Məhkəmə qərarları › İş №2(104)-1522/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1522/2025

16.10.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1522/2025 16.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, Cavabdeh iştirakı ilə, “pul” tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1224/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları:

1. Yevlax Rayon Polis Şöbəsinin xx.xx.2025-ci il tarixli, 34/3-13-117/2- 17768/2025 nömrəli məktubuna əlavə edilmiş: - xx.xx.2024-cü il tarixli ərizədən görünür ki, İddiaçı Yevlax RPŞ-yə müraciət edərək, Cavabdeh adlı şəxsin 2023-cü ilin sentyabr ayında ondan 8700 manat pul borc alaraq qaytarmadığını bildirmiş və həmin pulun sonuncudan alınaraq ona qaytarılmasına köməklik etməsini xahiş etmişdir. - İddiaçı Yevlax RPŞ-yə verdiyi izahatında bildirmişdir ki, Cavabdeh adlı şəxs 2023-cü ilin sentyabr ayında ondan 8700 manat pul borc alaraq qaytarmamışdır. - Cavabdeh Yevlax RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, o, qohumu Vaqif adlı şəxsin xəstəliyi ilə əlaqədar sonuncuya məxsus kartı qoyaraq Nazim adlı şəxsdən pul götürərək Vaqifə vermişdir. Odur ki, həmin pulu Vaqifə verdiyindən onun Nazim adlı şəxsə borcu yoxdur. - Yevlax RPŞ tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli, 16/3-13- 117/2-Q-19537/2024 nömrəli məktubda qeyd edilmişdir ki, İddiaçı Cavabdeh adlı şəxsə borc olaraq verdiyi 8700 manat pulu geri ala bilməməsi barədə Yevlax RPŞ-yə daxil olmuş müraciətində göstərdiyi xüsusatlar mülki xarakterlidir. Odur ki, müraciətdə göstərilən xüsusatlarla əlaqədar cavabdehin qeydiyyatda olduğu yer üzrə məhkəmədə mülki iddia qaldırmaq hüququ vardır.

Birinci instansiya məhkəməsində icraat:

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 8700 manat əsas borcun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, əvvəllər tanıdığı və münasibətdə olduğu qohumu Cavabdeh maddi dəstəyə ehtiyacı olduğu üçün aralarında olan borc müqaviləsinə əsasən 24 oktyabr 2022-ci ildə tarixdə 38 ay müddətinə ayda 435 manat qaytarmaq şərti ilə ümumilikdə cəmi 8700 manat borc vermişdir. O, həmin pulu Cavabdeh müqaviləyə şəxsən imza etdirməklə vermişdir. Şərtləşdikləri kimi cavabdeh onun verdiyi pulları hissə-hissə geri qaytarmaq üçün ona 2 ədəd pensiya kartı verəcəkdi. Lakin növbəti ayda o, aldığı 2 ədəd kartdan pulu şərtləşdikləri kimi çıxarmaq istədikdə məlum olmuşdur ki, Cavabdeh ona verdiyi kartı bloklamış və onu aldatmışdır. Sonradan o, cavabdehdə qalan 11.300 manat pulu dəfələrlə tələb etsə də, cavabdeh pulu geri qaytarmamışdır.

4. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1224/2025 nömrəli qətnaməsi ilə (hakim R.Məmmədov) iddia tələbi təmin edilməmişdir.

5. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, İddiaçı iddianın təmin edilməsinə əsas verə bilən mötəbər sübutların təqdim edilməsi təklif olunsa da, İddiaçı məhkəməyə heç bir dəlil-sübut təqdim edə bilməmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayətinin məzmunu iddia ərizəsinin məzmunu ilə eynilik təşkil etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini xahiş etdi, əlavə olaraq bildirdi ki, cavabdeh ondan 10600 manatdan başqa da hissə-hissə olmaqla ümumilikdə 8700 manat pul almış, buna dair müqaviləyə imza etmişdir. Həmin müqavilə nəvəsi tərəfindən cırıldığından məhkəməyə təqdim edə bilmir, həmin pulun cavabdehə verilməsinə dair əlavə heç bir sübutu yoxdur.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh apellyasiya şikayətinə etiraz edərək təmin olunmamasını və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi, əlavə olaraq bildirdi ki, o, iddiaçıdan 8700 manat deyil, 10600 manat pulu qohumu üçün almış, qohumu gözdən əlil olduğundan onunla birlikdə gedərək pulu götürmüş, həmin məsələ ilə bağlı Ağdam Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilmişdir. 10600 manatdan başqa iddiaçıdan heç bir borc götüməmiş, polis idarəsində verdiyi izahatda da yalnız 10600 manat pulu götürdüyünü qeyd etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmiş, məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə bağlı məhkəmə iclasına gələ bilməyəcəyini bildirmiş və məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının xəstəliyini təsdiq edən sənədlər müraciətə əlavə olunmadığından və işin baxılması müddətini nəzərə alaraq MPM-in 376.2-ci maddəsinə əsasən iddiaçının iştirakı olmadan mülki işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq

11. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

12. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

13. Apellyasiya baxışının hədləri 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7 Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, birinci instansiya məhkəməsinin qətnaməsi bütövlükdə mübahisələndirilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, qətnamənin əsaslığı tam yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

14. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

15. İddiaçı hazırkı tələblə məhkəməyə müraciət edərək cavabdehin 38 ay ərzində hissə-hissə qaytarmaq şərtilə ondan 8700 manat borc almasını və həmin məbləği qaytarmamasını iddia etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb təmin edilməmişdir.

16. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır. Əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

17. Bununla yanaşı nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

18. Bu kontekstdə kollegiya hesab edir ki, iddiaçının irəli sürdüyü faktiki hallar onun iddia tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır. Belə ki, hazırkı iş üzrə sübutetmə yükü iddiaçının üzərinə düşdüyü halda o, tanışı olan cavabdehə iddia etdiyi borc pul məbləğini vermiş olduğuna dair ümumiyyətlə heç bir sübut təqdim etməmiş, iddia ərizəsində borc məbləğini müqaviləyə imza etdirməklə verdiyini qeyd etsə də, sözügedən müqaviləni məhkəməyə təqdim edə bilməmiş, məhkəmə iclasında müqavilənin nəvəsi tərəfindən məhv edildiyini bildirmişdir. Cavabdeh tərəf də öz növbəsində iddiaçının 8700 manat borc pul vermədiyini, iddia ərizəsində göstərilənlərin uydurma olduğunu bildirmiş, xalasının qaynına iddiaçı tərəfindən verilmiş 10600 manat borc pula dair Ağdam Rayon Məhkəməsi tərəfindən qətnamə qəbul edilməsini bildirmişdir (Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1222/2025 nömrəli qətnaməsi iş materiallarına əlavə olunur).

19. Bundan başqa, Cavabdeh Yevlax RPŞ-yə verdiyi xx.xx.2024-cü il tarixli izahatında bildirmişdir ki, o, qohumu Vaqif adlı şəxsin xəstəliyi ilə əlaqədar sonuncuya məxsus kartı qoyaraq Nazim adlı şəxsdən pul götürərək Vaqifə vermişdir. Odur ki, həmin pulu Vaqifə verdiyindən onun Nazim adlı şəxsə borcu yoxdur.

20. Məhkəmə kollegiyasının araşdırması nəticəsində məlum olmuşdur ki, cavabdehin Yevlax RPŞ-yə verdiyi izahatında borc almasını etiraf etdiyi pul vəsaiti hazırda iddiaçının iddia etdiyi 8700 manat deyil, əvvəlcədən tərəfindən X1 verilmiş 10600 manat borc məbləğidir. Hansı ki, həmin məbləğin iddiaçı tərəfindən verilməsini cavabdeh tərəf məhkəmə iclasında təkzib etməmişdir.

21. Göründüyü kimi iddiaçı cavabdeh tərəfə yuxarıda qeyd olunan 10600 manat puldan əlavə 8700 manat məbləğində vəsait verməsini iddia etsə də, bu halı məhkəmədə sübut edə bilməmişdir. Beləliklə, işin şərh olunan hallarını məcmu halda qiymətləndirən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə işin həqiqi hallarına uyğundur və düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 372, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq,

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(013)-1224/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar