Məhkəmə qərarları › İş №2(104)-1567/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1567/2025

28.10.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1567/2025 28.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə Açar sözlər: maddi ziyanın əvəzinin ödənilməsi; sübut yetərsizliyi Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Cavadova Günay İsmayıl qızı və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Hüseynova Türkan Mehdi qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı maddi ziyanın əvəzinin ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(042)-386/2025 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 28 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından görünür ki, İddiaçı Azərbaycan Respublikası İXM-nin 338.5.2 (malqaranın asfalt və sement-beton örtüklü yollarla ötürülməsi) və 338.5.5-ci (mal-qaranı və at arabasını (kirşəni) sutkanın qaranlıq vaxtı və ya məhdud görünmə şəraitində dəmir yollarından, yolların bu məqsəd üçün xüsusi olaraq ayrılmayan yerlərindən keçirilməsi) maddələri ilə təqsirli bilinmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1500 manat maddi zərərin və 35 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Gədəbəy rayonu Qumlu kəndində azyaşlı övladları ilə yaşayır. Yaşadığı həyətdə dana saxlamaq üçün tövləsi vardır. O, tövlədə mövsümi olaraq dana saxlayıb satır. 03 noyabr 2024-cü il tarixdə səhər saat 5 radələrində özünə məxsus 4 baş dananı Gədəbəy rayonunda yerləşən mal bazarına apararkən Şəmkir-Gədəbəy yolundan keçirərkən X1 idarə etdiyi “X3” markalı avtomobillə onun danalarından birini vurmuşdur. Cavabdeh onun danasını avtomobillə vuran kimi, avtomobilindən bıçaq götürüb dananı kəsdi və özü oraya qəssab çağıraraq, dananı qəssaba 1.000 manata satmışdır. Lakin, dananın alqı-satqısına görə olan pulu ona verməmişdir. Onun danasının qiyməti isə 1.500 manatdır. Bundan sonra o dəfələrlə tələb etməsinə baxmayaraq, cavabdeh ona vurduğu maddi ziyanı ödəməmişdir. Hətta dananın pulunu da mənimsəmişdir. O, cavabdehdən ona vurduğu maddi ziyanı tələb edir.

4. Gədəbəy Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(042)-386/2025 nömrəli qətnaməsi ilə (hakim Zamiq Rəsulov) İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi tələbi barədə” iddiasının rədd edilməsi; Məhkəmə xərclərinin iddiaçıya aid edilməsi qət edilmişdir.

5. Birinci instansiya məhkəməsi mövqeyini Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1, 14.2, 21.1, 21.2, 1096.1 və 1097.1-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.1, 14.2, 76.1, 76.2, 77.1, 217.1 və 218.3-cü maddələrinə istinadla əsaslandırmışdır.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, 03 noyabr 2024-cü il tarixdə səhər saat 05 radələrində özünə məxsus 4 baş dananı Gədəbəy rayonunda yerləşən mal bazarına apararkən Şəmkir-Gədəbəy yolundan keçirərkən Cavabdeh idarə etdiyi X3 markalı avtomobillə onun danalarından birini vurmuşdur. Cavabdeh ona məxsus dananı avtomobillə vuran kimi, avtomobilindən bıçaq götürüb dananı kəsmiş və özü oraya qəssab çağıraraq, dananı qəssaba 1000 manata satmışdır. Lakin, dananın alqı-satqısına görə olan pulu ona verməmişdir. Onun danasının qiyməti isə 1500 manatdır. Birinci instansiya məhkəməsində də işə baxılarkən cavabdeh məhkəmə iclasında verdiyi izahatında ona məxsus dananı satmaq məqsədilə apardığını, lakin sata bilmədiyini qeyd etmişdir. Lakin, cavabdehin izahatından da görünür ki, o, dananı aparmış, lakin qaytarmamışdır. O, yolnəqliyyat hadisəsi üzrə inzibati məsuliyyətə cəlb edilərək, cərimə olunsa da, lakin cavabdeh dananı özü ilə aparmamalı idi. Heç olmasa dananın ətini satıb özü ziyanlığımı ödəmiş olardı. Lakin, cavabdeh dananı satmaq adı ilə aparmış və qaytarmamışdır. Bu hal cavabdehin izahatı ilə təsdiq olunur. Belə olan halda iki qat ziyan çəkmiş olur. Həm inzibati məsuliyyətə cəlb edilmiş, həm də cavabdeh dananı aparıb satmışdır. İnzibati məsuliyyətə cəlb edilməyinə görə cəriməni ödəmişdir. Lakin, cavabdeh bu vəziyyətdən istifadə edib dananı mənimsəməməli idi. O, tək ailə başçısıdır və himayəsində yetkinlik yaşına çatmayan övladları vardır. Ailəsinin dolanışığı da il boyu saxladığı həmin danalardır. Lakin, məhkəmə tərəfindən mülki iş üzrə nəticəyə gələrkən qeyd olunan halların heç biri nəzərə alınmamışdır. Məhkəmə yalnız həmin yol-nəqliyyat hadisəsi nəticəsində onun inzibati məsuliyyətə cəlb olunaraq İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri ilə cərimə olunmağını qeyd edərək, vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulmadığı nəticəsinə gələrək onun iddia tələbini rədd etmişdir. Məhkəmə tərəfindən ona məxsus dananın cavabdeh tərəfindən avtomobilinə qoyularaq, aparılması və ona qaytarılmaması nəzərə alınmamışdır. Cavabdehin hadisədə təqsiri olmasa da, o həmin danamı mənimsəməməli, apardığı danamın ya özünü, ya da nə qədər pul etmişdisə onu mənə qaytarmalı idi. Cavabdeh isə dananı apardığını göstərsə də, dananın sonrakı aqibətinin necə olduğunu və hansı əsasla onun kəsilmiş danamı qaytarmadığını bildirmir. Belə olan halda cavabdeh onun hesabına həm də əsassız varlanmış olmuşdur. Lakin, məhkəmə öz qətnaməsində maddi hüquq normalarını düzgün tətbiq etməyərək, ona cavabdeh tərəfindən maddi ziyan vurulmamasını əsas gətirmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında İddiaçı apellyasiya şikayətini müdafiə edərək izahatında bildirmişdir ki, yol nəqliyyat hadisəsi baş vermiş və nəticədə cavabdeh idarə etdiyi avtomobillə ona məxsus bir baş dananı vurmuşdur. Cavabdeh qəssab çağırıb dananı kəsdirmiş, qəssab isə dananın dəyəri olan pulu cavabdehə vermişdir. Cavabdeh ona 600 manat pul verirdi danaya görə, lakin o buna etiraz edərək dananı 800 manata aldığını bildirmişdir. Sədrlik edənin suallarına cavab olaraq İddiaçı bildirmişdir ki, cavabdehin ona məxsus dananı qəssaba satmağına dair sübutu yoxdur. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

14. Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

15. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 16 Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

17. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

18. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

19. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

20. Maddə 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

21. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini və proses iştirakçısının izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına tətbiq edilməli olan qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

27. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 03:40-da idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu H.Əliyev prospektində hərəkətdə olan zaman İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı vurmuş və heyvan ölmüşdür. Baş vermiş hadisəyə görə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024- cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, İddiaçı təqsirli bilinmişdir (İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri). İddiaçı cavabdehin hüquqazidd hərəkətləri nəticəsində maddi ziyana məruz qaldığını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmişdir.

28. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, İddiaçı vurulmuş maddi ziyanın cavabdehin təqsirli hərəkətləri nəticəsində vurulduğunu iddia etsə də, həmin maddi ziyanın vurulmasında cavabdehin təqsirinin olmasını müəyyən edən inzibati xəta haqqında qərar və ya cavabdehin təqsirli hərəkətləri nəticəsində ona ziyan vurulmasını təsdiq edən heç bir mötəbər sübut məhkəməyə təqdim edilməmişdir. Əksinə, baş vermiş yol nəqliyyatı hadisəsində İddiaçı təqsirli bilinmişdir.

29. Hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. İrəli sürülmüş iddia tələb(lər)inin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normalarının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə hüquqlarına görə aradan qalxmırsa) iddia haqlı sayılır, uzlaşmırsa əsassız hesab edilməlidir.

30. Bu kontekstdə kollegiya nəzərə alır ki, hazırkı iddia üzrə tələb maddi ziyanın əvəzinin ödənilməsi barədədir iddiaçının irəli sürdüyü iddia tələbinin qanuni əsası kimi mülki qanunvericiliyin mülki hüquq pozuntusu (delikt) məsuliyyəti və zərərin əvəzinin ödənilməsi ilə bağlı müddəaları nəzərdən keçirilə bilər.

31. Qeyd edilməlidir ki, Mülki Məcəllənin 21-ci maddəsi ümumi norma kimi çıxış edərək zərərin əvəzinin ödənilməsi ilə əlaqədar tələbin şərtlərini deyil, yalnız hüquqi nəticələrini tənzimləyir. Bu mənada, zərərin əvəzinin ödənilməsi ilə bağlı hər bir konkret iddia tələblərinin əsası digər hüquq sahələrindən (məsələn, müqavilə hüququ, delikt hüququ və s.) irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə isə zərərin əvəzinin ödənilməsi üçün iddia tələbinin əsası delikt hüququndan yaranır.

32. Mülki hüquq pozuntusuna (deliktə) görə məsuliyyətin yaranması dispozisiya şərti kimi üç əsas ünsürün məcmu halda mövcudluğundan asılıdır: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin mövcudluğu və zərər vuran şəxsin təqsirliliyi. Ona görə də, deliktə əsaslanan zərərin əvəzinin ödənilməsi ilə bağlı iddia tələbləri məhz qeyd edilən dispozisiya şərtləri baxımından yoxlanılmalı və iddia tələbinin qanuni əsasının qeyd edilən dispozisiya şərtlərinin mövcudluğu halında irəli sürülən tələb təmin olunmalıdır. Qeyd edilən dispozisiya şərtlərindən hər hansı birinin olmaması özlüyündə deliktə əsaslanan tələbi əsassız edir.

33. Kollegiya iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, sözügedən tələbin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmamaqdadır.

34. İlk növbədə nəzərə alınmalıdır ki, MPM-in 81-ci maddəsinə müvafiq olaraq qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Bu mənada konkret şəxsin, o cümlədən, cavabdehin hər hansı hüquq pozuntusuna görə təqsirli olması yalnız səlahiyyətli orqanın qanunvericiliyin tələbinə uyğun qəbul etdiyi müvafiq qərarla təsdiq oluna bilər.

35. İşin hallarından göründüyü kimi, Cavabdeh xx.xx.2024-cü il tarixdə, saat 03:40da idarə etdiyi avtomobil ilə Gədəbəy rayonu H.Əliyev prospektində hərəkətdə olan zaman İddiaçı məxsus bir baş iribuynuzlu heyvanı vurmuş və heyvan ölmüşdür. Baş vermiş hadisəyə görə Gədəbəy rayon Polis şöbəsinin xx.xx.2024- cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarına əsasən, İddiaçı təqsirli bilinmişdir (İXM-nin 338.5.2 və 338.5.5-ci maddələri). Bu halda, yol nəqliyyat hadisəsi nəticəsində dəymiş ziyanın əvəzinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması yolverilməzdir.

36. «Cavabdehin hadisədən sonra dananı qəssaba 1000 manata satması» barədə iddiaçının arqumentinə münaisbətdə kollegiya qeyd edir ki, iddiaçının həmin arqumentləri əsassızdır. Çünki, iddiaçı bu arqumentini təsdiq edəcək hər hansı mötəbər sübutu məhkəməyə təqdim etməmişdir.

37. Nəzərə alınmalıdır ki, Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübuta yetirməlidir.

38. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında Avropa Məhkəməsi xatırlatmışdır ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti, incumbit probation (sübutetmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan və ya təkzibedilməz oxşar fakt ehtimallarından irəli gələ bilər. “Qavazov Bolqarıstana qarşı” iş üzrə 06 mart 2008-ci il tarixli qərarında isə həmin Məhkəmə qeyd etmişdir ki, “sübutları qiymətləndirərkən, bir qayda olaraq, “əsaslı şübhədən kənar” sübut standartları tətbiq edilir”.

39. Şərh edilənlərə əsasən məhkəmə kollegiyasının qənaəti bundan ibarətdir ki, işə baxan məhkəmə müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassız və formal mülahizə olmaqla qətnamənin ləğvi üçün əsas deyildir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

40. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddianın qiyməti 5000 manatdan az olduğundan bu qətnamədən kassasiya şikayəti verilməsi nəzərdə tutulmur.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin 21 may 2025-ci il tarixli 2(042)-386/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz. Qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar