Məhkəmə qərarları › İş №2(104)-1560/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1560/2024

16.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1560/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X5 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə edilmiş Şəmkir rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, 23 iyun 2022-ci il tarixdə anadan olmuş X3 atası Cavabdeh və anası X1 olaraq qeyd edilmişdir.

2. İşdə olan Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(076)-900/2023 saylı qətnaməsindən müəyyən edilir ki, 23 iyun 2022-ci il tarixdə anadan olmuş, X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay hər uşağa görə 170 (bir yüz yetmiş) manat sabit pul məbləği həddində aliment müəyyən edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı Cavabdeh qarşı alimentin artırılması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh uşaqları Həmzənin saxlanılması üçün, tutulan alimentin artırılaraq hər ay sabit pul məbləğində 250 (iki yüz əlli) manat müəyyən olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şəmkir Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(076)-900/2023 saylı qətnaməsi ilə xx.xx.2022-ci il tarixdə anadan olmuş Həmzə adlı uşaqlarının saxlanılması üçün hər ay 170 (yüz yetmiş) manat aliment tutulması qət edilmişdir. Hazırda həmin vəsaitlə uşaqlarının maddi ehtiyaclarını ödəyə bilmir, geyimlərini qidalarını ödəməyə çətinlik çəkir. Ona görə də hazırkı iddiası ilə məhkəməyə müraciət edib alimentin artırılmasını istəyir. Cavabdeh fərdi əməklə məşğuldur və kifayət qədər imkana malikdir.

5. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 qətnaməsi ilə (hakim Şəfəq Məmmədova) iddia qismən təmin edilərək, Şəmkir Rayon Məhkəməsinin Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(076)- 900/2023 saylı qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə tutulmuş alimentin miqdarının artırılaraq, Cavabdeh qətnamə qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 23 iyun 2022-ci il tarixdə anadan olmuş X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi, ödənilmiş 50 (əlli) manat mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi, Cavabdeh 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflərin birgə evliliklərindən anadan olmuş uşağın saxlanması üçün cavabdehdən məhkəmə qətnaməsi ilə hər ay 170 manat alimentin tutularaq iddiaçıya verilməsi qət edilmiş, lakin hazırda həmin məbləğ azlıq təşkil etdiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. qanuna əsasən valideynlər uşaqlarını saxlamağa borclu olduqlarından, məhkəmə qətnaməsi ilə müəyyən edilən aliment isə uşağın saxlanması üçün yetərli olmadığından, bununla da, müəyyən edilmiş alimentin ödənilməsi cavabdehin qanunla müəyyən edilmiş uşağını saxlamalı olmasına dair vəzifəsinin icrasını tam əhatə etmədiyindən, iddiaçı məhkəmə tərəfindən təyin edilmiş alimentin miqdarının artırılmasını tələb etməkdə haqlıdır. Odur ki, tərəflərin birgə nikahlarından anadan olmuş uşağının saxlanması üçün təyin edilmiş alimentin məbləği məhkəmə tərəfindən artırılmalıdır. Göründüyü kimi, alimentin tutulması barədə qətnamənin qəbul edilməsindən xeyli müddət keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları və ehtiyacları artmışdır. əhkəmə hesab edir ki, yetkinlik yaşına çatmayan uşağının saxlanması üçün cavabdehdən hər ay sabit pul məbləğində alimentin tutulmasına dair iddia tələbi xarakterinə, tutulma qaydasına, həm də həcminə görə qismən əsaslıdır. Belə ki, tərəflərin yetkinlik yaşına çatmamış uşağının təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, eləcə də cavabdehin aliment verməsinə dair maddi imkanlarını, həmçinin tərəflərin maddi və ailə vəziyyətini, mövcud iqtisadi vəziyyətdə inflyasiyanı və diqqətəlayiq olan digər halları nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehdən tutulacaq alimentin məbləği artırılaraq hər ay 200 manat məbləğində müəyyən edilməlidir. Buna görə də iddia tələbi qismən təmin edilməlidir.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Konstitusiyasının 17-ci, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 78.1, 112.1-ci maddələrinə istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsindən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Şəmkir rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli, 2(076)-900/2023 saylı qətnaməsi ilə azyaşlı uşaqlarının saxlanılması üçün hər ay bir uşağa görə 170 (bir yüz yetmiş) manat sabil pul formasında aliment müəyyən olunmuşdur. Həmin qətnamə qəbul olunan vaxtdan sonra onun maddi vəziyyətində hər hansı bir dəyişiklik olmamışdır. Lakin buna baxmayaraq iddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etmiş və ondan alimentin artırılmasını tələb etmişdir. Şəmkir rayon Məhkəməsi isə əslində heç bir araşdırma aparmadan, məhkəməyə iddiaçı tərəfindən heç bir mötəbər sübut təqdim edilmədən, iddia tələbini qismən təmin etmişdir. Halbu ki, məhkəmənin iddia tələbini təmin etməsi üçün heç bir hüquqi əsas mövcud olmamışdır. Hesab edir ki, uşağın maddi cəhətdən təmin olunması tək onun deyil, eyni zamanda həm də iddiaçının borcudur. O, Şəmkir rayon Məhkəməsinin qeyd olunan qətnaməsinin təmin olunmuş hissəsi ilə razı deyil. Hesab edir ki, Şəmkir rayon Məhkəməsi iddianı təmin edərkən ciddi qanun pozuntusuna yol vermişdir. Göründüyü kimi onun maddi vəziyyətində hər hansı yaxşılaşma yoxdur. Əksinə maddi cəhətdən pisləşmə var. Bu səbəbdən də, məhkəmənin aliment məbləğini artırması ədalətsizlikdır və qanun normalarının pozulması kimi qiymətləndirilməlidir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Cavabdeh məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişdir. Onun vəkili X8 məhkəməyə ərizə ünvanlayaraq məhkəmə iclasının təxirə salınmasını xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, cavabdeh 2 ildir ki, Rusiya Federasiyasında işləyir. Birgə nikahlarında doğulmuş Həmzə adlı uşaqları 2 yaşındadır və özü isə heç bir yerdə işləmir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı nümayəndəsi X7 apellyasiya şikayətinin əsassız olduğunu bildirib təmin edilməməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apelyasya şikayətində qətnamə bütövlükdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı tam yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası iddiaçının və nümayəndəsinin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, X1 Cavabdeh ilə 2022-ci ilin mart ayında faktiki olaraq evlənmiş, 10 may 2022-ci ildə nikahlarını rəsmiləşdirmişlər. Birgə nikahlarından 23 iyun 2022-ci il tarixdə X6 doğulmuşdur. Bundan sonra tərəflər arasıında ailə münasibətləri pozulmuş və Şəmkir Rayon Məhkəməsinin 17 mart 2023-cü il tarixli 2(076)-900/2023 saylı qətnaməsi ilə nikahları pozulmuş, 23 iyun 2022-ci il tarixdə anadan olmuş, X6 yetkinlik yaşına çatana kimi saxlanması üçün hər ay bir uşağa görə 170 manat sabit pul məbləği aliment müəyyən edilmişdir. Hazırda isə iddiaçı uşağın xərclərini qarşılamaqda çətinlik çəkdiyini bildirirərək alimentin artırılması tələbi ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin onun maddi vəziyyətində heç bir yaxşılaşma olmaması ilə bağlı apellyasiya şikayətinin dəlilini əsassız hesab edir və qeyd edir ki, birincisi, həmin dəlil alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyibişləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

37. Həmçinin məhkəmə kollegiyası cavabdehin uşağın maddi cəhətdən təmin olunması tək onun deyil, eyni zamanda həm də, iddiaçının borcu olması barədə apellyasiya şikayətinin dəlilinə münasibətdə isə qeyd edir ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı heç bir yerdə işləmir və hər hansı bir qazanca malik deyildir. Həmçinin 3 yaşınadək uşağa baxmaqla onun işləmək imkanları da, məhduddur. Cavabdeh isə əmək qabiliyyətli olmaqla, hazırda fərdi işlərlə məşğul olub qazanc əldə etməkdədir.

38. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

39. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi :

Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Şəmkir Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(076)-1087/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar