Məhkəmə qərarları › İş №2(104)-151/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-151/2023

02.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-151/2023 02.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-814/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh "xxxx" ASCnin xeyrinə 6399,31 AZN əsas, 848,17 AZN faiz borcu olmaqla, cəmi 7247,48 AZN kredit borcunun və ödənilmiş 92.47 manat dövlət rüsumunun tutulmasına dair qətnamə qəbul olunmasını xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-814/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim E.Əhmədov) iddia təmin edilmiş, Cavabdeh 08 aprel 2021-ci il tarixli, RGTK3562820A137 saylı kredit müqaviləsinə əsasən 6399,31 AZN əsas, 848,17 AZN faiz borcu olmaqla cəmi 7247,48 AZN (yeddi min iki yüz qırx yeddi manat qırx səkkiz qəpik) məbləğində borc və ödənilmiş 92.47 manat dövlət rüsumunun İddiaçı ASCnin xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-814/2022 nömrəli qətnaməsinin ləğv edilərək, yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, ona artıq faiz hesablanmış, əvvəllər pulun çox hissəsini ödəməsinə baxmayaraq bank həmin məbləğlər üçün də faiz hesablamışdır. Məhkəmə iş üzrə mühasibatlıq ekspertizası təyin etməmişdir. İddiaçı ASC-nə və Cavabdeh işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, İddiaçı ASC-nə nümayəndəsi və cavabdeh heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Cavabdeh məhkəmə kollegiyasına teleqram ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və mühasibatlıq ekspertizasının keçirilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə İddiaçı ASC-nin nümayəndəsinin və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, e-2(021)-814/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2021-ci il tarixli, RGTK3562820A137 saylı kredit müqaviləsinə əsasən cavabdehə 60 ay müddətinə, illik 21% olmaq şərti ilə 6425.60 AZN məbləğində kredit verilmişdir. İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 08 aprel 2021-ci il tarixli, RGTK3562820A137 saylı kredit müqaviləsinə əlavə olan ödəniş cədvəlindən görünür ki, Cavabdeh (6425.60 AZN 60 ay müddətinə, illik 21 % olmaq şərti ilə) aylıq ödənişi 173.83 manat təşkil etmişdir. xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh banka 08 aprel 2021-ci il tarixli, RGTK3562820A137 saylı kredit müqaviləsinə əsasən 6399,31 AZN əsas, 848,17 AZN faiz borcu olmaqla cəmi 7247,48 AZN məbləğində borcu yaranmışdır. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, İddiaçı ASC ilə Cavabdeh arasında xx.xx.2021-ci il tarixli, RGTK3562820A137 saylı kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən cavabdehə 60 ay müddətinə, illik 21 % olmaq şərti ilə 6425,60 manat məbləğində kredit verilmiş və Cavabdeh banka həmin kredit müqaviləsinə əsasən 6399,31 manat əsas, 848,17 manat faiz borcu olmaqla cəmi 7247,48 manat məbləğində banka borcu yaranmışdır. Cavabdeh apellyasiya şikayətində Bankın kreditin faiz borcunu artıq heablamasını və məhkəmənin mühasibatlıq ekspertizası təyin etməməsini göstərməklə, iş üzrə ekspertiza təyin olunması və ekspert rəyinə uyğun olaraq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəməmühasibatlıq ekspertizası təyin edilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022-ci il tarixli 9/7917 saylı ekspert rəyindən görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixə banka əsas borc üzrə 6399,31 manat, faiz borc üzrə 848,16 manat, cəmi borcu 7.247,47 manat müəyyən edilir. Azərbaycan Respublikasının MM-nin: 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Göründüyü kimi, Cavabdeh İddiaçı ASC ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə əsas borc üzrə əsas borc üzrə 6399,31 manat, faiz borc üzrə 848,16 manat, cəmi borcu 7.247,47 manat borclu qalmışdır. Azərbaycan Respublikasının MM-nin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 443.1-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-814/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Ekspertiza xərcinə dair bildirişdən görünür ki, tədqiqatın dəyəri 100 manat təşkil edir. Kollegiya hesab edir ki, ekspertiza xərci iş üzrə cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində xərc Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 404-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli e-2(021)-814/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Ekspertiza xərci iş üzrə cavabdehə aid edilməli və ekspertiza tədqiqatının dəyəri olan 100 manat məbləğində xərc Cavabdeh tutularaq, Məhkəmə Ekspertiza Mərkəzinin X1 210005 kodlu, VÖEN **********, müxbir hesabı AZ41NABZ********************, SWİFT BİK: CTREAZ22, Məhkəmə Ekspertiza Mərkəzi VÖEN **********, hesab AZ 34 CTRE ********************, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3 hesabına keçirilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Loğman Süleymanov Hakimlər: Afiq Hüseynzadə İslam Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar