Məhkəmə qərarları › İş №2(104)-1568/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1568/2023

16.06.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1568/2023 16.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Mamedov Rəşad Ziyaviddin oğlu (sədrlik edən və məruzəçi), Bayramov Azər Vahid oğlu və İsgəndərova Aygül Vulqar qızından ibarət tərkibdə, Zeynalov Yasin Namik oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi (vəkili) Nümayəndə, Cavabdeh etibarnamə üzrə nümayəndəsi X6 və vəkili Vəkil iştirakları ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1600/2023 saylı qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)- 5485/2018 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, xx.xx.2018-ci il tarixdən başlayaraq Cavabdeh hər ay, sabit pul məbləğilə 150 manat aliment tutularaq iddiaçı ilə birgə nikahdan doğulmuş 29 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün X3 ödənilməsi, Cavabdeh 30 manat alınaraq dövlət büdcəsinə keçirilməsi, iddia tələbinin qalan hissədə rədd edilməsi, qətnamənin aliment tələbinə dair hissədə dərhal icra edilməsi qət edilmişdir. Həmin dövrə, yəni 2018-ci il tarixdə uşağın 2 yaşı olmuşdur. İndi isə uşaq böyüyüb məktəbə getdiyi üçün ona çəkilən xərclər artmışdır. İddiaçı uşağın saxlanmasında maddi cəhətdən çətinlik çəkir, cavabdeh isə uşağın saxlanılması üçün alimentin miqdarının artırılmasına könüllü olaraq razılıq göstərməmişdir. Bu səbəbdən də, iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi əsasında tutulan alimentin məbləğinin dəyişdirilərək, 29 oktyabr 2016-cı il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 250 manat sabit pul məbləğində alimentin və ilkin mediasiya üçün ödənilmiş 50 manat pulun Cavabdeh onun xeyrinə tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1600/2023 saylı qətnaməsi ilə (hakim M.Mustafayev) iddianın qismən təmin edilməsi, 29 oktyabr 2016-cı il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Gəncə şəhəri Kəpəz Rayon Məhkəməsinin 05 dekabr 2018-ci il tarixli 2(043)-5485/2018 saylı qətnaməsi ilə hər ay bir uşaq üçün müəyyən edilmiş 150 manat sabit pul məbləğində alimentin məbləği artırılaraq hər ay bir uşağa görə 165 (bir yüz altmış beş) manat məbləğində müəyyən edilməsi, qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq 29 oktyabr 2016-cı il təvəllüdlü X5 adlı uşağın yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh hər ay bir uşağa görə 165 (bir yüz altmış beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı verilməsi, iddiaçı tərəfindən ilkin mediasiya sessiyasına ödənilmiş 50 manat xərcin 25 manatı Cavabdeh İddiaçı xeyrinə tutulması qət edilmişdir. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, məhkəmə məhkəmə iclasında tədqiq edilmiş sübutlara qiymət verərək, hesab edir ki, iddiaçının hər ay bir uşağa görə 250 manat sabit pul məbləğində aliment təyin edilməsinə dair tələbi tam təmin edilə bilməz. Belə ki, müəyyən olunmuş alimentin məbləği tərəflərin həqiqi vəziyyətinə uyğun olmalı və digər tərəfi maddi cəhətdən pis vəziyyətə salmamalıdır. Həmçinin, iddiaçının ərizəsində göstərdiyi miqdarda cavabdehin aliment ödəmək iqtidarında olması iş materialları ilə təsdiq olunmur və iddiaçı tərəfindən məhkəməyə cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə hər hansı sənəd təqdim edilməmişdir. Məhkəmə cavabdehin tələb olunan məbləğdə aliment ödəmək iqtidarında olmasının məhkəmə iclasında öz təsdiqini tapmadığını nəzərə alır və hesab edir ki, iddia tələbinin tam həcmdə təmin olunması cavabdehin mənafeyinə uyğun deyildir. Məhkəmə qeyd edir ki, uşağın saxlanması üçün cavabdehin üzərinə qanunvericiliklə vəzifə qoyulmuş, uşağın saxlanmasına kömək göstərmək və uşağa qayğı göstərmək Cavabdeh valideynlik borcudur. Həmin qətnamədən narazı qalan iddiaçı apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin alimentin miqdarının 165 manat müəyyən edilməsi hissəsində ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qanunsuz və əsassızdır. Belə ki, iddiaçı məhkəmənin həmin qətnaməsindən alimentin miqdarının 165 manat miqdarında müəyyən edilməsi hissəsində narazıdır. İddiaçı 2018-ci ildə aliment təyin edildikdən hal-hazıra kimi, yəni 4 ildən artıq müddətdir alimentin artırılması üçün müraciət etməmişdir. 4 il sonra isə məhkəmə alimentin miqdarını cəmi 15 manat artırmışdır. Məhkəmə qeyd edir ki, cavabdehin aylıq qazancı, əmək haqqı və ya digər gəlirləri barədə tərəfindən hər hansı sənəd təqdim edilməmişdir. Bununla bağlı qeyd edilir ki, cavabdehin rəsmi iş yeri olmasa da o, fərdi əməklə məşğuldur. Belə ki, özünə məxsus Vito avtomobili ilə Bakı şəhərinə, Respublikanın digər rayonlarına və hətta xarici ölkələrə işləyir. Gəliri yüksəkdir. İddiaçıda olan məlumata görə cavabdeh hazırda da işlə bağlı ölkədə yoxdur. İkincisi, cavabdehin işləməməsinin qeyd edilməsi alimentin artırılmaması üçün bəhanə ola bilməz. Cavabdeh fiziki cəhətdən sağlam insandır, ali təhsillidir, istədiyi işdə işləyə bilər. Bundan başqa məhkəmə Göygöl Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(066)-614/2021 saylı qətnaməsinə istinad edərək cavabdehin başqa uşağının saxlanılması üçün hər ay 70(yetmiş) manat aliment ödədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilir ki, Göygöl Rayon Məhkəməsinin həmin qətnaməsi formal xarakter daşıyır. Çünki həmin məhkəmə qətnaməsi ilə saxlanılması üçün alimentin tutulması qət edilmiş uşaq və anası hal-hazırda da cavabdehlə bir yerdə yaşayırlar. Cavabdeh həmin uşağa yaxşı baxır, onun qayğısına qalır, onu hər şeylə təmin edir, onlara aliment ödəmir. Hətta həyat yoldaşı ikinci uşağa hamilədir. Məhkəmə iclasında cavabdehin nümayəndəsi olan atası bildirdi ki, guya onlar, yəni ata-anası da cavabdehin himayəsindədirlər. Bu da tamamilə yalandır. Belə ki, cavabdehin valideynləri hər ikisi dövlətdən təqaüd alırlar. Anası şəkərli diabet xəstəliyindən əziyyət çəksə də onun xəstəliyi ilə əlaqədar dərmanları dövlət pulsuz verir. Göründüyü kimi valideynləri cavabdehin deyil, dövlətin himayəsindədirlər. Bundan başqa məhkəmə qətnaməsində Gəncə Şəhər Birləşmiş Xəstəxanası PHŞ-nin 17 mart 2023-cü il tarixli məktubuna əsaslanaraq, qeyd edir ki, iddiaçının əmək haqqı 616 manat təşkil edir. İddiaçının əmək haqqının vergilər çıxılmamış miqdarı 616 manat təşkil edir, ələ aldığı əmək haqqı isə cəmi 515 manat təşkil edir ki, bu məbləğdə həm özünün, həm də uşağın maddi cəhətdən təmin edilməsi üçün kifayət edəcək məbləğ deyil. Cavabdeh apellyasiya şikayətinə qarşı məhkəməyə etiraz göndərərək iddiaçının birinci instansiya məhkəməsinin qətnaməsindən verdiyi apellyasiya şikayəti əsasız olduğu üçün təmin edilməməsini, qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırlmışdır ki, İddiaçı apellyasiya şikayətinin dəlilləri aşağıdakı hallara görə əsassızdır. İddiaçı cavabdehin qazancının uşağına hər ay 250 manat ödəmək imkanım olması arxasında heç nə durmayan məntiqsiz sözlərlə bildirmiş, maddi imkanı barədə məhkəməyə hər hansı sübut təqdim etmədiyi halda, belə sübutu təqdim etməməyə görə cavabdehi günahlandırmış, belə mülahizə etmişdir ki, cavabdeh fiziki cəhətdən sağlam adamdır, ali təhsillidir, "istədiyi işdə işləyə bilər". Həmin sözlər süni effekt yaratmaq üçündür. Cavabeh nə qızı Ləman üçün aliment ödəməkdən yayınmır, nə yayınmaq fikrində deyil. Bildirir ki, işsizlik səbəbindən kifayət qədər qazancı olmaması qeyri-real tələbin təmini üçün əsas deyil. Əslində 7 yaşlı qızı Ləman üçün tutulmalı olan 165 manat da cavabdeh üçün çoxdur. Bu məbləği ödəmək üçün qazancı minimum 495 manat olmalıdır. Onun orta hesabla o qədər aylıq qazancı yoxdur. İddiaçının yalnız rəsmi qazancı 616 manatdır. Ləman tək cavabdehin uşağı deyil. Hər ikisi onu saxlamalıdır. İddiaçı məhkəmə iclasında apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək apellya şikayətinin təmin edilməsini xahiş edərək əlavə olaraq bildirmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi ilə müəyyən edilmiş aliment məbləği uşağı artan xərclərinin qarşılanması üçün kifayət deyil. İddiaçının nümayəndəsi (vəkili) Nümayəndə məhkəmə iclasında bildirmişdir ki, ilk dəfə 2018-ci ildə məhkəmə qətnaməsi ilə uşağa görə aliment müəyyən olunmuşdur. İddiaçı 5 il alimentin artırılması üçün məhkəməyə müraciət etməyib. Hazırda uşaq böyüyüb artıq məktəbə gedir və onun xərcləri çoxaldığı üçün iddiaçı bu il məhkəməyə müvafiq tələblə müraciət etmişdir. Birinci instansiya məhkəməsi isə qətnamə qəbul edərkən sırf cavabdehin mənafeyini nəzərə almışdır. Uşağın mənafeyini nəzərə almamışdır. Cavabdehin maddi vəziyyətində pisləşmə olmayıb. İddiaçı xəstəxanada qeydiyyatçı vəzifəsində işləyir, onun əmək haqqından vergilər tutulduqdan sonra 500 manat alır. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında apellyasiya şikayətinə etirazın dəlillərinə uyğun izahat verərək bildirmişdir ki, yoldaşı birinci dərəcə əlildir, buna görə ona xidmətçi tutublar və aylıq olaraq xidmətçiyə pul ödəyillər. Bundan əlavə cavabdehin sonradan ailə qurduğu üçün onun himayəsində digər övladı var və həmin övladı üçün 70 manat aliment ödəyir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Cavabdehin vəkili Vəkil məhkəmə iclasında bildirmişdir ki, cavabdeh ikinci dəfə ailə qurmuşdur, həyat yoldaşı isə onun xəstə anasına baxmaq istəmir bu səbəbdən də, məcbur olaraq cavabdehin anasına xidmətçi tutmuşlar. Həmçinin cavabdeh ikinci nikahından olan uşağı üçün hər ay 70 manat aliment ödəyir. Cavabdeh işləmir maddi vəziyyəti hazırda pisdir. İddiaçı isə işləyir, aylıq 616 manat məvacib alır. Qeyd olunan halları nəzərə alaraq iddiaçının apellyasiya şikayətinin təmin edilməməsini və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyası: Maddə 34. Nikah hüququ ... İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsi Həmin Məcəllənin 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Həmin Məcəllənin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Həmin Məcəllənin 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir. Həmin Məcəllənin 78.3-cü maddəsinə əsasən tərəflərdən hər biri ilə uşaq qalıbsa, bir valideyndən az təminatlı digər valideynin xeyrinə hər ay tutulan alimentin miqdarı bu Məcəllənin 78.2-ci maddəsinə uyğun olaraq məhkəmə tərəfindən sabit pul məbləğində müəyyən edilir. Azərbaycan Respublikası «Uşaq Hüquqları» haqqında Qanunu Həmin qanunun 5-ci maddəsinə görə, dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin qanunun 8-ci maddəsinə əsasən hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Həmin Qanunun 13-cü maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq huququ vardır. «Uşaq hüquqları haqqında» Konvensiya Həmin Konvensiyanın 3-cü maddəsinə əsasən sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir; Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur; Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır; Həmin Məcəllənin 218.1-ci maddəsinin tələbinə görə hakim qətnamə çıxarıldıqda tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu müəyyən edir; Həmin Məcəllənin 384.0.1-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apelyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini, tərəflərin izahatlarını dinləyərək, apelyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb, işin hallarına ailə qanunvericiliyinə əsasən hüquqi qiymət verərək, aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Yuxarıda sadalanan hüquq normalarından göründüyü kimi, valideyn qanuna görə uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Valideynin işləməməsi və ya qazanca malik olmaması, yaxud qazancının az olması onu uşağı saxlamaq, normal maddi dolanışığını təmin etmək vəzifəsindən azad etmir. Ailə Məcəlləsinin 78-ci maddəsi sabit məbləğdə aliment tutulmasına əsas verən hallardan biri kimi valideynin qazancının (gəlirinin) olmamasını, başqa bir hal kimi də alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu hallаrı müəyyən etmişdir. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar aliment təyini zamanı nəzərə alınsa da, uşağın mənafeləri baxımından qiymətləndirilməlidir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Məhkəmə kollegiyası qeyd olunan hüquq normalarına əsasən, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay uşağa görə 165 manat məbləğində müəyyən edilməsi barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Bu məbləğ uşağın mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir. Kollegiya göstərir ki, alimentin bu məbləği uşağın mənafeləri baxımından qənaətbəxşdir. Apellyator şikayətində göstərmişdir ki, cavabdehin rəsmi iş yeri olmasa da o, fərdi əməklə məşğuldur. Belə ki, özünə məxsus Vito avtomobili ilə Bakı şəhərinə, Respublikanın digər rayonlarına və hətta xarici ölkələrə işləyir. Gəliri yüksəkdir. Bundan başqa məhkəmə Göygöl Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(066)-614/2021 saylı qətnaməsinə istinad edərək cavabdehin başqa uşağının saxlanılması üçün hər ay 70(yetmiş) manat aliment ödədiyini qeyd etmişdir. Bununla bağlı qeyd edilir ki, Göygöl Rayon Məhkəməsinin həmin qətnaməsi formal xarakter daşıyır. Apellyatorun həmin dəlillərini kollegiya əsassız sayır. Belə ki, iddiaçı şikayətin dəlillərində cavabdehin gəlirinin yüksək olmasını bildirsə də, bu halı təsdiq edən mötəbər sübutu məhkəmə təqdim etməmişdir. Həmçinin iş materialllarında olan Göygöl Rayon Məhkəməsinin 04 iyun 2021-ci il tarixli 2(066)-614/2021 saylı qətnaməsinin surətindən görünür ki, iddianın qismən təmin edilməsi, 15 dekabr 2020-ci il tarixdə anadan olmuş X4 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh hər ay 70 manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı X1 xeyrinə ödənilməsi, alimentin tutulmasının xx.xx.2021-ci il tarixdən başlanması qət edilmişdir. “Gəncə Şəhər Birləşmiş Xəstəxanası” PHŞ tərəfindən verilmiş, xx.xx.2023-cü il tarixli, arayışdan görünür ki, İddiaçı xx.xx.2019-cu il tarixdən Gəncə Şəhər BXPHŞ Xəstə Xidmət Şöbəsində qeydiyyatçı vəzifəsində işləyir. Onun aylıq əmək haqqı 616,00 manat təşkil edir. Kollegiya qeyd edir ki, alimentin məbləği müəyyən edilərkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir. Bu baxımdan birinci instansiya məhkəməsi tərəfindən cavabdehə müəyyən olunan alimentin miqdarı qanunauyğun və əsaslıdır. Beləliklə, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə əsaslı nəticəyə gəlmişdir. Qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Nəticəvi hissə: Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372, 384, 392, 402, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, qət etdi: Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-1600/2023 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar