Məhkəmə qərarları › İş №2(104)-1537/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1537/2025

24.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1537/2025 24.09.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Mamedov Rəşad Ziyaviddin oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Yusifli Aytac Yadigar qızının katibliyi, İddiaçı və Cavabdeh2 iştirakları ilə, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsindən Cavabdeh2 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək məhkəmədən cavabdeh X1 13100 manat, digər Cavabdeh2 isə 8365 manat pulun alınıb ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Bakı şəhəri Nərimanov rayonunda yaşayan, metal qəbulu məntəqəsində işləyən Rafiq adlı şəxsi bir neçə ildir tanıyır. Təxminən bir neçə ay əvvəl Rafiq ona Bərdə rayonu Əliyanlı kəndində yaşayan Cavabdeh1 Bərdə rayon Pambıq zavodunun söküntüsü işlərində iştirak etdiyini və həmin zavoddan sökülən dəmir metalların satışı ilə məşğul olduğu bildirmiş və təklif etmişdir ki, Cavabdeh1 dəmir materialları alıb özü də satsın. Bu məqsədlə onlar Bərdə rayonuna gələrək Cavabdeh1lə görüşmüşlər. Məqsədlərini bildikdən sonra Cavabdeh1 Cavabdeh2 rəhbərlik etdiyi Ekonom ASB-də işlədiyini demişdir. Onlar Cavabdeh2la tanış olaraq alqı-satqı müqaviləsi bağlamışlar. Müqaviləyə əsasən Cavabdeh2 ona dəmir metal tonunu 490 manata satacaqdır. Bir müddət keçdikdən sonra Cavabdeh1 ondan dəmir metalların pulunu əvvəlcədən ödəməli olduğunu bildirərək, onun göndərdiyi kart hesablarına xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixədək olan müddət ərzində müxtəlif vaxtlarda ümumilikdə 34100 (otuz dörd min yüz) manat məbləğində pul göndərmişdir. Cavabdeh1 kart hesabına 19000 (on doqquz min), digər Cavabdeh2 rəhbərlik etdiy Ekonom ASB-nin kart hesabına isə 15000 ( on beş min) manat pul göndərmişdir. Sonra Cavabdeh1 dəmirləri zavodun ərazisindən çıxara bilmədiyini deyib gözləməli olduğunu söyləmişdir. Zamanla müxtəlif bəhanələrlə onu yubatdığı başa düşərək onları şikayət edəyəcəyini bildirdikdə isə, ona 13451 kq olmaqla, 6635 manat dəyərində dəmir metal göndərmişdir. İkinci dəfə dəmir göndərilməsini gözlədiyi zaman ona məlum olmuşdur ki, Bərdə rayonu Pambıq zavodu Cavabdeh2 rəhbərlik etdiyi Ekonom ASB ilə müqaviləsi ləğv edilmişdir. Bu barədə ona heç bir məlumat verilməmişdir. Sonra o cavabdehlərdən pullarını tələb etdikdə, ona Cavabdeh1 müxtəlif vaxtlarda 1000 manat, 500 manat və 150 manat göndərmişdir, 7000 manat pulu isə Ekonom ASB–nin hesabına göndərmişdir. Qalan pulu qaytarmamışdır. Cavabdeh2 isə Ekonom ASB-nin hesabında qalan pulunu tələb edəndə ona demişdir ki, 5385 manat pulu çıxarmışdır, 4760 manat pulu ona çatdırılması üçün Cavabdeh1 vermişdir. Halbuki Cavabdeh1 ona həmin 4760 manat pulu ödəməmişdir. Bu barədə o Bərdə RPŞ-nə şikayət vermişdir. Sonra pul qaytarılmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsi ilə (sədrlik edən hakim Ziya Abdullayev) iddia təmin edilmişdir. Cavabdeh2 həmin qətnamədən apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsinin ona aid hissədə, yəni Cavabdeh2 8365 manat pulun tutularaq İddiaçı verilməsi hissəsində ləğv edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırmışdır ki, iddia tələbindən onun xəbəri olmamış, məhkəmə qətnaməsi ona məhkəməyə şəxsən müraciətindən sonra verilmiş, qətnamə ilə tanış olandan sonra orada qeyd olunanlar ona aydın olmuşdur. O, məhkəmə iclasına dəvət olunmamış, məhkəmədə iştirakla bağlı hər hansı məhkəmə bildirişi ilə məlumatlandırılmamışdır. İş üzrə cavabdeh olan Cavabdeh1 tərəfindən iddiaçıya olan borc məbləği ödənilmiş, ona ödənilməmiş borc qalmamışdır. İş üzrə cavabdeh X3 işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdeh X2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh2 məhkəmə kollegiyasının iclasında hazırkı işə Gəncə Kommersiya Məhkəməsində baxılmasına etiraz etmədiyini, iş üzrə müvafiq qərar qəbul edilməsini məhkəmənin mülahizəsinə buraxdığını, İddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olduğunu, işin məhkəmə aidiyyatı üzrə göndərilməsinə etiraz etmədiyini bildirdilər. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında əlavə edilmiş: - İnternet Vergi İdarəsindən əldə edilmiş axtarış barədə çıxarışlala müəyyən edilir ki, İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış ona xx.xx.2006-cı ildə ********** saylı VÖEN verilmiş, fəaliyyəti müvəqqəti dayandırılmışdır, X5 Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən vergi ödəyicisi kimi vergi uçotuna alınmış və ona xx.xx.2013-cü ildə ********** saylı VÖEN verilmişdir. - xx.xx.2024-cü il tarixli, 01 nömrəli alqı-satqı müqaviləsinə əsasən, müqaviləyə əlavə olunan qiymət razılaşdırılması haqqında protokolda göstərilən mallar "xxxx" MMC (VÖEN: **********; Direkor: Cavabdeh2) tərəfindən "xxxx" MMC-yə (VÖEN: **********; Direktor: İddiaçı) satılmışdır. Göründüyü kimi, hazırkı mübahisə "xxxx" MMC ilə "xxxx" MMC və digər cavabdeh fərdi sahibkar olan X4 arasında sahibkarlıq fəaliyyətinin həyata keçirməsi ilə əlaqədar yaranmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 13-cü maddəsinə görə, sahibkarlıq fəaliyyəti şəxsin müstəqil surətdə həyata keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən, əmtəə satışından, işlər görülməsindən və ya xidmətlər göstərilməsindən mənfəət götürülməsi olan fəaliyyətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin:

1. Qeyd: Bu Məcəllədə kommersiya mübahisələri dedikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələr başa düşülür. 24.2. Mübahisənin ümumi məhkəməyə və ya kommersiya məhkəməsinə aidiyyəti işdə iştirak edən şəxslərin subyektiv tərkibi, mübahisənin predmeti və hüquq münasibətlərinin xarakteri nəzərə alınmaqla, bu Məcəlləyə müvafiq olaraq müəyyən edilir. 26.1. Sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə (kommersiya mübahisələrinə) dair işlərə mülki məhkəmə icraatı qaydasında kommersiya məhkəmələri baxır.

30. Bir-biri ilə əlaqədar olan bir neçə tələbi birləşdirərkən, onlardan bir qismi ümumi məhkəməyə, digərləri isə kommersiya məhkəməsinə aiddirsə, tələblərə kommersiya məhkəməsində baxılmalıdır. Kollegiya qeyd edir ki, mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Bu halda, həm mübahisənin subyekt tərkibi, həm də predmeti məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmalıdır. Hazırkı iş materiallarından görünür ki, iddiaçı və cavabdehlər sahibkarlıq subyekti olmaqla, tərəflərin arasında yaranmış hüquq münasibətlərinin xarakteri də məhz tərəflər arasında sahibkarlıq fəaliyyətini həyata keçirməsi ilə bağlıdır. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarı:

11. O da nəzərə alınmalıdır ki, MPM-in 1-ci maddəsinin qeyd hissəsində kommersiya mübahisələrinə anlayış verilərkən onların məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrə aid olduğu göstərilmişdir. MPM-in istinad olunan 1-ci, habelə 25 və 26-cı maddələrinin tələblərinə uyğun olaraq mübahisə üzrə tərəflərin hüquq münasibətlərinin xarakterinin sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olması işin ümumi və ya kommersiya məhkəmələrinə aidiyyətinin müəyyənləşdirilməsi baxımından həlledici meyardır. Göründüyü kimi, qanunverici məhkəmə aidiyyətini yeni qaydada müəyyən edən zaman, həm mübahisənin subyekt tərkibinin, həm də predmetinin məhz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə bağlı olmasını tələb edir. Həmin meyar üzrə qiymətləndirmənin həyata keçirilməsi zamanı mübahisənin predmetini təşkil edən tələbin tərəflərdən yalnız birinin sahibkarlıq fəaliyyətindən irəli gəlməsi və ya onun sahibkarlıq fəaliyyəti ilə bağlı olması işin kommersiya məhkəməsində baxılması üçün yetərli deyildir. Belə ki, məsələn: verilmiş istehlak krediti üzrə fərdi sahibkar statusuna malik olan fiziki şəxsə qarşı borc tələbinə dair iddianın bankın sahibkarlıq fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməsinə, habelə mübahisənin hər iki tərəfinin sahibkarlıq subyekti olmasına baxmayaraq, kreditin sahibkarlıq fəaliyyətində istifadə üçün deyil, şəxsi istehlak məqsədləri ilə verilməsi səbəbindən işə ümumi məhkəmədə baxılmalıdır.

12. Bu baxımdan məhkəmə aidiyyətinin müəyyən edilməsi zamanı işin kommersiya məhkəməsində baxılması üçün hüquq münasibətlərinin xarakterinə qiymət verilərkən əsas tələb (və yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin tərəflərdən yalnız birinin deyil, ən azı iki qarşı tərəfin ayrıayrılıqda və ya birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən, yaxud da tərəflərin (sahibkarlıq subyekti olub-olmamasından asılı olmayaraq) bağlı olduqları bir sahibkarlıq subyektinin özünün fəaliyyətinin həyata keçirilməsindən irəli gəlməli olması nəzərə alınmalıdır.

13. Əsas tələb (yaxud birlikdə baxılması mümkün olan əsas tələblərdən ən azı biri) üzrə mübahisənin ən azı iki qarşı tərəfin birgə həyata keçirilən sahibkarlıq fəaliyyətindən irəli gəldiyi mübahisələrə müqavilə münasibətlərindən yaranan tələblər aiddir. İş üzrə ən azı iki qarşı tərəfin sahibkarlıq fəaliyyətinin birgə və yaxud ayrıayrılıqda həyata keçirdiyi zaman yarana bilən mübahisələrə əşya-hüquqi münasibətlərdən irəli gələn istifadə, sahiblik və mülkiyyət hüquqlarının müdafiəsi, habelə deliktdən irəli gələn tələblər aiddir. “İşlərin ümumi və yaxud kommersiya məhkəmələrinə aidiyyətinin müəyyən edilməsi, məhkəmə aidiyyəti ilə bağlı mübahisələrə və məhkəmələr arasında yaranan fikir ayrılıqlarına baxılmasının xüsusiyyətlərinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 18 sentyabr tarixli Qərarının tətbiqi ilə bağlı məhkəmələrin fəaliyyətinin monitorinqinin nəticələrinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2022-ci il 19 dekabr tarixli 6 nömrəli Qərarı əlavə edilmiş 28-ci bəndi ilə məhkəmələrə izah edilmişdir ki, fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxsin Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada öz fəaliyyətini müvəqqəti dayandırması, yəni həmin şəxsin VÖEN-nin (vergi ödəyicisinin eyniləşdirmə nömrəsinin) aktiv olmaması onu fərdi sahibkar statusu olmayan şəxs kimi qiymətləndirməyə əsas vermir. Fərdi sahibkar kimi müvafiq vergi orqanında uçota alınmış fiziki şəxs yalnız Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 34.7.3-cü maddəsində nəzərdə tutulmuş əsaslar üzrə belə uçotdan çıxarıldığı halda fərdi sahibkar statusunu itirmiş hesab edilir. Həmçinin nəzərə alınmalıdır ki, fiziki şəxsin fərdi sahibkar kimi vergi orqanında uçota alınarkən göstərilən konkret fəaliyyət istiqamət (lər)i ilə deyil, qanunla qadağan edilməyən sahibkarlıq fəaliyyətinin başqa növü ilə məşğul olması işin kommersiya məhkəməsinə aidiyyətini dəyişdirmir. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə görə, hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məhkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası MPM-in 31.1-ci maddəsinə əsasən, aidiyyət qaydalarının pozulmasına yol verilmir. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı mübahisəyə baxılarkən məhkəmə aidiyyəti qaydaları pozulmuş və Bərdə Rayon Məhkəməsi prosessual qanunvericiliyin aidiyyətlə bağlı tələblərini pozmaqla işi icraatına qəbul edərək, hazırkı qətnaməni qəbul etmişdir. Azərbaycan Respublikası MPM-in 384.0.4-cü maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi işə məhkəmə və ya ərazi aidiyyəti qaydalarının pozulması ilə baxıldığını müəyyən etdikdə, qətnaməni ləğv edib, işi aidiyyəti üzrə birinci instansiya məhkəməsinə göndərə bilər. Həmin Məcəllənin 387.2.9-cu maddəsinə əsasən, şikayətin dəlillərindən asılı olmayaraq işə ərazi və ya məhkəmə aidiyyəti qaydalarının pozulması ilə baxılmışdırsa birinci instansiya məhkəməsinin qətnaməsi və ya qərardadı ləğv edilməlidir: Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsi ləğv edilməli və iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilməlidir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 384, 387, 405-407ci maddələrini rəhbər tutaraq,

qərara aldı : Apellyasiya şikayəti qismən təmin edilsin. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(021)-348/2025 nömrəli qətnaməsi ləğv edilsin. İddiaçı cavabehlər X3 və Cavabdeh2 qarşı pul tələbinə dair iş baxılması üçün məhkəmə aidiyyəti üzrə Gəncə Kommersiya Məhkəməsinə göndərilsin. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsiə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qərardaddan kassasiya şikayəti verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün sonra qanuni qüvvəyə minir.

Sədrlik edən Aygül İsgəndərova, Hakimlər Rəşad Mamedov, Rüfət Məcidov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar