz min) manat məbləğində pul tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 100 (bir yüz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək qətnamənin ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətini və işin materiallarını nəzərdən keçirərək hesab edir ki, şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinin yoxlanılması üçün geri qaytarılmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi dövlət rüsumu ödənilir. Belə olan halda məhkəmə qeyd edir ki, iddianın məhkəməyə verilməsi üçün iddianın qiymətinə mütənasib olaraq (maddi ziyana görə 14000 (on dörd min) manat və mənəvi ziyana görə 50000 (əlli min) manat) 64.000 manat məbləğə görə ödənilməli olan dövlət rüsumunun məbləği 282 manat təşkil edir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.6-cı maddəsinə əsasən, apellyasiya, kassasiya və ya əlavə kassasiya şikayətinin, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması üçün ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci, 8.2-ci, 8.8-ci (müvəqqəti təminat tədbirlərinin tətbiqinə münasibətdə), 8.10-cu və 8.11-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 50 faizi məbləğində dövlət rüsumu ödənilir. Göründüyü kimi, Cavabdeh apellyasiya şikayətinin verilməsinə görə 282 manatın 50 faizi, yəni 141 manat məbləğində dövlət rüsumu ödəməli olduğu halda cəmi 50 (əlli) manat məlbəğində dövlət rüsumu ödəmişdir. Məhkəmə qeyd edir ki, Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. İddiaçı məcburi küçkün olduğuna əsaslanaraq iddia tələbi ilə məhkəməyə müraciət edərək dövlət rüsmunu ödəməmiş, birinci instansiyası məhkəməsi iddiaçının məcburi köçkün olmasına istinadən iddianın təmin edilmiş hissəsinə münasibətdə cavabdehən 100 manat dövlət rüsumunun dövlət büdcəsinin xeyrinə tutulmasını qət etmişdir. Yuxarıda qeyd edildiyi kimi, apellyasiya və kassasiya şikayətlərinin verilməsi ilə əlaqədar qətnamənin mübahisələndirilən hissəsinə uyğun ödənilməli olan dövlət rüsumunun deyil, iddianın qiymətinə uyğun ödənilməli olan dövlət rüsumunun 50 faizi ödənilməlidir ki, cavabdeh ondan tutumuş 100 manat dövlət rüsumuna münasibətdə həmin məbləğin 50 faizini ödəməkdə haqlı olmamışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 361.3-cü maddəsinə əsasən, şikayətə dövlət rüsumunun ödənilməsini təsdiq edən sübutlar əlavə edilir. Həmin Məcəllənin 363.1.2-ci maddəsinə əsasən, apellyasiya şikayətinə müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənədlər əlavə olunmamışdırsa, qanunla dövlət rüsumunun ödənilməsinə möhlət verilməsi, hissə-hissə ödənilməsi və ya onun məbləğinin azaldılması imkanı nəzərdə tutulmuşdursa, bu barədə vəsatət olmadıqda və ya vəsatət rədd edilmişdirsə apellyasiya şikayəti birinci instansiya məhkəməsi tərəfindən qaytarılır. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh apellyasiya şikayətin verilməsi üçün qanunla tələb olunan dövlət rüsumunu tam ödəməmiş, birinci instansiya məhkəməsi isə şikayəti Mülki Prosessual cəllənin 361-ci və 363.1.2-ci maddələrinin tələblərinə uyğunluğunu yoxlamadan baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərmişdir. Buna görə də şikayət Mülki Prosessual Məcəllənin 361-ci maddəsinin tələblərinə uyğunluğunun yoxlanılması üçün birinci instansiya məhkəməsinə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 366.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi iş məhkəməyə daxil olduqdan sonra 15 gün müddətində apellyasiyanın mümkünlüyünü yoxlayır. Buraya işə apellyasiya qaydasında baxılmaq üçün prosessual əsasların olması daxildir. 366.2-ci maddəsinə əsasən, əgər apellyasiyanın mümkünlüyü üçün əsaslar yoxdursa, o, qəbul olunmamış hesab edilə bilər. 366.4-cü maddəsinə əsasən, apellyasiyanın qeyri-mümkün hesab edilməsi barədə qərardaddan kassasiya instansiyasına şikayət verilə bilər. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264, 361, 363.1.1-1 və 366-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(076)-919/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və apellyasiya şikayət hüquqi qiymət verilməsi üçün mülki işlə birlikdə Şəmkir Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar