Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1535/2024 29.08.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi, İddiaçı və Cavabdeh iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 57/2014 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, 12 oktyabr 2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 qətnaməsi ilə (hakim Zaman İmanov) iddia qismən təmin edilmiş, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılmış və 12 oktyabr 2011-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment tutularaq, İddiaçı verilməsi, artırılmış hissədə alimentin tutulması, hazırkı qətnamə qanuni qüvvəyə mindiyi gündən hesablanması, iddia tələbinin qalan hissədə təmin edilməməsi və məhkəmə tərəfindən zəruri hesab edilən digər xərclər (mediasiya xərci) qismində ödənilmiş xərcin 40 (qırx) manatın Cavabdeh tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 saylı qətnaməsinin qismən təmin edilməsini və iddia tələbinin aliment məbləğinin 220 (iki yüz iyirmi) manat tutulması hissəsində dəyişiklilk edilərək, aliment məbləğinin hər ay 160 (yüz altmış) manat miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə qəbul edilmişdir. Belə ki, o, Gəncə X6 Mərkəzində mühasib vəzifəsində işləməklə, 450 manat maaş alır və arada taksi fəaliyyəti ilə də məşğul olur. Bundan əlavə, onun maddi durumu yaxşı olmadığına görə banka yaranmış borcunu ödəyə bilmir. Həmçinin, iddiaçı ilə ayrıldıqdan sonra 14 aprel 2024-cü il tarixdə ikinci dəfə rəsmi nikaha girmişdir. Uşaqları saxlamaq hər iki valideynin borcudur və o, bundan boyun qaçırmır. Hesab edir ki, məhkəmə onun ikinci dəfə ailə qurmasını və maddi vəziyyətini nəzərə almadan qətnamə qəbul etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə müdafiə edərək göstərdi ki, o, iddiaçı ilə ayrıldıqdan sonra ikinci dəfə ailə qurmuşdur. İkinci ailəsindən olan həyat yoldaşı isə hamilədir. Birinci instansiya məhkəməsi tərəfindən qəbul olunmuş qətnaməsinin aliment hissəsində qeyd olunmuş məbləği ödəməyə maddi imkanı çatmır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 saylı qətnaməsinin aliment məbləğinin 220 (iki yüz iyirmi) manat tutulması hissəsində dəyişiklilk edilərək, aliment məbləğinin hər ay 160 (yüz altmış) manat miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş etdi. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək göstərdi ki, uşaqın səhhətində problemləri var. O, özü isə himayəsində olan övladı ilə yaşayır və heç bir yerdə işləmir. Buna görə də, uşağın saxlanılmasına görə maddi cəhətdən çətinlik çəkir. Qətnaməni qanuni hesab edir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)- 2372/2024 saylı qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 saylı qətnaməsi mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüqüq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, Cavabdeh apelyasiya şikayətində Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 saylı qətnaməsinin alimentin məbləği ilə bağlı, yəni 12 oktyabr 2011-ci il təvəllüdlü X2 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər növ qazancından hər ay bir uşaqa görə 220 ( iki yüz iyirmi) manat sabit pul məbləğində alimentin (vəsait) tutularaq İddiaçı verilməsi hissəsini mübahisələndirərək, aliment məbləğinin hər ay 160 (yüz altmış) manat miqdarında tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Qətnamənin digər hissələri isə mübahisələndirilməmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apelyasiya şikayətinin dəlilləri həcmində mübahisələndirilən hissədə və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prosessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apelyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarına əlavə olunmuş: AZ-İİ seriyalı, 748773 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X2 12 oktyabr 2011-ci il tarixində doğulmuşdur. Atası: Cavabdeh, anası: İddiaçıdır. “İlkin mediasiya prosesində iştirak edilməməsi” barədə xx.xx.2024-cü il tarixli, 00420 nömrəli arayışdan görünür ki, bu arayış İddiaçı müraciəti əsasında yeri və vaxtı barədə əvvəlcədən məlumatlandırılan qarşı tərəf Cavabdeh mübahisə üzrə 04 mart 2024-cü il tarixdə saat 14:00-da keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etməməsinin təsdiq edilməsi üçün verilir. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 55 (50 manat ims, 5 manat poçt xərci) manat məbləğində xərci tam ödəmişdir. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsindən görünür ki, iddia təmin edilmiş, iddiaçı Cavabdeh ilə Qasımova (Məmmədova) Gülnar Alim qızının arasında Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 01 dekabr 2010-cu il tarixdə 976 saylı akt qeydi ilə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının himayəsində saxlanılması, 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2014-cü il tarixdən başlayaraq, Cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının xeyrinə hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. Azərbaycan Respublikası Gəncə X6 Mərkəzi tərəfindən verilmiş 07 nömrəli, 25 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixindən Gəncə X6 mərkəzində işləyir. Hal-hazırda o, Gəncə X6 Mərkəzində mühasib vəzifəsini tutur. X7 X3 Ştat Cədvəlinə uyğun olaraq, əmək haqqı 450 (dörd yüz əlli) manat məbləğində təşkil etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi tərəfindən verilmiş iş yerinə dair arayışdan görünür ki, Cavabdeh Gəncə X6 Mərkəzində məşğulluq əsnifatı üzrə: direktor, müəssisə/emaledici sənaye; əmək müqaviləsi üzrə: rəhbər, inzibatçı işləməklə, 450 (dörd yüz əlli) manat əmək haqqı alır. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin 2-ci bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 34-cü maddəsinin 4-cü bəndinə görə, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideyinlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. «Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Məhkəmə kollegiyasında müəyyən edildi ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-57/2014 nömrəli, 13 fevral 2014-cü il tarixli qətnaməsi ilə, iddiaçı Cavabdeh ilə Qasımova (Məmmədova) Gülnar Alim qızının arasında Gəncə şəhəri Kəpəz rayon Qeydiyyat şöbəsində 01 dekabr 2010-cu il tarixdə 976 saylı akt qeydi ilə bağlanmış nikah pozulmuş, tərəflərin birgə nikahlarından 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının himayəsində saxlanılması, 12 oktyabr 2011-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanması üçün 13 fevral 2014-cü il tarixdən başlayaraq, Cavabdeh Qasımova (Məmmədova) Gülnar Alim qızının xeyrinə hər ay 90 (doxsan) manat sabit pul məbləğində aliment tutulması qət edilmişdir. İddiaçı Cavabdeh qarşı “alimentin miqdarının artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli, 2(044)- 57/2014 saylı qətnaməsi əsasında tutulan alimentin miqdarı dəyişdirilərək, 12 oktyabr 2011-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 250 (iki yüz əlli) manat sabit pul məbləğində alimentin və tərəfindən ödənilmiş 55 (əlli beş) manat mediasiya xərcinin onun xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, alimentin miqdarının hər ay uşağa görə 220 manat sabit pul məbləğində müəyyən edilməsi məqsədəmüvafiqdir. Məhkəmə kollegiyası həmin nəticə ilə razılaşır və qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Valideynlər uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası hesab edir ki, Cavabdeh hər ay bir uşağa görə 220 ( iki yüz iyirmi ) manat sabit pul məbləğində alimentin müəyyən edilməsi hazırda tərəflərin real vəziyyətinə uyğun gəlir. Belə ki, tərəflərin birgə nikahlarından doğulmuş Günay 13 yaşında olmaqla, anasının yanında yaşayır və böyüdükcə onun təhsil, səhhət, geyim və qida ilə bütün xərcləri mütəmadi şəkildə artmaqla cavabdeh tərəfindən ödənilir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinə münasibət bildirərək,qeyd edir ki, cavabdehin maddi imkanının zəif olması və ikinci dəfə ailə qurması barədə dəlillərini alimentin azaldılması üçün əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər qətnamə ilə müəyyən edilmiş alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, yuxarıda sadalanan qanunvericilik normalarından da göründüyü kimi, uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcu olmaqla, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyəti daşıyırlar və hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Valideynlər uşaqlarını saxlamağa borcludur və bu borcun yerinə yetirilməsi onların işləyib-işləməməsindən asılı deyildir. Həm də, cavabdehin həmin alimeni ödəmək iqtidarında olmasını təsdiq edən gəlirləri vardır. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə mübahisələndirilmiş hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları həmin hissədə düzgün müəyyən edilmişdir. Qətnamənin iddianın qismən təmin olunmuş hissəsində ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2372/2024 nömrəli qətnaməsi iddianın qismən təmin olunmuş hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-1535/2024
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1535/2024
29.08.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver