Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1525/2024 23.09.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: qeyri-yaşayış binası və torpaq sahəsindən çıxarılma Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 iştirakı ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı qeyri-yaşayış binası və torpaq sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)-562/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 23 sentyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 30 may 2008-ci il tarixli MN seriyalı ******* nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində mülkiyyətdə olan 0,50 ha torpaq sahəsində yerləşən 2 girişli 99,7 kv.metr ümumi, 81,7 kv.metr köməkçi sahədən ibarət 1 mərtəbəli qeyri-yaşayış binası (yeməkxana) tam mülkiyyət hüququ üzrə Cavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 1 nömrəli reyestr kitabının 3 nömrəli vərəqində qeydiyyata alınmışdır.
2. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)- 11/2018 nömrəli qətnaməsinin surətindən görünür ki, iddia qismən təmin edilmiş, cavabdehlər Cavabdeh və Qurbanov Rəşad Sədrəddin oğlundan müştərək qaydada 23 iyul 2013-cü il tarixli 123m-2/13 nömrəli əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dolları, 21 aprel 2014-cü il tarixli 021m-1/14 nömrəli əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 10814,47 ABŞ dolları, faiz borcu üzrə 1213,17 ABŞ dolları, cərimə 5 ABŞ dolları, cəmi 12032,64 ABŞ dolları, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 nömrəli əlavə kredit xətti müqaviləsinə əsasən əsas borc üzrə 2606,71 ABŞ dolları, faiz borcu üzrə 307,46 ABŞ dolları, cəmi 2914,17 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumunun, bildirişin qeydə alınmasına dair ödənilmiş 30 manatın iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulması, tutmanın öhdəliyin təminatı kimi ipoteka qoyulmuş Cavabdeh məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış binasına (yeməkxana) yönəldilməsi və həmin əmlakın açıq hərracda satılması, ilkin satış qiymətinin 62000 manat məbləğində qiymətləndirilmiş Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və həmin torpaq sahəsində olan qeyri-yaşayış (yeməkxana) binasının satışından əldə olunmuş pul vəsait hesabına Cavabdeh banka olan 23 iyul 2013-cü il tarixli 123m-2/13 nömrəli əlavə kredit müqaviləsi üzrə cəmi 34414,64 ABŞ dolları, 21 aprel 2014-cü il tarixli 021m-1/14 nömrəli əlavə kredit müqaviləsi üzrə 46447,1 ABŞ dolları, 25 noyabr 2014-cü il tarixli 12mspGNDJ/14 nömrəli əlavə kredit xətti müqaviləsi üzrə 49361,27 ABŞ dolları ödəniş vaxtına manatın məzənnəsi üzrə və ödənilmiş 30 manat dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınmasına dair xidmət haqqı kimi ödənilmiş 30 manatın tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, iddia tələbinin qalan hissədfə təmin edilməməsi, iş üzrə məhkəmə 06 iyul 2017-ci il tarixli 28834 nömrəli ekspertiza xərci 100 manat, 28 iyul 2017-ci il tarixli 22174 nömrəli rəyi üzrə ekspertiza xərci 100 manat və 06 dekabr 2017-ci il tarixli 29930 nömrəli rəy üzrə ekspertiza xərci 100 manat, cəmi 300 manat Qurbanov Rəşad Sədrəddin oğlundan tutularaq Dövlət xəzinədarlıq Agentliyinə kodu: 210005, VÖEN: **********, müxbir hesab: AZ41NABZ********************, Məhkəmə Ekspertizası Mərkəzi VÖEN:**********, büdcə təsnifatının kodu 142319, SWİFT BİK: STREAZ22, hesab № AZ43CTRE********************, büdcə səviyyəsinin kodu 3-ə ödənilməsi qət edilmişdir.
3. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-393/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, iddiaçı "xxxx" ASC-nin apellyasiya şikayəti təmin edilməmiş, cavabdeh Qurbanov Rəşad Sədrəddin oğlunun apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 12 iyun 2018-ci il tarixli 2(044)-11/2018 nömrəli qətnaməsi cavabdeh Qurbanov Rəşad Sədrəddin oğlundan 23 iyul 2013-cü il tarixli 123m-2/13 nömrəli əlavə kredit müqaviləsinə əsasən əsas borc üzrə 30940,53 ABŞ dolları, faiz borcu üzrə 3473,93 ABŞ dolları, cəmi 34414,46 ABŞ dolları, iddiaçı "xxxx" ASC-nin xeyrinə tutulıması hissəsində ləğv edilməsi və iddia tələbinin həmin hissədə ona münasibətdə təmin edilməməsi, qətnamənin qalan hissədə dəyişdirilmədən saxlanılması, 07 fevral 2019-cu il tarixli 494 saylı rəyinin alınması üçün keçirilmiş ekspertizanın dəyəri cəmi 122 manat məbləğində pulun cavabdehlər Cavabdeh və Qurbanov Rəşad Sədrəddin oğlundan müştərək qaydada tutularaq AZ.MEM, VÖEN **********, AZ34CTRE********************, NABZ********************, SWİFT BİK CTREAZ 22, büdcə təsnifat kodu 142319, büdcə səviyyəsinin kodu 3 hesabına ödənilməsi qət edilmişdir.
4. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 05 noyabr 2019cu il tarixli 2(102)-6549/2019 nömrəli qərarının surətindən görünür ki, cavabdehlər Cavabdeh və Qurbanov Rəşad Sədrəddin oğlunun ayrı-ayrılıqda verdikləri kassasiya şikayətinin təmin edilməməsi, iş üzrə Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 15 mart 2019-cu il tarixli 2(104)-393/2019 nömrəli qətnaməsi kassasiya şikayətlərinə münasibətdə dəyişdirilmədən saxlanılması qərara alınmışdır.
5. 26 fevral 2021-ci il tarixli hərrac təşkilatının hərracın yekunları barədə 15/01-3 nömrəli protokolun surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 2(104)- 393/19 nömrəli 15 mart 2019-cu il tarixli icra vərəqəsinə və Daşkəsən rayon İcra və probasiya şöbəsinin 2941/2020 nömrəli 21 sentyabr 2020-ci il tarixli sifariş məktubuna və "xxxx" ASC-nin müvafiq məktubuna əsasən Cavabdeh məxsus, Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (yeməkxana) ilkin hərrac qiyməti 62000 manat, təkrar hərrac qiyməti 52700 manat, ipoteka predmetinin (qeyri-yaşayış binası) “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 43.7-ci maddəsinə əsasən 25 faiz aşağı olan qiymətlə 39,525 manata "xxxx" ASC satılmışdır.
6. 26 fevral 2021-ci il tarixli hərracın yekunları üzrə əmlakın alqı-satqı müqavilənin surətindən görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin 15 mart 2019-cu il tarixli (104)- 393/19 nömrəli icra vərəqəsinin və Daşkəsən rayon İcra və probasiya şöbəsinin 21 sentyabr 2020-ci il tarixli 2941/2020 nömrəli sifariş məktubunun və "xxxx" ASC-nin müvafiq məktubunun icrasına əsasən bağlanmışdır.
7. "xxxx" MMC-nin direktoru G.N.Mustafayeva və "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Əbilov Orxan Səhrab oğlu arasında Cavabdeh məxsus Daşkəsən rayonu Xoşbulaq kəndində 0,5 ha torpaq sahəsində yerləşən qeyri-yaşayış binasının (yeməkxana) 39252 manat məbləğinə "xxxx" ASC-nin etibarnamə üzrə nümayəndəsi Əbilov Orxan Səhrab oğluna satılması barədə müqavilə bağlanmışdır.
8. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışın surətindən görünür ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxana tam mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına qeydiyyata alınmışdır.
a.İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı qeyri-yaşayış binası və torpaq sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə Daşkəsən Rayon Məhkəməsinə müraciət edərək, "xxxx" KB ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxananın və onun yerləşdiyi torpaq sahəsinin boşaldılması və ödənilmiş 100 manat dövlət rüsumu cavabdehdən tutularaq iddiaçının hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir
10. İddia tələbi onunla əsaslandırılmışdır ki, "xxxx" KB ASC hərrac vasitəsi ilə Cavabdeh məxsus olmuş Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxananı satın almışdır. Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX tərəfindən 04 iyul 2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat aparılmış və ********** qeydiyyat nömrəli Çıxarışla iddiaçı "xxxx" KB ASC-nin mülkiyyət hüququ təsdiq edilmişdir. Buna baxmayaraq, cavabdeh qeyd edilən yeməkxananı boşaldıb təhvil verməkdən imtina etmişdir
11. Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)-562/2023 nömrəli qətnaməsi ilə iddia tələbi təmin edilərək, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsi Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli Çıxarışa əsasən "xxxx" ASC-nin mülkiyyətində olan Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxanadan Cavabdeh çıxarılmaqla boşaldılması; Cavabdeh ödənilmiş 100 (bir yüz) manat dövlət rüsumu tutulub iddiaçı "xxxx" ASC-nin hesabına ödənilməsi qət edilmişdir.
12. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157, 385, 386, 389.1, 442, 445, 448.1, 399.1, 399.3, 399.4 maddələri, “İpoteka haqqəmda” Azərbaycan Respublikası Qanunun 51.3, 59.3 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1, 106.1, 107, 119.1, 216-220, 227, 238-244 maddələrinə istinad etmişdir.
b.Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri
13. Cavabdeh apellyasiya şikayəti verərək qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
14. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılmışdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməmişdir. Mülkiyyətində olan olan əmlakın hərracda satılması barədə məlumatı olmamış və bu barədə bildiriş göndərilməmişdir. 26 fevral 2021-ci il tarixli hərracın yekunları barədə 15/01-3 nömrəli protokolu və bunun əsasında bağlanmış müqavilə ilə razı deyil və məhkəmədə iddia qaldırmaq niyyətindədir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
15. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" KB ASC-nin etibarnamə üzrə nümayəndəsi Nümayəndə1 apellyasiya şikayətini qəbul etməyərək, iddia ərizəsinin məzmununa uyğun izahat vermiş və sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirlmədən saxlanılmasını xahiş etmişdir.
17. Məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq cavabdeh məhkəmə kollegiyasının iclasına gəlməmişdir, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
18. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüququndan ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz.
Azərbaycan Respublikası Mülki Məcəlləsi
19. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır.
20. Maddə 152.1. Mülkiyyət hüququ subyektin ona mənsub olan əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.
21. Maddə 152.5. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın.
22. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
23. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
25. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.
26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
27. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.
28. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.
34. İşin müəyyən olunmuş faktiki hallarından müəyyən olunur ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-393/19 nömrəli 15 mart 2019-cu il tarixli icra vərəqəsinə və Daşkəsən rayon İcra və probasiya şöbəsinin 2941/2020 nömrəli 21 sentyabr 2020-ci il tarixli sifariş məktubu əsasında “Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzi MMC tərəfindən keçirilmiş hərracda Cavabdeh məxsus, Daşkəsən rayonu Xoşbulaq kəndində 0,50 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası 39,525 manata ipoteka saxlayan "xxxx" ASC-nə satılmış və hərracın yekunlarına dair 26 fevral 2021-ci il tarixli 15/01-3 nömrəli Protokol tərtib olunmuş və həmin tarixli alqı-satqı müqaviləsi bağlanmışdır. Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxana tam mülkiyyət hüququ ilə "xxxx" ASC-nin adına qeydiyyata alınmış və buna dair Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən 04 iyul 2023-cü il tarixli, ********** qeydiyyat nömrəli, **********40-06301 reyestr nömrəli çıxarış verilmişdir. Daşınmaz əmlak bankın mülkiyyətinə keçsədə, Cavabdeh qeyri-yaşayış sahəsindən çıxmaqdan imtina etmişdir. Ona görədə iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir.
35. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razıəlaşır və hesab edir ki, apellyasiya şikayətinin “birinci instansiya məhkəməsinin qətnaməsinin maddi və prosessual hüquq normalarının tələblərinin pozulması ilə çıxarılması, məhkəmə iclasının vaxtı və yeri barədə ona məlumat verilməməsi, mülkiyyətində olan olan əmlakın hərracda satılması barədə məlumatının olmamması və bu barədə ona bildiriş göndərilməməsi, 26 fevral 2021-ci il tarixli hərracın yekunları barədə 15/01-3 nömrəli protokol və bunun əsasında bağlanmış müqavilə ilə razılaşmaması və məhkəmədə iddia qaldırmaq niyyətində olması” dəlilini qətnamənin ləğvi üçün əsas saymır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri sayır.
36. Belə ki, işin 63-cü vərəqində olan SMS bildirişdən görünür ki, məhkəmə iclasının vaxtı və yeri barədə Cavabdeh məlumat verilmişdir. Hərracın keçirilməsindən məlumatının olmamasına münasibətdə isə kollegiya qeyd edir ki, Daşkəsən rayonu Xoşbulaq kəndində yerləşən 0,50 ha torpaq sahəsi və 99,70 kv.metr sahədən ibarət DEF, yeməkxana 2021-ci ildən "xxxx" ASC-nin mülkiyyətinə keçmişdir. Cavabdehin həmin əmlakdan könüllü çıxması bildirilmiş, lakin sonuncu çıxmaqdan imtina etmişdir. Bu da onu deməyə əsas verir ki, daşınmaz əmlakın 2021-ci ildən iddiaçı "xxxx" ASC-nin mülkiyyətinə keçməsindən Cavabdeh xəbərdar olmuş, lakin o, hərracın nəticələrini mübahisələndirməmişdir.
37. Mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
38. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Daşkəsən Rayon Məhkəməsinin 17 noyabr 2023-cü il tarixli 2(030)-562/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.