Məhkəmə qərarları › İş №2(104)-1566/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1566/2023

22.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1566/2023 22.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu və Həsənov İslam Telman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ondan borc aldığı 603.00 (altı yüz üç) manat pulun və ödənilmiş 30.40 manat dövlət rüsumunun, cəmi 633.40 (altı yüz otuz üç manat qırx qəpik) manat pulun alınaraq ona verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Cavabdeh ailə problemi olduğu üçün ondan borc pul istəmiş və o, Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə 2 bank köçürmə qəbzi ilə 281.00 manat və 322.00 manat, cəmi 603.00 (altı yüz üç) manat pul vermiş, cavabdeh isə həmin borcu qaytarmamışdır. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsi ilə (sədrlik edən Gündüz Şirinov ) iddia təmin edilmiş, Cavabdeh 603.00 (altı yüz üç) manat pul və ödənilmiş 30.40 manat dövlət rüsumu, cəmi 633.40 (altı yüz otuz üç manat qırx qəpik) manat pulun İddiaçı xeyrinə tutulması qət edilmişdir. Cavabdeh həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-cİ il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iş üzrə yeni qətnamə çıxarılmasınıı xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi yalnız iddiaçı tərəfindən təqdim edilən 2 bank köçürmə qəbzinə istinad edərək, iddianın təmin edilməsi qənaətinə gəlmişdir. Halbu ki, o, iddiaçını tanımır və həm də, iddiaçının ərizəsində qeyd etdiyi kimi müəllimə işləmir. Qeyd edilən qətnamədən 2023-cü ilin mart ayında Azərbaycan Respublikasına qayıdarkən məlumatı olmuşdur. O,2019-cu ildən ailəsi ilə Rusiya Federasiyasında yaşayır. Qətnaməni isə 14 aprel 2023-cü il tarixində əldə etmişdir. İşə birinci instansiya məhkəməsində sadələşdirilmiş icraatda baxıldığından, həmin işə yazılı icraata qaydasında baxılması təyin edilmiş, sonra isə məhkəmənin qərardadı ilə şifahi məhkəmə iclasına təyin edilmişdir. İş üzrə İddiaçı işə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddələrinə əsasən, işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətini müdafiə edərək, oxşar məzmunlu izahat verdi və apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsinin ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi və işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: Azərbaycan Beynəlxalq Bankı vasitəsi ilə bank hesaba xx.xx.2014-cü ildə 281.00 manat və xx.xx.2014-cü ildə 321 manat maddi yardımlar edilmişdir. Başqa bir xx.xx.2014cü il tarixli köçürmə qəbzində X1 maddi yardım kimi 280 manat ğöndərildiyi əks olunub. Təqdim oluna həmin sənədlər kserosurətlərdir. Birinci instansiya məhkəməsi iddianı təmin edərək, gəldiyi nəticəsini belə əsaslandırmışdır ki, cavabdeh kredit müqaviləsi üzrə öz riski ilə müqaviləni bağladığından həmin müqavilə üzrə öhdəliklərə görə məsuliyyət daşıyır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi həmin nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin: Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2-ci maddəsinə əsasən isə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşakarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1-ci maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formadabağlanır. 740.2-ci maddəsinə görə, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğində asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. İş materialları ilə tərəflər arasında borc münasibətlərinin olması öz təsdiqini tapmır. Belə ki, iddiaçının istinad etdiyi və işə əlavə edilən bank sənədlərində hansısa hesaba maddi yardım ödənişi qeyd edilibdir. Həm də, həmin köçürmə sənədlərində Cavabdeh yox, X2 adlı şəxsə maddi yardım göndərildiyi əks olunmuşdur. Azərbaycan Respublikası MPM-nin Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. İş materiallarında ididaçı tərəfindən cavabdehə hər hansı məbləğdə borc pul verilməsi müəyyən olunmur və bu barədə iddiaçı tərəfindən heç bir mötəbər sübut növü təqdim edilməmişdir. Azərbaycan Respublikası MPM-nin 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. Həmin Məcəllənin 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmamış, məhkəmə də müyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmişdir. Ona görə də, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)- 2981/2022 nömrəli qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin: 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 384, 392, 393 və 402ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏTETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(125)-2981/2022 nömrəli qətnaməsi qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı “pul” tələbinə dair iddiası rədd edilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar