Məhkəmə qərarları › İş №2(104)-155/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-155/2023

09.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-155/2023 09.02.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədirliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 və iddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X1 iştirakları ilə, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 saylı qətnaməsindən üçüncü şəxs X9 tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Bank "xxxx" ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli, 0035 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, həmin kredit müqaviləsindən irəli gələn, xx.xx.2021-ci il tarixinə olan 33189.52 manat əsas borc, 8138.04 manat faiz borcu, cəmi borc 41327.56 manat və ödənilmiş 30 manat dövlət rüsumu və 0.40 manat bank xidməti haqqı, həmçinin 70 manat ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş rüsumun Cavabdeh onun xeyrinə tutulması, Cavabdeh ilə bağlanan 27 may 2015-ci il tarixli, 0035 nömrəli ipoteka müqaviləsi əsasında tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0172 ha torpaq sahəsi ilə birgə tutmanın yönəldilməsi, açıq hərracda satılması və həmin ipoteka ilə təmin edilmiş kredit borcunun ipoteka predmetinin açıq hərracda satışından əldə edilmiş pul vəsaiti hesabına ödənilməsi, ipoteka predmeti olan əmlak satıldıqdan sonra əldə edilən vəsait kredit borcunu ödəməzsə qalan məbləğin Cavabdeh tutulması və fərdi yaşayış evinin boşaldılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsi ilə (hakim K.Hüseynov) iddia təmin edilmiş, "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli, 0035 nömrəli kredit müqaviləsinin ləğv edilməsi, Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə 33189.52 manat əsas, 8138.04 manat faiz, cəmi 41327 (qırx bir min üç yüz iyirmi yeddi) manat 56 (əll altı) qəpik məbləğində borcun tutularaq ödənilməsi, tutmanın Cavabdeh məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0172 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması və hərracın satışından əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinə və 0.0172 ha torpaq sahəsinə yönəldilməsi, həmin əmlakın açıq hərracda satılması və hərracdan əldə olunmuş vəsait borcun ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh iddiaçının xeyrinə tutulması, ipoteka predmeti olan ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evinin və 0.0172 ha torpaq sahəsinin ilkin satış qiymətinin 37 093 (otuz yeddi min doxsan üç) manat müəyyən edilməsi, ipoteka predmetinin satıldıqdan 1 ay sonra boşaldılması, iddiaçının məhkəməyə iddia ərizəsi verərkən ödədiyi 30 (otuz) manat dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 70 (yetmiş) manat rüsumun və 40 (qırx) qəpik xidmət haqqının Cavabdeh iddiaçı Bank "xxxx" ASC-nin xeyrinə tutulması qət edilmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X9 həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsinin ləğv edilməsini, şişirdilmiş faizlərin azaldılmasına, ipoteka predmetinin bu günə olan real bazar dəyərinin təyin edilməsinə və əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması hissəsində ləğv edilərək, apellyasiya şikayəti üzrə tələbinin təmin olunmasını xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadına əsasən apellyasiya şikayəti MPM-nin 2 saylı Əlavəsində nəzərdə tutulmuş formada verilmədiyi üçün geri qaytarılmışdır. xx.xx.2022-ci il tarixdə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 apellyasiya şikayəti və buraxılmış müddətin bərpa edilməsinə dair vəsatət verərək, xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 saylı qətnamədən apellyasiya şikayəti verilməsi üçün buraxılmış müddətin üzrlü hesab edilməsini xahiş etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qərardadı ilə müstəqil tələb irəli sürməyən 3-cü şəxs X4 ərizəsi təmin olunmuş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 saylı qətnaməsindən apellyasiya şikayətinin verilmə müddətinin bərpa edilməsi və apellyasiya şikayəti baxılması üçün mülki işlə birlikdə Gəncə Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh və onun ailə üzvləri tərəfindən dəfələrlə banka cavabdehin oğlunun xəstə olması və əməliyyat keçirməsi bildirilmiş, bundan sonra cavabdeh tərəfindən banka 3600 manat məbləğində birdəfəlik pul vəsaiti ödəniş kimi verilmiş, lakin həmin pulu bank rəsmi olaraq ödənişə qəbul etməmiş, pul bankda qeyri-qanuni olaraq 3-4 ay qaldıqdan sonra cavadeh pulun qalan hissəsini tapıb ödəyə bilmədiyindən pul cavabdehə qaytarılmışdır. Həmçinin “X6” MMC fərdi yaşayış evinin və torpaq sahəsinin ilkin satış qiymətini 37093 AZN dəyərində qiymətləndirmişdir. Halbu ki, xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsi ilə, ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 31.4 kv/m olan ünvan 4 ünvanında, mülkiyətində olan 0.0172 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evininin satış qiyməti 60000 manat müəyyən edilmişdir. Həmin evin qiymətinin 60000 manatdan 37093 manata salınması qanunsuz olmuşdur ki, həmin qiymətə hazırda ev almaq və ya tikdirmək mümkün deyildir. Cavabdeh işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini qismən müdafiə edərək, göstərdi ki, şikayətində qətnamənin faiz və əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması hissəsini mübahisələndirsə də, hazırda həmin hissələri mübahisələndirmir və razılaşır. O, əslində qətnamənin yalnız evin ilkin satış qiyməti ilə razılaşmamış və hazırda əldə edilmiş mütəxəssis rəyi ilə razılaşır. Ona görə də, apellyasiya şikayətinin qismən təmin edilməsini, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsinin evin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsini xahiş etdi. İddiaçı Bank "xxxx" ASC-nin nümayəndəsi X3 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, iş üzrə hazırda əldə edilən mütəxəssis rəyi ilə razıdır və qətnamənin evin ilkin satış qiyməti ilə bağlı hissədə dəyişdirilməsinə etiraz etmir. Ona görə də, qanuni qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsləri dinləyərək, hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0172 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətlərinə uyğun ilkin satış qiyməti kimi likvid dəyəri 65835.00 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarından görünür ki, müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 apellyasiya şikayətində Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(044)- 156/2022 nömrəli qətnaməsini faiz, ipoteka predmetinin ilkin satış qiyməti və əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması hissəsində ləğv edilməsini xahiş etsə də, şikayətinin dəlillərində və apellyasiya instansiyası məhkəməsində verdiyi izahatında qətnamənin faizlə bağlı hissəsini mübahisələndirmədiyini göstərmişdir. Ona görə də, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını apellyasiya şikayətinin dəlilləri həcmində ipoteka predmetinin ilkin satış qiyməti və əmlakın hərracdan satıldıqdan bir ay sonra boşaldılması hissəsində və həmin hissədə məhkəmənin maddi hüquq normalarına riayət etməsini, həmçinin Azərbaycan Respublikası MPM-nin 387-ci maddəsində nəzərdə tutulmuş hallarda birinci instansiya məhkəməsinin prоsessual hüquq normalarına riayət etməsini şikayətin dəlillərindən asılı olmayaraq yoxlayır. Bu mövqe Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası MPM-nin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə uyğundur. Həmin qərarda qeyd olunur ki, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsini yalnız mübahisələndirilən hissədə yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsinin qətnaməsi hissəvi mübahisələndirildiyi halda, apellyasiya instansiyası məhkəməsi çıxardığı qətnamədə yalnız baxılan hissəyə münasibətini bildirməyə haqlıdır. İş materiallarında olan: "xxxx" ASC ilə Cavabdeh arasında bağlanmış 27 may 2015-ci il tarixli, 0035 saylı kredit müqaviləsindən görünür ki, "xxxx" ASC tərəfindən Cavabdeh illik 8% dərəcəsi ilə 108 ay müddətinə 48000 manat məbləğində kredit verilmişdir. - xx.xx.2015-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinin surətindən görünür ki, ümumi sahəsi 89.9 kv/m, yaşayış sahəsi 31.4 kv/m olan ünvan 4 ünvanında, mülkiyətində olan 0.0172 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli 2 otaqlı fərdi yaşayış evini tam mülkiyyət üzrə Cavabdeh adına rəsləşdirilmişdir. Mənzilin satış qiyməti 60000 manat müəyyən edilmişdir - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışdan görünür ki, Cavabdeh mülkiyyətində olan ünvan 2 № li fərdi yaşayış evi və 0.0172 ha torpaq sahəsi ilə birgə "xxxx" ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. - RX seriyalı, ******* nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 6 xüsusi mülkiyyət hüququ ilə Cavabdeh mülkiyyətindədir. - Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə X9 xx.xx.1987-ci il tarixdə Tovuz rayonu Qeydiyyat şöbəsində rəsmi nikaha daxil olmuşlar. - X5 notarial qaydada yazdığı ərizəsindən görünür ki, ünvan 3 saylı evin arvadı Cavabdeh adına alınmasına və ipotekaya qoyulmasına razılıq vermiş, heç bir etirazının olmadığını, bununla əlaqədar gələcəkdə də heç bir iddia və tələbinin olmayacağını bildirmişdir. "xxxx" ASC-nin ("xxxx" ASC) məhkəmələrə, digər dövlət orqanlarına və notariat kontorlarına ünvanladığı xx.xx.2017-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC tərəfindən "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqları müvafiq ipoteka kağızlarına edilmiş indossament qeydinə əsasən "xxxx" ASC-yə ötürülmüşdür. Adı çəkilən lisenziyası ləğv olunmuş bankın "xxxx" ASC-nin vəsaiti hesabına verilmiş ipoteka kreditlərinə xidmət olunması Bank "xxxx" ASCyə həvalə edilmişdir. "xxxx" ASC yenidən maliyyələşdirilmiş ipoteka, o cümlədən güzəştli ipoteka kreditləri üzrə tələb hüquqlarını Bank "xxxx" ASC vasitəsilə həyata keçirir. - 04 iyun 2021-ci il tarixli arayışdan görünür ki, xx.xx.2021-ci il tarixə Cavabdeh banka əsas borc məbləği 33189.52 manat, ümumi faiz borcu 8138.04 manat, cəmi borc 41327.56 manat təşkil edir. “X7” MMC-nin 29 noyabr 2021-ci il tarixli, 560 saylı rəyində göstərilmişdir ki, ünvan 2 № li fərdi yaşayış evi və 0.0172 ha torpaq sahəsinin likvid dəyəri 37 093 manat dəyərində müəyyən edilmişdir Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, "xxxx" ASC ilə Cavabdeh arasında 27 may 2015-ci il tarixli, 0035 saylı kredit müqaviləsi bağlanaraq, Bank cavabdehə 108 ay müddətinə illik 8% dərəcəsi ilə ödəmək şərtilə 48.000 manat məbləğində kredit vermişdir. Həmin kerdit müqaviləsinin təminatı kimi "xxxx" ASC (kreditor ipoteka saxlayan) ilə Cavabdeh (alıcı-ipoteka qoyan) və X8 (satıcı) arasında 27 may 2015-ci il tarixli, 0035 saylı alqı-satqı və ipoteka müqaviləsi bağlanmış və satıcı ünvan 2 saylı fərdi yaşayış evini 48.000 manata alıcı-ipoteka qoyanın mülkiyyətinə vermiş və sonuncu həmin fərdi yaşayış evini 27 may 2015-ci il tarixli 0035 saylı kredit müqaviləsi üzrə öhdəliyin təminatı üçün kreditor-ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Həmin müqavilədə ipoteka predmetinin qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 60.000 manat müəyyən edilmişdir. Müstəqil tələb irəli sürməyən 3-cü şəxs X9 ipoteka predmetinin ilkin satış qiymətinin dəyərindən xeyli aşağı qiymətləndirildiyini göstərdiyi üçün, məhkəmə kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və əldə edilmiş “X2” MMC-nin xx.xx.2022-ci il tarixli 111 saylı ekspert rəyi ilə müəyyən edilir ki, ipoteka predmeti olan ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0172 ha torpaq sahəsi ilə birlikdə bazar qiymətlərinə uyğun ilkin satış dəyəri təqribən 69300.00 manat, likvid dəyəri isə 65835.00 manat təşkil edir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39-cu maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: ipoteka predmetinin mühafizəsi və satışı xərcləri istisna olmaqla, həmin əşyanın dəyərindən ipoteka saxlayana ödənilməli məbləğlər; ipoteka predmetinin təsviri; ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin maddədə razılaşma dedikdə, ipoteka predmetinə tutma yönəldilməsi proseduru başladıqdan sonra əldə edilmiş razılaşma nəzərdə tutulur. İpoteka müqaviləsi bağlanarkən əmlaka tutma yönəldilib-yönəldilməyəcəyi bəlli olmadığı üçün tərəflər ipoteka predmetinin ilkin satış qiymətini deyil, ipoteka predmetinin qiymətini müəyyənləşdirib razılaşırlar. Yəni, ilkin satış qiyməti tutmanın reallaşdırılmasına xidmət etdiyinə görə tutmanın yönəldilməsi proseduru başlandıqdan sonra (yəni, ipoteka saxlayanın ipoteka qoyana bildiriş göndərməsindən sonra) müəyyənləşdirilən qiymətdir. Məhkəmə kollegiyası hesab edir ki, mübahisə edilən mənzilin likvid dəyərinin 65835.00 manat təşkil etməsi barədə əldə edilmiş mütəxəssis rəyinin mötəbərliyi şübhə doğurmur. Digər tərəfdən mübahisə tərəfləri həmin rəylə razı olduqlarını bildirmişlər. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və ünvan 2 nömrəli fərdi yaşayış evinin 0.0172 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti kimi likvid dəyəri 65835 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 205.1-ci maddəsinə əsasən, mülkiyyətçinin öhdəlikləri üzrə tutmanın əmlaka yönəldilməsi yolu ilə əmlakın alınması, müqavilədə tutmanın yönəldilməsinin ayrı qaydası nəzərdə tutulmayıbsa, məhkəmə qərarına əsasən həyata keçirilir. Həmin Məcəllənin 205.2-ci maddəsinə görə tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verilir. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: həmin Qanunun 59.3.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun. «İpoteka haqqında» Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə əsasən bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən çıxmadıqda həmin şəxslər evdən və ya mənzildən müvafiq olaraq tutmanın yönəldilməsi barədə notariusun icra qeydi və ya məhkəmə qərarı əsasında məcburi qaydada çıxarılırlar. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi ipoteka predmeti satıldıqdan evin 1 ay sonra boşaldılması hissəsində haqlı olmuşdur. Azərbaycan Respublikası MPM-nin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə ipoteka predmeti satıldıqdan evin 1 ay sonra boşaldılması hissəsində gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin həmin hissədə ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)-156/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilməli və ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evinin 0.0172 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti kimi likvid dəyəri 65835 (altmış beş min səkkiz yüz otuz beş) manat dəyərində müəyyən edilməli, qətnamə ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsində dəyişdirilmədən saxlanılmalıdır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin 09 mart 2022-ci il tarixli, 2(044)- 156/2022 nömrəli qətnaməsi ipoteka predmetinin ilkin satış qiymətinin müəyyən edilməsi hissəsində dəyişdirilsin. ünvan 2 nömrəli fərdi yaşayış evinin 0.0172 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiyməti kimi likvid dəyəri 65835 manat məbləğində müəyyən edilsin. Qətnamə ipoteka predmeti satıldıqdan 1 ay sonra boşaldılması hissəsində dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin edilməyən şəxs(lər) tərəfindən Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar