Məhkəmə qərarları › İş №2(104)-155/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-155/2024

14.03.2024 · Mənzil mübahisələri - Mənzilə mülkiyyət hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-155/2024 14.03.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsindən cavabdeh X4 tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)- 1281/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, X2 mülkiyyətində olan Gəncə şəhəri, Ordubadi küçəsi, 97 nömrəli mülkün ½ hissəsi üzərində X2, ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktuba əsasən Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə 1/2 hissədə X2 və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixli, Ş **********30- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışa əsasən Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və X2 mülkiyyətindədir. Birinci instansiya məhkəməsində icraat İddiaçı (bundan sonra “iddiaçı”) cavabdeh X3 (bundan sonra “cavabdeh”) qarşı dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri, Nizami rayonu, ünvan 3 yaşayış evinin 1/2 hissəsinə olan mülkiyyət hüququnun həyata keçirilməsi üçün həmin hissənin ayrı girişçıxışının yaradılması imkanı ilə real bölünməsi, bu texniki cəhətdən mümkün olmadıqda Gəncə şəhəri, ünvan 3 yaşayış evinin hərrac yolu ilə satılması və əldə olunan pulun mülkiyyətçilər arasında bərabər bölünməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı ilə cavabdeh birgə nikahda olmuş, nikahları pozulmuşdur. Gəncə şəhəri, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi onunla cavabdeh arasında, hər birinin 1/2 hissə üzərində payları müəyyən edilmiş və bu barədə iddiaçı mülkiyyətində olan sahəyə çıxarış almışdır. Buna baxmayaraq, iddiaçı hələ də mülkiyyətində olan sahədən istifadə etmək imkanından məhrumdur, ümumiyyətlə mülkiyyətində olan sahəyə daxil ola bilmir və cavabdeh hər dəfə ona müxtəlif maneələr yaradır, mülkiyyətindən istifadə etməsini əngəlləyir. Bunun da əsas səbəbi mülkiyyətində olan yaşayış evinin aralarında real bölgüsünün aparılmaması olmuşdur. Buna görə də yaşayış evi iddiaçı və cavabdehin arasında bərabər qaydada bölünməli, iddiaçıya yaşayış sahəsindən sərbəst istifadə etmək imkanı yaradılması üçün ayrıca giriş-çıxışın olması vacibdir. Əmlakın real bölgüsü və yaşayış evinin ayrıca giriş-çıxışının yaradılma imkanı texniki cəhətdən mümkün olmasa, əmlak açıq hərracdan satılaraq dəyəri paylara uyğun bölünməlidir. Çünki iddiaçının mülkiyyətində olan əmlakda payının satılması və s. bu kimi təkliflə cavabdehlə danışığa getməsi, ona mülkiyyətlə əlaqədar hər hansı təklif irəli sürməsi mümkün deyildir. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 nömrəli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin olunmuş, İddiaçı ½ hissədə və X2 ½ hissədə paylı mülkiyyətlərində olan Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 3 fərdi yaşayış evinin açıq hərracda satılaraq satışdan əldə edilən pulun İddiaçı və X2 paylarına mütənasib surətdə onların arasında bölüşdürülməsi, iş üzrə məhkəmə ekspertiza xərci olan 100 (yüz) manatın cavabdeh X1 tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisədə adı keçən fərdi yaşayış evi mülkiyyət hüququ əsasında iddiaçı və cavabdehə məxsusdur. Tərəflər paylı mülkiyyətdə olan evə sahiblik və ondan istifadə barədə razılığıa gələ bilməyiblər, həmin yaşayış sahəsinin tərəflərin payına uyğun naturada bölünməsi mümkün olmayıb. İddiaçı ilə cavabdeh payın müqabilində kompensasiyanın verilməsi barədə razılığıa gəlməyiblər. Birinci instansiya məhkəməsi belə qənaətə gəlib ki, paylı mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun naturada bölünməsi, eləcə də, paylı mülkiyyət hüququna kompensasiya verməklə xitam verilməsi mümkün olmamışdır ki, bu halda paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölünməsi yolu ilə mümkündür. Apellyasiya instansiyası məhkəməsində birinci icraat Cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv, iddianın rədd edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırlmışdır ki, məhkəmə işə baxarkən cavabdehin iştirakını təmin etməmişdir. Bundan başqa, Məhkəmə Mülki Məcəllənin 220-ci maddəsinin tələblərini pozmuşdur. İddiaçı ilk olaraq cavabdehə kompensasiya ilə bağlı təkliflə müraciət etməmişdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında həmin normanın tətbiqi ilə bağlı prosedur göstərilib. Həmin prosedura görə ilkin olaraq iddiaçı cavabdehə kompensasiya ilə bağlı təklifini verməli, razılıq olmadığı halda əmlak naturada bölünməli, bu da mümkün olmadıqda hərracda satılmalıdır. Məhkəmə sübutları düzgün qiymətləndirməmişdir. İddiaçı apellyasiya şikayətinə etiraz edərək, göstərmişdir ki, hazırda həmin evdə oğlu Azər anası ilə birgə yaşayır. O, cavabdehə evdən öz payının dəyərinin cavabdeh tərəfindən ona ödənilməsini dəfələrlə təklif etmiş, lakin cavabdeh bundan imtina etmiş və aralarında razılaşma əldə edilməmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 23 fevral 2023-cü il tarixli, 2(104)-639/2023 nömrəli qətnaməsi ilə (hakimlər Loğman Süleymanov (sədrlik edən və məruzəçi), hakimlər İslam Həsənov, Şamil Rzaquliyev) apellyasiya şikayəti təmin edilməmiş, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Kassasiya instansiyası məhkəməsindəki icraat Cavabdeh kassasiya şikayəti verərək apellyasiya instansiyası məhkəməsinin qətnaməsinin ləğv edilərək mülki işin yeni apellyasiya baxışına qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Kassasiya şikayətinin dəlilləri onunla əsaslandırlmışdır ki, iş materiallarında iddiaçının ona belə bir təklif etməsi ilə bağlı heç bir xəbərdarlığı olmamışdır. Əgər belə bir xəbərdarlıq olsaydı tərəfindən qeyd olunan təklifə öz münasibətimi bildirərək ya iddiaçıdan payını alardı və yaxud ona razılıq əsasında payının müqabilində pul kompensassiyasını təklif edərdi. Qeyd olunan dəlili cavabdeh apellyasiya şikayətində də göstərib. İdddiaçı cavabdehlə danışmadığına görə ona belə bir təklifdə bulunmamışdır. Məhkəmə qətnaməsində göstərmişdir ki, iddiaçı ilə cavabdeh arasında uzun müddətdir ki, mübahisə gedir və payla bağlı razılığa gələ bilməyiblər.İddiaçı ilə olan mübahisə əqdlə bağlı olmaqla mənzil üzərində cavabdehin payının artırılmasına münasibətdə olmuşdur. Bu isə o anlama gəlmir ki, mübahisə payın kompensassiya hissəsi və yaxud onun ödənilməsindən imtina ilə bağlı olmuşdur. Hazır ki, tələb əvvəlki tələbdən fərqlidir. İddiaçı həqiqətən də cavabdehə payın əvəzində kompensassiya edilməsi ilə bağlı yazılı olaraq təklif etmiş olsaydı cavabdeh tərəfindən adekvat münasibət bildirilərdi. Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2023-cü il tarilxi, 2(102)- 2728/2023 saylı qərarı ilə (hakimlər X6 (məruzəçi hakim), X11 və X5) kassasiya şikayətinin təmin edilməsi, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)- 639/2023 nömrəli, 23 fevral 2023-cü il tarixli qətnaməsinin ləğv edilməsi, işin yeni apelyasiya baxışına qaytarılması qərara alınmışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq cavabdeh X4 məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 220.3. Paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Maddə 220.4. Bu maddəyə əsasən paylı mülkiyyətin mülkiyyətçisinə naturada ayrılan əşyanın onun mülkiyyət hüququndakı payına tənasübsüzlüyü müvafiq pul məbləğinin ödənilməsi və ya başqa kompensasiya ilə aradan qaldırılır. Paylı mülkiyyətin mülkiyyətçisinə naturada pay ayrılması əvəzinə qalan mülkiyyətçilər tərəfindən kompensasiya ödənilməsinə onun öz razılığı ilə yol verilir. Mülkiyyətçinin payı cüzi olduqda, real surətdə ayrıla bilmədikdə və ümumi əmlakdan istifadə edilməsində onun mühüm mənafeyi olmadıqda, məhkəmə həmin mülkiyyətçinin razılığı olmadan da paylı mülkiyyətin qalan iştirakçılarının öhdəsinə ona kompensasiya ödənilməsi vəzifəsini qoya bilər. Maddə 220.5. Mülkiyyətçi bu maddəyə uyğun kompensasiya aldığı andan ümumi əmlakdakı paya hüququnu itirir. Maddə 220.6. Bu Məcəllənin 220.3-220.5-ci maddələrində müəyyənləşdirilmiş qaydalara əsasən ümumi əmlakın bölünməsi və ya ondan pay ayrılması açıq-aşkar məqsədəuyğun olmadıqda, məhkəmə əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2014-cü il tarixli qərarı: Mülki Məcəllənin 220.6-ci maddəsində ümumi əmlakın bölünməsi ilə bağlı məhkəmənin həmin əmlakın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında qərar qəbul edilməsi səlahiyyəti nəzərdə tutulmuşdur. Məhkəmə tərəfindən belə qərarın qəbul edilməsi bütün paylı mülkiyyətçilərin razılığının alınması ilə şərtləndirilməmişdir. Həmin maddənin mənasına görə, belə qərar paylı mülkiyyətçilərin birinin iddiası əsasında da qəbul edilə bilər. Mülki Məcəllənin 220.6 və 221-ci maddələrinin mənasına görə bütün paylı mülkiyyətçilərin razılığı olmadan əmlakın açıq hərracdan satılması və satış pulunun ümumi mülkiyyətin mülkiyyətçiləri arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi haqqında məhkəmə tərəfindən qərarın qəbul edilməsi mülkiyyət hüququnun qanunsuz məhdudlaşdırılması kimi qiymətləndirilə bilməz. Məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 372.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır; Həmin Məcəllənin 372.6-cı maddəsində deyilir ki, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır; Həmin Məcəllənin 372.7-ci maddəsinə görə, apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyərək, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)-2263/2020 saylı qərarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli, 2(044)- 1281/2019 saylı qətnaməsi ilə, İddiaçı cavabdehlər X3 və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsinə qarşı ümumi mülkiyyətdə olan əmlakda payın müəyyən edilməsi tələbinə dair iddia tələbi təmin edilərək, X2 mülkiyyətində olan Gəncə şəhəri, Ordubadi küçəsi, 97 nömrəli mülkün ½ hissəsi üzərində X2, ½ hissəsi üzərində İddiaçı payının müəyyən edilməsi qət edilmiş, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(104)-3169/2019 saylı, 21 oktyabr 2019-cu il tarixli qətnaməsi ilə (hakimlər R.Ş.Muradov (sədrlik edən və məruzəçi), Ş.M.Əliyeva, Ə.İ.Məmmədov) cavabdeh X4 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməyərək, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 14 may 2019-cu il tarixli 2(044)- 1281/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmış, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli 2 (102)- 2263/2020 saylı qərarı ilə Gəncə Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(104)-3169/2019 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinin 3 saylı Gəncə Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evi paylı mülkiyyət hüququ üzrə1/2 hissədə X2 və 1/2 hissədə İddiaçı mülkiyyətində olmaqla, xx.xx.2020-ci il tarixli, Ş **********30- 10301 reyestr nömrəli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış verilmişdir. Həmin məktuba əlavə edilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarışdan görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən mülk hər birinə 1/2 hissə ilə İddiaçı və X2 mülkiyyətindədir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2022- ci il tarixli 10/567 saylı rəyindən görünür ki, Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin tərəflərin paylarına uyğun olaraq 1/2 hissələrə uyğun olaraq təcrid mənzillər şəklində iki hissəyə bölünməsi, İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1., 2.1., 2.2., 2.4., 2.7., 2.9 bəndlərinin və metodik tövsiyyənin tələblərinə müvafiq olaraq texniki cəhətdən mümkün olmaması müəyyən edilmişdir. Gəncə şəhəri, Nizami rayonu, M.S.ünvan 1-də yerləşən fərdi yaşayış evinin bölünməsi mümkün olmadığından qərardadın bu sualı üzrə tədqiqat aparılmamışdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.6 və 221-ci maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenum qərarında göstərilir ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki işdə tərəflərin paylı mülkiyyətdə olan evin bölünməsi barədə razılıq əldə etməmələri, həmin evin naturada paylara uyğun bölünməsinin mümkün olmaması müəyyən edilib. Belə olan halda, növbəti mərhələ olaraq ayrılan mülkiyyətçi kimi iddiaçı öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi olan cavabdeh tərəfindən ona ödənilməsini tələb edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərilən səbəblərdən dolayı ümumi mülkiyyətdə olan əşyanın dəyəri, ayrılan mükiyyətçinin payının pul ifadəsində nə qədər təşkil etməsi, həmin məbləğin cavabdehə ödənilməsinə iddiaçının razı olub-olmaması kimi hallara aydınlıq gətirilməlidir. İş üzrə Cavabdeh ərizə ilə müraciət edərək bildirmişdir ki, mübahisə predmeti olan əmlak üzərində ½ hissədə mülkiyyət payına iddiaçı tərəfindən 5.000.000 (beş milyon) manat kompensasiya təklif ediləcəyi təqdirdə əmlak üzərində olan payının iddiaçıya verilməsinə razılığı var. "xxxx" MMC tərəfindən məhkəməyə ünvanlanmış məlumat məktubundan görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli 2(104)-2170/2023 saylı qərardadının icrası zamanı xx.xx.2023-cü il tarixində əməkdaşları qiymətləndirmə üçün Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, ev 97 ünvanında yerləşən fərdi yaşayış evinə getmiş, lakin qapı bağlı olduğu və Şövkət xanıma məxsus ***-***-**-** nömrəli telefona zəng çatmadığı üçün baxış keçirmək mümkün olmamışdır. xx.xx.2023-cü il tarixində yenidən evə baxış keçirmək istəyən əməkdaşa Şövkət xanım evdə tək olduğunu səbəb göstərərək, qapını açmaqdan imtina etmişdir. xx.xx.2023-cü il tarixində məhkəmə iclasından birbaşa baxışa gedən əməkdaşın yanında Şövkət xanımın halı pisləşmiş və o, huşunu itirmişdir. Nəticədə hər 3 cəhddə evə baxış keçirmək mümükün olmamış və evin xx.xx.2023-cü il tarixinə olan likvid bazar qiymətini müəyyən etmək mümkün olmamışdır. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(104)-2170/2023 saylı qərardadı ilə İddiaçı və Cavabdeh paylı mülkiyyətində olan Gəncə şəhəri, Nizami rayonu, X10 küçəsi, 97 saylı ünvanda yerləşən fərdi yaşayış evinin likvid və bazar qiymətinin neçə manat təşkil etdiyini müəyyən etmək üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi barədə məlumat məktubundan və aktdan görünür ki, məhkəməəmtəəşünaslıq eksperti qarşısında qoyulmuş sualın həll edilməsi üçün məhkəməyə xx.xx.2023-cü il tarixli vəsatət göndərilmiş, qərardadda göstərilən əmlakın ekspert baxışına təqdim edilməsi xahiş edilmişdir. Baxışın keçirilməsi xx.xx.2024-cü il, saat 14:00-a təyin edilmişdir. Tədqiqat obyektlərinə tərəflərin iştirakı ilə baxış keçirmək istənilsə də mənzilin qapısı bağlı olduğu üçün baxış baş tutmamışdır. Məhkəmə kollegiyası qeyd edir ki, Cavabdeh mübahisə predmeti olan əmlak üzərində ½ hissədə mülkiyyət payına görə ağlabatan olmayan bir miqdar 5.000.000 (beş milyon) kompensasiya verilməsi halında razılığının olduğunu bildirməklə, həmçinin məhkəmə tərəfindən ümumi mülkiyyətdə olan əmlakın dəyərinin müəyyənləşdirilməsi üçün təyin edilmiş mütəxəssis rəyinin verilməsinə və ekspertiza aparılmasına şərait yaratmaması, dolayı ilə onun payının müqabilində kompensasiya verilməsi barədə razılığa gəlmək niyyətinin olmadığını göstərir. Yuxarıda istinad olunan Konstitusya Məhkəməsinin plenum qərarından da görünür ki, məhkəmənin qərarı əsasında ümumi mülkiyyətdə olan əşyanın açıq hərracdan satılması və satış pulunun paylı mülkiyyətçilər arasında onların paylarına mütənasib surətdə bölüşdürülməsi Azərbaycan Respublikası Mülki Məcəlləsinin 220.3- 220.4-cü maddələrində nəzərdə tutulmuş qaydaların ardıcıllıqla tətbiq edilməsindən sonra mümkündür. Nəzərə alınmalıdır ki, əmlakın açıq hərracdan satılaraq bölünməsindən əvvəl Mülki Məcəllənin 220.3-220.4-cü maddələrində nəzərdə tutulmuş qaydalara əməl edilməlidir. Həmin qaydalar paylı mülkiyyətdə olan əmlakın bölünməsi və ondan payın ayrılmasının mərhələli formada tənzimlənməsini nəzərdə tutur. İlk növbədə, əmlakın naturada bölünməsinin mümkünlüyü müəyyən edilməlidir. Əmlakın naturada bölünməsi mümkün olmadığı halda, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsini tələb etmək hüququna malikdir. Digər mülkiyyətçilərin kompensasiya vermək imkanı olmadıqda və ya onlar kompensasiya vermək istəmədikdə, əmlakın məhkəmə qərarı əsasında hərracdan satılması məsələsinə baxıla bilər. Hazırki işdə tərəflərin paylı mülkiyyətdə olan evin bölünməsi barədə razılıq əldə etməmələri, həmin evin naturada paylara uyğun bölünməsinin mümkün olmaması müəyyən edilib. İş materiallarından görünür ki, ümumi mülkiyyətdə olan əmlakın dəyərinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də cavabdeh tərəfindən əmlakın dəyərinin müəyyən edilməsi üçün ekspertizanın keçirilməsinə şərait yaradılmamışdır. Göründüyü kimi növbəti mərhələ kimi tərəflər ümumi mülkiyyətdə olan paylarının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçisi tərəfindən ödənilməsi barədə də razılığa gələ bilməmişlər. Belə olan halda birinci instansiya məhkəməsi paylı mülkiyyətdə olan əmlakdan payın ayrılması yalnız həmin əmlakın açıq hərracda satılması və əldə olunmuş vəsaitin mülkiyyətçilər arasında bölünməsi ilə bağlı gəldiyi nəticədə haqlı olmuşdur. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2(125)-1738/2022 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Gəncə Apelyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar