Məhkəmə qərarları › İş №2(104)-1527/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1527/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1527/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: Pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(125)-1201/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizənin surətindən görünür ki, Cavabdeh iddiaçıya borclu olduğu 21375 (iyirmi bir min üç yüz yetmiş beş) manat və 1000 ABŞ dolları məbləğində pulu xx.xx.2024-cü ilə qədər tam şəkildə ödəməyi öhdəsinə götürmüşdür.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehdən 21375 (iyirmi bir min üç yüz yetmiş beş) manat və 1000 ABŞ dolları məbləğində pulun alınaraq ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə bir neçə ildir ki rəfiqədir. Cavabdehin bacısı onunla qonşu olduğu üçün cavabdehlə onun bacısının vasitəsi ilə tanış olmuşdur. Cavabdeh oğlunun avtoqəza etdiyini bildirərək ondan borc pul istəmişdir. O, cavabdehin səmimiliyinə inanaraq 8 iyul 2018-ci il tarixdən etibarən 5000 (beş min) manat, 9665 (doqquz min altı yüz altmış beş) manat, 2000 (iki min) manat, 1000 (min) manat və 1000 ABŞ dolları olmaqla ümumillikdə 21375 (iyirmi bir min üç yüz yetmiş beş) manat və 1000 ABŞ dolları məbləğində cavabdehə borc vermişdir.Cavabdeh aldığı pulu hissə-hissə 2018-ci ilə qədər ödəməyə söz vermişdir. Lakin uzun müddət keçməsinə baxmayaraq o, borcu qaytarmamışdır. xx.xx.2021-ci ildə cavabdeh ona olan borcunu 2024-cü ilə qədər tam şəkildə ödəməsi ilə bağlı notarial qaydada barışıq ərizəsi imzalamışdır. Ancaq müxtəlif bəhanələrlə bundan imtina edir. Göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür.

4. Gəncə Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(125)-1201/2023 nömrəli qətnaməsi ilə (hakim Cavid Tağıyev), iddianın təmin edilməməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 427.1, 427.3 və 739.1-ci maddələrinə və Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 217.4-cü maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 15 mart 2023-cü il tarixli 2(125)-7/2023 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, qətnamə prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, məhkəmə onun iddiasını baxılmamış saxlamalı idi. Çünki, iddiaçı cavabdehlə aralarında olan razılaşmaya əməl etmədən məhkəməyə müraciət etmişdir. Bu isə ərizənin baxılmamış saxlanması üçün əsasdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini və iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir.

10. İş üzrə Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

13. Maddə 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər. 427.3. Əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.

14. Maddə 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

16. Maddə 740.2 .Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

17. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

21. MPM-in 376.1. İşdə iştirak edən şəxslərdən hər hansı biri işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmədiyinə görə məhkəmə iclasına gəlmədikdə məhkəmə işə baxılmasını təxirə salır.

22. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

23. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

24. “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır.

25. Məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qətnamənin ləğv edilməsinə yönəldiyinə görə qətnamənin əsaslılığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, iş faktiki hallarına düzgün qiymət verilmişdir.

27. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

28. Belə ki, işin müəyyən olunmuş hallarına görə, İddiaçı tərəfindən Cavabdeh xx.xx.2024-cü il tarixədək 21.375 manat və 1000 ABŞ dolları məbləğində borc verilmiş və cavabdeh bu barədə xx.xx.2021-ci il tarixli notarial qaydada təsdiq olunmuş ərizə verərək borcu xx.xx.2024-cü il tarixədək tam ödəyəcəyi varədə öhdəliyi qəbul etmişdir. Lakin, iddiaçı borc müqaviləsinin şərtlərinə əməl etməmiş və nəzərdə tutulmuş müddətdən qabaq, yəni xx.xx.2024-cü il tarixdən öncə borcu cavabdehdən tələb etmişdir.

29. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında müqavilə üzrə öhdəliyin icra müddəti xx.xx.2024-cü il tarixədək təyin edilmişdir. İddiaçı aralarında olan razılaşmaya görə cavabdehə borcu xx.xx.2024-cü il tarixədək qaytarmaq şərti ilə verdiyi halda müqavilədə nəzərdə tutulduğundan əvvəl tələb etmişdir. Halbuki, yuxarıda qeyd olunan qanunvericlikdən görünür ki, əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz. Buna görə də kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir.

30. Həmçinin, məhkəmə kollegiyası apellyatorun iddia ərizəsinin baxılmamış saxlanması dəlili ilə bağlı bildirir ki, iddiaçının bu dəlili əsassızdır. Çünki, Azərbaycan Respublikasının MPM-nin 259-cu maddəsində ərizənin baxılmamış saxlanmasının əsaslarında iddiaçının göstərdiyi hallar öz təsdiqini tapmamışdır.

31. Məhkəmə kollegiyası bununla bağlı bir xüsusatı da qeyd etməyi zəruri hesab edir ki, iddiaçı müqavilədə göstərilən müddətdə, yəni xx.xx.2024-cü il tarixdən sonra cavabdehin öhdəliyini yerinə yetirmədiyi təqdirdə məhkəmə müraciət edəcəyi halda, bu zaman şikayətində qeyd etdiyi MPM-nin 259.0.4-cü maddəsinə əsasən iddia ərizəsinin baxılmamış saxlanması istisna hal təşkil edəcəkdir.

32. Odur ki, birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə Məhkəmə Kollegiyası razılaşır, onu qanuni və ədalətli qəbul etməklə, çıxardığı qətnaməni işin həqiqi hallarına uyğun, tərəflərin qarşılıqlı münasibətlərini əks etdirən, gəlinmiş nəticələri qanunvericiliyin tələblərinə uygun hesab edir.

33. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə əsassızdır.

34. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 403.1, 405-407-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. İş üzrə Gəncə Şəhər Məhkəməsinin 29 mart 2023-cü il tarixli 2(125)-1201/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar