Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1510/2025 11.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Hakimlər Məcidov Rüfət Azadəli oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Kəsəmənli Nicat Güloğlan oğlunun katibliyi, İddiaçı və nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı “pul” tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)- 1749/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, qərardad qəbul etdi. İşin halları
1. Tərəflər arasında tərtib edilmiş və cavabdehin adından imzalanmış yazılı qəbzlərdən görünür ki, cavabdeh iddiaçıdan 2022-ci ildə 2 dəfəyə 12.000 (on iki min) manat və 2900 (iki min doqquz yüz) manat dəyərində qızıl əşyası götürüb tez bir zamanda evlərinin satılıb borcunu ödəyəcini və bir il müddətinə pensiya kartını verməsini bildirmişdir.
Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı iddia ərizəsi ilə birinci instansiyası məhkəməsinə müraciət edərək, Cavabdeh 10.960 (on min doqquz yüz altmış) manat pulun, eləcə də ödədiyi 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırılmışlar ki, o, cavabdehi uzun illərdir tanıyır. Cavabdeh ondan 2022-ci ildə 2 dəfəyə 12.000 (on iki min) manat və 2900 (iki min doqquz yüz) manat dəyərində qızıl əşyası götürüb tez bir zamanda evlərinin satılıb borcunu ödəyəcini bildirmiş və bu barədə yazılı qəbz yazıb özü imza etmişdir. Hal-hazırda cavabdeh ona 14.900 manat borcdan cəmi 3.940 (üç min doqquz yüz qırx) manat pul qaytarmışdır. Hal-hazıradək cavabdeh ona olan 10960 (on min doqquz yüz altmış) manat borcun qalan hissəsini ödəməkdən müxtəlif bəhanələrlə boyun qaçırır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət etməli olmuşdur. Qeyd edilənlərə əsasən Cavabdeh 10.960 (on min doqquz yüz altmış) manat pulun, eləcə də ödədiyi 123 (bir yüz iyirmi üç) manat dövlət rüsumunun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib əlavə olaraq bildirmişdir ki, o, qızıl-zinət əşyalarını X1 vermiş, Mətanət Novruzova isə qızılları Cavabdeh nisyə satmışdır. Hazırda o, cavabdehdən qızıl əşyalarının pulunu tələb edir. İddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir.
5. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilsə də cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
6. Şahid qismində dindirilmiş X3 ifadəsində bildirmişdir ki, İddiaçı ilə mütəmadi olaraq qızıl əşyalarının alğı-satqısını etmişdir. İddiaçı ümumilikdə 10960 manat dəyərində qızılları ayrı-ayrı vaxtlarda nisyə alaraq baha qiymətə Cavabdeh nisyə satmışdır.
7. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1749/2025 nömrəli qətnaməsi (hakim H.Məhəmmədi) ilə, iddianın təmin edilməməsi, iş üzrə iddiaçı tərəfindən ödənilmiş 123 (bir yüz iyirmi üç) manat məbləğində dövlət rüsumunun iddiaçıya aid edilməsi qət edilmişdir.
8. Birinci instansiyası məhkəməsi mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmə baxışı zamanı İddiaçı tələbini Cavabdeh qarşı irəli sürdüyünü israr etməklə, cavabdehin əsl cavabdeh ilə əvəz edilməsinə razılıq verməmişdir. Odur ki, iddia tələb hüququ olmayan şəxs qarşı verildiyindən, iddia tələbi də təmin edilə bilməz.
9. Məhkəmə qeyd etmişdir ki, hər bir şəxs öz tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyi daşıyır. Əgər bir tərəf digər tərəfin tələbinin əsası kimi istinad etdiyi halı etiraf edirsə və bu hal digər sübutla təsdiq edilməklə inkar edilmirsə, bu zaman məhkəmə əlavə araşdırma aparılmadan iddia tələbinin təmin edilməsi qənaətinə gəlir. Lakin, məhkəmə baxışı zamanı iddiaçı tələbinin əsası kimi istinad etdiyi halları sübut etmə öhdəliyini yerinə yetirə bilməmiş və qızılın Cavabdeh satılmasına dair hər hansı bir sübutu məhkəməyə təqdim edə bilməmişdir.
10. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567.1, 598.1 və 600.1-ci maddələrinə və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 216-220, 227 və 360-cı maddələrinə istinad etmişdir.
11. İddiaçı apellyasiya şikayəti ilə məhkəməyə müraciət edərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1749/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri
a) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o tərəf olaraq üzərinə düşən vəzifəni yerinə yetirmişəm. Cavabdehin xahişi ilə ona çatdırılmaq üçün həmişə olduğu kimi bu dəfə də X1 14900 (on dörd min doqquz yüz) manat dəyərində qızıl-ziynət əşyaları vermişdir. Həmin qızıl-ziynət əşyaları tam şəkildə cavabdehə çatdırılıb və həmin qızıl-ziynət əşyalarına görə yaranmış borcundan cavabdeh ona 3940 (üç min doqquz yüz qırx) manat qaytarıb. Qalan məbləği yaxın vaxtda qaytaracağına söz versə də müxtəlif bəhanələrlə həmin məbləği ödəməkdən yayınmışdır. Məhkəmə əslində aparmış olduğu araşdırmaya düzgün hüquqi qiymət verməmiş, heç bir hüquqi əsas olmadan iddianı rədd etmişdir. Halbuki, o iddia tələbi ilə bağlı məhkəməyə kifayət qədər mötəbər sübutlar təqdim edə bilmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
14. İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, o uzun illərdir ki, qızıl-ziynət əşyalarının satışı ilə məşğul olur. Cavabdeh ilə də şəxsi münasibətləri buradan yaramışdır. Onunla uzun müddət əməkdaşlıq etmişdir. Belə ki, cavabdeh ondan müxtəlif vaxtlarda nisyə qızıl-ziynət əşyaları götürüb, həmin əşyaları satıb pulunu qaytarmışdır. O, vergi ödəyicisidir və şəhadətnamə əsasında qızıl alğı-satqısı ilə məşğul olur. Cavabdeh qızılları ondan satmaq üçüngötürmüşdür.
15. İddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətinin dəlillərini müdafiə edərək və iddiaçının göstərdiyi xüssuatlara oxşar izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
16. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar olunmasına baxmayaraq məhkəmə iclasında özünün və ya nümayəndəsinin iştirakını təmin etməmiş və bunun üzürlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxmışdır.
Apellyasiya baxışının hədləri
17. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
19. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi
20. Maddə 13. Sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
21. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 18 sentyabr 2020-ci il tarixli Plenumunun qərarı Bənd 10. 2019-cu il 9 iyul tarixli Qanunla edilmiş dəyişikliklərlə məhkəmə aidiyyətinin müəyyən edilməsi meyarları dəyişməz qalsa da, onların tətbiqi mexanizmində köklü dəyişiklik edilmişdir. Belə ki, MPM-in 24.2-ci maddəsinin qüvvədən düşmüş redaksiyasında tərəflərin subyekt tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakterindən ibarət sadalanan üç qiymətləndirici meyarın hər biri müstəqil şəkildə mübahisənin ümumi məhkəməyə və ya inzibati-iqtisadi məhkəməyə aidiyyətini müəyyən etməyə imkan verirdisə, yeni redaksiyada məhkəmə aidiyyətinin müəyyən edilməsində bu meyarların hər üçünün qarşılıqlı bağlılığı tələb olunur. Bənd 11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır. Bənd 12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrı-ayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır. Bənd 13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrı-ayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. Tərəflərin bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən meydana gələn mübahisələrə isə kommersiya hüquqi şəxsi ilə bağlı korporativ mübahisələr aiddir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
22. Maddə 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
23. Maddə 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
24. Maddə 30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır.
25. Maddə 31.1. Aidiyyət qaydalarının pozulmasına yol verilmir.
26. Maddə 44.1. Aidiyyət qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir.
27. Maddə 44.2. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir: 44.2.2. iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
28. Maddə 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə;
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.4. işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər;
30. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;
31. Maddə 387.2. Şikayətin dəlillərindən asılı olmayaraq birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı aşağıdakı hallarda ləğv edilməlidir: 387.2.9. işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa.
32. Maddə 402.2. Apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının aşağıdakı qərardadlarından kassasiya şikayəti verilə bilər: 402.2.5. bu Məcəllənin 384.0.4-cü maddəsində nəzərdə tutulmuş işin aidiyyəti üzrə göndərilməsinə dair və bu Məcəllənin 384.0.6-cı maddəsində nəzərdə tutulmuş apellyasiya şikayətinin bu Məcəllənin tələblərinə zidd olaraq icraata qəbul olunması əsası ilə icraata qəbul qərardadının ləğv edilərək işin apellyasiya baxışından çıxarılmaqla birinci instansiyası məhkəməsinə qaytarılması haqqında.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası (bundan sonra – məhkəmə) proses iştirakçısının izahatını dinləyib, mülki işdə olan sənədləri araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
34. Belə ki, Azərbaycan Respublikasının MPM-in 1-ci maddəsinə edilmiş qeydə əsasən, bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür.
35. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra - Azərbaycan Respublikasının MM-in) 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, malların istehsalından və (və ya) satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət (fərdi sahibkarlar tərəfindən gəlir) götürülməsi olan fəaliyyətdir.
36. Azərbaycan Respublikası MPM-in 24.2-ci maddəsinə əsasən, mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir.
37. 26.1-ci maddəsində məhkəmə aidiyyətinin ümumi qaydası müəyyən edilərək deyilir ki, sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.
38. Məhkəmə qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır.
39. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində iş üzrə tərəflərə dair elektron vergi məlumatlarından görünür ki, iddiaçı Dəmirova X2 Nazirliyi tərfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir. Həmçinin, Cavabdeh da Vergilər Nazirliyi tərəfindən vergi uçotuna alınmış sahibkarlıq fəaliyyəti ilə məşğul olan (VÖEN **********) fiziki şəxsdir.
40. Bundan başqa, məhkəmə araşdırması zamanı müəyyən edildiyi kimi, tərəflər fərdi sahibkar statusuna malik olmaqla yanaşı iddiaçı qızıl-zinət əşyaların alğı-satıqısı ilə məşğul olur və bu fəaliyyətin nəticəsi olaraq tərəflər arasında qızıl-zinət əşyaların nisiyə alğı-satqısı olmuşdur. İddiaçının izahatı ilə müəyyən edilmiş hal ondan ibarətdir ki, cavabdeh qızılları ondan şəxsi tələbatını təmin etmək üçün deyil satmaq niyyəti ilə ondan almışdır.
41. Belə olan halda tərəflərin subyektiv tərkibi, mübahisənin predmeti və xarakteri baxımından hazırki mübahisəyə ümumi məhkəmələr tərəfidən deyil kommersiya məhkəmələri tərəfindən baxılmalı olması qanunveiciliyin tələbidir.
42. Lakin, qeyd edilən hallar birinci instansiya məhkəməsi tərəfindən araşdırılaraq hüquqi qiymət verilməmişdir ki, birinci instansiyası məhkəməsi işə mahiyyəti üzrə baxmaqda haqlı olmamış və işi aidiyyət qaydalarına zidd icraatına qəbul etmişdir.
43. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddia ərizəsinin icraata qəbul edilməsi mərhələsində aidiyyət məsələsinin araşdırılması məhkəmənin vəzifəsidir.
44. Belə ki, verilmiş iddia üzrə məhkəmənin ilk növbədə fəaliyyəti MPM-in 151-ci maddəsinə əsasən iddia ərizəsinin mümkünlüyünün yoxlanılmasından ibarətdir. Bu mümkünlük şərtlərindən biri iddianın məhkəmə aidiyyətinin müəyyən olunmasıdır. Əgər aidiyyət pozulmuşdursa, MPM-in 152.1.3-cü maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin geri qaytarılması barədə qərardad çıxarır.
45. Birinci instansiya məhkəməsi işin bu mərhələsində məhkəmə aidiyyəti ilə bağlı uyğunsuzluq müəyyən etməmiş və tərəflərin istər sbyektiv tərkibinə istərsə də mübhaisənin xarakterinə münasibət bildirməmişdir.
46. Qeyd olunmalıdır ki, məhkəmə mübahisənin məhkəmə aidiyyəti ilə əlaqədar məsələləri ərizənin məhkəmənin icraatına qəbul edilməsi zamanı yoxlamalıdır (MPM maddə - 24.3).
47. “İnsan hüquqlarının və əsas azadlıqları müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinə əsasən hər bir şəxs, ona qarşı irəli sürülən istənilən cinayət ittihamına baxılması zamanı və yaxud hər hansı bir mülki prosesdə onun hüquq və vəzifələrinin müəyyən edilməsi zamanı qanun əsasında yaradılan səlahiyyətli, müstəqil və qərəzsiz məhkəmə tərəfindən ədalətli və açıq məhkəmə araşdırması hüququna malikdir.
48. Məhkəmə hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Şəmkir Rayon Məhkəməsi prosessual qanunvericiliyin məhkəmə aidiyyəti ilə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir.
49. Azərbaycan Respublikasının MPM-in 384.0.4.-cü maddəsinə görə işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, apellyasiya instansiyası məhkəməsi qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər.
50. 385.1.1-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.
51. 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa ləğv edilməlidir.
52. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi tamamilə ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir.
53. Eyni zamanda Mülki Prosessual Məcəllənin 402.2-ci maddəsinə əsasən, hazırkı qərardaddan kassasiya şikayəti verilə bilər.
54. Göstərilənlərə əsasən, Mülki Prosessual Məcəllənin 26, 44, 263, 264, 384, 385, 387 və 405-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(076)-1749/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan, qərardad işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılmış Elektron Kabinetdən istifadə edilməklə) Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.