Məhkəmə qərarları › İş №2(104)-1565/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1565/2025

20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1565/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası – hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Məcidov Rüfət Azadəli oğlu və Cavadova Günay İsmayıl qızından ibarət tərkibdə, Vəlizadə Vasif Etibar oğlunun katibliyi, İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsindən iddiaçının nümayəndəsi tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsi ilə (hakim C.Quliyev) “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin iddiasının qismən təmin edilməsi, Cavabdeh 9.308 (doqquz min üç yüz səkkiz) ABŞ dolları 72 (yetmiş iki) sent məbləğində pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti və ödənilmiş dövlət rüsumunun bir hissəsinin əvəzi qismində 137 (bir yüz otuz yeddi) manat 49 (qırx doqquz) qəpik məbləğində pul vəsaitinin “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulması qət edilmişdir. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti həmin qətnamədən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsini və Cavabdeh 27.585 (iyirmi yeddi min beş yüz səksən beş) ABŞ dolları 40 (qırx) sent əsas borca görə zərər əvəzi və 230 manat 68 qəpik dövlət rüsumunun ödənilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: “X6 Azərbaycan” QSC Cavabdeh qarşı iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin ödənilməsinin gecikdirilməsi nəticəsində zərərin əvəzi qismində cəmi 27.585 ABŞ dolları 40 sent məbləğində pul vəsaitinin və ödənilmiş dövlət rüsumunun əvəzi qismində 230 manat 68 qəpik məbləğində pul vəsaitinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə çıxarılmsını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2013-cü il tarixində “X6 Azərbaycan” QSC ilə Cavabdeh arasında imzalanmış 27212/02 nömrəli kredit müqaviləsinin şərtlərinə əsasən borcalan Cavabdeh bank tərəfindən illik 16% dərəcəsi olmaqla 60 ay müddətinə yəni, xx.xx.2018-ci il tarixinədək hesablanmış faizləri razılaşdırılmış qaydada ödəniş cədvəlinə əsasən geri ödəmək şərti ilə 121.090 ABŞ dolları məbləğində kredit ayrılmışdır. Kreditin məqsədi və təyinatı bu müqavilə üzrə alınmış kredit borcalan tərəfindən torpaq sahəsi alınması üçün istifadə edilməsi nəzərdə tutulmuşdur. Borcalanın 27212/02 nömrəli kredit müqaviləsindən irəli gələn öhdəliyinin icrasının təmin edilməsi məqsədilə xx.xx.2013-cü il tarixində bank ilə Cavabdeh və Əliyev Azad Zəkərə oğlu arasında ipoteka müqaviləsi bağlanmışdır. Bağlanmış ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ ilə Cavabdeh və Əliyev Azad Zəkərə oğluna məxsus olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsi ünvanında yerləşən xüsusi mülkiyyətdə olan 0,042 ha torpaq sahəsində, 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m sahədən ibarət olan 7 nömrəli fərdi yaşayış evi “X6 Azərbaycan” QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka hüququ Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Gəncə şəhəri Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun olaraq dövlət qeydiyyatına alınmış və buna dair DƏDRX tərəfindən xx.xx.2013-cü il tarixli yüklülük barədə RX seriyalı ******* nömrəli müvafiq çıxarış verilmişdir. “X6 Azərbaycan” QSC müqavilə ilə üzərinə götürdüyü öhdəliklərini tam icra etsə də Cavabdeh kredit müqaviləsinin şərtlərini pozaraq, kredit müqaviləsi üzrə ödənişləri mütəmadi olaraq gecikdirmişdir. Cavabdehə dəfələrlə bu barədə sifahi və yazılı qaydada xəbərdarlıq edilməsinə və həmçinin məhkəmədən kənar qaydada kreditin ödənilməsinə dair bildirişlərin (pretenziyaların) verilməsinə baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklərini icra etməmişlər və bu günə kimi “X6 Azərbaycan” QSC-yə olan borclarını ödəməmişlər. Cavabdeh üzərinə götürdüyü öhdəlikləri tam, vaxtında və lazımı qaydada icra etmədiyi ilə əlaqədar bank məhkəməyə müraciət etmişdir. Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-62/2017 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilmiş, Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/mdən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin nəfinə köçürülmasi, iddianın qalan hissəsi təmin edilməməsi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsi ilə cavabdeh Əliyev Azad Zəkərə oğlunun apellyasiya şikayəti təmin edilməmiş, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Cavabdeh Əliyev Azad Zəkərə oğlu tərəfindən Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli qətnaməsindən verilmiş kassasiya şikayəti Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli 2(102)-6350/2019 nömrəli qərarı ilə təmin edilməmişdir. Göründüyü kimi, Cavabdeh xx.xx.2017-ci il tarixə əsas borc üzrə 90.190 ABŞ dolları 50 sent ödənilməmiş borcun qalması qanuni qüvvədə olan məhkəmə qətnaməsi ilə də təsdiq edilmişdir. Cavabdeh xx.xx.2017-ci ildən sonra bu günə kimi qətnaməni icra etməmiş və hal-hazıradək də kredit müqaviləsindən irəli gələn öhdəliklər icra edilmədiyi səbəbindən iddiaçının gecikdirilmiş vaxt üçün illik beş faiz tələb etmək hüququ yaranmışdır. Tərəflər arasında münasibətləri məhkəmədən kənar qaydada həll etmək məqsədi ilə Cavabdeh yazılı xəbərdarlıq edilmiş, lakin bundan sonrada öhdəliklər onun tərəfindən icra edilməmişdir. Hazırda cavabdehlərin kredit müqaviləsi üzrə ödənilməli olan əsas borc məbləğindən 27.585 ABŞ dolları 40 sent hissəsi ödənilməmiş qalmaqdadır. Cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 27.585 ABŞ dolları 40 sent təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, tələb kredit müqaviləsinə əsaslanmır, maddi zərər tələbidir. Məhkəmə qətnaməsində iddianın kredit müqaviləsindən irəli gəldiyini qeyd edərək, onu vaxtaşırı icra olunan müqavilə öhdəliyi kimi qiymətləndirib. Halbuki, tələbin predmetini əsas borcun gecikdirilməsinə görə bankın zərərə uğraması təşkil edir. Bu tələblər Azərbaycan Respublikası Mülki Məcəlləsinin (bundan sonra — MM) 373-cü maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi ilə bağlıdır. MM-in 373-cü maddəsinə əsasən, zərərin ödənilməsi iddiaları ümumi müddət — 10 il tətbiq olunan tələblərdəndir. Məhkəmə isə səhvən bu iddianı MM-in 445.7-ci maddəsinə istinadla vaxtaşırı öhdəlik kimi qiymətləndirərək 3 illik müddət tətbiq etmişdir. Həmçinin, faiz tələbi əsas tələbdən ayrıdır, müqavilədən doğmur məhkəmə qətnaməsində faiz tələbinin “əsas tələbin əlavə tələbi” olduğunu və iddia müddətinin həmin əsas tələbin tabe olduğu rejimə uyğun olmalı olduğunu bildirir. Bu yanaşma yanlışdır. Tələb olunan illik 5% dərəcə bank tərəfindən mülki hüquq pozuntusundan (gecikdirmə) irəli gələrək zərər əvəzi kimi tələb olunur. Bu, sazişlə müəyyən edilmiş kommersiya faizi deyil, MM-in tələbləri üzrə gecikdirməyə görə maddi zərərin əvəzidir. Zərər xarakterli tələblər isə konkret müqavilə öhdəliyindən deyil, qanunla müəyyən edilmiş məsuliyyətə əsaslanır. Məhkəmə tələbin “faizdən faiz” olduğu nəticəsinə əsassız gəlib qətnamədə qeyd edilir ki, bank guya faizdən faiz tələb edir və bu səbəbdən tələb qismən təmin olunmalıdır. Bu yanaşma hüquqi və məntiqi baxımdan yanlışdır. Tələb olunan məbləğ — 90.190 USD 50 sent — əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5% zərər əvəzidir. Bu, əvvəlki ödənilməmiş faizə yeni faiz hesablanması demək deyil, yeni yaranmış vəsait itkisinə görə təzminatdır. MM-in və Konstitusiya Məhkəməsinin Plenum Qərarları bu tip gecikdirilmələrin zərər kimi qiymətləndirilməsi və kompensasiya olunmasını təsdiqləyir. Bundan başqa, maddə 445. Borclunun icranı gecikdirməsi ..... 445.7. Borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. Hazırkı işdə iddiaçının tələbinin hüquqi əsasını Mülki Məcəllənin 445.7-ci maddəsi təşkil edir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən Konstitusiya Məhkəməsinin “AzərbaycanRespublikası Mülki Məcəlləsinin 449-cu maddəsinin bəzi müddəalarının şərh olunmasına dair” 2009-cu il 9 iyul tarixli Qərarındakı hüquqi mövqeyə istinad etməsi düzgün olmamışdır. Hər şeydən əvvəl qeyd edilməlidir ki, Mülki Məcəllənin 445.7-ci maddəsi “Öhdəliklərin icra edilməməsi” adlanan 22-ci fəslə, 449-cumaddəsi isə “Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət” adlanan 23-cü fəslə aiddir. Bununla bağlı Konstitusiya Məhkəməsinin həmin Qərarında birmənalı olaraq göstərilmişdir ki, “Bu baxımdan, MM-in “öhdəliklərin icra edilməməsinə görə məsuliyyəti” nəzərdə tutan 449-cu maddəsindəki xüsusi normada “faydalanma” və “(qanunsuz) istifadə” sözləri eyni məzmun daşımaqla, bu dörd hərəkət (hərəkətsizlik) nəticəsində müəyyən gəlir, artım, bəhər və s.əldə edilməsi mənasını nəzərdə tutur. Eyni zamanda, MM-in 445.7-ci maddəsi də borclu tərəfindən pulun gecikdirilməsi halında müəyyən şərtlə ondan faizin tutulmasının mümkünlüyünü təsbit edir. Lakin nəzərə alınmalıdır ki, sözügedən norma MM-in 449.1-ci maddəsindən fərqli olaraq pulun ödənilməsinin gecikdirilməsini ondan faydalanmaqla əlaqələndirməyərək, yalnız zərər və ya digər əsaslarla daha böyük məbləğin tələb edilməsinin mümkün olmadığı təqdirdə, bu faizi tələb etmək hüququnu əks etdirir.” Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” 2014-cü il 24 dekabr tarixli Qərarının 2-ci bəndi ilə qərara alınmışdır ki, “Kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Kreditorla borclu arasında kredit münasibətləri müqavilə ilə tənzimləndiyindən, kreditin peşəkarlıq qaydasında verilməsi ilə kredit təşkilatları məşğul olduğundan və kreditin predmeti kimi xüsusi likvid aktiv (pul) çıxış etdiyindən, kreditin vaxtında qaytarılmaması ilə bağlı borclunun gecikdirmə faizlərinin ödənilməsi üzrə öhdəlikləri kredit müqaviləsində nəzərdə tutula bilər. Mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 5.3 və 425.1-ci maddələrinə uyğun olaraq vicdanla həyata keçirməli, öhdəlikləri şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə icra etməlidirlər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” 2023-cü il 29 mart tarixli Qərarına gəldikdə isə həmin Qərarda Konstitusiya Məhkəməsinin hüquqi mövqeyi belə olmuşdur ki:“...nəzərə alınmalıdır ki, Məcəllənin 443.1-ci maddəsinin ikinci cümləsində göstərildiyi kimi, borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Prosessual məsələlər: İş üzrə tərəflərə məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi, elektron imza ilə təsdiq edilmiş SMS xəbərdarlıq və “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemində sənədlərin proses iştirakçılarının elektron kabinetinə yerləşdirilməsi vasitəsi ilə məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Məhkəmə bildirişi ilə onlara hüquq və vəzifələri izah edilmiş, məhkəmə iclasında iştirak etməyəcəkləri təqdirdə işə onların iştirakı olmadan baxılmasının mümkün olduğu bildirilmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə məhkəmə iclasına gəlməyən şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmə kollegiyasına ərizə ilə müraciət edərək, bildirmişdir ki, iş yükünün çox olması ilə əlaqədar iddiaçı “X6 Azərbaycan” QSC-nin nümayəndəsinin məhkəmə baxış iclas(lar)ında iştirakının təmin olunması mümkün olmayacaqdır. Apellyasiya şikayətini tam müdafiə edərək və iddia tələbi ilə əlaqədar sənədləri elektron məhkəmə sistemində olan elektron kabinetə əlavə etmişlər. Bunu nəzərə alaraq, məhkəmə baxış iclas(lar)ının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iş üzrə iddiaçı “X6 Azərbaycan” QSC-nin apellyasiya şikayətinin tam təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Hüquqi məsələlər və əsaslandırma: Məhkəmə kollegiyası iş materiallarını apellyasiya şikayəti ilə əlaqəli şəkildə araşdırıb, məruzəçi hakimi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-in: 372.1-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsinin surətindən görünür ki, Cavabdeh 74.575 ABŞ dolları 36 sent əsas kredit borcu, 15.515 ABŞ dolları 14 sent əsas məbləğə hesablanmış faiz borcu, 100 ABŞ dolları hər gecikdirilmiş günə görə cərimə borcu, cəmi 90.190 ABŞ dolları 50 sent məbləğində borcun qətnamə icra olunan günə Azərbaycan manatına məzənnəsi ilə və 2 manat 75 qəpik müqavilə üzrə öhdəliklərini pozduqlarına dair cavabdehlərə bildirişlərin (pretenziyaların) göndərilməsi üçün poçt xərci, 2 manat 75 qəpik ipotekaya qoyulmuş əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin borcalana göndərilməsi üzrə poçt xərci, dövlət büdcəsinə ödənilmiş 30 manat dövlət rüsumu cəmi 35 manat 50 qəpik alınaraq iddiaçı “X6 Azərbaycan” QSC-yə ödənilməsi, tələbin mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə yönəldilməsi, əmlakın ilkin satış qiymətinin 60.000 manat müəyyən edilməsi, əmlak açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına cəmi 90.190 ABŞ dolları 50 sent və 35 manat 50 qəpik borcuna yönəldilməsi, ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinə tutma yönəldikdən və o satıldıqdan sonra bir ay müddətində cavabdehlər Cavabdeh və Əliyev Azad Zəkərə oğlunun həmin evdən çıxarılaraq mənzilin boşaldılması, iş üzrə aparılmış qiymətləndirmə (ekspertiza) dəyəri 300 manat pul vəsaiti Cavabdeh tutularaq "xxxx" MMC-nin nəfinə köçürülmasi qət edilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)- 127/2019 nömrəli qətnaməsinin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(102)-6350/2019 nömrəli qərarından görünür ki, Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(104)-127/2019 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Maliyyə arayışının surətindən görünür ki, Cavabdeh xx.xx.2013-cü il tarixli, 27212/02 nömrəli kredit müqaviləsi üzrə ödənilməli olan borclarından qalan pul vəsaitinin gecikdirilməsinə görə xx.xx.2025-ci il tarixə illik 5 faizlə hesablanmış ümumilikdə 27.585 ABŞ dolları 40 sent məbləğində borcu vardır. Borcun ödənilməsinə dair pretenziyanın surətindən görünür ki, “X6 Azərbaycan” QSC tərəfindən Cavabdeh məhkəmə qətnaməsi icra olunmadığından xx.xx.2025-ci il tarixinə ümumilikdə 27.585 ABŞ dolları 40 sent məbləğində dəymiş zərərin 3 gün ərzində könüllü ödənilməsi xəbərdarlıq edilmişdir. Hesabdan çıxarışdan görünür ki, Cavabdeh bank qarşısında icra ediməmiş pul öhdəliyi üzrə hesablanmış gecikdirilmiş vaxt üçün illik 5% olmaqla xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 27.585 ABŞ dolları 56 sent gecikdirilmiş borc təşkil edir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 8(125)-234/2024 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədinin məhkəməyə geri qaytarılması barədə Gəncə şəhəri üzrə İcra İdarəsinin böyük icra məmuru X1 xx.xx.2023-cü il tarixli qərarı ləğv edilmiş və icra sənədi yenidən icraya yönəldilməklə icra tədbirlərinin davam etdirilməsi qərara alınmışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 8(125)-842/2023 nömrəli qərardadından görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədi üzrə borclu Cavabdeh ölkədən getmək hüququ müvəqqəti məhdudlaşıdırılmışdır. xx.xx.2020-ci il tarixli, 26/01 nömrəli hərracın yekunları barədə protokolun surətindən görünür ki, mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/mdən ibarət olan 7 nömrəli fərdi yaşayış evi 51.000 manata satılmışdır. “X6 Azərbaycan” QSC tərəfindən Gəncə şəhəri üzrə icra İdarəsinə ünvanlanmış ərizənin surətindən görünür ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli, 2(044)-62/2017 nömrəli icra sənədi üzrə “X6 Azərbaycan” QSC-də girovda olan, ipoteka predmeti, mülkiyyət hüququ 1/2 hissəsi Cavabdeh və Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinin satışı ilə bağlı xx.xx.2020-ci il tarixdə Respublika Xammal və Əmtəə Birjası "xxxx" MMC-də hərrac keçirilmişdir. Qeyd edilən tarixdə hərrac baş tutmuş və ipoteka predmeti olan mülkiyyət hüququ ilə ½ hissəsi Cavabdeh və ½ hissəsi Əliyev Azad Zəkəri oğluna məxsus Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evi 51.000 manata qalib alıcı X2 tərəfindən əldə edilmişdir. Qeyd edilənləri və mülki qanunvericiliyin tələblərini nəzərə alaraq ipoteka predmeti olan Gəncə şəhəri, Nizami rayonu, X4 küçəsində yerləşən xüsusi mülkiyyətdə olan 0.042 ha torpaq sahəsində yerləşən 1 mərtəbəli, 2 otaqlı, ümumi sahəsi 43,8 kv/m-dən ibarət olan 7 nömrəli fərdi yaşayış evinin satışından əldə edilmiş 51.000 manatı “X6 Azərbaycan” QSC-nin hesabına ödənilməsini qeyd olunmuşdur. xx.xx.2020-ci il tarixdə Gəncə şəhəri üzrə İcra İdarəsi tərəfindən tələbkar “X6 Azərbaycan” QSC-nin hesabına 47.825 manat pul vəsaiti köçürülmüşdür. “X6 Azərbaycan” QSC tərəfindən ödəniş günü Mərkəzi Bankın müəyyən etdiyi dolların manata məzənnəsinə uyğun olaraq borc məbləğindən 28.132 ABŞ dolları 35 sent azaldılmış, silinmişdir. İpoteka predmetini açıq hərracdan satılsa belə müəyyən edilmiş kredit borcu tam olaraq bağlanmayaraq (ödənilməyərək) həmin işlə əlaqədar cavabdehin banka qətnamə üzrə ödənilməmiş 62.058 ABŞ dolları 15 sent və 35 manat 50 qəpik məbləğində qalıq borcu qalmaqdadır. Apellyasiya şikayətinə əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-2(102)-184/2025 saylı, xx.xx.2024-cü il tarixli, 2(102)-1003/2024 saylı və Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-2(104)-119/2024 saylı qətnamələri kollegiya tərəfindən tədqiq edilmişdir. İş materiallarından görünür ki, Cavabdeh “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti ilə kredit müqaviləsi bağlayan zaman müqavilənin bütün şərtləri ilə razılaşaraq, həmin şərtlərə əməl edəcəyi barədə öhdəlik götürməsinə baxmayaraq, üzərinə düşən öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə banka ödənilməmiş kredit borcu yaranmış,ona görə də iddiaçı kredit borcunun tutulması və tələbin ipoteka predmetinə yönəldilməsinə dair iddia ərizəsi ilə müraciət etmiş, tələb ipoteka predmetinə yöəldilərək ipoteka predmeti hərracdan satılmış, əldə olunan vəsait borcun ödənilməsinə yönəldilmiş olsa da, borc tam ödənilməmiş qalmış, ona görə də iddiaçı məhkəməyə hazırkı iddia ərizəsi ilə müraciət etmişdir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, “X6 Azərbaycan” QSC-nin Cavabdeh qarşı “pul tələbinə” dair iddiası qismən, yəni xx.xx.2020ci il tarixədək əsas borc 74.575 ABŞ dolları 36 sent və xx.xx.2020-ci il tarixdən sonra isə əsas borc 62.058 ABŞ dolları 15 sent məbləğində pul vəsaitinin 5 faizi məbləğində Cavabdeh “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulması tələbinə dair hissədə əsaslı olsa da, digər hissədə əsassızdır. Lakin Cavabdeh “X6 Azərbaycan” QSC-nin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etdiyindən və onun xx.xx.2022-ci il tarixə “X6 Azərbaycan” QSC-yə ödənilməmiş əsas borcu 62.058 ABŞ dolları 15 sent təşkil etdiyinə görə məhkəmə hesab edir ki, Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 62.058 ABŞ dolları 15 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 9.308 ABŞ dolları 72 sent məbləğində (62.058 ABŞ dolları 15 sent % 5 x 3 il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaiti “X6 Azərbaycan” QSC-nin xeyrinə tutulmalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəyicə ilə razılaşan məhkəmə kollegiyası aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445-ci maddəsinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinə görə öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 445.7-ci maddəsinə görə borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Faizdən faiz ödənilməsi yolverilməzdir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 2023-cü il 29 mart tarixli qərarında göstərilmişdir ki, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Bununla yanaşı, Mülki Məcəllənin 445.7-ci maddəsində icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanı nəzərdə tutulmuşdur. Həmin maddəyə əsasən, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, əgər kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, gecikdirilmiş vaxt üçün illik beş faiz ödəməyə borcludur. Göründüyü kimi, qanunverici qeyd olunan normada icranın gecikdirilməsi zamanı faizlərin ödənilməsi imkanını kreditorun digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilməməsi imkanı ilə şərtləndirmişdir. Həmçinin həmin qərarda göstərilmişdir ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Bu zaman pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi illik beş faizdən yüksək olduqda, kreditor tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsi ilə əlaqəli şəkildə kreditin ödənişi üzrə gecikdirilmiş vaxt üçün həmin Məcəllənin 449.1-ci maddəsinə müvafiq olaraq müəyyənləşdirilən miqdarda faizlər hesablanır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsinə görə müqavilə tələbləri üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 377.1-ci maddəsinə görə iddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Həmin Məcəllənin 373.2 və 373.3-cü maddələrinə görə müqavilə tələbləri üzrə və vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Həmin Məcəllənin 375.2-ci maddəsinə görə məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Həmin Məcəllənin 432.1-ci maddəsinə görə əgər kreditor razıdırsa, borclu öhdəliyi hissə-hissə icra edə bilər (öhdəliyin hissə-hissə icrası). Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Həmin Məcəllənin 554.3-cü maddəsinə görə əsas tələblə birlikdə ondan asılı olan əlavə öhdəliklərin icrasına dair tələb də müddətin keçməsinə görə qüvvəsini itirir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 03 iyun 2013-cü il tarixli qərarında qeyd etmişdir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı. İşdə olan Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)- 62/2017 nömrəli qətnaməsindən görünür ki, Cavabdeh tutulmalı əsas borc məbləği 74.575 ABŞ dolları 36 sent olsa da, “X6 Azərbaycan” QSC yenidən faizdən faiz tələb edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. “X6 Azərbaycan” QSC-nin nümayəndəsinin Gəncə şəhəri üzrə İcra İdarəsinə ünvanladığı xx.xx.2021-ci il tarixli məktubundan və digər müraciətlərdən isə görünür ki, Cavabdeh ipoteka predmeti olan mənzilinin xx.xx.2020-ci il tarixdə satışından əldə olan vəsaitin “X6 Azərbaycan” QSC-nin hesabına köçürülməsindən sonra Cavabdeh əsas borcu 62.058 ABŞ dolları 15 sent məbləğində təşkil edir. Kollegiya qeyd olunan hissələrdə iddia tələbinin əsaslı olması ilə razılaşsa da, lakin qeyd edir ki, Cavabdeh hüququndan istifadə edərək iddiaçı “X6 Azərbaycan” QSC-nin hazırki tələbinin əsaslı olan hissəsinə münasibətdə iddia müddətinin tətbiq olunmasını məhkəmədən xahiş etmişdir. Hazırki halda iddiaçının Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsində göstərilən hüququ qanundan irəli gələn tələbə bənzəsə də, əsl həqiqətdə müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, qanundan irəli gələn tələb etmə hüququnun əsasında onların istinad edə biləcəyi əqd mövcud olmadığından, ya da əqd mövcud olsa da etibarlı olmadığından tərəflərin tələb etmə zamanı istinad etdiyi yeganə əsas qanuna əsaslanan tələb olur və belə tələb ümumi iddia müddətinə tabe tutulur. Hazırki halda tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələbdir. Ona görə də müqavilə münasibətlərdən irəli gələn öhdəliyin icrasının gecikdirilməsinə görə cavabdehdən illik beş faiz ödənilməsini tələb etdiyindən tətbiq edilməli iddia müddəti müqavilə münasibətləri üzrə tətbiq edilməli olan iddia müddətidir. Beləliklə əsas tələb üzrə iddia müddəti hansı münasibətə əsaslanır və tabe tutulursa, əlavə tələb üzrə iddia müddəti də həmin münasibətə əsaslanmalı və ona tabe tutulmalıdır. İddiaçı tərəf iddia tələbində və apellyasiya şikayətində cavabdehin bank qarşısında icra edilməmiş pul öhdəliyi üzrə hesablanmış, gecikdirilmiş vaxt üçün illik 5 % (beş faiz) olmaqla, xx.xx.2017-ci il tarixindən xx.xx.2020-ci il tarixinə qədər 14.355 ABŞ dolları 16 sent, xx.xx.2020-ci tarixindən xx.xx.2025-ci il tarixinə qədər 13.230 ABŞ dolları 24 sent, cəmi 27.585 ABŞ dolları 40 sent təşkil etdiyini qeyd etmişdir. Tələbin predmetinin isə əsas borcun gecikdirilməsinə görə bankın zərərə uğramasının təşkil etdiyini qeyd etmişdir. Məhkəmə kollegiyasının iclasında müəyyən edildi ki, Gəncə Şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli 2(044)-62/2017 nömrəli qətnaməsi ilə Cavabdeh tutulmalı əsas borc məbləği 74.575 ABŞ dolları 36 sent olsa da, “X6 Azərbaycan” QSC yenidən faizdən faiz tələb edərək 90.190 ABŞ dolları 50 sent məbləğində pul vəsaitinin tutulmasını xahiş etmişdir. İddiaçı bu zaman faizdən faiz ödənilməsinin yolverilməz olduğunu, həmçinin Cavabdeh ipoteka predmeti olan mənzilinin xx.xx.2020-ci il tarixdə satışından əldə olan vəsaitin “X6 Azərbaycan” QSC-nin hesabına köçürülməsindən sonra Cavabdeh əsas borcunun 62.058 ABŞ dolları 15 sent məbləğində olduğunu, elcə də tələbin müəyyən hissəsi üzrə iddia müddətinin ötürüldüyünü nəzərə almamışdır. Beləliklə də birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşan məhkəmə kollegiyası qeyd edir ki, “X6 Azərbaycan” QSC Cavabdeh qarşı xx.xx.2025-ci il tarixdə məhkəmədə iddia qaldırmış, Cavabdeh iddia müddətinin tətbiqinə dair ərizə ilə məhkəməyə müraciət etmiş və Cavabdeh xx.xx.2022-ci il tarixə “X6 Azərbaycan” QSC-yə ödənilməmiş əsas borcu 62.058 ABŞ dolları 15 sent məbləğində olmuşdur. Buna görə də, birinci instansiya məhkəməsi Cavabdeh xx.xx.2022-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 62.058 ABŞ dolları 15 sent məbləğində əsas borca illik 5 faiz dərəcəsi ilə hesablanmış faiz borcunun əvəzi qismində 9.308 ABŞ dolları 72 sent məbləğində (62.058 ABŞ dolları 15 sent % 5 x 3 il) pul vəsaiti ödəniş gününə olan məzənnə ilə Azərbaycan manatı ekvivalentində pul vəsaitini “X6 Azərbaycan” QSC-nin xeyrinə tutmaqda haqlı olmuşdur. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı kollegiya aşağıdakıları qeyd edir. Apellyasiya şikayətinin birinci dəlili ondan ibarətdir ki, tələb kredit müqaviləsinə əsaslanmır, maddi zərər tələbidir. Məhkəmə qətnaməsində iddianın kredit müqaviləsindən irəli gəldiyini qeyd edərək, onu vaxtaşırı icra olunan müqavilə öhdəliyi kimi qiymətləndirib. Apellyasiya şikayətinin həmin dəlili ilə razılaşmayan məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda göstərildiyi kimi iddiaçının göstərilən hüququ, yəni zərər tələbi müqavilədən yaranan və vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gələn hüquqdur. Belə ki, tələbin məzmunundan da cavabdehin iddiaçı ilə aralarında bağlanmış kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrasını gecikdirdiyindən əsas borc məbləğinə 5 faiz dərəcəsi ilə hesablanan pul vəsaitinin tələb olunduğu görünür. Digər tərəfdən borclunun icranı gecikdirməsi ilə bağlı olan pul tələbi əsas tələbə söykənən əlavə tələbdir. Apellyasiya şikayətinin digər dəlilində göstərilir ki, zərərin ödənilməsinə dair iddialara ümumi müddət - 10 il tətbiq olunan tələblərdən olmasına dair dəlili ilə həmin tələb vaxtaşırı icra edilməli olan öhdəliklərdən irəli gəldiyinə görə məhkəmə iddia müddəti kimi 3 illik müddəti tətbiq etməkdə haqlı olmuşdur. Apellyasiya şikayətinin növbəti dəlili tələb olunan məbləğ — 90.190 USD 50 sentin — əsas borcun gecikdirilməsinə görə hesablanmış illik 5% zərər əvəzi olmaqla bank tərəfindən mülki hüquq pozuntusundan (gecikdirmə) irəli gələrək zərər əvəzi kimi tələb olunması ilə bağlıdır ki, kollegiya şikayətin həmin dəlili ilə də razılaşmır. Ona görə ki, iddia ərizəsindən də göründüyü kimi iddiaçının tələb etdiyi məbləğ manat məzənnəsi ilə 75575,36 ABŞ dolları əsas borca və 15515,14 ABŞ dolları əsas borca hesablanmış faiz borcuna hesablalan illik 5 %-dən ibarətdir. Mülki Məcəllənin 445.7-ci maddəsinə görə faizdən faiz ödənilməsi yolverilməzdir. Beləliklə, apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmiş, məhkəmə, müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə düzgün nəticəyə gəlmiş və tətbiq edilməli qanunu düzgün tətbiq etmişdir. Birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir ki, apellyasiya şikayətinin hazırkı dəlilləri qanuni və əsaslı məhkəmə qətnaməsinin ləğv edilməsi üçün əsas ola bilməz. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, iddiaçının apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasы MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 385.2-ci maddəsinə görə, birinci instansiya məhkəməsinin faktlar nöqteyi nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsinin nəticə hissəsində iddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti yanlış olaraq “X6 Azərbaycan” Açıq Səhmdar Cəmiyyəti kimi qeyd olunsa da, həmin hal kollegiya tərəfindən texniki xəta olaraq qəbul edilmiş və baxılan işin mahiyyətinə təsir etmədiyindən hüquqi qiymət verilməmişdir. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384-385, 392-393, 402-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: İddiaçı “X6 Azərbaycan” Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(125)-2178/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə (Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə) Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar