Məhkəmə qərarları › İş №2(104)-1522/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1522/2024

08.08.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1522/2024 08.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X1 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(013)-185/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarında olan Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMC-nin xx.xx.2023-cü il tarixli 05 saylı rəyindən görünür ki, İddiaçı avtomobilinə 7506 manat ziyan dəymişdir.

2. “Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi barədə” Ağcabədi rayon PŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Mercedes Benz E-200 markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdehun idarə etdiyi BAİC markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh İddiaçı və digər zərəçəkən şəxslərlə barışdığı və dəymiş ziyanı ödədiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 7506 (yeddi min beş yüz altı) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddiaçı məhkəməyə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən iddia tələbinin həcminin azaldılması barədə ərizə təqdim edərək Cavabdeh 2506 manat alınıb ona verilməsi bardə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Mercedes Benz E-200 markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Avtomobil sürücülük vəsiqəsi əsasında idarə edirmiş. xx.xx.2023-cü il tarixdə o idarə etdiyi avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olmuşdur. Saat 10 radələrində Ağcabədi rayonu Hindarx qəsəbəsindən keçib Ağdam rayonu istiqamətində hərəkətdə olarkən Hindarx qəsəbəsi ərazisində yolun əks tərəfi ilə hərəkətdə olan BAİC markalı avtomobil idarə etməni itirib onun hərəkət zolağına çıxıb gələn vaxtı onunla toqquşmamaq üçün avtomobilini öz hərəkət zolağında yolun sağ ehtiyat hissəsinə çəkib hadisədən yayınmaq istəsə də, lakin BAİC markalı avtomobil onun idarə etdiyi avtomobilin yan tərəfindən vurub keçərək yolnəqliyyat hadisəsi törətmişdir. Bundan sonra onun idarə etdiyi avtomobil yolun ehtiyyat hissəsində bir neçə metr hərəkət edib qarşısında dayanan elektrik dirəyinə dəyərək dayanmışdır. Hadisə zamanı onun avtomobilində qonşuları Əşrəf, Solmaz, Lalə və Tamerla əyləşmişdilər. O hadisə zamanı avtomobilini təxminən 60 km/saat sürətlə idarə edirmiş. Hadisə zamanı o qarın nahiyəsindən xəsarət almışdır. Eyni zamanda avtomobilə xeyli miqdarda ziyan dəymişdir. Cavabdeh avtomobilə dəyən 7506 (yeddi min beş yüz altı) manat ziyanı bu günə kimi ödəməmişdir. Cavabdeh avtomobilə dəyən 7506 (yeddi min beş yüz altı) manat ziyanın dəyərini tələb etsə də, heç bir nəticəsi olmamışdır.

6. Ağdam Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(013)-185/2024 saylı qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddianın təmin edilməsi, Cavabdeh 2506 (iki min beş yüz altı) manat alınaraq İddiaçı verilməsi, Cavabdeh 45,06 manat dövlət rüsumu tutulması qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus avtomaşınla Cavabdeh idarə etdiyi avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Hadisə nəticəsində İddiaçı avtomobilinə 7506 manat ziyan dəymiş, həmin məbləğin 5000 manatı sığorta şirkəti tərəfindən ödənilmişdir. Belə olan halda Cavabdeh İddiaçı vurduğu 7506 manat zərərin qalan 2506 manat hissəsini ödəməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21, 1096, 1097.1, 1108.1-ci maddələrinə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 88, 124-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Ağdam Rayon Məhkəməsinin 27 mart 2024-cü il tarixli, 2(013)-185/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh tərəfində apellyasiya şikayəti verərək, apellyasiya şikayətinin təmin edilməsini, Ağdam Rayon Məhkəməsinin 2(013)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi tam ləğv edilərək İddiaçı iddia tələbinin rədd edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamədən narazıdır. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Lakin Ağdam Rayon Məhkəməsi 2(013)-185/2024 nömrəli mülki iş üzrə icraat zamanı qanunvericiliyin bu tələbini də, pozaraq heç bir səbəb olmadığı halda iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin etməmiş, beləliklə də, iddiaçının avtomobilinə dəymiş ziyan barəsində mötəbər sübutun – ekspert rəyinin alınmasını təmin etməmişdir. Əvəzində isə İddiaçı tərəfindən təqdim edilmiş Ağcabədi Avtoservis və Ticarət Müəssisəsi MMC-nin onun avtomobilinə dəymiş ziyanın guya 7506 manat tərkib etməsi barədə şübhəli mütəxəssis rəyini qanunsuz olaraq sübut kimi qəbul etmişdir. Gəncə Apellyasiya Məhkəməsi apellyasiya şikayətinə baxarkən iddiaçının avtomobilinə dəymiş ziyanın real və obyektiv qiymətləndirilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizasının təyin edilib keçirilməsini təmin edəcəkdir. İddiaçının avtomobilinə dəymiş ziyan ən çoxu 3500-4000 manat həcmindədir. İddiaçının avtomobilinə dəymiş ziyanın real və obyektiv qiymətləndirilməsi üçün iş üzrə məhkəməəmtəəşünaslıq ekspertizasının təyin edilməsi barədə nümayəndəsinin verdiyi şifahi vəsatətə isə məhkəmə ümumiyyətlə baxmamışdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında iştirak edən İddiaçı ərizə təqdim edərək apellyasiya şikayətinin qismən təmin edilməsinə, yəni cavabdehdən onun xeyrinə 600 manat tutulmasına razı olduğunu bildirmiş və apellyasiya şikayətinin qismən təmin edilməsinə etiraz etməmişdir.

13. Məhkəmə iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini qismən müdafiə edərək iddiaçıya 600 manat ödəməyə razı olduğunu bildirmişdir. Odur ki, apellyasiya şikayətnin qismən təmin olunmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

14. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

16. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

17. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

22. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

23. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

24. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

25. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

26. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

27. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

28. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

29. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin 2(013)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi qismən dəyişdirilməlidir.

30. Belə ki, birinci instansiya məhkəməsi iddia tələbinin tam təmin olunması qənaətinə gəlsə də, iş materiallarında olan Şəxsin cinayət məsuliyyətindən azad edilməsi və cinayət təqibinə xitam verilməsi barədə” Ağcabədi rayon PŞ-nin TB-nin xx.xx.2023-cü il tarixli qərarından görünür ki, xx.xx.2023-cü il tarixdə İddiaçı məxsus Mercedes Benz E- 200 markalı, **-DO-*** dövlət qeydiyyat nişanlı avtomaşınla Cavabdeh idarə etdiyi BAİC markalı, **-BP-*** dövlət qeydiyyat nişanlı avtomaşının toqquşması nəticəsində yol nəqliyyat hadisəsi baş vermişdir. Cavabdeh İddiaçı və digər zərəçəkən şəxslərlə barışdığı və dəymiş ziyanı ödədiyi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə törətmiş olduğu cinayət əməlinə görə cinayət məsuliyyətindən azad edilmiş və cinayət təqibinə xitam verilmişdir. Məhkəmə həmin qərarda ziyanın tam ödənilməsi və tərəflərin barışması nəticəsində cinayət təqibinə xitam verilməsi halını nəzərə almamışdır.

31. Lakin, apellyasi icraatı zamanı tərəflərin təqdim etdikləri ərizədən görünür ki, tərəflərin hər ikisi dəymiş ziyana görə 600 manat ödənilməsinə razıdır və apellyasiya şikayətinin həmin həcmdə təmin edilməsini xahiş etmişlər.

32. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli və Ağdam Rayon Məhkəməsinin 2(013)- 185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh 2506 manat pulun tutulması hissəsində dəyişdirilməli və həmin hissədə Cavabdeh 600 manat pul tutularaq İddiaçı verilməsi müəyyən edilməlidir.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Ağdam Rayon Məhkəməsinin 2(013)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 2(013)-185/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi Cavabdeh 2506 manat pulun tutulması hissəsində dəyişdirilsin. Cavabdeh 600 manat pul tutularaq İddiaçı ödənilsin. Cavabdeh 10.8 manat dövlət rüsumu tutularaq iddiaçıya ödənilsin. Qətnamədən şikayət verilə bilməz. Qətnamə elan olunduğu andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar