Məhkəmə qərarları › İş №2(104)-1512/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1512/2023

08.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1512/2023 08.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, cavabdeh X1 iştirakı ilə, İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin cavabdeh X2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-478/2023 saylı qətnaməsindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Tərəflər arasında bağlanmış xx.xx.2014-cü il tarixli, 38167 saylı “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə” müqavilədən görünür ki, paylayıcı müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, qazın sayğacla müəyyənləşdiriləmn hesabına əsasən istifadə edilmiş təbii qazın dəyəri və dəymiş ziyanın cavabdeh tərərfindən tam ödənilmədiyindən xx.xx.2022-ci il tarixə 720,12 manat debitor borc yaranmışdır. Cavabdehə iddiaçı tərəfindən dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq həmin borc məbləği ödənilməmiş qalmışdır. Bu səbəbdən də, iddiaçı məhkəmədə müvafiq iddianı qaldırmışdır. Birinci instansiya məhkəməsində icraat «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi X4 rayon məhkəməsinə ünvanladığı iddia ərizəsində, cavabdeh ə.7.Bayramovdan təbii qazdan istifadəyə görə yaranmış 720,12 manat borcunun abonentin **********00000 saylı koduna və 30,4 manat ödənilmiş dövlət rüsumunun isə «Azəriqaz» İB-nin ABB Sabunçu filialı, Kod 805153, VOEN **********, M/H AZ03NABZ********************, SWİFT BİK İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ******************** saylı hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «Azəriqaz» İstehsalat Birliyinin nümayəndəsi qismində məhkəmədə izahat verən İ.Ş.Xəlilov iddianı müdafiə edərək bildirmişdir ki, cavabdehin yaşadığı evə təbii qaz verilmiş, lakin dəyəri ödənilməmişdir. Əlabbas Bayramovun 720,12 manat borcu yaranmışdır. Əlabbas 2016-cı ildən sonra qazdan istifadə etdiyinə görə borcunu ödəməmiş, 2018-ci ildən sonra isə təbii qazdan istifadə etməmişdir. Tələb edilməsinə baxmayaraq cavabdehin öhdəliyi icra etmədiyini qeyd etməklə iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh qismində məhkəmədə izahat verən Cavabdeh iddianı etiraf etməyərək göstərmişdir ki, onun yaşadığı Ağdam rayonunun Kəlbahüseynli kəndində yerləşən evə 2014- cü ildə təbii qaz verilmiş, 23 fevral 2018-ci ildə isə qaz idarəsinin işçiləri onun qazını kəsmişlər. 2018-ci ilə qədər olan borcunu ödəmiş, lakin ödəniş qəbzlərini saxlamamışdır. 2018-ci ildən hazırki vaxta qədər yaşadığı evdə təbii qazdan istifadə etdiyini, iddianın əsassiz olmaqla «Azəriqaz» İstehsalat Birliyinin iddia müddətini ötürdüyünü qeyd etməklə mübahisəyə iddia müddətinin tətbiq etməklə tələbin rədd olunmasını xahiş etmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh 2018-ci ildən sonra təbii qazdan istifadəyə görə yaranmış borcundan hər hansı bir məbləğ ödəməmişdir. İddiaçı tərəf Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddətini buraxdıqdan sonra hazırki tələblə məhkəməyə müraciət etmiş və cavabdeh Ə.Z.Bayrramov iddia müddətinin tətbiq edilməsi barədə ərizə vermişdir. Odur ki, tələb iddia müddətinin keçməsi ilə əlaqədar rədd edilməlidir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti verərək, qətnamənin rədd edilmiş hissədə ləğv edilməsini, iddia tələbinin tam təmin olunması barədə yeni qətnamə qəbul edilərək iddiaçının xeyrinə borcun və dövlət rüsumunun ödənilməsinə dair apellyasiya şikayətin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, birinci instansiya məhkəməsi tərəfindən iddiaçı tərəfin formal mülahizələr əsasında qurduğu izahatını dinləyərək, iş materiallarını səthi araşdıraraq, işdə olan sübutlara səhv hüquqi qiymət vermişdir. İş materiallarından da göründüyü kimi iddiaçı tərəf iddia tələbinə dair kifayət qədər sübutlar təqdim etmişdir. İş materiallarına əlavə edilmiş abonent saldosundan göründüyü kimi cavabdehin qaz hesabına hər hansı əlavə hesabat yüklənməmiş, və mübahisələndirilən dövrlə digər illərin müvafiq dövrləri ilə müqayisə etdikdə ay ərzindəki istehlak həcmlərində kəskin dəyişikliyin olmadığını açıq görmək olur. Ağdam rayonu, Kəlbəhüseynli kəndində yaşayan X1 mənzilinə gedən qaz xəttinin üzərinə quraşdırılmış ******* nömrəli qaz sayğacının göstəricinə uyğun olaraq borc müəyyən edilib hər ay abonentə bildiriş şəklində təqdim edilərək borcun ödənilməsi tələb olunmuşdur. Cavabdeh mənzilində yaşasada qazdan istifadədən imtina etsədə 720.12 manat borcun ödənilməsi dəfələrlə tələb olunmuşdur. Cavabdeh ödəməyəcəyini bildirmişdir və bu səbəbdən ona borcun ödənilmədiyi təqdirdə aidiyyatı məhkəməyə müraciət olunacaq bağlı izah edilmiş və məktub göndərilmişdir. Lakin Ağdam rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-478/2023 qətnaməsində 720.12 manat borcun və 30.40 manat dövlət rüsumun tələbinə dair iddianın rədd olunmasını qət edilmişdir. Məhkəmə tam araşdırma aparmadan abonent tərəfindən ödəniləsi borcun rədd olunmasını qət etmişdir. Cavabdeh X3 məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək təmin edilməməsi, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, qazdan istifadə etmir, yanacaq ehtiyacını meşədən topladığı odunlar vasitəsilə ödəyir. Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxsdir. İstehlakçı – alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxsdir. Maddə 8. qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Maddə 11. Qaz fəaliyyəti sahəsində müqavilələr: Bənd 6. qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfıyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafıq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsi Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Həmin Məcəllənin 372.2-ci maddəsinə əsasən hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Həmin Məcəllənin 373.2-ci maddəsində əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə əsasən məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.2.1-ci maddəsinə əsasən öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, proses iştirakçısının izahatını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına müvafiq qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında yaranmış hüquq münasibətləri təbii qazdan istifadə ilə bağlı müqavilədə nəzərdə tutulmuş öhdəliklərin yerinə yetirilməməsi üzrə yaranmış mübahisədir. Ona görə də işin hallarına mülki qanunvericiliyin müddəaları əsasında hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Məhkəmədə müəyyən olunmuşdur ki, iddiaçı müqavilədə nəzərdə tutulmuş öhdəliyini yerinə yetirməklə üzərinə düşən öhdəliyi icra etmişdir. Cavabdeh isə 2018-ci ildən sonra təbii qazdan istifadə etməyə görə yaranmış 720,12 manat borcdan heç bir ödəniş etməmiş və üzərinə düşən öhdəliyi tam yerinə yetirməmişdir. Bu səbəbdən də, iddiaçı hazırki tələb ilə iddia irəli sürmüşdür. Lakin iddiaçı iddia müddətini ötürməklə müvafiq iddia ilə məhkəməyə müraciət etdiyindən cavabdeh birinci instansiya məhkəməsinə ərizə ilə mürtaciət edərək iddia müddətinin tətbiq edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülk Məcəlləsinin 373.2-ci maddəsində əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərhinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 dekabr 2001-ci il tarixli Qərarında iddia müddətinin əhəmiyyəti qeyd olunaraq göstərilmişdir ki, iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət güstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı. İddia müddətinin məqsədi ilə bağlı İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra - Avropa Məhkəməsi) Stanyo Belçikaya qarşı iş üzrə 7 iyul 2009-cu il tarixli qərarında göstərmişdir ki, qanunvericilikdə müəyyən olunan iddia müddətinin məqsədi hüquqi müəyyənlikdir. Belə ki, potensial cavabdehləri vaxtı ötmüş tələblərdən qoruyur və məhkəmələri müəyyən zaman keçdikdən sonra qeyri-müəyyən və natamam sübutlara əsaslanmaqla qərar çıxarmaq zərurətindən azad edir. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(013)-478/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar