Məhkəmə qərarları › İş №2(104)-153/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-153/2023

22.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-153/2023 22.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: ödənilmiş sığorta məbləğinin subroqasiya qaydasında tutulması, ziyan tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 oglu və Cavabdeh iştirakı ilə, Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)-178/2022 nömrəli qətnaməsindən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X2 tərəfindən verilmiş apellyasiya şikayətinə 22 fevral 2022-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. 16 sentyabr 2021-ci il tarixli AKS210180 nömrəli sığorta ödənişi aktının surətindən görünür ki, Cavabdeh idarə etdiyi avtomobil hərəkət edərkən kasko sığortalanmış “X** LC ***” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşmuşdur. Zərərlə bağlı maddi ziyanın ümumi məbləği 16550,93 manat hesablanmışdır. "xxxx" MMC-yə 16550,93 manat sığorta ödənişi köçürülməsi qərara alınmışdır.

2. Bakı şəhər X18 İdarəsinin yol-patrul xidməti baş inspektoru X7 tərəfindən tərtib olunmuş 14 iyun 2021-ci il tarixli İXP ******* saylı inzibati xəta haqqında protokol və 14 iyun 2022-ci il tarixdə qəbul edilmiş inzibati tənbeh vermə haqqında TP ******* saylı qərardan görünür ki, Cavabdeh 14 iyun 2021-ci il tarixdə idarə etdiyi “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərkən ara məsafəsi gözləmədiyindən, yolnəqliyyat hadisəsi baş vermiş, bununla da, Cavabdeh Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmiş və 40 (qırx) manat məbləğində cərimə olunmuşdur.

3. Bakı şəhər X18 İdarəsinin yol-patrul xidməti baş inspektoru X7 tərəfindən tərtib olunduğu göstərilən 14 iyun 2021-ci il tarixli arayışda yol-nəqliyyat hadisəsi nəticəsində “X** LC ***” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin zədələnmiş hissələri belə göstərilmişdir: “arxa və qabaq ön hissə”

4. "xxxx" tərəfindən “24 iyun 2021-ci il” tarixdə tərtib edilmiş “Qiymətləndirilmə”dən görünür ki, “X** LC ***” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanla bağlı ehtiyat hissələrinin və təmir işlərinin ümumi dəyəri 16550,93 manat təşkil edir. Ziyan dəymiş detallar və görülən işlər 82 sayda göstərilmişdir.

5. 17 sentyabr 2021-ci il tarixli 008450 nömrəli və 17 sentyabr 2021-ci il tarixli 008451 nömrəli ödəniş tapşırıqlarından görünür ki, X6 hesabına 16550,93 manat sığorta ödənişi həyata keçirilmişdir.

6. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 22 noyabr 2022-ci il tarixli 9/6512 nömrəli ekspert rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "xxxx" MMC tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli qüsur aktındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2018-ci il buraxılışlı “X** LC ***” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə təxminən 14686.0 manat müəyyən edilir. Rəyə əlavə edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, ekspert tədqiqatının dəyəri 100 manat təşkil etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra: “Meqa Sığorta ASC”) Cavabdeh qarşı subroqasiya qaydasında iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, 11550,93 manat (on bir min beş yüz əlli manat-93 qəpik) sığorta ödənişi məbləğini və 124,65 manat dövlət rüsumunun əvəzinin Cavabdeh tutularaq "xxxx" ASC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 14 iyun 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edən zaman ara məsafəsi qaydalarını pozmuş və nəticədə “X13 LC200” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı 14 iyun 2021-ci il tarixli qərara əsasən “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X13 LC200” markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomobilə 16550,93 manat (on altı min beş yüz əlli manat 93 qəpik) maddi zərər dəymişdir. MİC210023 saylı sığorta şəhadətnaməsinə və AKS210180 saylı 16 sentyabr 2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 16300,93 manat (on altı min üç yüz manat 93 qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından, 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır.

9. Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)-178/2022 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə iş üzrə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kolegiyasının 12 may 2017-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Yol-patrul xidməti haqqında Təlimat”ın 8.10-cu bəndinə əsasən, inzibati xəta nəticəsində zərər çəkən şəxsə maddi ziyan vurulduqda və ya onun sağlamlığına yüngül bədən xəsarəti yetirildikdə “Yol-nəqliyyat hadisəsinin sxemi” tərtib olunur və protokola əlavə edilir (Təlimata 17 nömrəli əlavə). Sxemdə nəqliyyat vasitələrinin hadisədən əvvəlki vəziyyətini təsəvvür etməyə imkan verən dəqiq məlumatlar əks olunur və sxem onu tərtib edən DYP əməkdaşı, hadisənin iştirakçısı olan sürücülər və şahidlər tərəfindən imzalanır. Sürücülərə “Nəqliyyat vasitələrinin zədələnməsi barədə arayış” verilir (Təlimata 18 nömrəli əlavə). Lakin iş materiallarından görünür ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən tərtib edilmiş arayış təqdim olunmamış, zərər dəymiş avtomobilə dəymiş ziyanın həcmi və məbləği müraciət etdiyi özəl servis müəssisəsi (X8” MMC) tərəfindən tərtib olunmuş “Qiymətləndirmə” əsasında müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan sübutu “X** LC ***” markalı ** AZ *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam və düzgün hesablanması üçün mötəbər sübut kimi qəbul etmir və sübutetmə yükü iddiaçının üzərində olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında 11550,93 manat (on bir min beş yüz əlli manat-93 qəpik) sığorta ödənişi məbləği tələbinə dair iddiası rədd edilməlidir.

11. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 936, 1108.1-ci maddələrinə və Mülki Prosessual Məcəlləsinin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

12. İddiaçının nümayəndəsi X2 apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)-178/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və Cavabdeh 11675.58 manat və 62.73 manat məbləğində dövlət rüsumu olmaqla ümumilikdə cəmi 11738.31 manat məbləğində pul vəsaitinin "xxxx" ASC-nin xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 77.3-cü maddəsinə əsasən, işdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər, belə olan halda məhkəmə tərəfindən müvafiq sübutlar sorğu edilərək iş materiallarına əlavə edilə bilərdi. Bu xüsusat birmənalı olaraq iddia ərizəsinin rədd edilməsinə əsas vermir. Məhkəmə qətnaməsində qeyd olunur ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən tərtib edilmiş arayış (Yol Patrul xidməti haqqında təlimata 18 nömrəli əlavə) təqdim olunmamışdır. Mülki Məcəllənin 933.1-ci maddəsinə əsasən sığorta ödənişi aşağıdakılardan hər birinin mpvcud olduğu halda həyata keçirilir: sığorta hadisəsi baş verdikdə, sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin sığortaçıya ünvanladığı sığorta tələbi, sığorta hadisəsi hesab edilə bilən hadisə ilə bağlı hər hansı dövlət orqanına məlumat veriləlidirsə, həmin orqanın hadisə barədə təqdim etdiyi müvafiq sənəd. "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən təsdiq olunmuş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarının şərtlərinin 33-cü maddəsində sığorta ödənişinin verilməsi üçün sənədlərin siyahısında nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən tərtib edilmiş arayış qeyd olunmamışdır. Qanunvericiliyin tələblərində, eləcə də “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarında sığorta ödənişinin verilməsi üçün nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən tərtib edilmiş arayış sığorta ödənişinin verilməsi üçün əsas kimi nəzərdə tutulmamışdır. İddiaçı tərəfindən MPM-in 77.1 və 77.3cü maddələrinin tələblərinin həyata keçirilməsinə baxmayaraq, məhkəmə hesab etmişdir ki, iddiaçı tərəf öz tələbinin əsası kimi istinad etdiyi halları sübuta yetirməmişdir. Məhkəmə həmçinin qeyd etmişdir ki, zərər dəymiş avtomobil olan “X** LC ***” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın hesablanmasını təsdiq edən "xxxx" MMC tərəfindən verilmiş “Avtomobilə keçirilən texniki baxış və aparılan təmir haqqında” Akt özəl servis müəssisəsi tərəfindən verilmiş və məhkəmənin qənaətinə görə mötəbər sübut kimi hesab edilə bilməz. Belə ki, "xxxx" ASC ilə sığortalı “X11” şirkətinin Azərbaycan Respublikasındakı filialı ilə bağlanılan MİC 210023 saylı “Avtomobil vasitələrinin könüllü sırğortası” şəhadətnaməsinin də sığorta şərtləri adlanan bölməsində göstərilir ki, "xxxx" ASC-nin xx.xx.2014-cü il tarixində Azərbaycan Respublikası Maliyyət Nazirliyinin Dövlət Sığorta Nəzarəti Xidməti tərəfindən təsdiq olunmuş “Avtonəqliyyat vasitələrinin könüllü sığortası” qaydalarının şərtlərinə uyğun olaraq, “X** LC ***” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsinin sığorta hadisəsi zamanı təmiri həmin avtomobilin rəsmi servis mərkəzində həyata keçiriləcəkdir. İş materiallarına əlavə edilmiş və "xxxx" texniki servis departamenti “Toyota” markalı maşınların rəsmi servis mərkəzi olmasına baxmayaraq məhkəmə tərəfindən özəl servis müəssisəsi kimi qiymətləndirilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

15. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı "xxxx" ASC-nin nümayəndəsi X9 oglu apellyasiya şikayətini müdafiə edərək izahatında göstərmişdir ki, 14 iyun 2021-ci il tarixində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Cavabdeh idarə etdiyi “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobil Bakı şəhəri, Heydər Əliyev prospekti ilə hərəkət edən zaman ara məsafəsi qaydalarını pozmuş və nəticədə “X13 LC200” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə toqquşaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Qeyd olunan hadisə ilə bağlı Bakı şəhər DYPİ tərəfindən tərtib olunan inzibati tənbeh vermə haqqında TP ******* saylı 14 iyun 2021-ci il tarixli qərara əsasən “Khazar SD” markalı **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Cavabdeh Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinmişdir. Beləliklə, qeyd edilən yol-nəqliyyat hadisəsi nəticəsində “X13 LC200” markalı **-AZ-*** dövlət nömrə nişanlı avtomobilə 16550,93 manat (on altı min beş yüz əlli manat 93 qəpik) maddi zərər dəymişdir. MİC210023 saylı sığorta şəhadətnaməsinə və AKS210180 saylı 16 sentyabr 2021-ci il tarixli Sığorta ödənişi aktına əsasən "xxxx" ASC tərəfindən 16300,93 manat (on altı min üç yüz manat 93 qəpik) məbləğində sığorta ödənişi həyata keçirilmişdir. Cavabdehin mülki məsuliyyəti "xxxx" ASC-də sığortalandığından, 4750 (dörd min yeddi yüz əlli) manat sığorta ödənişi "xxxx" ASC-dən alınmışdır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinə etiraz edərək izahatında göstərmişdir ki, 14 iyun 2021-ci il tarixində baş vermiş yolnəqliyyat hadisəsini törətdiyini qəbul edir, lakin dəymiş ziyanın məbləği ilə razı deyildir-yolnəqliyyat hadisəsi nəticəsində dəymiş maddi zərərin məbləği şişirdilmişdir. Onun avtomobilini sığortalayan şirkət ziyan dəymiş tərəfə 4750 (dörd min yeddi yüz əlli) manat pul ödəmiş və əslində də yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkənə bu məbləğdən artıq zərər dəyməmişdir. Məhkəmə kollegiyasının qərardadı ilə əldə edilmiş ekspert rəyi ilə də razı deyildir. Ona görə də apellyasiya şikayətinin təmin edilməməsi və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

Tətbiq edilən hüquq

17. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən və s. istifadə edlməsi) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla sahiblik edən fiziki və ya hüquqi şəxsin üzərinə qoyulur. Maddə 1108.2. Yüksək təhlükə mənbəyinin sahibi həmin mənbənin onun sahibliyindən hüquqa zidd götürülməsində təqsirli olduqda məsuliyyət həm mənbə sahibinin, həm də yüksək təhlükə mənbəyinə hüquqa zidd yiyələnmiş şəxsin üzərinə qoyula bilər. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Maddə 936.1. Subroqasiya hüququ bu Məcəllənin 936.6-cı maddəsi nəzərə alınmaqla, sığorta ödənişi almış şəxsin ona dəymiş zərərə görə məsuliyyət daşıyan şəxsə qarşı malik olduğu hüquqlardan və vasitələrdən həmin ödənişi vermiş sığortaçının istifadə etmək hüququdur. Maddə 936.2. Faydalanan şəxsin zərərvuran şəxsə qarşı zərərin əvəzini ödəmək tələbi (iddiası) ilə bağlı hüquq əmlak sığortası üzrə sığorta ödənişini vermiş sığortaçıya subroqasiya qaydasında onun verdiyi sığorta ödənişi məbləğində keçir. Maddə 936.3. Faydalanan şəxs sığorta ödənişini aldıqda subroqasiya hüququnun həyata keçirilməsi üçün özündə olan bütün lazımi sənədlərlə sığortaçını təmin etməlidir.

18. “İcbari sığortalar haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 3.1.4. Sığorta hadisələrinin aradan qaldırılması, habelə sığorta ödənişlərinin məhz bu məqsədlər üçün istifadəsinin təminatı icbari sığortanın əsas prinsiplərindən biridir. Maddə 25.1.3. İcbari sığorta şəhadətnaməsində göstərilən əmlakın onun istifadə etməyə, idarə etməyə, işlətməyə və digər qaydada istismar etməyə hüququ olmayan şəxs tərəfindən istifadə edilməsi, bu zaman, müvafiq əmlak buna hüququ olmayan şəxs tərəfindən sığortalının və ya sığorta olunanın, bu barədə məlumatı olmağa borclu olduğu hallar istisna olmaqla, xəbəri olmadan istismar edilərsə, subroqasiya hüququ həmin şəxsə qarşı yaranır. Maddə 63.1. Qanunun 63.2-ci maddəsi nəzərə alınmaqla, avtonəqliyyat vasitələrinin sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə baş vermiş sığorta hadisəsi zamanı sürücü hadisə yerindən yayınmış olduqda da sığorta ödənişi vermiş sığortaçının hadisəni törətmiş şəxsə qarşı verilmiş sığorta ödənişi məbləğində subroqasiya hüququ yaranır.

19. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Maddə 384.0.2. qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər; Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır: 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi; 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir.

Apellyasiya baxışının hədləri

20. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

21. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

22. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

23. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)- 178/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 9936 manat zərərin ödənilmiş əvəzi və 124.65 manat dövlət rüsumu olmaqla cəmi 10060.65 manat tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat da Cavabdeh tutulmalıdır.

24. İşin halları ondan ibarətdir ki, Cavabdeh 14 iyun 2021-ci il tarixdə idarə etdiyi “Khazar SD” markalı, **-PN-*** dövlət qeydiyyat nişanlı avtomobillə hərəkət edərək X4 istifadəsində olan “X** LC ***” markalı **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobillə ara məsafəsi gözdəmədiyindən, toqquşmuş, bununla da İnzibati Xətalar Məcəlləsinin 327.1-cı maddəsində nəzərdə tutulan inzibati xəta əməlini törətmişdir. "xxxx" tərəfindən aparılmış hesablama əsasında zərərçəkənə 16550,93 manat (on altı min beş yüz əlli manat-93 qəpik) məbləğində sığorta ödənişi ödənilmiş, bununla da "xxxx" Sığorta Şirkətinin cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Dəymiş ziyandan 4750 (dörd min yeddi yüz əlli) manat hissəsi "xxxx" ASC tərəfindən ödənilmişdir. Birinci instansiya məhkəməsi işin hallarını müəyyən etsə də iddianı təmin etməyərək ona istinad etmişdir ki, iddiaçı tərəfindən nəqliyyat vasitəsinin zədələnməsi barədə yol polisi tərəfindən tərtib edilmiş arayış təqdim olunmamış, zərər dəymiş avtomobilə dəymiş ziyanın həcmi və məbləği müraciət etdiyi özəl servis müəssisəsi tərəfindən tərtib olunmuş “Qiymətləndirmə” əsasında müəyyən olunmuşdur. Məhkəmə qeyd olunan sübutu “X** LC ***” markalı **-AZ- *** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş ziyanın tam və düzgün hesablanması üçün mötəbər sübut kimi qəbul etmir və sübutetmə yükü iddiaçının üzərində olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçı iddia ərizəsində istinad etdiyi halları sübut edə bilməmişdir. Ona görə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı subroqasiya qaydasında 11550,93 manat (on bir min beş yüz əlli manat-93 qəpik) sığorta ödənişi məbləği tələbinə dair iddiası rədd edilməlidir.

25. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq əvvəla qeyd edir ki, birinci instansiya məhkəməsi baş vermiş yol-nəqliyyat hadisəsi, cavabdehin inzibati məsuliyyətə cəlb edilməsi, zərərçəkənə sığorta ödənişi edilməsini, dəymiş ziyandan 4750 manatın ödənildiyini işin mübahisəsiz halı kimi müəyyən etsə də, hətta qətnamədə göstərildiyi kimi cavabeh izahatında zərərin məbləğini mübahisələndirdiyi halda məhkəmə dəymiş ziyanın müəyyən edilməsinə dair ekspertiza təyin etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaratmalı, bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah etməlidir.

26. “İcbari sığorta haqqında” Qanunun və Mülki Məcəllənin yuxarıda qeyd olunan normalarına əsasən icbari sığorta müqaviləsi üzrə hadisənin baş verməsində təqsiri olan cavabdehə qarşı subroqasiya hüququ yaranmışdır. Məhkəmə kollegiyasının qərardadı ilə əldə edilmiş ekspert rəyi ilə “X** LC ***” markalı, **-AZ-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci 14686 manat müəyyən edilmişdir. Edilmiş sığorta ödənişi 4750 manat təşkil edildiyindən cavabdehdən tutulmalı olan məbləğ 9936 manat təşkil edir. Ona görə də iddia qismən təmin edilməlidir.

27. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilərək Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)-178/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia qismən təmin edilməli, Cavabdeh 9936 manat zərərin ödənilmiş əvəzi və 124.65 manat dövlət rüsumu olmaqla cəmi 10060.65 manat tutularaq "xxxx" ASC-yə ödənilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin ekspertiza tədqiqatının dəyəri 100 manat Cavabdeh tutulmalıdır.

28. Məhkəmə Kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır. 29.Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.2, 392, 393, 402, 403, 404 və 405-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Apellyasiya şikayəti qismən təmin edilsin. İş üzrə Kəlbəcər Rayon Məhkəməsinin 10 may 2022-ci il tarixli 2(040)-178/2022 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia qismən təmin edilsin. Cavabdeh 9936 (doqquz min doqquz yüz otuz altı) manat zərərin ödənilmiş əvəzi və 124.65 (yüz iyirmi dörd manat altmış beş qəpik) manat dövlət rüsumu olmaqla cəmi 10060.65(on min altmış manat altmış beş qəpik) manat tutularaq "xxxx" ASC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Ekspert tədqiqatının dəyəri 100 (yüz) manat cavabdeh X3 tutularaq Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944 SWİFT BİK CTREAZ 22 hesabına ödənilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar