Məhkəmə qərarları › İş №2(104)-1536/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1536/2025

31.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1536/2025 31.07.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 saylı qərardadından Cavabdeh tərəfindən verilmiş şikayətə Gəncə Apellyasiya Məhkəməsinin binasında, yazılı icraat qaydasında baxaraq, məhkəmə kollegiyası müəyyənetdi: Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnaməsi ilə iddia tam təmin edilmiş, cavabdeh X1 1500 (bir min beş yüz) məbləğində pul və dövlət rüsumu qismində ödənilmiş 35 (otuz beş) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti elektron qaydada məhkəməyə daxil olmuşdur. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 saylı qərardadı ilə Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnaməsindən iş üzrə Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh Bərdə Rayon Məhkəməsinin 18 iyul 2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnaməsindən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin bərpa edilməsinə dair ərizə ilə məhkəməyə müraciət etmiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 nömrəli qərardadı ilə ötürülmüş müddətin bərpasından imtina edilmiş və apellyasiya şikayəti geri qaytarılmışdır. Cavabdeh həmin qərardaddan şikayət vermiş, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 nömrəli qərardadının ləğv edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 saylı qərardadı ilə şikayət təmin olunmamış və baxılması üçün işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Apellyasiya instansiyası məhkəməsi tərəfindən iş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmişdir. Şikayətə dair iş üzrə tərəflərdən hər hansı etiraz və ya izahatlar apellyasiya instansiyası məhkəməsinə daxil olmamışdır. Məhkəmə kollegiyası şikayət üzrə işə məhkəmə iclasında baxılmasına əsaslar və zərurət müəyyən etməmişdir. Hazırkı şikayətə Azərbaycan Respublikası MPM-in 397.2-ci maddəsinə müvafiq olaraq yazılı icraat qaydasında baxılır. İş üzrə tərəflərə işə yazılı icraat qaydasında baxılması barədə bildiriş göndərilərək, şikayətə dair etiraz və ya izahatlarının təqdim edilməsi təklif edilmiş, tərəflər məhkəməyə etiraz və ya izahat təqdim etməmişlər. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası işdə olan sənədlərə hüquqi qiymət verərək hesab edir ki, şikayət təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, ərizə təmin edilməli, apellyasiya şikayəti vaxtında verilmiş hesab edilərək apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. Şikayətin düzgün həlli üçün qanunvericiliyin apellyasiya şikayəti vermə müddəti, bu müddətin başlanması və sair kimi hüquqi əhəmiyyət kəsb edən prosessual hüquq normaları təhlil olunmalıdır. Başlanğıc olaraq qeyd olunmalıdır ki, MPM-in 360-cı maddəsinə əsasən, apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətinə verilə bilər. Bu normadan göründüyü kimi, apellyasiya şikayəti vermə müddəti, qətnamənin rəsmi qaydada verildiyi gündən başlanır. Müddətlərin hesablanması qaydalarını müəyyən edən MPM-in 128.3-cü maddəsinə görə illərlə, aylarla və ya günlərlə hesablanan prosessual müddətin axını müddətin başlanğıcının təyin edildiyi təqvim tarixindən və ya hadisənin baş verməsindən sonrakı gündən başlanır. MPM-in 129-cu maddəsində prosessual müddətlərin qurtarması qaydaları müəyyən edilərək göstərilmişdir ki, illərlə hesablanan müddət, müddətin son ilinin müvafiq ayında və günündə qurtarır. Aylarla hesablanan müddət, müddətin müvafiq son ayında və günündə qurtarır. Aylarla hesablanan müddətin sonu müvafiq günü olmayan aya düşərsə, müddət həmin ayın son günündə qurtarır. Müddətin son günü qeyri-iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur. Edilməsi üçün müddət müəyyən olunmuş prosessual hərəkət, müddətin son günü saat iyirmi dördə qədər yerinə yetirilə bilər. Apellyasiya və kassasiya şikayətləri, digər sənədlər və ya pul məbləğləri müddətin son günü saat iyirmi dördə qədər rabitə orqanlarına verilərsə, müddət ötürülməmiş hesab olunur. Prosessual hərəkət bilavasitə məhkəmədə və ya digər təşkilatda edilməlidirsə, müddət həmin məhkəmədə və ya təşkilatlarda müəyyən edilmiş qaydalar üzrə işin qurtardığı və ya müvafiq əməliyyatların kəsildiyi saatda qurtarır. Qətnamədən şikayət vermə müddətinin axımı qətnamənin surətinin rəsmi qaydada verildiyi vaxtdan hesablandığına görə, qətnamənin rəsmi qaydada verilməsi anlayışının izahına da ehtiyac vardır. Bununla bağlı qeyd olunmalıdır ki, mülki mühakimə icraatına aid bəzi sənədlərin xüsusi əhəmiyyəti nəzərə alınaraq, onların proses iştirakçılarına verilməsi, həm də bunun rəsmi qaydada həyata keçirilməsi nəzərdə tutulmuşdur. Rəsmi qaydada verilməli olan sənədlərin siyahısı MPM-nin 134-cü maddəsində müəyyən olunmuşdur. Həmin Məcəllənin 134.1.5-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin aktları rəsmi qaydada verilməlidir. MPM-in 135-ci maddəsində məhkəmə sənədlərinin çatdırılması və rəsmi şəkildə verilməsi qaydaları dəqiq müəyyən edilmişdir. Həmin Məcəllənin 135.1-ci maddəsinə görə, bu Məcəllənin 135.6-cı və 135.8-ci maddələrində müəyyən edilmiş hallar istisna olmaqla, bu Məcəllənin 134-cü maddəsində sadalanan məhkəmə sənədləri “Poçt haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş sifarişli poçt göndərişi (məktubu) ilə çatdırılır. Zəruri hallarda məhkəmə sənədinin çatdırılması hakim tərəfindən məhkəmə işçisinə tapşırıla və ya işdə iştirak edən şəxsin razılığı ilə həmin şəxsə həvalə edilə bilər. Daha sonra həmin Məcəllənin 135.2-ci maddəsində göstərilir ki, məhkəmə sənədləri məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə, ünvan sahibinə rabitə orqanları, yaxud məhkəmə sənədlərinin çatdırılması tapşırılmış şəxslər tərəfindən şəxsən verilir. Hüquqi şəxsə ünvanlanmış məhkəmə sənədləri müvafiq vəzifəli şəxsə qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilir. Məhkəmə sənədlərinin rəsmi qaydada verilməsi məhkəmədə də həyata keçirilə bilər. Həmin Məcəllənin 135.5-ci maddəsində deyilir ki, bu Məcəllənin 135.2-ci, 135.3-cü, 135.6-cı və 135.8-ci maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə sənədi rəsmi qaydada verilmiş hesab edilir. Qanunvericilik rəsmi sənədlərin verilməsinin üç qaydasını, yəni poçt vasitəsi ilə çatdırılma, təqdim olunmaqla verilmə, habelə “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə proses iştirakçısının elektron kabinetinə yerləşdirilməsi qaydalarını müəyyən etmişdir. Bu üsulların birinin digərindən üstünlüyü müəyyən olunmamışdır. İş materialları ilə 18 iyul 2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnamənin Cavabdeh rəsmi qaydada çatdırılmasını təsdiq edən hər hansı rəsmi sənəd müəyyən edilməmişdir. İş materialında yalnız "xxxx" MMC-nin X6 filialının xx.xx.2025-ci il tarixli məktubu var ki, həmin məktubda bildirilir ki, Bərdə Rayon Məhkəməsi tərəfindən Bərdə rayon Kətəlparaq kənd sakini Cavabdeh göndərilmiş məktublar həmin ərazi üzrə xidmət göstərən poçtalyon X2 yazılı verdiyi məlumata əsasən SX 036496635AZ saylı məktubu xx.xx.2024-cü il tarixdə və SX036497817AZ saylı məktubu isə xx.xx.2024-cü il tarixdə oğlu Asimana verilmişdir. Yuxarıda sadalanan normalardan göründüyü kimi, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi sifarişli poçt göndərişi ilə məhkəməyə qaytarılmalı olan, forması müvafiq qaydada təsdiq edilmiş qəbzə və ya sənədin kötüyünə imza etdirilməklə verilməli idi. “Poçt haqqında” Qanunun 1.0.10-cu maddəsinə əsasən sifarişli poçt göndərişi – göndərilmək üçün qəbul olunduğuna dair istifadəçiyə qəbz verilməsi, çatdırılarkən isə ünvan sahibinin müvafiq sənədi imzalaması tələb olunan poçt göndərişidir. İş materiallarından isə müəyyən olunduğu kimi hazırkı iş üzrə qətnamənin qanunvericiliyin tələbinə uyğun çatdırılmasını təsdiq edən qəbz və ya sənədin kötüyü mövcud deyildir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi xx.xx.2007-ci il tarixli Qərarında qeyd etmişdir ki, qanunvericilik prosessual müddətin buraxılması dedikdə, qanunla müəyyən edilmiş müddətin buraxılmasını nəzərdə tutur. MPM-də müddətin axımının qanunda nəzərdə tutulmuş hallar istisna olmaqla, qətnamənin (qərardadın) çıxarıldığı tarixdən deyil, onun təqdim olunduğu (alındığı) andan hesablanmasına dair birbaşa göstəriş nəzərdə tutulmuşdur. Bu isə o deməkdir ki, qətnamənin çıxarıldığı tarix müddətin keçdiyini müəyyən etmək üçün əsas deyildir və məhkəmə yalnız qətnamənin çıxarıldığı tarixə istinad etməklə tərəfi prosessual müddətin bərpa edilməsi barədə vəsatət verməyə məcbur etməkdə haqlı ola bilməz. Tərəfin prosessual müddəti ötürməməsi onu belə vəsatət verməkdən azad edir, məhkəmənin üzərinə isə qanunvericilikdə nəzərdə tutulmuş növbəti prosessual hərəkətləri yerinə yetirmək vəzifəsi qoyur. Həmçinin iş materiallarında olan qətnamənin təqdim edilməsinə dair qəbzdən görünür ki, qeyd olunan qətnamə qəbzə imza edilməklə xx.xx.2024-cü il tarixdə Cavabdeh tərəfindən qəbul edilmişdir. Elektron məhkəmə informasiya sistemindən müəyyən edilir ki, həmin qətnamədən cavabdeh tərəfindən apellyasiya şikayəti isə xx.xx.2025-ci il tarixdə prosessual müddət ötürülməməklə verilmişdir. Şərh olunanlara əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, apellyasiya şikayəti vaxtında verildiyindən prosessual müddətin bərpası barədə ərizə təmin edilməməli və apellyasiya şikayəti əsasında iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilməlidir. MPM-in 398.0.3-cü maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsinin qərardadı tam və ya qismən ləğv edib qərardadla həll edilməli olan məsələni həll etmək səlahiyyəti vardır. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 133, 263-264, 267, 398 və 402-ci maddələrini rəhbər tutaraq, qəraraaldı: Cavabdeh tərəfindən verilmiş şikayət təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-1883/2024 nömrəli qərardadı ləğv edilsin. Cavabdeh tərəfindən verilmiş ərizə apellyasiya şikayəti verilməsi üçün prosessual müddət ötmədiyindən təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(021)-1883/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti vaxtında verilmiş hesab edilsin və apellyasiya şikayəti əsasında mülki iş qeydiyyat üçün Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasına verilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar