Məhkəmə qərarları › İş №2(104)-1521/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1521/2025

30.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1521/2025 30.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qərardadından Cavabdeh2 tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlərdən 8300 manat və dövlət rüsumu kimi ödədiyi 103 manat məbləğində pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia təmin edilmişdir. Cavabdeh2 Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsindən apellyasiya şikayətinin verilməsi üçün buraxılmış müddətin bərpası haqqında ərizə ilə məhkəməyə müraciət etmiş, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qərardadı ilə ərizə təmin edilməmişdir. Qərardaddan narazı qalan Cavabdeh2 apellyasiya şikayəti təqdim edərək Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qərardadının ləğv edilməsini və Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsindən verilmiş apellyasiya şikayətinin apellyasiya icraatına götürülməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, qətnamə Ağdam Rayon Mərkəzi Poçt Şöbəsinə göndərilmiş və xx.xx.2025-ci il tarixində o qətnaməni poçtdan əldə etmişdir. Məktub ona təqdim olunan zaman zərfin üzərinə əldə etdiyi tarix möhür vasitəsilə qeyd olunub. Bundan əlavə də məhkəmədən əldə etdiyi reyestr siyahısında qətnamənin xx.xx.2025-ci il tarixdə hazır olması qeyd olunmuşdur. Bu isə bir daha sübut edir ki, müddət ötürülməmişdir. Ağdam Rayon Məhkəməsinin 04.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş, işlə birlikdə baxılması üçün 7 gün müddətində Gəncə Apelyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflər məhkəməyə etiraz və ya izahat təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.7-ci maddəsinə görə, “Elektron məhkəmə” informasiya sisteminin tətbiq olunduğu məhkəmələrdə mülki işlər üzrə işdə iştirak edən şəxslər “Elektron məhkəmə” informasiya sistemində qeydiyyatdan keçməmişlərsə, onlara məhkəmə sənədləri barədə məlumat bu sistem vasitəsilə şəxsin təqdim etdiyi mobil telefon nömrəsinə SMS-lə çatdırılır. Bu halda işdə iştirak edən şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş hesab edilir. SMS-in işdə iştirak edən şəxsə çatdırıldığı vaxt barədə məlumat “Elektron məhkəmə” informasiya sistemində qeyd edilir. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Göründüyü kimi qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsinin Cavabdeh2 rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı rəsmi sənəd müəyyən edilməmişdir. Lakin, cavabdeh apellyasiya şikayətində sözügedən qətnamənin surətini xx.xx.2025-ci il tarixdə rəsmi qaydada aldığını qeyd etmişdir (bax apellyasiya şikayətinin 7 nömrəli bəndi). Apellyasiya şikayəti xx.xx.2025-ci il tarixdə, yəni qətnamədən apellyasiya şikayəti verilməsi üçün qanunla müəyyən olunmuş 1 (bir) ay müddətdə “Elektron məhkəmə” İnformasiya sistemində yaradılmış kabinetə yerləşdirilmişdir. İş materiallarına əlavə edilmiş reyestrdən görünür ki, mübahisələndirilən - Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsi xx.xx.2025-ci il tarixində Cavabdeh2 çatdırılması üçün poçt şöbəsinə verilmişdir (səh. 39). Belə olan halda, qətnamənin poçt şöbəsi tərəfindən cavabdehə çatdırılması müddətini də nəzərə alan məhkəmə tərkibi qeyd edir ki, qətnamə həmin gün - xx.xx.2025-ci il tarixində cavabdehə çatdırıldığı halda belə, apellyasiya şikayəti verilməsi üçün nəzərdə tutulmuş prosessual müddət ötürülməmişdir. “Q.Hüseynovun şikayəti üzrə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti vaxtında verildiyindən prosessual müddətin bərpası barədə ərizə təmin edilməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdeh2 tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh2 tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-940/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında mülki iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardad qətidir, ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Rəşad Mamedov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar