Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1562/2023 06.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı MMC-nin nümayəndəsi X1, nümayəndəsi və vəkili X2 və Cavabdeh iştirakları ilə, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyəti Cavabdeh qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən 1500 manat əsas borc,1710 manat faiz borcu,4050 manat cərimə borcu olmaqla, cəmi 7260 manat kredit borcunun və ödənilmiş 93 manat dövlə rüsumunun iddiaçının xeyrinə tutulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh ilə İddiaçı MMC arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən cavabdehe 12 ay müddətinə, illik 72 faiz olmaqla 1600 manat məbləğində kredit vermişdir.Borclu əsas borcdan 100 manat ödəniş etmiş, lakin 13 mart 2021-ci ildən əsas və faiz ödənişlərini etməmişdir. Dəfələrlə edilmiş xəbədarlıqlara baxmayaraq cavabdeh müqavilə üzrə öhdəliklərini icra etməmişdir. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbinin 1710 manat faiz borcu, 4050 manat cərimə borcu hissəsindən imtina ediyini bildirərək, 1500 manat əsas borc hissəsində təmin edilməsini məhkəmədən xahiş etmişdir. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsi ilə (hakim Həsən Qəniyev) iddia təmin edilmiş, Cavabdeh 1500 manat əsas borc və 35 manat dövlət rüsumunun pul əvəzi tutuaraq İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin xeyrinə ödənilməsi qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı MMC-ti ona qarşı iddia ərizəsi ilə Kəlbəcər Rayon Məhkəməsinə müraciət edərək xx.xx.2019-cu il tarixli kredit müqaviləsinə əsasən 1500 manat əsas borcun ondan tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddianı təmin etmişdir. O, iddiaçıdan 1500 manat pul götürmuşdür onu da faizi ilə birlikdə ödəmişdir. Ödəniş çekləri də vardır. Onun iddiaçıya borcu qalmamışdır. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, göstərdi ki, o, iddiaçıdan 1500 manat pul götürmüş, həmin borcunu faizi ilə birlikdə ödəmişdir. Belə ki, o, rəsmi sənədə cavabdehə imza etdirməklə, 820 manat ödəniş etmiş, sonra isə başqa müqavilə ilə borcu olan oğlu ilə birlikdə rəsmi qaydada 1807 manat ödəniş etmişdir ki, həmin qəbzlər işə əlavə edilmiş, lakin məhkəmə həmin halları nəzərə almamışdır.Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnamənin ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qətnamə qəbul edilməsini xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi X4 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, göstərdi ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış 13 noyabr 2019-cu il tarixli müqaviləyə əsasən, cavabdehə 12 ay müddətinə, illik 72 faiz olmaqla 1600 manat məbləğində kredit vermişdir. Borclu onun tərəfindən imzalanmış müqavilə qeydinə əsasən, ona 820 manat pul ödəmiş, həmin ödənişi faizə silmişdir. Cavabdeh tərəfindən başqa ödəniş edilməmişdir. Ona görə də, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İddiaçı MMC-nin nümayəndəsi və vəkili X5 məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə iştirak edən şəxsləri və vəkili dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apelyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 13 noyabr 2019-cu il tarixli “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi və girova götürülməsi barədə müqavilə”dən və müqaviləyə əlavədən görünür ki, “Real Zaman ,, MMC (ssudaverən) tərəfindən Cavabdeh (ssudaalana) 12 ay müddətinə, illik 72 faiz olmaqla 1600 manat məbləğində kredit vermişdir.Ssuda alan isə verilmiş krediti və hesablanmış faizləri Ssuda verənə ödəməyi öhdəsinə götürür. 82-ci vərəqədə olan konvertdəki ödəmə qəbzlərindən görünür ki, Cavabdeh və oğlu tərəfindən cəmi 1807 manat ödəniş edilmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, 13 noyabr 2019-cu il tarixli “Qızıl-zinət əşyalarının qiymətləndirilməsi və girova götürülməsi barədə müqavilə”si və müqaviləyə əlavə ilə, İddiaçı MMC-tə tərəfindən Cavabdeh 12 ay müddətinə, illik 72 faiz olmaqla 1600 manat məbləğində kredit vermiş, həmin müqaviləyə iddiaçı tərəfindən imza edilməklə 820 manat ödəniş edilmiş, həmçinin Cavabdeh və oğlu tərəfindən ödəmə qəbzləri ilə cəmi 1807 manat ödəniş edilmişdir. Cavabdehin bildirməsinə görə, onun özünün və oğlunun iddiaçıya borcları olduğundan, ödənişi birgə etmişlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə görə, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 443.1.-ci maddəsinə görə, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 445.2.1 və 445.2.2-ci maddələrində öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi kimi sayılır. 448.1-ci maddəsinə əsasən, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. 739.1-ci maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən, isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının kredit fəaliyyəti ilə məşğul olmasına dair heç bir icazəsi olmasa belə, cavabdehlə aralarında borc münasibətlərinə dair yazılı müqavilə mövcud olmuşdur. Ona görə də, cavabdeh yalnız borc məbləğinə dair öhdəlik daşıdığı üçün, onun tərəfindən edilmiş cəmi 2627 manat ödəmə nəzərə alınmaqla, (1807+820=2627 manat), onun qalıq borc məbləği müəyyən edilmir. Belə ki, onun əsas borcu 1600 manat olması nəzərə alınmaqla, hətta əlavə 1027 manat ödəmə müəyyən edilir ki, bu da onu, oğlunun da iddiaçıya borclu olması ilə bağlı birgə ödəniş etmələri ilə bağlıdır. Azərbaycan Respublikasının MPM-nin: 385.1.1-ci maddəsinə əsasən maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apelyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 386-cı maddəsinə əsasən, maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və mübahisənin maddi-hüquqi əsaları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Ona görə də, Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)- 151/2023 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia tələbi rədd edilməməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Kəlbəcər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(040)-151/2023 nömrəli qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Məhdud Məsuliyyəti Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən kassasiya şikayəti verilə biməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(104)-1562/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1562/2023
06.07.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver