Məhkəmə qərarları › İş №2(104)-1552/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1552/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1552/2024 23.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X2 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh ilə İddiaçı nikahı xx.xx.2016-cı il tarixdə pozulmuşdur, bu barədə 20 saylı akt qeydi tərtib olunmuşdur. Nikah ləğv olunduqdan sonra qadına Namazova soyadı verilmişdir.

2. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamələrin təsdiq olunmuş surətindən görünür ki, tərəflərin birgə nikahından xx.xx.2011-ci il tarixdə X4 və xx.xx.2012-ci il tarixdə X3 doğulmuşdur.

3. İş materiallarına əlavə edilmiş Qazax Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(023)-1094/2019 saylı qətnaməsindən görünür ki, Laçın Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli 2(047)-494/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh qətnamə qanuni qüvvəsini aldıqdan sonra ayda hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment alınaraq 27 iyun 2011-ci ildə anadan olmuş X4 və 14 dekabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşıəna çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir.

4. İş materiallarına əlavə edilmiş "xxxx" QSC-nin verdiyi 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, Cavabdeh "xxxx" QSC-də usta-rəngsaz peşəsində işləyir. Onun əmək haqqı 358.80 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

5. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Qazax Rayon Məhkəməsinin 2(023)- 1094/2019 saylı 02 dekabr 2019-cu il tarixli qətnaməsinə əsasən Cavabdeh tutulan alimentin miqdarı dəyişdirilərək, xx.xx.2011-ci il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün Cavabdeh qazancının qeyri-müntəzəm və dəyişən olmasını nəzərə alaraq, ümumilikdə 470 manat sabit pul məbləğində alimentin tutulub ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

6. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, cavabdehlə birgə nikahından xx.xx.2011ci il tarixdə Baxça və xx.xx.2012-ci il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Cavabdehlə xasiyyətləri uyğun gəlmədiyinə görə Laçın Rayon Məhkəməsinin müvafiq qətnaməsinə əsasən nikahı pozulmuşdur. Ayrıldıqları vaxtdan uşaqları onun himayəsindədir. Sonuncu dəfə Qazax Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(023)-1094/2019 saylı qətnaməsinə əsasən bir uşaq üçün 130 manat olmaqla aliment müəyyən edilmişdir. Hazırda müəyyən olunmuş aliment uşaqların artan tələbatını ödəmir, həmin pulla uşaqlarını saxlamaqda çətinlik çəkir. Cavabdeh isə valideynlik borcunu öz üzərində hiss etmir, bu barədə cavabdehə bildirəndə isə, o, valideynlik məsuliyyətindən yayınmağa çalışır.

7. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsi ilə (hakim Nemət Musayev) iddia qismən təmin edilərək, Qazax Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli 2(023)-1094/2019 saylı qətnaməsi ilə Cavabdeh tutulan alimentin miqdarının dəyişdirilməsi və Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 27 iyun 2011-ci il təvəllüdlü X4 və 14 dekabr 2012-ci il təvəllüdlü X1 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, ümumilikdə 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

8. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin iddiaçının ərizəsində göstərərilən miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən alimentin məbləği hazırda uşağın saxlanması üçün yetərli olmadığından, bununla da müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla nəzərdə tutulmuş “uşağını saxlamalı olmasına dair vəzifəsi”nin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlı olmuşdur. Belə ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən keçən müddətdən sonra minimum yaşayış tələbatı artmışdır. Digər tərəfdən, uşaqlar böyüdükcə onların saxlanması üçün çəkilməli olan xərclərin həcmi də, artır. Həmçinin nəzərə alınmalıdır ki, “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” 05 dekabr 2023-cü il tarixli Azərbaycan Respublikası Qanununa əsasən 2024-cü il üçün yaşayış minimumu ölkə üzrə 270 manat, əmək qabiliyyətli əhali üçün 287 manat, pensiyaçılar üçün 222 manat, uşaqlar üçün 235 manat müəyyən edilmişdir. Beləliklə, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, hər ay 180 (bir yüz səksən) manat sabit pul məbləğində müəyyən edilməlidir.

9. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 78.1, 78.2, 112.1-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

10. Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsindən Cavabdeh apellyasiya şikayəti verərək, Qazax Rayon Məhkəməsinin 07 may 2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə iddia tələbinin təmin edilməməsini xahiş etmişdir.

11. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hazırda iddiaçı daha da, artıq maddi qazanc əldə etmək üçün yeni iddia ilə məhkəməyə müraciət edərək, aliment məbləğinin daha da, artırılmasına yönəlmiş addımlar atır. Bununla bağlı vəkil tutur, onun uşaqlar üçün ödədiyi məbləği öz bildiyi şəkildə, yeni iddiaların verilməsinə sərf edir. İddiaçı artıq yeni ailə həyatı qurmuşdur. Onun əvvəllər qazancının az olması bəhanəsi aradan qaldırılmışdır. İddiaçı Qazax rayonunda yaşayır. Onun 2 uşağın maddi ehtiyaclarını qarşılamaq üçün daha az miqdarda pula ehtiyacı var. İddiaçı Bakı şəhərində yaşasaydı həmin məbləğin çatmadığından söhbət açmaq hüququ yaranardı. İddiaçı uşaqlarla canlı təmasın olmaması üçün uşaqlarla onun görüşündə suni problemlər yaradır. Cavabdeh maddi qazancında pandemiyadan sonra müəyyən çətinliklər yaranmışdır. Pandemiya zamanı işsizlik problemi yarandığından 260 manat aliment ödənişlərində yubanmalar olmuşdur. Nəticədə təxminən 2400-2600 manat borcu (ödənilməmiş aliment məbləği) yaranmışdır. Cavabdeh 1992-ci ildən Laçın rayonundan məcburi köçkündür. İddiaçının tələb etdiyi miqdarda aliment ödəməyə maddi imkanı yoxdur. İddianın təmin edilməsi hazırda ödədiyi aliment məbləğinin də, ödəyə bilməyəcəyi halına gətirib çıxaracaqdır. Cavabdeh maddi qazancında hər hansı dəyişiklik olmamışdır. Ailə həyatı belə qurmamışdır. Hazırda aylıq 260 manat alimentinin ödənilməsini həyata keçirir və əvvəlki borcunun da, hər ay azaldılmasını səy göstərir. Hər ay artıq ödəmələri ilə borclarının azaldılmasını həyata keçirir. Artıq ödəmələrilə belə sabit aylıq ödədiyi məbləğ 280-300 manatı keçmir. Əmək haqqının böyük faizi alimentə tutulur, əlavə olaraq tərəfindən də, ödənişlər edilir ki, yığılan borcu cuzi olsa azaldılsın. Digər cuzi qazanc hissə isə onun gündəlik tələbatlarını çətinliklə ödəyir. "xxxx" QSC-nin verdiyi 29 aprel 2024-cü il tarixli arayışdan görünür ki, həqiqətən o "xxxx" QSC-də usta-rəngsaz peşəsində işləyir və əmək haqqım 358.80 manat təşkil edir. Qazax Məhəkəməsi isə onun 360 manat aliment ödəmə halının olması qənaətinə gəlmişdir. Belə ki, tələb edilən yeni aliment məbləğini ödəyə bilmədiyi təqdirdə icraçı tərəfindən barəsində inzibati həbs üçün təqdimat təqdim ediləcəkdir. Bu da, onun hazırki iş yerimin itirilməsinə səbəb olacaqdır ki, nəticədə ümumiyyətlə aliment ödənişlərini edə bilməyəcək. Keçmiş aliment borcu ilə əlaqədar yaranan 2400-2600 manat məbləğin daha səmərəli alınması ilə bağlı icraçı tərəfindən iş yeri üzrə maaşdan tutulma barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən onun maaşından 222 manat pul tutulur. Bundan başqa əvvəlki borclarının ödənilməsi üçün əlavə 60-80 manat da, ödənişlər edir ki, yığılmış borcu olmasın. Amma 360 manat alimentin tutulması barədə qətnamə qüvvədə saxlanılarsa, bu böyük faciəyə səbəb olacaqdır.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Tərəflər məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, tərəflər 07 mart 2011-ci ildə rəsmi nikah qeyd etdirməklə evlənmiş, birgə nikahlarından xx.xx.2011-ci il tarixdə Baxça və xx.xx.2012-ci il tarixdə Nərmin adlı uşaqları doğulmuşdur. Tərəflər xasiyyətləri uyğun gəlmədiyindən ayrılmış və Laçın Rayon Məhkəməsinin 11 dekabr 2014cü il tarixli, 2(047)-494/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahdan doğulmuş xx.xx.2011-ci il tarixdə Baxça və xx.xx.2012-ci il tarixdə Nərmin adlı uşaqları anasının himayəsində saxlanmış və hər ay hər uşağa görə 100 manat alimentin cavabdehdə tutulması qət edilmişdir. Bundan sonra İddiaçı alimetin artırılması tələbi ilə məhkəməyə müraciət etmiş, Qazax Rayon Məhkəməsinin 02 dekabr 2019-cu il tarixli, 2(023)-1094/2019 saylı qətnaməsi ilə Laçın Rayon Məhkəməsinin 11 dekabr 2014-cü il tarixli 2(047)-494/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarının artırılaraq Cavabdeh ayda hər uşaq üçün 130 manat, cəmi 260 manat aliment alınaraq 27 iyun 2011-ci ildə anadan olmuş X4 və 14 dekabr 2012-ci ildə anadan olmuş X1 yetkinlik yaşına çatanadək saxlanılmaları üçün İddiaçı ödənilməsi qət edilmişdir. Hazırda isə idiaçı müəyyən olunmuş aliment uşaqlarının a rtan tələbatını ödəmədiyini, həmin pulla uşaqlarını saxlamaqda çətinlik çəkdiyini bildirərək hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

36. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa 180 (bir yüz səksən) manat, cəmi 360 (üç yüz altmış) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

37. Məhkəmə kollegiyası cavabdehin qazancında heç bir dəyişikliyin olmaması, təyin edilmiş aliment məbləğini ödəməkdə çətinlik çəkməsi ilə bağlı dəlillərini əsassız hesab edir və qeyd edir ki, birincisi, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də, mənəvi borcudur.

38. Digər tərəfdən isə, tərəflər ayrıldıqdan sonra azyaşlı uşaqların maddi və mənəvi bütün yükü, yəni onların geyim, qida, sağlamlıq və digər məişət qayğılarının çəkilməsi yükü iddiaçının üzərinə düşmüşdür ki, bu da qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən, yəni Cavabdeh tutulmasına əsas verir.

39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Qazax Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(023)-513/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Qazax Rayon Məhkəməsinin 2(023)-513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Qazax Rayon Məhkəməsinin 2(023)-513/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar