Məhkəmə qərarları › İş №2(104)-1566/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1566/2024

18.12.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1566/2024 18.12.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın və borcun ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X2 ibarət tərkibdə, Məsimzadə Mədəd Elçin oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və borc tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsindən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə 18 dekabr 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. ƏN-Vİ seriyalı, 281436 nömrəli, 18 oktyabr 2022-ci il tarixli etibarnamədən görünür ki, İddiaçı tərəfindən “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobil "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********/AZ2017, Gəncə şəhəri, Kəpəz rayonu, İ.Talıblı, ev 80,) adından Cavabdeh etibar edilmişdir. Bu etibarnamə üzrə səlahiyyətlər başqa şəxsə verilə bilər. Etibarnamə üzrə verilən səlahiyyətlər nəqliyyat vasitəsini idarə etmək. Etibarnamə 1 il 11 ay 12 gün müddətinə verilmişdir və xx.xx.2024 il saat 23:59-dək qüvvədədir.

2. Azərbaycan Respublikası Nəqliyyat X1 görünür ki, “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı, boz mavi metallik rəngli, JTDKB20U097866318 BAN nömrəli, “Xetçbek” tipli, U398907 mühərrik nömrəli, 2008-ci il buraxılışlı avtomobil İddiaçı məxsusdur.

3. Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən verilmiş 05 may 2023-cü il tarixli, 44/05 nömrəli qüsur aktı-rəydən görünür ki, nəqliyyat vasitəsinə “Servis” şəraitində İlkin, Vizual texniki Baxış keçirilmiş və Baxış zamanı aşkarlanmışdır ki, qəzaya uğramış “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı açıq-göy rəngli, 2008-ci il buraxılışlı, BAN nömrəsi “Xetçbek” tipli Avtomobilə Sərbəst Bazar qiymətlərini nəzərə almaqla, 1596 (bir min beş yüz doxsan altı) manat maddi zərər toxunulmuşdur. Qeyd: avtomobil sökülərkən əlavə, nəzərdən qaçan, gözlə görünməyən hissələr aşkarlanarsa, hesablanan xərclərin artması istisna olunmur.

4. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, cəmiyyətin nizamnamə kapitalı 10 (on) manat həcmindədir və hər biri 5 (beş) manat olmaqla, 2 (iki) paydan ibarətdir. Cəmiyyətin təsisçisi Cavabdehdur. Cəmiyyətin nizamnamə kapitalı cəmiyyət dövlət qeydiyyatına alındıqdan sonra üç ay ərzində təsisçilər tərəfindən ödənilməlidir. Cəmiyyətin nizamnamə kapitalına qoyulan pay puldan, qiymətli kağızlardan, başqa əmlakdan və əmlak hüquqlarından və ya pul dəyəri olan digər hüquqlardan ibarət ola bilər. Nizamnamə kapitalına pay qoyulması üçün götürdüyü öhdəlik təsisçi tərəfindən pozulduqda, o, Ümumi yığıncağın qərarı ilə qəbul edilmiş qaydalara müvafiq məsuliyyət daşıyır. Nizamnamə kapitalına qoyulan əmlak və digər mülkiyyətin qiymətləndirilməsi Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq həyata keçirilir. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyi ilə qadağan olunmayan bütün fəaliyyət növləri ilə məşğul ola bilər. Cəmiyyət Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq xüsusi icazə alınması tələb edilən fəaliyyət növləri ilə yalnız müvafiq icazəni (lisenziyanı) aldıqdan sonra məşğul ola bilər.

5. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının xx.xx.2024-cü il tarixli, 9/7787 nömrəli rəyindən görünür ki, nəzəri hesablama yolu ilə "Avtomotoservis və ticarət" istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2008-ci il buraxılışlı “X10” markalı, **-ET-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1295,00 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 1025,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 270,00 manat.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı zərərin əvəzinin ödənilməsi və borc tələbinə dair iddia ərizəsi ilə Gəncə Şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus “Toyota Prius” markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində, aprel ayı üçün icarə haqqından qalmış 400 (dörd yüz) manat borcun, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat məbləğində pulun və iddianın verilməsi üçün ödənilmiş dövlət rüsumunun alınaraq ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, mülkiyyət hüququ üzrə ona məxsus olan “Toyota Prius” (Hibrid) markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı minik avtomobilini etibarnamə ilə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi **********/AZ2017 saylı VÖEN əsasında fəaliyyət göstərən fərdi sahibkar Cavabdeh 18 oktyabr 2022-ci il tarixdə şifahi müqavilə əsasında icarəyə vermişdir. Avtomobili icarə üçün istismara qəbul edən Cavabdeh nəqliyyat vasitəsini texniki saz vəziyyətdə olduğuna əmin olduqdan sonra etibarnamə müddəti başa çatdıqdan sonra avtomobili qəbul etdiyi vəziyyətdə geri qaytarmağı öz öhdəsinə götürmüşdür. Təəssüf ki, cavabdeh öhdəliyinə məsuliyyətlə riayət etməmiş və 05 may 2023-cü il tarixdə ona məlum olmayan telefon nömrəsindən tanımadığı şəxs tərəfindən zəng gələrək cavabdehə etibarnamə əsasında icarəyə verdiyi nəqliyyat vasitəsini Gəncə şəhərində Cihazqayırma zavodunun yanında təhvil götürməsini xahiş etmişdir. Cavabdehə zəng edərək məsələnin mahiyyətini ona izah etməsini tələb etmiş, eyni zamanda 2023-cü ilin aprel ayı üçün avtomobilin istismarına görə icarə haqqının 400 (dörd yüz) manat qalan hissəsini ödəməsini bildirmişdir. Avtomobilə yerində vizual baxış keçirdiyi zaman ilkin baxışdan xeyli qüsur olmasını hiss etmiş, hansı ki, cavabdeh nəqliyyat vasitəsini ondan qəbul edərkən tamamilə saz vəziyyətdə istismara yararlı idi. Ona görə də avtomobildə olan qüsurları müəyyən etmək üçün Azərbaycan Respublikası “Avtomotoservis və ticarət” X4 müəssisəsinə müraciət etmişdir. Həmin müəssisədə Mühəndis-Məsləhətçi vəzifəsində işləyən ixtisasca avtomobil nəqliyyatı mühəndis mexaniki X6 nəqliyyat vasitəsinə “Servis” şəraitində ilkin vizual baxış keçirmiş və 05 may 2023-cü il tarixli, 44/05 saylı qüsur aktı-rəy tərtib edilmişdir. Qüsur aktı-rəy əsasında məlum olmuşdur ki, cavabdehin təqsiri ucbatından qəzaya uğramış avtomobilə 1596 (bir min beş yüz doxsan altı) manat maddi zərər yetirilmişdir. Eyni zamanda avtomobil sökülərkən əlavə nəzərdən qaçan gözlə görünməyən qüsurlar aşkalanarsa, hesablanmış xərclərin artmasının istisna olunmadığı da qüsur aktında öz əksini tapmışdır. Cavabdeh bütün parametrlər üzrə öhdəliyini yerinə yetirməməklə, ona maddi zərər vurmaqla yanaşı, həmçinin, may, iyun və iyul aylarında əldə edə biləcəyi gəlirdən (faydadan) onu məhrum etmişdir. Hesab edir ki, cavabdeh mülkiyyət hüququ üzrə ona məxsus olan avtomobili yararsız hala saldığına görə vurduğu 1596 (bir min beş yüz doxsan altı) manat məbləğində zərəri və adi mülki dövriyyə şəraitində də əldə edəcəyi gəlirləri ödəməlidir. Nəqliyyat vasitəsininn yararlı hala salınmasını üçün ehtiyat hissələrinin sifariş əsasında gətirilməsini nəzərə aldıqda, iyul ayının axırlarına qədər vaxt lazımdır. Bu baxımdan cavabdeh 2023-cü ilin aprel ayından qalmış 400 (dörd yüz) manat icarə haqqını ona ödəməlidir. Beləliklə, cavabdehdən avtomobilə vurduğu zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, icarə haqqı üçün 2023-cü ilin aprel ayından qalmış 400 (dörd yüz) manat məbləğində borcun alınıb verilməsi barədə qətnamə qəbul edilməlidir. O, nəqliyyat vasitəsini cavabdehlə icarə məbləğini 600 (altı yüz) manata güzəştli şəkildə razılaşmışdır. Belə ki, Bakı şəhərində hər ay üçün icarə haqqı 750 (yeddi yüz əlli) manat təşkil edir. Onun özü tərəfindən cavabdehə kifayət qədər güzəşt edilmişdir.

8. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsi ilə (hakim Zaman İmanov), iddianın təmin edilməsi, Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat, 2023-cü ilin aprel ayı üçün icarə haqqından ödənilməmiş qalan 400 (dörd yüz) manat olmaqla, ümumilikdə 1996 (bir min doqquz yüz doxsan altı) manat pul və məhkəmədə iddia qaldırmaq məqsədilə ödənilmiş dövlət rüsumunun əvəzi kimi 40 (qırx) manat alınaraq İddiaçı ödənilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1, 21.2, 442, 443.1, 443.2, 700.1, 700.2, 701.1, 701.2, 701.2.1, 701.2.2, 701.2.3, 701.2.4, 701.2.5 1096.1 və 1096.2-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 107, 119.1, 216-220, 227, 238, 241 və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə maddi və prosessual normaların pozulması ilə qəbul edilmişdir. Belə ki, mübahisəli avtomaşın 2002-ci il buraxılışdır. Avtomaşın 16 il müddətində istismarda olması və amartizasiya uğramasını məhkəmə nəzərə almamışdır. Qüsur aktı-Rəy də ABS əyləc sisteminin qiyməti 750 manat göstərilmişdir. Halbuki, 16 il istismarda olan işlənilmiş əyləc sisteminin qiyməti o qədər ola bilməz. Onun qiymətini yalnız ekspert qiymətləndirə bilər. Qətnamədə sübut növü qəbul edilən xx.xx.2023-cü il tarixli, 44/05 saylı qüsur aktı-rəyinin hüququ qüvvəsi yoxdur. Çünki, Cinayət Məcəlləsində nəzərdə tutulmuş maddə ilə məsuliyyət barədə xəbərdar edilən ekspert verə bilər. Məhkəmə isə ekspertiza təyin etmədən qüsur aktı-rəyə sübut növü kimi qiymət vermişdir. Qeyd etmək istəyir ki, məhkəmə iclasında iddiaçı bildirmişdir ki, avtomaşının üstündəki əyləc sistemini dəyişməmiş, hətta avtomaşmı özü idarə edir. Hətta avtomaşını idarə edərkən Bakı şəhərində 28 may 2023-cüil tarixində qəza törətmiş və bu barədə X12 əməkdaşları tərəfindən protokol tərtib edilmiş və məhkəmə buna hüquqi qiymət verməmişdir. Eyni zamanda iddiaçı iddia ərizəsində qeyd edir ki, avtomaşını təmir etmək üçün avtomobil hissələri 2023-cü ilin iyul ayında gətiriləcək. Lakin, əgər avtomaşm vurulmuş vəziyyətdə olmuşdursa, İddiaçı avtomaşın təmir edilmədən onu necə idarə etmiş və hətta 2023-cü ilin mayın 28-də Bakı şəhərində avtomobil qəzası törətmişdir. Eyni zamanda “Avtoservis və ticarət” İstehsalat Birliyinin xx.xx.2023-cü il tarixli 44/05 saylı qüsur aktı-rəy tövsiyyə xarakteri daşımışdır. Məhkəmə qətnaməsində qeyd edir ki, şahid qismində dindirilmiş X5 onun yaxın qohumumdur, hətta onun nümayəndəsi Nümayəndə doğma oğludur. X9 Nümayəndə doğma oğludursa, onda nə üçün onların soyadları müxtəlifdir. Amilin onun qohumu olması barədə məhkəmənin əlində heç bir sübut yoxdur.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

14. İş üzrə Cavabdeh və nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

16. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

17. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

18. Maddə 700.1. İcarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

19. Maddə 700.2. İcarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər.

20. Maddə 701.1. İcarəlik əşya (icarə obyekti), o cümlədən torpaq sahəsi və ya müəssisə öz ləvazimatı ilə birlikdə icarəyə verilir. Əgər müqavilənin iştirakçıları bu Məcəllənin 701.2-ci maddəsinə uyğun qiymətləndirmə dəyəri üzrə ləvazimatın verilməsi şərtini qoymurlarsa, icarəyə verən bütün ləvazimatı olduğu şəkildə saxlamalıdır. İcarəyə verən icarəçinin cavabdeh olmadığı hər hansı hallar nəticəsində sıradan çıxan ləvazimat obyektlərini əvəz etməyə borcludur. Lakin icarəçi ləvazimata aid əşyaların və heyvanların adi sıradan çıxmasının yerini doldurmağa təsərrüfatın lazımınca aparılmasına uyğun gələn dərəcədə borcludur.

21. Maddə 701.2. Əgər icarəyə götürülən ləvazimatın dəyəri icarənin əvvəlində müqavilənin iştirakçıları və ya hər hansı üçüncü şəxs tərəfindən qiymətləndirilirsə və icarəçi icarəyə xitam verildikdən sonra bu ləvazimatı onun qiymətləndirmə dəyəri üzrə qaytarmaq öhdəliyini götürürsə, aşağıdakı qaydalar tətbiq edilir: 701.2.1. ləvazimatın təsadüfən məhv olması və təsadüfən pisləşməsi riski icarəçinin üzərinə düşür; 701.2.2. icarəçi ləvazimat obyektlərinə dair təsərrüfatın lazımınca aparılması çərçivəsində sərəncam verə bilər; 701.2.3. icarəçi ləvazimatı təsərrüfatın lazımınca aparılmasına uyğun gələn vəziyyətdə saxlamalı və uyğun gələn həcmdə daim əvəz etməlidir. Onun əldə etdiyi obyektlər ləvazimata birləşdirildikdən sonra icarəyə verənin mülkiyyəti olur; 701.2.4. icarəyə xitam verildikdən sonra icarəçi mövcud ləvazimatı icarəyə verənə qaytarmalıdır. İcarəyə verən icarəçinin əldə etdiyi və təsərrüfatın lazımınca aparılması qaydalarına görə icarəyə götürülmüş obyekt üçün lüzumsuz və ya həddindən artıq qiymətli olan ləvazimat obyektlərini qəbul etməkdən imtina edə bilər; imtina edilmiş obyektlərə mülkiyyət hüququ imtina anında icarəçiyə keçir; 701.2.5. əgər qəbul edilmiş ləvazimatla qaytarılmalı ləvazimatın ümumi qiymətləndirmə dəyərləri arasında fərq vardırsa, o, pulla kompensasiya edilir. Qiymətləndirmə dəyərləri üçün icarəyə xitam verildiyi məqamda qüvvədə olan qiymətlər əsas götürülməlidir.

22. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

23. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

24. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

25. Maddə 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur.

26. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

27. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

31. Maddə 97.1. İşə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin yazılı qaydada verilən əsaslandırılmış vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. İşdə iştirak edən şəxsin vəsatəti rədd edildikdə məhkəmə bu barədə əsaslandırılmış qərardad qəbul etməlidir

32. Maddə 103.1. Ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və bu Məcəllənin 88-ci maddəsində müəyyən edilmiş qaydalar üzrə məhkəmələr tərəfindən qiymətləndirilir.

33. Maddə 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

34. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

35. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

36. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

37. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;

38. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

39. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

40. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

41. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

42. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

43. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin ləğvini xahiş etsə də, qətnamənin yalnız mübahisəli əmlaka dəymiş zərərin təmin edilməsi hissəsini mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

44. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, iddiaçının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsi “Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manatın tutulması” hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan maddi zərərin məbləği 1.295 manat məbləğində müəyyən edilməlidir.

45. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ona mülkiyyət hüququ əsasında məxsus olan “Toyota Prius” (Hibrid) minik markalı, 77-ET834 dövlət qeydiyyat nişanlı avtomobili ƏN-Vİ seriyalı, 281436 nömrəli, 18 oktyabr 2022-ci il tarixli etibarnamə əsasında "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru (VÖEN **********/AZ2017) Cavabdeh şifahi formada bağlanmış icarə müqaviləsi əsasında icarəyə vermişdir. Tərəflər arasında şifahi formada bağlanmış icarə müqaviləsinə əsasən aylıq icarə haqqının məbləği 600 (altı yüz) manat məbləğində müəyyən olunmuş və Cavabdeh etibarnamə əsasında icarəyə götürdüyü avtomobili yararlı və saz vəziyyətdə qaytarmağı öhdəsinə götürmüşdür. İddiaçının qeyd etməsinə görə cavabdeh icarə müqaviləsi üzrə 2023-cü ili aprel ayı üçün müəyyən edilmiş icarə haqqını tam şəkildə ödəməmiş və bununla da iddiaçıya 2023-cü ilin aprel ayı üçün qalıq 400 (dörd yüz) manat icarə haqqı borcu qalmışdır. Eyni zamanda cavabdeh icarəyə götürdüyü nəqliyyat vasitəsini yararlı və saz vəziyyətdə qaytarmaq barədə öhdəliyini yerinə yetirməmiş, iddiaçıya məxsus olan “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobili yararsız vəziyyətə salmış, nəticədə avtomaşına 1596 manat maddi ziyan dəymişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, sonuncu məhkəməyə iclasına gəlməmiş, gəlməməsinin səbəblərinin üzrlü olması barədə məhkəmə məlumat verməmişdir. Lakin, məhkəmənin 12 yanvar 2024-cü il tarixində keçirilən iclasında iddia tələbini qəbul etməmiş, 2023-cü ili aprel ayı üçün iddiaçıya qalan 400 manat məbləğində icarə haqqını başqa şəxs vasitəsilə ödədiyini, həmçinin, iddiaçıya məxsus “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə hər hansı zərər vurmadığını bildirərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

46. İş materiallarından göründüyü kimi, apellyasiya şikayəti üzrə tərəflər arasında yaranmış mübahisə maddi zərərin əvəzinin ödənilməsi ilə bağlı yaranan mübahisədir və iddia tələbi zərərin əvəzinin ödənilməsini müəyyən edən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21-ci maddəsi, habelə əlaqəli normalar əsasında həll edilmişdir.

47. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21.1 və 21.2-ci maddələrinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

48. Mülki Məcəllənin 1096.1 və 1096.2-ci maddələrinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır (22-23&).

49. Mülki Məcəllənin 1097.1-ci maddəsində deyilir ki, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

50. Bundan başqa, Mülki Məcəllənin 1108.1-ci maddəsinə görə, ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərər çəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər (19&).

51. Azərbaycan Respublikası Mülki Məcəlləsinin zərərin əvəzinin ödənilməsi qaydalarını tənzimləyən 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyini qoyur (25&).

52. Mülki qanunvericiliyin yuxarıda sadalanmış müddəalarının mənasından göründüyü kimi mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır.

53. Məhkəmə kollegiyası tərəfindən mübahisəli “Toyota Prius” (Hibrid) markalı, **- ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərərin düzgün müəyyən edilməsi üçün iş üzrə təyin olunmuş məhkəmə-mühasibatlıq ekspertizası keçirilmiş və ekspertin xx.xx.2024-cü il tarixli, 9/7787 nömrəli rəyi ilə müəyyən olunmuşdur ki, nəzəri hesablama yolu ilə "Avtomotoservis və ticarət" istehsalat birliyi “Avtomotoservis və ticarət” Gəncə müəssisəsi tərəfindən tərtib edilmiş xx.xx.2023-cü il tarixli qüsur aktına əsasən 2008-ci il buraxılışlı “X10” markalı, **-ET-*** qeydiyyat nişanlı avtomobilin təmir-bərpa xərci təxminən 1295,00 müəyyən edilir. O cümlədən: - Dəyişilməli hissələrin qiyməti - 1025,00 manat; - Təmir- bərpa işlərinin qiyməti - 270,00 manat.

54. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının MPM-in 103-cü maddəsinə əsasən həmin rəyi qiymətləndirərək mötəbər sübut kimi qəbul edir. Belə ki, Azərbaycan Respublikasının MPM-in 76.2-ci maddəsinə əsasən ekspert rəyi sübut növlərindən biri kimi müəyyən olunmuşdur.

55. Azərbaycan Respublikasının MPM-in 103.1-ci maddəsinə əsasən, ekspertin rəyi məhkəmə tərəfindən bu Məcəllənin 88-ci maddəsində müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilir.

56. Məhkəmə kollegiyası rəyi tədqiq edib, işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert həmin rəyini əsaslandırmış, rəy verərkən malın (işin, xidmətin) bazar qiyməti və birja kotirovkaları haqqında rəsmi məlumat mənbələrindən, dövlət və yerli hakimiyyət orqanlarının məlumat bazalarından, vergi ödəyicilərinin dövlət vergi orqanlarına verdikləri məlumatlardan, reklam mənbələri məlumatlarından istifadə olunmuşdur.

57. Məhkəmə kollegiyası hesab edir ki, ekspert tərəfindən hesablama aparılan zaman mübahisəli əmlaka dəymiş maddi zərərin məbləği 1.295 manat həcmdə müəyyən edilməlidir.

58. Azərbaycan Respublikasının Konstitusiyasının 125-ci maddəsinin Vİİ bəndində göstərilmişdir ki, məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.

59. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu «S.Əliyevanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi MİÜMK-nın xx.xx.2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair» 31 may 2006-cı il tarixli qərarında göstərmişdir ki, «mülki-prosessual qanunvericiliyin göstərilən müddəalarından irəli gələrək məhkəmə, özü tərəfindən müəyyən olunmuş işin hallarını və qənaətini formalaşdıran sübutları, bu və ya digər sübutları rədd etmək üçün istinad etdiyi dəlilləri və rəhbər tutduğu qanunları qətnamədə göstərməklə onu hüquqi cəhətdən əsaslandırmalıdır».

60. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir.

61. Avropa İnsan Hüquqları Məhkəməsi “Oferta Plus S.R.L. Moldovaya qarşı” 19 dekabr 2006-cı il tarixli qərarında xatırlatmışdır ki, Konvensiyasının 6-cı maddəsinin 1-ci bəndi məhkəmələrin üzərinə öz qərarlarını əsaslandırmaq vəzifəsini qoyur (96-cı bənd).

62. Beləliklə, məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsi “Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manatın tutulması” hissəsində dəyişdirilməli, cavabdehdən tutulmalı olan maddi zərərin məbləği 1.295 manat məbləğində müəyyən edilməli, (icarə haqqı 400 manat + 40 manat ödənilmiş dövlət rusumu=440 manat) ümumilikdə 1.735 (bir min yeddi yüz otuz beş) manat alınaraq İddiaçı verilsin qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.

63. Eyni zamanda kollegiya hesab edir ki, Azərbaycan Respublikası MPM-nin 119.1ci maddəsinə əsasən 50 manat ekspertiza xərci isə Cavabdeh tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilməlidir.

64. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.3, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin 09 fevral 2024-cü il tarixli, 2(125)-128/2024 nömrəli qətnaməsi - Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin əvəzi olaraq 1596 (bir min beş yüz doxsan altı) manat tutulması - hissəsində dəyişdirilsin. Cavabdeh “Toyota Prius” (Hibrid) minik markalı, **-ET-*** dövlət qeydiyyat nişanlı avtomobilə vurduğu maddi zərərin məbləği 1.295 (bir min iki yüz doxsan beş) manat olmaqla, ümumilikdə 1.735 (bir min yeddi yüz otuz beş) manat alınaraq İddiaçı verilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. İş üzrə ekspertiza xərci olan 50 (əlli) manat məbləğində pul Cavabdeh tululub SAP (XİİS), X3, kod210005, VÖEN**********, m/h Az41NABZ********************, S.W.İ.F.T. Bik: CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** saylı hesaba keçirilsin. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar