Məhkəmə qərarları › İş №2(104)-1562/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1562/2024

04.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1562/2024 04.11.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğluna qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Mamedov Rəşad Ziyaviddin oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı və Cavabdeh2 Hafis oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X3 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğluna qarşı pul tələbinə dair mülki iş üzrə Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(021)- 1295/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 04 noyabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. AA ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1985-ci ildə anadan olmuşdur.

2. Ağdam rayon İcra Hakimiyyəti Başçısının Əlimədədli kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 34 nömrəli arayışdan görünür ki, İddiaçı həqiqətən Ağdam rayonu Əlimədədli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin Qalayçılar kəndində daimi pasport qeydiyyatındadır. Hal-hazırda Tərtər rayonu Şıxarx kəndində, bina 15, mənzil 6-da yaşayır və qeydiyyatdadır.

3. AA 173442 seriya nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Ağdam rayonundan köçkündür.

4. Bərdə rayon İcra Hakimiyyəti Başçısının Kolayır kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 36 nömrəli arayışdan görünür ki, Qurbanov X2 İƏD-nin Mollaisalar kəndində yaşayır və qeydiyyatdadır.

5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bərdə Rayon Polis Şöbəsinin 04 noyabr 2024-cü il tarixli №3-13-68/2-45431/24 nömrəli məktubundan görünür ki, İddiaçı müraciəti əsasında 27 aprel 2023-cü il tarixli HK-1/1541 nömrəli materiallar toplanmışdır. İddiaçı Bərdə Rayon Polis Şöbəsinə Cavabdeh1 və Cavabdeh2 Hafis oğlunun ona 5000 manat borclu olmaları və onu hədələmələri barədə məlumat vermişdir. Daxil olmuş məlumat əsasında Cavabdeh1 və Cavabdeh2 Hafis oğlunun izahatının alınması məqsədi ilə onların istifadəsində olan mobil nömrəyə zəng edilmiş, telefon danışığı zamanı sonuncular izahat verməkdən imtina etmişdirlər.

6. Bərdə Rayon Polis Şöbəsinin 27 aprel 2023-cü il tarixli qərarından görünür ki, toplanmış materiallar üzrə cinayət işi başlanması rədd edilmiş, İddiaçı izah edilmişdir ki, Cavabdeh1 və Cavabdeh2 Hafis oğluna qarşı aralarında yaranmış pul mübahisəsinə görə mülki iddia qaydasında məhkəməyə müraciət etməlidir.

a). İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

7. İddiаçı İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğluna qаrşı pul tələbinə dair iddia ərizəsi ilə Bərdə Rayon Məhkəməsinə müraciət edərək, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğlundan 5000 manat məbləğində pulun və 250 manat əldən çıxmış faydanın, cəmi 5250 manat pulun alınıb ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

8. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, tanıdığı şəxslərdən süd yığaraq pendir emalı sexlərinə verir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğlunu süd alveri ilə bağlı tanımışdır. Cavabdehlərin Bərdə rayonu, Otuzikilər kəndi ərazisində pendir emalı sexləri var. Aralarında olan razılaşmaya əsasən o cavabdehlərə süd yığıb vermiş, 15 gün sonra isə südün pulunu onlarda alırdı. 2019-cu ildən bu işlə məşğul olmuşdur. 2021-ci ilin sentyabr ayında cavabdehlərə 5000 manat dəyərində süd məhsulu vermiş, cavabdehlərdə 15 gün sonra ona 5000 manat ödəməliydi. Lakin cavabdehlərə süd verməyi dayandırdığına görə onlar borclu qaldığı 5000 manat südün pulunu ödəməkdən imtina etmişlər. Cavabdehlərin pulu vaxtında qaytarmadığına görə ona maddi ziyan dəymişdir. Əgər həmin pul onda olsaydı, xeyli gəlir əldə edəcəkdi. Cavabdehlər əsassız olaraq onun pulunu saxlamaqla faydalanmışdır. Özgəsinin pul vəsaitini qanunsuz saxlamağa, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Cavabdehlər əsassız olaraq 1 ildən artıq müddətdir ki, 5000 manatı saxlayıb faydalandığına görə ona gecikdirilmiş vaxt üçün illik 5 (beş) faiz, yəni 250 manat ödəməlidir.

9. Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsi (hakim Fuad Babaşov) ilə iddianın təmin edilməməsi qət edilmişdir.

10. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 23, 385.1, 386.1, 390.1, 405.1, 425.1, 427.3, 442, 443.1, 567, 600.4, 601.1 və 601.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 77.3, 78.2, 88, 216-220, 227, 233, 357 və 360-cı maddələrinə istinad etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat: Apellyasiya şikayətinin dəlilləri

11. İddiaçı apellyasiya şikayəti verərək, Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)-1295/2023 nömrəli qətnaməsinin ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

12. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə çıxarılmışdır. Belə ki, məhkəmə onun heç bir şahidini dindirmədən qərar qəbul etmişdir. Bu da onun hüquqlarına toxunur.

13. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2023cü il tarixli, 2(104)-1817/2023 nömrəli qiyabi qətnaməsi ilə apellyasiya şikayətinin təmin edilməsi, Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli, 2(021)- 1295/2023 nömrəli qətnaməsi tamamilə ləğv edilməsi və iş üzrə yeni qətnamə çıxarılması, iddia təmin edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Hafis oğlundan 5000 (beş min) manat və 250 (iki yüz əlli) manat əldən çıxmış fayda olmaqla, cəmi 5250 (beş min iki yüz əlli) manat pul müştərək qaydada alınaraq İddiaçı verilməsi qət edilmişdir.

c) Kassasiya instansiya məhkəməsində birinci icraat:

14. Cavabdeh2 Hafis oğlu qətnamədən kassasiya şikayəti verərək Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 21 sentyabr 2023-cü il tarixli, 2(104)-1817/2023 nömrəli qiyabi qətnamənin ləğv edilib, işin yenidən baxılması üçün apellyasiya baxışına qaytarılmasını xahiş etmişdir.

15. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 22 aprel 2024-cü il tarixli 2(102)-829/2024 nömrəli qərarı ilə Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 2(104)-1817/2023 nömrəli iş üzrə 21 sentyabr 2023-cü il tarixli qiyabi qətnaməsinin ləğv edilməsi, iş yenidən baxılmaq üçün həmin apellyasiya instansiyası məhkəməsinə göndərilməsi, Cavabdeh2 Hafis oğlunun kassasiya şikayətinin təmin edilməsi qərara alınmışdır.

d) Apellyasiya instansiya məhkəməsində ikinci icraat: Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

16. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır

e) Məhkəmə icraatı iştirakçılarının izahatları,

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, südün bir kq. 20 qəpikdən alıb 25 qəpiyə cavabdehlərə stıb. Sonuncu dəfə, yəni 2021-ci ilin sentyabr ayının axırlarında 5000 manat dəyərində südü gündəlik təxminən dörd ton olmaqla, dörd-beş dəfəyə cavabdehlərə təhvil vermişdir. Südün cavabdehlərə təhfil verilməsini dostu Şamxal, eləcədə həmin sexdə işləyən Ramil adlı şəxs təsdiq edər. Aralarında pul haqq-hesab olduğundan Ramilin cavabdehlərlə münasibəti pozulmuş və işdən çıxmışdır. Cavabdehlərlə aralarında narazılıq yarandığından onlara süd verməyi dayandırdığına görə cavabdehlər borcu qaldığı 5000 manatı ödəməkdən imtina etmişlər. Süd alveri barədə aralarında heç bir yazışma olmamışdır. Bu səbəbdən də cavabdehlərin ona 5000 manat borclu olması barədə məhkəməyə hər hansı bir möhtəbər sübut təqdim edə bilmir. Yalnız adlarını qeyd etdiyi şahidlər bunu təsdiq edə bilər. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv olunmasını və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh2 Hafis oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X5 apellyasiya şikayətini qəbul etməyərək izahatında bildirmişdir ki, Cavabdeh2 Hafis oğlunun iddiaçıya heç bir borcu qalmamışdır. Belə ki, 2019-cu ildən sonra südün qiyməti ilə bağlı razılığa gələ bilmədikləri üçün tərəflər alış-verişi dayandırmışdır. Cavabdeh2 Hafis oğlunun etibarnamə üzrə nümayəndəsi (vəkil) X1 məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

19. Əvvəlki məhkəmə kollegiyasının iclasında dindirilmiş Cavabdeh2 Hafis oğlu izahatında bildirmişdir ki, iddiaçı ilə aralarında süd alveri olsada, lakin ona heç bir borcu qalmamışdır.

20. Digər Cavabdeh1 da Cavabdeh2 Hafis oğlu ilə eyni məzmunlu izahat vermişdir.

21. Hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilsədə, lakin sonuncular məhkəmə iclasına gəlməmişlər. Cavabdeh2 Hafis oğlu nümayəndəsi vastəsilə təmsil olunmuş, digər cavabdeh isə gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Kollegiya işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası:

22. Maddə 60. Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı İ. Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir;

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

23. Maddə 5.3. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar;

24. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür;

25. Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər;

26. Maddə 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissəhissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alğı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun.

“İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiya:

27. Maddə 6. Ədalətli məhkəmə araşdırması hüququ 1. Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

28. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

31. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

32. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

33. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

34. Maddə 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

Apellyasiya baxışının hədləri

35. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

36. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

37. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

39. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, İddiaçı südün bir kq. 20 qəpikdən alıb 25 qəpiyə cavabdehlərə stmasını, sonuncuların isə 15 gündən bir pulunu ödəməsini, axırıncı dəfə, yəni 2021-ci ilin sentyabr ayının axırlarında 5000 manat dəyərində südü gündəlik təxminən dörd ton olmaqla, dörd-beş dəfəyə dostu Şamxal, eləcədə həmin sexdə işləyən Ramil adlı şəxsin iştirakı ilə cavabdehlərə təhvil verməsini, lakin sonradan aralarında olan narazılığa görə cavabdehlərə süd verməməsi səbəbindən cavabdehlər ona olan 5000 manatı ödəməkdən imtina etməsini əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı təmin etməmişdir.

40. Məhkəmə kollegiyası da birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvi üçün əsas deyil.

41. Belə ki, İddiaçı 2021-ci ilin sentyabr ayının axırlarında 4-5 dəfəyə cavabdehlərə 5000 manat dəyərində 20 ton süd verməsini, qeyd etsədə, lakin o, bu barədə məhkəməyə hər hansı bır möhtəbər sübut təqdim etməmişdir.

42. Halbu ki, mülki prosessual qanunvericiliyə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

43. İddiaçı apellyasiya şikayətində birinci instansiya məhkəməsi tərəfindən şahid dindirmədən qərar qəbul edilməsini qeyd etsədə, lakin işdən müəyyən olunur ki, birinci instansiya məhkəməsidə icraat zamanı, yəni 27 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmənin hazırlıq iclasında X4 iddiaçı tərəfin təşəbbüsü ilə şahid qismində dindirilmiş və sonuncu ifadəsində göstərmişdir ki, iddiaçı onun dostudur və o cavabdehlərlə süd alveri edərkən ona kömək etmişdir. Cavabdehlər südün pulundan 5000 manat borclu qalmışlar.

44. Mülki prosessual qanunvericiliyə görə, məhkəmə tərəfindən mübahisənin düzgün həlli məqsədi ilə işin halları barədə məlumatı olan hər bir şəxs şahid qismində çağrıla bilər. Şahid ona məlum olan məlumatları və halları məhkəməyə şifahi bildirir. Şahid ifadəsi sübut növüdür. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli, və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Göründüyü kimi, şahid işin nəticəsində maraqlı olmayan, işə aid olan hallar barəsində hər hansı məlumata malik olan, işin araşdırılması üçün məhkəməyə çağrılan şəxsdir. Şahidin işin nəticəsində hüquqi marağı olmasa da, onun başqa marağı (tərəflərdən biri və ya hər ikisi ilə xüsusi münasibətləri- xidməti asılılıq, qohumluq, dostluq və.s.) ola bilər. Belə maraq şəxsi şahid qismində cəlb etmək üçün maneçilik yaratmır, lakin məhkəmə hər bir halda şahidin işdə iştirak edən şəxslərlə, habelə prosesin digər iştirakçıları ilə münasibətlərini aydınlaşdırmalı, onun ifadələrini ciddi yoxlamalı və hərtərəfli qiymətləndirməlidir.

45. Apellyasiya icraatı zamanı sorğu əsasında Bərdə rayon Polis Şöbəsindən alınmış 27 aprel 2023-cü il tarixli HK-1/1541 nömrəli cinayət işinin başlanmasının rədd edilməsi haqqında material araşdırılarkən də müəyyən olunmuşdur ki, Şamxal Qəmbərov həmin material üzrə izahatı alınarkən göstərmişlər ki, dostu Elgizlə birlikdə 2021-ci ilin sentyabr ayının axırlarında Bərdə rayonu Otuzikilər kəndində yerləşən Valeh və Şöhrətin işlədiyi süd sexinə 5000 manat dəyərində 20 ton süd gətirmişlər. Həmçinin material üzrə izahatı alınmış X8 da izahatında 2021-ci ilin sentyabr ayının axırlarında İddiaçı Valeh və Şöhrətin işlədiyi süd sexinə 20 ton süd gətirdiyini və cavabdehlərin 5000 manat Elgizə borclu qaldığını bildirmişdir.

46. Kollegiya hesab edir ki, adı qeyd olunan şəxslərdən birinin, yəni şahid qismində dindirilmiş Şamxal Qəmbərovun iddiaçı ilə yaxın dostluq münasibəti, Bərdə rayon Polis Şöbəsində tərəflər arasında yaranmış bu mübahisə ilə bağlı HK- 1/1541 nömrə ilə qeydə alınmış material üzrə izahatı alınmış Ramil Məmmədovun isə cavabdehlərə olan münasibəti nəzərə alınmalı və sonuncuların, yəni Şamxal Qəmbərovun şahid ifadəsinə, Ramil Məmmədovun isə polisdə verdiyi izahata məhkəmə tərəfindən hüquqi qiymət verilməlidir.

47. Bundan əvvəldə qeyd olunduğu kimi, şahid Şamxal Qəmbərov iddiaçının yaxın dostudur. Material üzrə izahatı alınmış Ramil Məmmədov isə cavabdehlərə məxsus sexdə fəhlə işləmiş və sonradan aralarında pul haqq-hesab olduğundan münasibətləri pozulmuş və Ramil işdən çıxmışdır. Belə olan təqdirdə Şamxal Qəmbərovun şahid ifadəsi, Ramil Məmmədovun isə Bərdə rayon Polis Şöbəsində verdiyi izahat tərəflər arasındakı hazırkı mübahisənin həlli baxımından sübut kimi qiymətləndirilə bilməz.

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün heç bir hüquqi əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10-1, 372-376, 378-382, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bərdə Rayon Məhkəməsinin 10 aprel 2023-cü il tarixli 2(021)-1295/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar