Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-151/2025 03.06.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri - X2 (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Mustafayeva Qəribə İlham qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakı ilə, İddiaçı, Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı pul tələbinə dair mülki iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 28 may 2020-ci il tarixli sadə yazılı formalı qəbzə əsasən Cavabdeh3, qızının müalicəsi üçün İddiaçı 6.000 manat məbləğində borc pul götürmüş və həmin pulu tez bir zamanda qaytarmağı öhdəsinə götürmüş və həmin qəbzi öz imzası ilə təsdiq etmişdir.
2. 22 sentyabr 2021-ci il tarixli sadə yazılı formalı qəbzə əsasən Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 ev almaq üçün İddiaçı 13.800 manat məbləğində borc pul almışlar və həmin pulu 3-4 ay müddətində qaytaracaqlarını, qaytara bilməyəcəkləri halda isə qaytaranadək hər ay 850 manat pul ödəyəcəklərini öhdəliklərinə götürmüşlər və həmin qəbzi onlar öz imzaları ilə təsdiq etmişlər.
3. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyindən görünür ki, tədqiqatı tələb olunan faylda xarakterinə görə telefon danışığı zamanı azərbaycan dilində aparılan dialoq danışıqlar - mübahisəli fonoqram qeydə alınmışdır. Mübahisəli fonoqramlardakı danışıqların yazılı mətnlərinin müəyyən edilməsi yazılı mətnlərin müəyyən olunmasında danışıq materialına dəfələrlə qulaqasma metodundan istifadə olunmuşdur. İstifadə olunan proqram kompleksləri tədqiq olunan materiala qulaq asmaqla yanaşı kompüterin ekranında yaranan pəncərədə həmin hissəni vizual müşahidə etməyə, danışığa hissə-hissə (səs, heca, söz və cümlə səviyyəsində) və dəfələrlə qulaqasmağa, sürətə görə korreksiya etməyə imkan verir. Mətnlərdə aşağıdakı şərti işarələmələr qəbul olunmuşdur: * çox nöqtələrlə- müəyyən olunmayan söz və ifadələr; * K1, K2 və s. - kişi cinsinə məxsus səslə danışan diktorlar; * Q1, Q2 və s. - qadın cinsinə məxsus səslə danışan diktorlar; * İ// işarəsi ilə yarımçıq qalmış söz və ifadələr; *ekspertlərə məxsus kommentariyalar mötərizədə verilmişdir *mötərizədə sual işarəsi ilə dəqiq müəyyən olunmayan söz və ifadələr verilmişdir. Ekspert tərəfindən ayrılıqda və kollegial dinlənilmələr nəticəsində tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlar aydın və başadüşülən olduğundan, yazılı mətnin bərpasında ekspertin xüsusi biliyinə ehtiyac olmadığından mətnin ilk 13 dəqiqəlik hissəsinin yazılı mətni bərpa olunaraq aşağıda verilmişdir: "ses" K1 - Gündə üş dəfə gəl K2 - Qoy qalsın burda K1 - Mən hal-hazırda çox aciz verici çıxır axı sizə bax mənim sözüm yenə deyirəm köməy eləməyə hazıram. Q1 - Çox sağ olun K2 - Ala telefonu da sən verərsən maa K1 - Amma əməlini…çalışıb mənim ideyamı beynini təmiz saxlıyın K2 - Yo əmi Allah haqqı biz saa qarşı sən bilmirsən e K1 - Təmiz saxla K2 - Yox Vallah bilmirsən K1 - Ә, bilirəm K2 - Bizim saa qarşı fikrimiz əmrdən başqa başqa niyyətimiz yoxdu bizim K1 - Ona görə, ona görə biz özümca orda mən elə bilirəm çörək yimişəm K2 - Әlbəttə ki, ələ K1 - Biz sən bəyax bir düz öz dedin, qardaş yox, belə dost yox K2 - Ay sağol K1 - Qardaş oğlu K2 – Әmioğlu K1 - Әmi-bala, bi ailənin üzvü kimi qəbul eliyirəm mən bu işi K2 - Bəli K1 - Bunu mən demişəm, burda da deyirəm. Bunu mən sizə kömək mən demirəm sıxılıb əyağın göydən asılmax istəmirəm. Sıxılıf çox niyə xronomda mən demirəm ha …mən döyləm K2 - Elə eliyirəm də K1 - Utanmax da var. Telefonu aşmamax, telefonu zəng eləməmək. Bunnar lazım döy, həmişə məni onda maa pis təsir eliyir K2 - Yoo onu maa demisən, mənim özümə də pis təsir eliyir K1 - Telefonu aşmıyanda K2 - Qızdırmalı olmuşam K1 - Mana çox pis təsir eliyir K2 - Bilirəm K1 - Mən nə istiyirəm K2 - Aş denən ki, vəziyyət ağırdı K1 - Aş maa denən ki, birəz yalan danışsan da eybi yoxdu K2 - Həə adam bir ən azınnan K1 - Bax mən ən azı ikimiz sakitdəşdirdim К2 - Нəə K1 - Bunu saa deyirəm K2 - Yox bilirəm əmi K1 - Ona görə də…əyağın tüşəndə gördün 1000 tüşüf tez tulla gəlsin K2 - Нə K1 - Gördün 500 tüşdü göndər gəlsin. Gördün orda şans var, yox da o xırda-para lazım döy, neynirəm olları. Orda 500 texnikadı. Onu tüşdün 500, 1000, 1500. Pulunu vur gəlsin. Sən deməli deyirsən tutuzdurajam K2 - İnşallah tutuzdurajam hə K1 - Tutuzdurulmuşdulll K2 - Yox əmi hə e K1 - Göndər gəlsin. O birisini də deyirsən maşınımı satajam K2 - Maşın satışdadı uje K1 - Maşını 3000-ə satdın, 5000-ə satdın, 4000-ə satdın maa göndər K2 - Ә, yox e, əmi niyyətimdə odu K1 - O pul mənim əlimə gəlsin. Məndə olsun pul. Üş günnən sora evdə çörəyin yoxdu, ya xəşdiyin yoxdu, ya dava-dərmanın yoxdu K2 - Ә, vallah əmi K1 - Denən qaytar o puldan maa 500-nü 300-nü ver. Eləmə eləmə K2 - Yox eləmisən, məni heş qoymamısan, yolda qalanda belə yığan kimi heş 20 dəyqə çəkmiyif vurmusan pulu maa ki, ala qalma yolda K1 - Aha K2 - Heş vaxt qoymamısan K1 - Onu bax atanın yanında deyirəm biz yenə deyirəm bu sözü, tam səmimi yenə təkrarən deyirəm, özüm zərurda yemək yemişik, özünü biz bir-birini səmimi qəlbdən istəmişik, özü də çox da istiyirik. İndi mən sizə gələjəm də gedəjəm K2 - Allah səni həmişə bax bu evə gəlişdi-gedişdi eləsin yaxşı niyyətnən K1 - Onun belə olmağa mana and olsun Qurana o evin olmağa mana böyük fəxrdi K2 - Elə Allah haqqı köçəndə də səni özüm gəlif aparajam ki, əmi mən ilk elə evimin açılışıdı, hamımız oturmuşux, sən də gəl bizim yanımıza K1 - Ora mən gedəndə bir işim olanda məsələn orda mənim qızım da olsa yeznəm də olsun K2 - Bir qızın bir oğlun da bizik. Gəl bizim evimizə gəl K1 - Mən sizdə qalmağı şərəf bilərəm K2 - Ağ sağol əmi K1 - Orda sıxılmaram amma orda xoşuma gəlməz K2 - Нə һə K1 - Mən belə bir adamam. Amma məsələ burasındadı ki, əməlimə düz olax. Sabax yalan yalan dalınca birdən bilisən ən yaxşı dostun sonu yalan danışmağın nəticəsinnən pozulur K2 - Pozulur K1 - Әn yaxşı qohumun K2 - Olar hamısın bilirəm K1 - Ünsüyyətin var pul üstündə pozulur. Amma o var da, pul da düzəlir ağıllı adam üçün. Amma onu stabil saxlamaq olar. K2 - Düzdü K1 - Pul bəzi adam deyir ki, pul əşi ac ol kişi ol K2 - Yo yo boş söhbətdi K1 - Acığım tutur onda, nifrətim olur K2 - O kasıb sözüdü K1 - Deyirəm ə, ajdan nətər kişi olar K2 - Bildim K1 - O nətər şeydi. Ac ol kişi ol. Ac kişi olur?! Pul həyatda hər şeydi K2 - Çox şeydi, hər şey döyül, amma çox şeydi K1 - Hər şeydi Q1 - Bu dəyqə hər şeydi vallah K1 - Pul hər şeydi. Pul bircə şeyi həll eləmir, tək bircə şeyi. Ölümü. Fiso. K2 - Ölümü, bir də kişiliyi əmi K1 - Bu saat sevgi də puldadı, kişilik də puldadı, salam da puldadı, məhəbbət də puldadı, yaşamax da puldadı. Pul yoxdusa həyat yoxdu. Həyatı bu həll eliyir. Allah rəhmət eləsin Rəhmana, onu atana demişəm, saa da çəkmişəm. Deyir yaa qədimidi ya indidi şah yəni köhnədə də K2 - Hə indi də K1 - Hə indi də gələcəkdə də şah məcləsində deyir devran eliyən imkan olmasa K2 - Yatmaz elə K1 - Mən işmirəm. Sən olma, özləri bambılı kimi ordan hər havanı, hər zurnanı çalan pul sən olmadınmı. Sonu gəlib pul Allah oluv. Allah amanında. Filankəsin sevgisinə filankəsə yar eyliyən ey xur sən olmadınmı. Pul hər şeydi. Bircə dənə ölümü həll eləmir. K2 - Düzdü K1 - Ona görə ona görə də sən deməli mən o pulun əlindənkunu olana danışıb ona hər şeyə səbr eləmişəm. К2 - Нəə K1 - Hər şeyə səbr eləmişəm. Onnan dosta da verməyi bacarıram, tanışa da verməyi bacarıram amma ləyaxnan. Sabah puldan ötəri bizim ünsiyyətimiz pozulacaqsa bunu bəri başdan alajax K2 - Hə əmi mən bunu saa özüm də demişəm K1 - Әgər puldan ötəri sabah davamız olajaxsa mən amma qaqana da deyirəm saa da neçə dəfə demişəm, biz qardaş oğlu, əmi oğlu olmaz elə nəsə bir belə qatı şey nəyisə onda bu/// K2 - Deyir həşdiy olur yalançılar olar K1 - Ona görə də kim olur olsun K2 - Verilən qaydada qaytarılmalıdı K1 - Birinci növbədə pul kimliyinnən asılı olmuyarax o pulu alıfla qaytarmalıdı. Qaytara bilməsən onun bəlasını çəkirsən K2 - Zəng gələjəy K1 - Üçüncu növbədə bəlasını çəkirsən, üçüncu növbədə qaytara bilmirsə də onu Allah çıxır sənnən K2 - Hmm bilirəm K1 - Bəndə K2 - Kiminsə haqqıni heş kimdə qoymasın əmi K1 - Ay sağol K2 - Әn pis şeydi K1 - indi məsələ odu ki, Pərvin çalış mənim pulumu nəyə gücün çatır göndər K2 - Әmi K1 - Sabah bu sözü bir də təkrar eliyirəm bax Təhminənin yanında, sıxıldın istər sən, istər Təhminə denən ki, xəşdiyimiz yoxdu K2 - Ә, indi K1 - Get ordan maa 200 manat vur, 100 manat vur. Ya bir Allah eləməsin xəstə var onu müaliciyə apar, ya bir toya gedirik, ya bir xeyir iş eləmək istiyirik qohumdu mana 300 manat ver, 200 manat ver. Gör heş çevirəjəmmi bunu K2 - Heş çevirmirsən, heç çevirməmisən də K1 - İndiyə qədər də eləməmişəm K2 - O vəziyyətdə belə maşını sata bilmirəm K1 - Mən mən bax atannan çox söhbət eləmişik. Mən gözdü/// mən da indi uşax deyiləm mən duram diyəm heç tələsiy ə, pulu niyə vermədən. Düşürəm gəlirəm qapınıza K2 - Daa olmadı ki K1 - Dava olar, dalaş olar, filan olar. Bu uşax işidi K2 - Bəli bəli K1 - Bu bizə aid olan şey deyil. Biz kişiyiksə kişi kimi davranmalıyıq K2 - Düzdü əmi K1 - Kişi kimi də söhbətimizi bağlamalıyıx. Sona qədər də kişi kimi yaşamalıyıx K2 - Elə çıxır əmi. K1 - Bax K2 - Yağış yağır? Şeydi maşının şüşələrini qaldır hamısını K1 - Yağış yağır? K2 - Sevindim e K1 - Hə. Bunnarın hamısını kimi eləməliyik hörmətnən deyirəm K2 - Sən narahat olma əmi K1 - Yenə deyirəm K2 - Sən bizi bir dama yığışdır. K1 - Нəə K2 - Köçək kutarax əmi, inşallah sən özün gələrsən də, görərsən də, mən səni qoymuyajam elə, mən səə bir dəfə demişəm o sözü, hər dəfə təkrar eliyəndə o sözüm uje şeydən düşür. Mən bilirəm də, o fikirlərin hamısını alt-eliyəcəm vaxt var, gəlib çatajaxdı, onda da görəssən ki, Pərvin 10.000 olmur 20.000 olmur, 30.000 olmur, Pərvin nəyi ağzınnan çıxardırsa onu yerinə yetirən adamdı, qoymaram ki, özü də tembole səni kimi bir adamı mən özümnən narazı salan adam döyəm. K1 - Hm K2 - İlk məni tanımadan mənim əlimə nətər dedin e, İmanov səni bir dəfə gördüm saa görə pul verdim mən K1 - Hm K2 - O sözün maa kifayət eləmişdi. K1 - Ona görə ona görə K2 - Elə innən sora elə də davam eliyəjəy əmi K1 - Hə ona görə Siyavuşa əməlini hazır olsun K2 - İnşallah K1 - İndi Təhminə bir qəbz yazajam saa K2 - Qoyma mən 9.000 yazmışam 50.000 yaz/// K1 - Ordan yazdıranda belə elədilər, əmi no 9.000-i bəlkə 19.000 yazasan K2 - Bəlkə 50.000 yazasan K1 - Dedim yox. K2 - İndi orda… K1 - Deyir mən düzəmsə 50.000 yazım bura H К2 - Нə K1 - Yo dedi qoy bunu 19.000 edim, dedim lazım döy, elə sən 9000-i yaz K2 - Elədi hə. Bu deyir K1 - İndi məsələ burda nədi, bilirki, mən məsuliyyətdi olmalısan. Mən səmimiyyətsiz deyiləm, Pərvin niyə yanımda oturmuş bə K2 - Gə burda otur Q1 - Mən halda nə qədər məbləş yazmalıyam? K1 - İndi deyəcəm K3 – Q1 - Yoo mən hamısını bilməliyəm, o şeyin üstündə işdiyirəm K2 - Ay ma qorxma, qaytarassansa niyə qorxursan ki?! Q1 - Yoox, sən heç gör, söhbəti yox prostu bilək də nəyə imkanımız çatır K1 - Narahat olma nə deyirəmsə eləmiyəsidi. K1 - Qoy ordan gəlsin Q1 - Bəli K1 - Poşdadan müqavilə. Başdan yazmalı. Bilirsən nətər yaz onu Təhminə, qoy sandığa qoy dursun orda. Q1 - Нə K1 - Deyim siz də öz əlinizi sıxın. Səliqəli yaz qəşəng olsun, bax burdan yaz müqavilə. K2 - Deyirsən qızın qoymur, evi qoymur otursun, heş bir cavab yoxdur. Bu adam da müqaviləynən bizə heşnəsiz… İİİ. Fonoqramlarda yazılış vaxtı və ya sonradan edilmiş dəyişikliklərin olub-olmadığını müəyyən etmək üçün auditiv-linqvistik və instrumental analizlər aparılmışdır. Tədqiqat zamanı fonoqramlardakı danışıqların əvvəlinin kommunikativ aktın əvvəli üçün xarakterik olan formada başlayıb-başlamaması, sonunun isə kommunkativ aktın sonu üçün xarakterik formada qutarıb- qutarmadığı analiz olunmuş, danışıqlarda məntiqi ardıcıllıq, diktorların emosional vəziyyətinin və sayının dəyişməsi tədqiq olunmuşdur. Akustik şərait tədqiq edilərək analiz olunmuşdur. Danışıqlar siqnallarında kəskin fon sıçrayışları, akustik şəraitin dəyişməsi, sözlərarası və cümlələrarası əsaslanmamış pauzaların olub-olmaması yoxlanılmışdır. Mübahisəli fonoqramın eyni və ya müxtəlif yazı qurğuları ilə qeydə alınmasını müəyyən etmək məqsədi ilə mübahisəli fonoqramlar fayl strukturlarına, faylda blokların yerləşmə xəritəsinə, "start" siqnallarının generasiya müddəti və formasına və s. görə bir-biri ilə müqayisə olunmuşdur. Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından tədqiqatlar yalnız optik diskdə olan mübahisəli fonoqram üzrə məhdud sahədə aparılmışdır. Aparılmış tədqiqatlar nəticəsində aşağıdakılar müəyyən olunmuşdur: mübahisəli fonoqramın qeydə alındığı faylın struktur analizi nəticəsində redaktə proqramların izləri aşkar olunmadı; mübahisəli fonoqramdakı danışıqlarda diktorların emosianal vəziyyətinin və sayının əsaslanmamış dəyişməsi müəyyən olunmadı; mübahisəli fonoqramdakı danışıqlarda akustik fonun kəskin şəkildə dəyişməsi qeydə alınmamışdır; mübahisəli fonoqramdakı danışıqlarda məntiqi ardıcıllığın pozulması, kəskin fon 14 fevral 2025-ci il sıçrayışları və audosiqnalın itməsi qeydə alınmamışdır; Mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından eksperimental yazılışın aparılması və mübahisəli fonoqramla müqayisəsi mümkün olmamışdır. Bu səbəbdən də mübahisəli fonoqramın qeydə alındığı faylın ətraflı şəkildə struktur analizinin aparılması mümkün olmamışdır. Beləliklə, aparılmış tədqiqatlar nəticəsində mübahisəli fonoqramdakı danışıq hissələrində məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, müqayisəli tədqiqatın aparılması mümkün olmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı. Auditiv, linqvistik və instrumental tədqiqatların nəticələrini qiymətləndirərək aşağıdakı nəticəyə gəlmək olar: TӘDQİQATİN Nəticəsi:
1. Ekspertizaya təqdim olunmuş 01 ədəd "SanDisk" markalı fləş yaddaş kartında olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqların yazılı mətn hissəsi tədqiqi hissədə qeyd olunmuş.
2. Ekspertizaya təqdim olunmuş 01 ədəd "SanDisk" markalı fləş yaddaş kartında olan tədqiqatı tələb olunan mübahisəli fonoqramdakı danışıqlarda məntiqi rabitənin itməsi, akustik şəraitin və iştirakçı diktorların emosional vəziyyətlərinin situasiya ilə əsaslanmayan dəyişmələri, keçid prosesləri üçün xarakterik siqnallar kimi montaj əlamətləri müəyyən olunmadı. Lakin, mübahisəli fonoqramın qeydə alındığı yazı qurğusu ekspertizaya təqdim olunmadığından digər dəyişikliklərin olub-olmamasını müəyyən etmək mümkün olmadı.
2. Məhkəmə kollegiyasının qərardadı əsasında əldə edilmiş Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyinin ekspertiza xərclərinə dair bildirişindən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat müəyyən edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı (bundan sonra - iddiaçı) cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 (bundan sonra - cavabdehlər) qarşı iddia ərizəsi və daha sonra iddia tələbinin həcminin artırılmasına dair ərizə ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 20.600 manat pulun və 2.000 manat əldən çıxmış faydanın, cəmi 22.600 manat pulun, habelə Cavabdeh3 6.000 manat pulun tutulub ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, 22 sentyabr 2022-ci il tarixdə cavabdehlər ev almaq üçün ondan 13.800 manat borc pul istəmişlər. O da münasibəti yaxşı olduğu üçün onlara inanıb həmin məbləğdə pulu borc olaraq vermişdir. Cavabdehlər ondan borc pul almaları ilə bağlı qəbz yazıb vermiş və həmin pulu hissə-hissə qaytarmağı öz öhdələrinə götürmüşlər. Cavabdehlərlə aralarında bağladıqları şifahi müqavilənin şərtlərinə əməl etməklə onlara 13.800 manat pul vermişdir. Lakin, cavabdehlər müqavilə ilə aralarında olan razılaşmaya əməl etməmiş, pulu qaytarmamışlar. Pulu vaxtında qaytarmadıqları üçün cavabdehlərdən verdiyi borc pulu geri istəmişdir. Cavabdeh tərəf ona yenə yalan vədlər verərək qaytaracaqlarını bildirmişlər. O, pulunu cavabdehlərdən ala bilmədiyi üçün hüquqlarının qorunması üçün məhkəməyə müraciət etməli olmuşdur. Cavabdehlər yazdıqları qəbzdə gecikdirdikləri hər ay üçün ona əlavə 850 manat pul ödəyəcəklərini bildirmişlər. Bu müddət ərzində cavabdehlər ona 8 ay x 850 manat = 6.800 manat pul ödəməli idilər. Onun pulu bir ilə yaxın müddətdir ki, cavabdehlərdə qalmışdır. Әgər həmin məbləğdə pulu da cavabdehlərin ondan aldıqları pulun üstünə gəlsə, ümumilikdə 20.600 manat təşkil etmiş olar. Bu müddət ərzində pulundan istifadə edə bilmədiyi üçün 2.000 manat əldən çıxmış faydanın da cavabdehlərdən alınıb ona ödənilməsini tələb etmişdir. Eləcə də, iş üzrə Cavabdeh3 sadə yazılı formada verdiyi yazılı qəbzə əsasən onun xeyrinə 6.000 manat pul tutulmalıdır.
6. Tərtər Rayon Məhkəməsinin 24 iyun 2023-cü il tarixli, 2(061)-632/2023 nömrəli qətnaməsi ilə (hakim K.A.Rzayev) iddia qismən təmin edilərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 13.800 manat, habelə Cavabdeh3 6.000 manat pulun tutularaq iddiaçıya ödənilməsi və qalan hissədə iddianın rədd olunması qət edilmişdir.
7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, iddiaçı dəfələrlə pulunu cavabdehlərdən geri tələb etmiş, lakin onlar hər dəfə yalan vədlər verərək sözlərinə əməl etməmişlər. Bununla da cavabdehlərin hazırkı vəziyyətdə iddiaçıya olan borcu 19.800 manat təşkil etmişdir. Məhkəmə iclasında elan olunmuş cavabdehlər tərəfindən yazılmış qəbzlərlə bu fakt öz təsdiqini tapmışdır. Bununla da tərəflər arasında faktiki olaraq bağlanmış şifahi borc müqaviləsi üzrə cavabdehlər üzərinə götürdüyü öhdəliklərini yerinə yetirməmişlər. İddiaçı cavabdehlərdən 2.000 manat əldən çıxmış faydanın alınıb ona verilməsini iddia etsə də, bu barədə hər hansı bir sənədi məhkəməyə təqdim edə bilməmişdir. O yalnız öz şəxsi mülahizələrinə əsaslanaraq izahat vermişdir. Məhkəmə hesab etmişdir ki, iddianın həmin hissədə təmin edilməsi məqsədəmüvafiq deyil. Cavabdehlər iddia tələbini təkzib etmək üçün məhkəməyə hər hansı bir sənəd təqdim etməmişlər. Məhkəmə cavabdehlərin iddiaçıya həmin məbləğdə borclu olmasını və borclarını qaytarmadığını təsdiq edən yuxarıda qeyd olunan sənədləri həqiqətə uyğun və sübut kimi qəbul edilməsini məqsədə müvafiq hesab etmişdir.
8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh2 apellyasiya şikayəti verərək iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın rədd edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı ilə onların arasında heç bir rəsmi müqavilə, həmin müqaviləni təsdiq edən heç bir möhür və ştamp olmamışdır. İddia ərizəsində göstərilən saxta qəbzin onlara aidiyyəti yoxdur. Məhkəmə belə hallarda sənədin doğruluğunu yoxlamaq üçün iş üzrə müvafiq xətşünaslıq ekspertizası təyin etməli idi, məhkəmə isə onun iştirakı olmadan işə baxmış və birtərəfli mövqe tutmuşdur.
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
Apellyasiya instansiyası məhkəməsində birinci icraat
12. Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(104)- 2249/2023 saylı qətnaməsi ilə (hakimlər Ә.İ.Məmmədov (sədrlik edən və məruzəçi), F.Ә.Mehtiyev və R.Ş.Muradov) Cavabdeh2 apellyasiya şikayəti qismən təmin edilərək, iş üzrə Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsi qismən mübahisələndirilən, yəni cavabdehlərdən müştərək qaydada 13.800 manat pulun tutulub iddiaçıya ödənilməsi hissəsində ləğv edilmiş, həmin hissədə yeni qətnamə çıxarılmaqla iddia qismən təmin olunmuş, cavabdehlərdən müştərək qaydada 2.500 manat pulun tutulub iddiaçıya ödənilməsi və qalan mübahisələndirilən hissədə iddianın rədd olunması qət edilmişdir.
13. Məhkəmə kollegiyası gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdehlər tərəfindən imzalanması göstərilmiş 22 sentyabr 2021-ci il tarixli (müqavilə) qəbz iddiaçının cavabdehlərə 13.800 manat borc verdiyini təsdiq edən mötəbər sübut növü kimi qiymətləndirilə bilməz. Belə ki, işin düzgün həlli üçün önəmli olan halların, yəni sübutetmə predmetini yaradan hüquqi faktların varlığını və ya yoxluğunu məhkəmə Mülki Prosessual Məcəllənin 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. Cavabdehlər tərəfindən təqdim edilmiş CD disk tədqiq edilərkən müəyyən olunmuşdur ki, iddiaçı tərəfindən cavabdehlərə iddia olunan məbləğdə pul verilməmişdir. Belə ki, səs yazılarından aydın olur ki, iddiaçı ilə Cavabdeh1 yazılı qeydlər aparır. Sözügedən “müqavilə”-nin və səs yazılarının əlaqəli təhlilindən birmənalı təsdiq olunur ki, “müqavilə”-də yazılanlar sözbəsöz iddiaçının dediklərinin təkrarıdır. Səs yazısında iddiaçı onlara 13.800 manat borc verdiyini yazdırmaq istəyərkən Cavabdeh1 buna etirazını bildirir, həmin məbləğdə pulun onlara verilmədiyini, sonradan bu məbləğin onların üzərində qalacağını göstərir. Lakin digər Cavabdeh2 ona iddiaçının istədiyi miqdarda, hətta ondan da artıq məbləğin yazmasını, heç bir problem olmayacağını bildirir. İddiaçı da səs yazısında bu müqavılənin bir kağız parçası olduğunu, onun heç bir əhəmiyyətinin olmadığını Cavabdeh2 bildirir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı cavabdeh tərəfin məhkəməyə təqdim etdiyi səs yazısının dinlənilməsi zamanı danışan şəxslərin onunla cavabdehlər olduğunu etiraf etmişdir. Qeyd edilənləri diqqətdə saxlayan məhkəmə kollegiyası bu qənaətə gəlmişdir ki, iddiaçının məhkəməyə təqdim etdiyi və cavabdehlər tərəfindən imzalanması göstərilmiş 22 sentyabr 2021-ci il tarixli (müqavilə) qəbz əsasında iddiaçı cavabdehlərə 13.800 manat məbləğində borc verməmişdir. Həmin qəbz əsasında iddiaçı cavabdeh tərəfə yalnız 2.500 manat məbləğində borc vermişdir. Məhkəmə kollegiyası bu qənaətlərini onunla əsaslandırmışdır ki, Cavabdeh1 izahatında bildirmişdir ki, onlar iddiaçıdan 2.500 manat borc almaq məqsədilə onun yanına getmişlər. Cavabdeh2 isə izahatında bildirmişdir ki, onlar iddiaçıdan 1.200 manat borc almaq məqsədilə onun yanına getmişlər. Lakin iddiaçı onlara cəmi 100 manat pul vermiş və həmin borcu sonradan iddiaçıya qaytarmışlar.
14. Məhkəmə kollegiyası öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443, 739, 740-cı maddələrinə istinad edərək əsaslandırmışdır.
Kassasiya instansiyası məhkəməsində icraat
15. İddiaçı (vəkili X3) kassasiya şikayəti verərək iş üzrə apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilməsi, iddianın tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.
16. Kassasiya şikayəti onunla əsaslandırılmışdır ki, o, cavabdehlərə 13.800 manat pulu öz evlərində ailə üzvlərinin iştirakları ilə vermiş və onların hər üçü evdə olmuşdur. Cavabdeh2 ilə Cavabdeh1 ər-arvad, digər Cavabdeh3 isə Cavabdeh2 atasıdır. İş üzrə ilkin məhkəmə iclaslarında cavabdehlərin hər üçü bildirmişlər ki, “qəbzi nə yazmayıblar, nə də imza etməyiblər, ümumiyyətlə qəbzdən xəbərləri yoxdur”. Ancaq işə baxan hakim iş üzrə ekspertiza təyin etmək istəyərkən qəbzdəki imzaların onlar tərəfindən icra edilməsi ekspert rəyi ilə təsdiq ediləcəyi halda pulun onlardan tutulacağı barədə sözündən sonra hər üçü bildirmişlər ki, “savadsızdırlar, başa düşməyiblər”. Halbuki, Cavabdeh3 10 ildən artıq məktəb direktoru, Cavabdeh1 isə hazırda Bakı şəhərində Mühafizə Polisində mühasib vəzifələrində işləmişlər. Cavabdeh2 isə onun kimi bir çox şəxsləri aldadaraq dələduzluq etmişdir. Son 3 ildir ki, onun pulunu verməmələri bir yana, onu təhqir də etmişlər. Maddi vəziyyətləri o qədər pis olmuşdur ki, hətta əlavə 200 manat yol pulu da almışlar. Məhkəmədə həmin 200 manat pulu da danıb, 100 manat aldıqlarını bildirmişlər. İşə baxan məhkəmə kollegiyası Cavabdeh3 tərəfindən apellyasiya şikayəti verilmədiyi üçün 6.000 manat pulun ondan tutulması hissəsinə baxmamışdır. Cavabdeh2 ona olan 6.800 manat pul tələbi ilə bağlı isə ayrıca məhkəmədə iddia qaldırmalı olması nəticəsinə gəlmişdir.
17. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-1646/2024 saylı, 11 iyun 2024-cü il tarixli qərarı ilə İddiaçı kassasiya şikayətinin qismən təmin edilməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsi Mülki kollegiyasının 28 noyabr 2023-cü il tarixli, 2(104)- 2249/2023 saylı qətnaməsi ləğv edilməsi, mülki işin yenidən baxılması üçün həmin məhkəməyə qaytarılması qərara alınmışdır.
18. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 22 sentyabr 2021-ci il tarixli sadə yazılı formada imzalanmış müqaviləyə əsasən öhdəlik hüquq münasibətləri əmələ gəlmiş, lakin cavabdehlər həmin müqavilə üzrə öhdəliklərini vaxtında və lazımıni qaydada icra etməmişlər. Hazırkı halda Cavabdeh2 özü də iddiaçıdan borc pul aldığını və ona borclu olduğunu inkar etmir. Cavabdeh2 apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan kassasiya şikayəti verməməsi də qeyd olunan halı təsdiq edir. Belə ki, cavabdeh X4 apellyasiya icraatı mərhələsində izahat verərkən göstərmişdir ki, ev almaq üçün 1.200 manat çatmadığına görə iddiaçıya müraciət etmişlər, sonuncu əvvəlcə arvadı Cavabdeh1 13.800 manat borc verməsi barədə qəbz yazdırmış, lakin ona cəmi 100 manat pul vermişdir. O özü də əvvəllər iddiaçıdan borc pul almış və hazırda onun iddiaçıya təxminən 5.000-6800 manat aralığında ödənilməmiş borcu vardır. Tərəflər arasında borc hüquqi münasibətlərin əmələ gəlməsi işin mübahisə olunmayan halıdır və onlar arasındakı hazırkı mübahisə əslində borcun məbləği ilə bağlı yaranmışdır. Belə ki, iddiaçı cavabdehlərin tərtib edib imzaladıqları müqaviləyə əsaslanaraq borcun məbləğinin 13.800 manat olduğunu iddia edir, Cavabdeh2 isə borcun məbləğinin cəmi 100 manat olduğunu göstərərək iddiaya etiraz etsə də, iddianı 2.500 manat məbləğdə təmin etmiş apellyasiya instansiyası məhkəməsinin qətnaməsi ilə razılaşaraq ondan ümumiyyətlə kassasiya şikayəti verməmişdir. Apellyasiya instansiyası məhkəməsi qeyd olunan hallara diqqət yetirmədən, Cavabdeh2 apellyasiya şikayətinin dəlilləri üzrə heç bir araşdırma aparmadan, cavabdehlərin tərtib edib imzaladıqları 22 sentyabr 2021-ci il tarixli müqavilədəki imzaların onlara məxsus olub-olmadığını iş üzrə xətşünaslıq ekspertizası keçirib yoxlamadan, Cavabdeh2 izahatında iddiaçıya 5.000-6800 manat aralığında ödənilməmiş borcunun olduğunu etiraf etməsini, başqa sözlə mövcud borcun etirafı haqqında mücərrəd müqavilə münasibətlərini tənzimləyən Mülki Məcəllənin 882.1 və 882.2-ci maddələrinin tələblərinin hazırkı mülki mübahisəyə tətbiqinin mümkünlüyünü müzakirə etmədən, yalnız cavabdehlərin apellyasiya baxışında təqdim etdikləri səs yazısına əsaslanaraq iddianı mübahisələndirilən hissədə 2.500 manat məbləğdə təmin etmişdir. Halbuki, sözügedən normaların mənasına görə, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz. Digər tərəfdən “CD” diskdə olan səs yazısı sübut kimi qəbul olunsa belə həmin səs yazısı ilə də cavabdehlərin iddiaçıdan hansı məbləğdə borc almalarını, qalıq borcun hansı məbləğdə olmasını, səs yazısında kimin nə deməsini açıqaşkar müəyyən etmək mümkün deyil. Belə olan halda səs yazısının kimlərə məxsus olduğunu, kimin orada nə dediyini və sair xüsusi bilik tələb edən həmin suallara yalnız iş üzrə müvafiq ekspertiza keçirilməklə aydınlıq gətirilə bilər. Apellyasiya instansiyası məhkəməsi xüsusi bilik tələb edən qeyd olunan suallara aydınlıq gətirmək üçün iş üzrə müvafiq ekspertiza keçirib əsaslandırılmış rəy almadan, həmin səs yazısını mötəbər sübut kimi qəbul etmişdir. Bu baxımdan kassasiya instansiyası məhkəməsi hesab edir ki, işdə olan sübutları təhlil etmədən, onların mötəbərliyini yoxlamadan işin bu və ya digər faktiki hallarının müəyyən edilmiş və ya müəyyən edilməmiş hesab edilməsi yolverilməzdir və işin məhkəmə tərəfindən müəyyən edilmiş hesab olunan hər bir halı barəsində məhkəmənin gəldiyi yekun nəticə işdə olan sübutlarla təsdiq olunmalıdır. Məhkəmə sübutları sadalamaqla kifayətlənməməli, onları əlaqəli şəkildə şərh etməli, bu və ya digər sübutun qəbul edilib-edilməməsinin səbəblərini qətnamədə aydın izah etməlidir.
19. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385, 425, 443 və 739-cu maddələrinə istinad edərək əsaslandırmışdır.
Apellyasiya instansiyası məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları
20. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 apellyasiya şikayətini müdafiə edərək, uyğun məzmunlu izahat vermiş, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onun iddiaçıya olan 6800 manat borcu ilə əlaqədar iddiaçının Tərtər Rayon Məhkəməsində iddia tələbi olmuşdur. O, da razılaşmışdır. Әvvəllər Hüseyndən daima pul almış, müxtəlif məbləğlərdə pul götürmüş qəbz yazmış, o cümlədən 9000 manat məbləğində qəbz yazmış, sonra qaytarmış və qəbzi cırıb atmışlar. Ev almaq üçün 9000 manat pul vermişlər. Həmin vaxt 1200 manat pulları çatmadığı üçün iddiaçıdan 1200 manat pul istəmişlər, iddiaçı isə onlara 13800 manat qəbzə imza etdirmiş, 100 manat pul vermişdir. Onlara ev satmaq üçün 9000 manat almış adam da, onları aldıtmışdır.
21. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, qəbz cavabdehlərin evində yazılmışdır. Ona bildirmişlər ki, yol pulları yoxdur, o, da 100 manat vermişdir. Pulun çoxunu əlbəəl vermişdir. Cəmi 13800 manat pul vermişdir. Qəbzi yazdıqdan sonra pulu göndərmişdir. Qəbzi yazdıranda artıq 11 mindən çox pul vermişdir. Qəbz yazılandan 2 gün sonra 2000 və 1700 manat da pul göndərmişdir. Milliön aparatı vasitəsi ilə göndərmişdir.
22. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini müdafiə edərək, təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının suallarına cavab olaraq bildirmişdir ki, onlar 13800 manata qəbz yazanda iddiaçıdan pul almamışlar.
23. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, Cavabdeh3 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi:
24. Maddə 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməlidir, məsələn pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və s. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
25. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
26. Maddə 425.2. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.
27. Maddə 882.1. Borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Әgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir.
28. Maddə 882.2. Bu Məcəllədə nəzərdə tutulan başqa göstərişlər olmadıqda, mövcud borcun etirafı haqqında mücərrəd müqaviləyə əsaslanan iddiaya qarşı başlıca əqddən irəli gələn heç bir etiraz irəli sürülə bilməz.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi:
29. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
30. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
31. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.
32. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;
35. Maddə 107. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
36. Maddə 115.0. İşə baxılması ilə əlaqədar məsrəflərə aşağıdakılar daxildir:
37. Maddə 115.0.1. şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər;
38. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Apellyasiya baxışının hədləri
39. MPM-in 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.
40. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
41. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
42. MPM-in 420-ci maddəsinə əsasən, kassasiya instansiyasında işə baxan məhkəmənin qərarında şərh edilən göstərişlər həmin işə yenidən baxan məhkəmə üçün məcburidir.
43. Hazırkı apellyasiya şikayətində qətnamə Cavabdeh2 tərəfindən bütövlükdə mübahisələndirildiyindən birinci instansiya məhkəməsi aktı tam yoxlanıldı.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
44. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, tərəflərin izahatını dinləyib, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir.
45. Azərbaycan Respublikası Ali Məhkəməsinin hüquqi mövqeyini əsas götürən məhkəmə kollegiyası qeyd edir ki, hazırkı halda Cavabdeh2 özü də iddiaçıdan borc pul aldığını və ona borclu olduğunu inkar etmir. Belə ki, cavabdeh X4 apellyasiya icraatı mərhələsində izahat verərkən göstərmişdir ki, ev almaq üçün 1.200 manat çatmadığına görə iddiaçıya müraciət etmişlər, sonuncu əvvəlcə arvadı Cavabdeh1 13.800 manat borc verməsi barədə qəbz yazdırmış, lakin ona cəmi 100 manat pul vermişdir. O özü də, əvvəllər iddiaçıdan borc pul almış və hazırda onun iddiaçıya təxminən 5.000-6800 manat aralığında ödənilməmiş borcu vardır. Həmin 6800 manat borcla bağlı Tərtər Rayon Məhkəməsi ayrıca qətnamə çıxarılmışdır. Həmçinin iddiaçı öza də, borca dair qəbz tərtib edilərkən artıq cavabdehlərin ona 11000 manat borclu olduğunu, qəbz yazılandan 2 gün sonra milliön aparatı vasitəsi ilə 2000 və 1700 manat pul göndərmişdir.
46. Kollegiya qeyd edir ki, tərəflər arasında əvvəllər borc münasibəti olmuşdur. xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qəbz mövcud borcun etirafı ilə bağlı olmuşdur. Qəbzin cavabdehlər tərəfindən yazılması və onlar tərəfindən imzalanması məhkəmə iclasında cavabdehlər tərəfindən mübahisələndirilməmişdir. İddiaçı cavabdehlərin tərtib edib imzaladıqları müqaviləyə əsaslanaraq borcun məbləğinin 13.800 manat olduğunu iddia etmiş, Cavabdeh2 isə borcun məbləğinin cəmi 100 manat olduğunu göstərərək iddiaya etiraz etmişdir. İddiaçı borca dair qəbz tərtib edilərkən artıq cavabdehlərin ona 11000 manat borclu olduğunu, qəbz yazılandan 2 gün sonra milliön aparatı vasitəsi ilə 2000 və 1700 manat pul göndərdiyini qeyd etsə də, sonradan göndərilən borca dair sübutları məhkəməyə təqdim edə bilməmişdir. İddiaçı məhkəməyə həmin ödənişləri təsdiq edən sübut kimi qəbz təqdim etsə də, qəbzlər oxunulacaq vəziyyətdə olmamış və bu səbəbdən məhkəmə həmin qəbzləri mötəbər sübut kimi qəbul etməmişdir.
47. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş və borca dair qəbz tərtib edilərkən tərəflər arasında aparılmış audio yazı məhkəməyə təqdim edilmişdir. Həmin audio yazıda borcun məbləğinin müəyyən edilməsi üçün məhkəmə kollegiyası tərəfindən iş üzrə məhkəmə-fonoskopik ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyi əldə edilmişdir. Rəyin təsviri hissəsində tərəflərin danışığı ilə müəyyən edilir ki, K1 kimi qeyd edilən iddiaçının ifadəsində qeyd edir ki, “ Yo dedi qoy bunu 19.000 edim, dedim lazım döy, elə sən 9000-i yaz”. K2 kimi qeyd edilən Cavabdeh2 isə qeyd edir ki, “Elədi hə. Bu deyir”.
48. Məhkəmə kollegiyası yuxarıda qeyd edilənlərə əsasən belə nəticəyə gəlir ki, xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qəbz mövcud borcun etirafı ilə bağlı olmuşdur. Lakin borc məbləği 13800 manat deyil, 9000 manat təşkil etmişdir. Belə ki, təqdim edilmiş aidio yazıda borc məbləğinin neçə manat təşkil etməsi ilə qeyd edir ki, Cavabdeh2 deyir ki, istəyirsən 50000 yaz, iddiaçı isə deyir ki, elə 9000 manatın özünü yaz və həmin məbləğlə bağlı danışıqda iştirak edənlər heç bir etiraz etmirlər. Odur ki, məhkəmə kollegiyası belə qənaətə gəlir ki, tərəflər arasında xx.xx.2021-ci il tarixdə tərəflər arasında tərtib edilmiş qəbzdə 13800 manat yazılsa da, tərəflər arasında əslində 9000 manat borcun etirafı müqaviləsi olmuşdur. İddiaçı qəbz tərtib edildikdən sonra, cavabdehlərə əlvə 3700 manat pul göndərilməsi qeyd edilsə də, həmin halı təsdiqləyəcək sübutlar məhkəməyə təqdim edilməmişdir.
49. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, birinci instansiya məhkəməsi tərəflər arasında yaranmış münasibətlərin borc müqaviləsindən irəli gələn münasibətlər olması nəticəsinə gələrək həmin münasibətlərə borc müqaviləsinin normalarını tətbiq etməkdə səhvə yol vermişdir. Belə ki, iş materiallarından görünür ki, tərəflər arasında yaranmış münasibətlərin hüquqi əsasını mövcud borcun etirafı haqqında mücərrəd müqavilə təşkil etmişdir.
50. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Cavabdeh3 6000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilməlidir. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh3 tərəfindən imzalanması göstərilmiş qəbzdən görünür ki, Cavabdeh3 pula ehtiyacı olduğu üçün İddiaçı 6000 (altı min) manat borc pul götürmüşdür.
51. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilməmişdir. Bu hal isə qətnamənin ləğv edilməsi üçün hüquqi əsasdır. Kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisələndirilən qətnaməsini lazımi qaydada əsaslandırmamış, gəldiyi nəticəni işin halları və onlara tətbiq edilməli olan hüquq normaları ilə əlaqəli şəkildə izah etməmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş üzrə yeni qətnamə qəbul edilməlidir. İddia tələbi qismən təmin edilməlidir.
52. Apellyasiya icraatı zamanı iş üzrə ekspertiza təyin edilmiş, Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2025-ci il tarixli, 4/1900-4/1906 saylı ekspert rəyi əldə edilmişdir. Ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış tədqiqatın dəyəri 150 manat təşkil etmişdir. Qanunvericiliyə əsasən, qeyd olunan məbləğ cavabdehlərdən müştərək qaydada tutulmaqla, Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir.
53. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402 maddələrini rəhbər tutaraq,
Qət etdi:
Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Tərtər Rayon Məhkəməsinin 2(061)-632/2023 saylı, 24 iyun 2023-cü il tarixli qətnaməsi ləğv edilsin və iş üzrə yeni qətnamə qəbul edilsin. İddia tələbi qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 9.000 (doqquz min) manat pul tutularaq İddiaçı verilsin. Cavabdeh3 6000 (altı min) manat məbləğində pul alınıb İddiaçı verilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza xərci cavabdehlərə aid edilsin və 150 (bir yüz əlli) manat məbləğində olan ekspertiza xərci cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq, Azərbaycan Respublikası Әdliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, Kod 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZO**********003003944, S.W.İ.F.T. Bik: CTREAZ22) ödənilsin. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.