Məhkəmə qərarları › İş №2(104)-1516/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1516/2025

27.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1516/2025 27.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “subroqasiya qaydasında pul tələbinə” dair iş Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, “subroqasiya qaydasında pul tələbi”nə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-1433/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 19-08420/09/CM-494/19 və 19-07526/08/AA-6071/19 nömrəli sığorta aktlarından görünür ki, «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Cavabdeh idarə etdiyi «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobillə xx.xx.2019-cu il tarixdə Yevlax Ağdam-Laçın yolunun 7-ci km-də yol nəqliyyat hadisəsi törədərək «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş və «Haval H8» markalı, **-PL- *** dövlət qeydiyyat nişanlı avtomobilə 40000 manat maddi zərər dəymişdir. Həmin məbləğdən 6500 manat avtomobilin qalıq hissəsinin dəyəri, 4000 manat isə azadolma məbləği olmuş, qalan 28500 manat dəymiş zərər isə iddiaçı tərəfindən zərər çəkmiş "xxxx" MMC-yə ödənilmişdir.

2. xx.xx.2019-cu il tarixli ödəniş tapşırığına əsasən, "xxxx" ASC tərəfindən zərər çəkmiş "xxxx" MMC-yə köçürmə yolu ilə 28500 manat ödənilmişdir.

3. Azərbaycan Respublikası DİN-in BİTİ-nə bilavasitə tabe olan Yol-nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat şöbəsinin “avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə sığorta hadisəsi hesab edilə bilən halın təfərrüatları barədə” xx.xx.2019-cu il tarixli, 005-15922-1219 nömrəli arayışda qeyd olunmuşdur ki, xx.xx.2019-cu il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş və “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etmişdir.

4. Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsinin YNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin xx.xx.2019-cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərarında qeyd edilmişdir ki, Cavabdeh 14 iyun 2019-cu il tarixdə saat 11 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 7-ci km idarə etdiyi “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələbi pozaraq avtomobilini qarşı hərəkət yoluna çıxardaraq hərəkət üçün təhlükəli şərait yaratması nəticəsində qarşı hərəkət yolu ilə Yevlax rayonu istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X7 və X1 az ağır zərər vuran xəsarətlər yetirilməsinə, habelə “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərə uğramasına səbəb olmuşdur. Bununla da aparılan araşdırma zamanı məlum olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş İstintaq və Təhqiqat İdarəsinin xx.xx.2025-ci il tarixli məktubunda qeyd edilmişdir ki, 14 iyun 2019-cu il tarixdə Cavabdeh idarə etdiyi «Ford Transit markalı **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin yol-nəqliyyat hadisəsinin iştirakçısı olması faktı üzrə toplanmış materialın saxlanma müddəti bitdiyindən məhv edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı "xxxx" ASC Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, 28500 manat sığorta ödənişi məbləğinin və 175,50 manat dövlət rüsumunun, cəmi 28675, 50 manat məbləğində pul vəsaitinin cavabdehdən tutulub iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh xx.xx.2019-cu il tarixdə «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərkən Yevlax-Ağdam-Laçın yolunda yol-nəqliyyat hadisəsi törətmiş və nəticədə "xxxx" ASC-də sığortalanan «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə zərər vurmuşdur. Qeyd olunan zərərin aradan qaldırılması üçün "xxxx" ASC tərəfindən 28500 (iyirmi səkkiz min beş yüz) manat məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Azərbaycan Respublikası DİN BDYPİ-nin "xxxx" ASC-yə təqdim etdiyi arayışa əsasən «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan Cavabdeh yol-nəqliyyat hadisəsində təqsirli bilinmiş və nəticədə cavabdehin zərərin arada qaldırılmasına dair mülki məsuliyyəti yaranmışdır.

8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-1433/2025 nömrəli qətnaməsi ilə (hakim M.Niftəliyev) iddia tələbi rədd edilmişdir.

9. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, "xxxx" ASC Sığorta Şirkətinin mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a) apellyasiya şikayətinin dəlilləri

10. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş və Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1433/2025 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası DİN BİTİ-nə bilavasitə tabe olan yol nəqliyyat hadisələrinə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsi tərəfindən verilmiş 09 iyul 2019-cu il tarixli arayışa əsasən, 14 iyun 2019-cu il tarixdə Yevlax-Ağdam-Laçın yolunun 7-ci km-də yol-nəqliyyat hadisəsi baş vermiş və “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini Cavabdeh idarə etmişdir (iş materiallarına əlavə edilmişdir). Həmçinin, Azərbaycan Respublikası DİN-nin Baş İstintaq və Təhqiqat İdarəsininYNHDİ üzrə İstintaq və Təhqiqat Şöbəsinin müstəntiqi, polis kapitanı X8 tərəfindən qəbul edilmiş 15 iyul 2019cu il tarixli “Cinayət işinin başlanılmasının rədd edilməsi barədə” Qərar da iş materiallarına əlavə edilmişdir. X9 Emin Alı oğlu 14 iyun 2019-cu il tarixdə saat 11 radələrində Yevlax-Ağdam-Laçın yolunun Yevlax rayonu ərazisindən keçən 7-ci km idarə etdiyi “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə Laçın rayonu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərini, yəni “yol hərəkəti iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar” kimi tələbi pozaraq avtomobilini qarşı hərəkət yoluna çıxardaraq hərəkət üçün təhlükəli şərait yaratması nəticəsində qarşı hərəkət yolu ilə Yevlax rayonu istiqamətində hərəkətdə olan X4 idarə etdiyi “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan idarə etdiyi avtomobildə olan sərnişinlər X7 və X1 az ağır zərər vuran xəsarətlər yetirilməsinə, habelə “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin maddi zərərə uğramasına səbəb olduğu qeyd edilmişdir. Həmin material üzrə araşdırma zamanı məhkəmə yol-nəqliyyat hadisələri ekspertizası təyin edilmiş və 15 iyul 2019-cu il tarixli, 16633 saylı rəyə əsasən “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin sürücüsü olan Cavabdeh hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və sonuncunun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur və “Haval H8” markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü olan X4 isə hadisənin qarşısının almağa texniki imkanı olmamışdır. Həmin araşdırma zamanı müəyyən olunmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Tərəflər arasında barışıq olduğundan və şikayət olmadığından Cavabdeh barəsində cinayət işinin başlanılması rədd edilmiş və cinayət məsuliyyətindən azad edilmişdir, lakin, qərara əsasən 14 iyun 2019-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsiri öz əksini tapmışdır.

a) apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

12. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.

b) apellyasiya icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iddiaçının nümayəndəsi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək təmin olunmasını xahiş etdi və əlavə olaraq bildirdi ki, iddiaçı cəmiyyət tərəfindən 5000 manat məbləğ artıq hesablanaraq cavabdehdən tələb olunmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, 5000 manat sığorta məbləği iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən nəzərə alınmamışdır. Bu səbəbdən hazırda 235000 manat pul məbləğinin cavabdehdən tutularaq iddiaçının xeyrinə ödənilməsinə dair qətnamə qət edilməsini xahiş etdi.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası MPM-in 376.2-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 883.1. Sığorta müqaviləsi sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində sığorta obyektinin məruz qala biləcəyi risklərlə bağlı itkilərin, dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin müəyyən bir hadisənin baş verməsi əsasında ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşmadır. 916.1. Əgər sığortalı zərərin əvəzini ödəmək tələbini üçüncü şəxs qarşısında irəli sürə bilirsə, həmin tələb sığortaçıya bu şərtlə keçir ki, o, zərərin əvəzini sığortalıya ödəmiş olsun. 922.1. Sığorta hadisəsi qanunvericiliyə və ya sığorta müqaviləsinə görə sığorta ödənişinin sığortalıya, sığorta olunana və ya digər faydalanan şəxslərə ödənilməsi üçün əsas olan, sığorta müqaviləsinin qüvvədə olduğu müddət ərzində baş verən hadisə və ya yaranan haldır.

926. Sığorta ödənişi sığorta hadisəsi baş verdikdə qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun olaraq, sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyasıdır. Sığortaçı sığorta ödənişini sığorta məbləği həddində həyata keçirir. Sığorta ödənişinin miqdarının müəyyən edilməsi və ödənilməsi qaydası icbari sığortada icbari sığorta qanunvericiliyi ilə, könüllü sığortada müvafiq sığorta qaydalarına əsasən bağlanan sığorta müqaviləsi ilə müəyyən edilir. 936.1. Subroqasiya hüququ, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan üçüncü şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 1108. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1114. Başqa şəxsin (qulluq, mənsəb və ya əmək vəzifələrinin icrası zamanı işçinin, nəqliyyat vasitəsini idarə edən şəxsin və i.a.) vurduğu zərərin əvəzini ödəmiş şəxsin həmin şəxsə, əgər qanunla ayrı miqdar müəyyənləşdirilməyibsə, ödənilmiş əvəz miqdarında geriyə tələb (reqres) hüququ vardır.

16. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının “Fiziki şəxslərə təqdim edilən avtomobil nəqliyyatı vasitələrinin tam sığortası üzrə sığorta qaydaları”nın təsdiq edilməsi haqqında Qərarı: 25.1. Sığortalanmış avtomobilə dəymiş zərərin əvəzini ödəmiş sığortaçı sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən istifadə edə bilər. 25.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüququ sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. 25.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir. 25.4. Faydalanan şəxs zərərvuran şəxsə qarşı iddiadan və ya tələbi təmin edən hüquqlardan, yaxud lazımi sənədləri sığortaçıya verməkdən imtina etdikdə sığortaçı sığorta ödənişi verməkdən zərərvuran şəxsdən subroqasiya qaydasında ala biləcəyi məbləğ həcmində azad edilir. 25.5. Sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər.

17. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər. 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

18. Məhkəmə kollegiyası işin hallarına dair tərəfin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edilməli, yeni qətnamə qəbul edilərək iddia qismən təmin edilməlidir.

19. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi xx.xx.2019-cu il tarixdən xx.xx.2020-ci il tarixədək "xxxx" ASC tərəfindən sığortalanmışdır. Sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə 40000 manat maddi zərər dəymişdir. Həmin məbləğdən 6500 manat avtomobilin qalıq hissəsinin dəyəri, 4000 manat isə azadolma məbləği olmuş, qalan 28500 manat dəymiş zərər isə iddiaçı tərəfindən zərər çəkmiş "xxxx" MMC-yə ödənilmişdir. Belə ki, xx.xx.2019-cu il tarixli ödəniş tapşırığından görünür ki, "xxxx" ASC tərəfindən zərər çəkmiş "xxxx" MMC-yə köçürmə yolu ilə 28500 manat ödənilmişdir.

20. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, "xxxx" ASC Sığorta Şirkətinin mülki məsuliyyətin icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün «İcbari sığortalar haqqında» Azərbaycan Respublikasının Qanununun 25-ci maddəsində göstərilən əsaslar mövcud olmamışdır. İddiaçı tərəf iddia ərizəsində cavabdehin yol nəqliyyat hadisəsi törətdiyini əsas gətirərək hazırki tələbi irəli sürmüş, lakin yol nəqliyyat hadisəsinin törədilməsində Cavabdeh təqsirli olduğunu, icbari sığortası üzrə verdiyi sığorta ödənişi məbləğində sığortalıya və (və ya) müvafiq hallarda sığorta olunana qarşı subroqasiya hüququnun yaranması üçün əsasların mövcudluğunu təsdiq edən hər hansı bir sübut məhkəməyə təqdim olunmamışdır.

21. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd edir.

22. Hazırkı iddia üzrə tələb iddiaçının könüllü sığorta müqaviləsi üzrə sığortalıya verdiyi sığorta ödənişinin yüksək təhlükə mənbəyini idarə edən cavabdehdən subroqasiya qaydasında tutularaq iddiaçıya qaytarılması barəsindədir və yuxarıda qeyd olunan prinsipə görə iddia tələbinin qanuni əsasını müəyyənləşdirmək bilavasitə məhkəmənin vəzifəsidir. Ümumiyyətlə, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir.

23. İddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin delikt məsuliyyəti və subroqasiya hüququ ilə bağlı müddəaları nəzərdən keçirilə bilər. Birinci instansiya məhkəməsi isə iddiaçının tələbini icbarı sığorta müqaviləsindən irəli gələn mübahisə kimi qiymələndirmiş və məsələnin həllinə yanlış olaraq icbari sığorta haqqında qanunvericiliyin müddəalarını tətbiq etmişdir.

24. Kollegiya iddianın əsaslılığı ilə bağlı aşağıdakıları qeyd edir.

25. İşin mübahisəsiz hallarıdır ki, sığorta müqaviləsinin qüvvədə olduğu müddətdə, yəni xx.xx.2019-cu il tarixdə Cavabdeh tərəfindən idarə olunan «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil «Haval H8» markalı, **- PL-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə toqquşmuş, nəticədə sonuncu nəqliyyat vasitəsinə 40000 manat maddi zərər dəymişdir.

26. Məhkəmə tərkibi baş vermiş yol-nəqliyyat hadisəsində cavabdehin təqsirinin təsdiq olunmamasına dair birinci instansiya məhkəməsinin mövqeyinə münasibətdə qeyd edir ki, yol-nəqliyyat hadisəsi ilə bağlı araşdırma aparılmış və Cavabdeh hadisənin baş verməsində təqsirli bilinmişdir. Belə ki, hazırki qətnamənin 3 və 4-cü bəndlərində qeyd olunanlara əsasən cavabdehin sözügedən yol-nəqliyyat hadisəsində Azərbaycan Respublikası CM-nin 263.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinməsi təsdiq olunur.

27. Göründüyü kimi, yol nəqliyyat hadisəsinin baş verməsində təqsirli şəxs Cavabdeh olmuşdur və hadisə nəticəsində "xxxx" ASC tərəfindən sığortalanmış «Haval H8» markalı, **-PL-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyana görə sığorta şirkəti tərəfindən 28500 manat sığorta ödənişi həyata keçirilmişdir.

28. Nəzərə almaq lazımdır ki Mülki Məcəllənin 936.5-ci maddəsinə görə, sığortaçı subroqasiya hüququndan zərərvuran şəxsin özünə və (və ya) müvafiq sığorta hadisəsi ilə bağlı risklər üzrə həmin şəxsin məsuliyyətini sığortalamış sığortaçıya, həmçinin dəyən zərərə görə sığortalı və ya faydalanan şəxs qarşısında maddi məsuliyyət daşıya bilən digər şəxsə qarşı istifadə edə bilər. Baxılan işdən isə müəyyən edilir ki, Cavabdeh idarə etdiyi «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobil yol nəqliyyat hadisəsi zamanı icbari qaydada sığortalı olmuşdur. Bu halda, sığorta şirkətinin subroqasiya tələbini yüksək təhlükə mənbəyi olan avtomobili idarə edən Cavabdeh qarşı irəli sürməsi qanuni əsaslara söykənir.

29. Bundan başqa qeyd olunmalıdır ki, iddiaçı cəmiyyətin nümayəndəsi məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onlar tərəfindən 5000 manat məbləğ artıq hesablanaraq cavabdehdən tələb olunmuşdur. Belə ki, yol-nəqliyyat hadisəsi nəticəsində zərər vurulmuş “Ford Transit” markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi "xxxx" ASC tərəfindən sığortalanmış, sığorta məbləği iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən nəzərə alınmamışdır.

30. Şərh olunanların yekunu olaraq məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, xx.xx.2019-cu il tarixdə baş vermiş yol nəqliyyat hadisəsi nəticəsində vurulmuş zərərə görə mülki hüquq məsuliyyəti Mülki Məcəllənin 1108-ci maddəsinə əsasən yüksək təhlükə mənbəyi olan «Ford Transit» markalı, **-KT-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən Cavabdeh üzərinə düşür. Odur ki, iddia qismən təmin edilməli, Cavabdeh 23500 manat sığorta ödənişi məbləği tutularaq iddiaçı "xxxx" ASCyə ödənilməlidir.

31. Bundan əlavə, iddia ərizəsi verilməsi üçün iddiaçı tərəfindən 175,50 manat dövlət rüsumu ödənilmişdir. Kollegiyanın qənaətinə görə, iddia təmin edildiyindən məhkəmə xərci cavabdehə aid edilməklə həmin vəsait ondan iddiaçının xeyrinə tutulmalıdır.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 372.1, 384, 385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq,

Qət etdi : İddiaçı "xxxx" Açıq Səhmdfr Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli e-2(013)-1433/2025 nömrəli qətnaməsi ləğv edilsin. İş üzrə yeni qətnamə qəbul edilməklə iddia qismən təmin edilsin. Cavabdeh 23500 (iyirmi üç min beş yüz) manat sığorta ödənişi məbləği və iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 175,50 (yüz yetmiş beş manat əlli qəpik) manat, ümumilikdə 23675,50 (iyirmi üç min altı yüz yetmiş beş manat əlli qəpik) manat tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən, tərəflərə verildiyi gündən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet ilə təqdim edilməklə Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar