Məhkəmə qərarları › İş №2(104)-1569/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1569/2024

16.07.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1569/2024 16.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X4 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Ləğv prosesində olan "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 02 may 2024cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. QSC “Bank Standart” KB ilə Cavabdeh arasında 06 avqust 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/4710/13 saylı müqavilə bağlanmış, müqaviləyə əsasən Bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir.

2. xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə Sazişdən görünür ki, cavabdehin müraciəti əsasında xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 saylı Əlavə saziş bağlanmışdır. Əlavə sazişə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək kreditin müddəti 24 ay uzadılmış ödənilməli olduğu son tarix xx.xx.2018-ci il tarix qeyd edilmiş, cərimə məbləği illik 36 faiz dərəcəsi olmaqla tətbiq olunmuşdur.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı LPO "xxxx" QSC Cavabdeh qarşı iddia ərizəsiylə məhkəməyə müraciət edərək Cavabdeh LPO "xxxx" QSC-nin xeyrinə 06 avqust 2013-cü il tarixli kredit müqaviləsi üzrə 1371.86 manat əsas, 282.72 manat gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği, ümumilikdə 1654.58 manat məbləğində pulun və 36.93 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, QSC "xxxx" ilə Cavabdeh arasında 2013-cü il tarixində kredit verilməsi haqqında 1xx/xx/4710/13 saylı müqavilə bağlanmış, həmin sənədlərə əsasən Bank tərəfindən cavabdehə illik 26 (iyirmi altı) faiz ödənilməsi şərti ilə 24 (iyirmi dörd) ay müddətinə 2000 (iki min) manat məbləğində kredit verilmişdir. Sonradan cavabdehin müraciəti əsasında xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixli 01 saylı Əlavə saziş bağlanmışdır. Sazişə əsasən xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin 1.1-ci bəndinə aşağıda qeyd edilən dəyişikliklər edilmişdir. Əlavə sazişə əsasən xx.xx.2013-cü tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək kreditin müddəti 24 ay uzadılmış ödəməli olduğu son tarix xx.xx.2018-ci il tarixə qeyd edilmiş, cərimə məbləği illik 36 faiz dərəcəsi olmaqla tətbiq olunmuşdur. Lakin, cavabdeh öz üzərinə götürdüyü kredit öhdəliklərini lazımınca icra etməmiş və bunun nəticəsində cavabdehin xx.xx.22023-cü il tarixinə Banka 1371.86 ( bir min üç yüz yetmiş bir manat, 86 qəpik) manat məbləğində əsas borc , 282.72 ( iki yüz səksən iki manat, 72 qəpik) manat məbləğində gecikdirilmiş vaxt üçün hesablanmış faiz məbləği ümumilikdə isə 1654,58 ( bir min altı yüz əlli dörd manat, əlli səkkiz qəpik) manat məbləğində borcu qalmışdır.

5. Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı «borcun tutulması» tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir.

6. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, tərəflər arasında 24 ay müddətinə bağlanmış xx.xx.2013-cü il tarixli kredit müqaviləsinin müddəti xx.xx.2015-ci il tarixində bitmiş, iddiaçı həmin tarixdən 8 ildən artıq müddət keçdikdən sonra xx.xx.2023cü il tarixdə iddia müddətini ötürərək hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə baxışı zamanı iddia müddətinin dayanması və ya kəsilməsinə əsas olacaq hallar aşkar edilməmişdir. Bundan başqa, Cavabdeh LPO "xxxx" QSCyə ünvanladığı ərizənin surətindən görünür ki, "xxxx" ödəniş sistemi ilə LPO QSC “Bank Standard” KBdə 21 dekabr 2019-cu il tarixli LM111900990 saytı olan kredit borcuna ödəniş edərkən, səhvən xx.xx.2022-ci il tarixində 40 AZN, xx.xx.2022-ei il tarixində 40 AZN, xx.xx.2022-ci il tarixində 40 AZN, ümumi 120 AZN ödəniş məbləğimi səhvən LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcu olan hesabına köçürmüşdür. Bununla əlaqədar LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcuna ödədiyi 120 AZN ödəniş məbləğinin LPO QSC “Bank Standard” KB-də olan 21 dekabr 2019-cu il tarixli LM111900990 saylı kredit borcuna köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfdən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər edilməsi artıq bitmiş iddia müddətinin dayanması və ya kəsilməsi üçün əsas hesab edilmir. xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə xx.xx.2016-cı il tarixdə 01 saylı əlavə sazişə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinin 1.1-ci bəndi dəyişdirilərək kreditin müddəti 24 ay uzadılmış ödənilməli olduğu son tarix xx.xx.2018-ci il tarixə qeyd edilmiş, cərimə məbləği illik 36 faiz dərəcəsi olmaqla tətbiq olunmuşdur. Lakin Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 51-ci vərəqində xx.xx.2016-cı il tarixli, 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Belə olan halda, Bank həmin Sazişə əsaslanaraq cavabdehə qarşı tələb irəli sürə bilməz, subyektiv hüquq yaranmadığından onun pozulması halı və iddia müddətinin başlanması, dolayısıyla Sazişə əsasən iddia müddətinin tətbiqi mümkün deyil.

7. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Mülki Məcəlləsinin 372.1, 372.2, 373.2, 375.2, 380.1, 380.2-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

8. Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsindən narazı qalan iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

9. İddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, e-2(125)-214/2024 nömrəli qətnaməsinə əsasən Bankın iddia ərizəsi rədd edilmişdir. Gəncə Şəhər Məhkəməsi işin faktiki hallarını nəzərə almadan qanunvericiliyin tələblərini pozmaqla əsassız qərar qəbul etmişdir. QSC “Bank Standart” KB ilə Cavabdeh arasında bağlanmış 06 avqust 2013- cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsi üzrə ləğv prosesində olan QSC “Bank Standart” KB-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən xx.xx.2019-cu il tarixdə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinə iddia tələbi ilə müraciət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-760/2019 saylı qərardadı ilə mülki iş Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanla əlaqədar baxılmamış saxlanılmışdır. Onlar tərəfindən həmin qərardaddan şikayət verilmiş, lakin Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Gəncə Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(105)-4091/2019 saylı qərardadı ilə Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019cu il tarixli 2(043)-760/2019 saylı qərardadı dəyişdirilmədən saxlanılmışdır. Lakin fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulu 2019-cu illin dekabrın 31-də başa çatmasına baxmayaraq, tövsiyə edilən tədbirlər onlar tərəfindən təmin edildiyi halda, bu günədək cavabdeh tərəfindən bankla Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında fərmanı ilə əlaqədar iddia ərizələri həmin dövr ərzində-təqribən, 2019, 2020 və bəzi işlərdə hətta 2021-ci il tarixlərdə baxılmamış saxlanılmışdır. Hazırki mülki iş üzrə iddia ərizəsi Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(043)-760/2019 saylı qərardadı ilə baxılmamış saxlanılmışdır. Cavabdeh tərəfindən Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” fərmanın icrası ilə bağlı yeni müqavilə bağlanması üçün bankla müraciət olunmamış və güzəştli şərtlərlə restrukturizasiya müqaviləsi imzalanmamışdır. Müvafiq fərmanla əlaqədar iddia ərizələrinin məhkəmələr tərəfindən baxılmamış saxlanılması təcrübəsi öncədən mövcud olmadığından, onun tətbiqinə sərf ediləcək ağlabatan müddətin bank tərəfindən müəyyən edilməsi də, mümkün olmamışdır. Məhkəməyə yenidən müraciət olunduğu təqdirdə eyni vəziyyətlə üzləşməmək üçün həmçinin, son dövrlərə qədər apellyasiya məhkəmələrində müvafiq fərmanla bağlı məsələlər mübahisələndirildiyindən onlar tərəfindən məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə yenidən müraciət edilmişdir. Bank tərəfindən fərmanın tətbiqi prosedurları tam yekunlaşana qədər gözlənildiyi üçün yenidən eyni kredit üzrə məhkəməyə ancaq xx.xx.2023-cü il tarixdə müraciət edilmişdir. Gəncə şəhər Kəpəz Rayon Məhkəməsinin e-2(043)-760/2019 saylı qərardadında fərmanın tətbiqi prosedurlarına sərf oluna biləcək ağlabatan müddət konkret olaraq müəyyən edilməmişdir. Tərəflər arasında bağlanmış müqavilənin şərtlərinə əsasən xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsi üzrə iddia müddətinin axımının başlanğıcı tərəflərin öz öhdəliklərini tam həcmdə yerinə yetirilməsindən sonra başlayır. Bu səbəbdən də xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsi üzrə öhdəliklər icra edilmədiyi üçün iddia müddətinin axımı başlamamışdır. Həmçinin xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsi üzrə kreditin ödənilməli olduğu son tarix xx.xx.2018-ci il nəzərdə tutulmuşdur. Məhkəmə iş materiallarında həmin hissəyə istinad edərək iddia müddətinin 3 il olmasını göstərərək, iddia müddətinin tətbiq olunmasını qeyd etmişdir. Cavabdeh məhkəməyə ərizə verərək iddia müddətinin tətbiq edilməsi ilə yanaşı xx.xx.2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişin onun tərəfindən imzalanmamasını bildirmişdir. Məhkəmə bununla bağlı xx.xx.2023-cü il tarixli qərardad ilə məhkəmə-xətşünaslıq ekspertizası təyin edərək iş üzrə icraatı dayandırmışdır. Lakin ekspert rəyinin nəticəsini iddiaçı Bank qətnaməni əldə etdikdən sonra məlumatı olmuşdur. Məlum olmuşdur ki, 01 saylı əlavə saziş həqiqətən Cavabdeh tərəfindən imzalanmamışdır. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilən (sonuncu məhkəmə baxışı) məhkəmə iclası barədə Bankın məlumatı olmamışdır. Beləliklə də iddiaçı Bank ekspert rəyinə münasibət bildirməmişdir.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdiyini bildirib apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Cavabdehə məhkəmənin vaxtı və yeri haqqında lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, məhkəməyə gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edərək, işə baxmışdır.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Mülki Məcəlləsi:

13. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

14. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır.

15. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər.

16. 372.1. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir.

17. 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.

18. 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.

19. 380.1. Müəyyənləşdirilmiş qaydada iddia irəli sürüldükdə, habelə borclu şəxs borcu etiraf etməsini göstərən hərəkətlər etdikdə iddia müddətinin axımı kəsilir.

20. 380.2. Fasilədən sonra iddia müddəti yenidən başlanır. Fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir.

21. 381.1. Əgər iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir.

22. 382. İddiaçının şəxsiyyəti ilə bağlı hallara görə (ağır xəstəlik, köməksiz vəziyyət, savadsızlıq və i.a.) iddia müddətinin ötürülməsi səbəbini məhkəmənin üzrlü saydığı müstəsna hallarda fiziki şəxsin pozulmuş hüququ müdafiə edilməlidir. İddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında, həmin müddət altı aya bərabər və ya altı aydan az olduqda isə iddia müddəti ərzində baş verdikdə üzrlü sayıla bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

23. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

24. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

25. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

26. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

27. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

28. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

29. 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

30. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

31. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

32. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

33. Hazırkı apellyasiya şikayətində qətnamə iddiaçı tərəfindən ümumilikdə mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı ümumilikdə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

35. Belə ki, birinci instansiya məhkəməsi mübahisəyə iddia müddətinin ötürülməsi əsası ilə Mülki Məcəllənin 373-cü maddəsini tətbiq edərək iddianı rədd etmişdir ki, bununla da birinci instansiya məhkəməsi mübahisə üzrə tətbiq edilməli olan maddi hüquq normasını düzgün tətbiq etmişdir. İşin müəyyən edilmiş hallarına əsasən tərəflər arasında borc müqaviləsi 06 avqust 2013-cü il tarixdə bağlanmış müqavilə üzrə öhdəliyin icrasının son müddəti 06 avqust 2015-ci il tarixinədək şərtləndirilmişdir. İddiaçı müddətin cavabdehlə bağlanmış 17 iyun 2016-cı il tarixli 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə bağlanmış 01 saylı Əlavə Sazışin bağlanması ilə hesablanmasını iddia etmişdir ki, bununla bağlı kollegiya qeyd edir ki, 17 iyun 2016-cı il tarixli 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə bağlanmış 01 saylı Əlavə Saziş üzrə də öhdəliyin icrasının son müddəti xx.xx.2018-ci il tarixədək şərtləndirilmişdir. İddiaçı bank tərəfindən isə məhkəməyə 11 sentyabr 2023-cü il tarixdə iddia ərizəsi ilə müraciət olunmuşdur ki, belə olan halda da iddia müddəti ötürülmüş hesab olunur. Həmçinin iş materiallarında olan birinci instansiya məhkəməsi tərəfindən əldə olunmuş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 3-16-16/2-4/2023 nömrəli ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş, mülki işin 51-ci vərəqində xx.xx.2016-cı il tarixli, 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişin aşağı sağ hissəsində “Borcalan” qrafasında olan imza-Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Bu baxımdan iddiaçının 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13 saylı kredit müqaviləsinə 01 saylı əlavə sazişə əsaslanan iddia müddətinin həmin tarixdən hesablanmalı olmasına dair dəlilləri əsaslı sayıla bilməz.

36. Bundan başqa iddia müddətinin axımının kəsimi kimi iddiaçı xx.xx.2019-cu il tarixdə iddia ərizəsi ilə Gəncə Şəhəri Kəpəz Rayon Məhkəməsinə müraciət etdiyini lakin, Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadı ilə mülki işin Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Fərmanla əlaqədar baxılmamış saxlandığını bildirmişdir ki, bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, Mülki Məcəllənin 380-ci maddəsinin tələbinə əsasən məhkəmədə iddianın irəli sürülməsi iddia müddətinin axımının kəsilməsinə səbəb olmaqla, müddətin axımının kəsilməsi ilə iddia müddəti yenidən başlanır ki, bu zaman fasiləyə qədər keçmiş vaxt yeni müddətə daxil edilmir. Lakin, bu qayda iddia ərizəsinin məhkəmə tərəfindən baxılmamış saxlanılması hallarına aid olmamaqla, bununla bağlı qayda ayrıca olaraq Mülki Məcəllənin 381.1-ci maddəsi ilə tənzimlənməkdədir. Həmin maddənin tələbinə görə isə iddia məhkəmə tərəfindən baxılmamış saxlanmışdırsa, iddia irəli sürülənədək başlanmış iddia müddətinin axımı ümumi qaydada davam edir. Yəni, iddia müddətinin axımının kəsilməsi anınadək keçən müddət, iddia ərizəsinin baxılmamış saxlanması müddətindən sonra davam etməyə başlamaqla ümumi qaydada davam edir. Bu zaman iddia müddəti yenidən başlanmış hesab olunmur.

37. Məhkəmə kollegiyası Gəncə Şəhər Kəpəz Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli qərardadında qeyd olunan mübahisənin hazırkı məhkəmədənkənar həlli qaydasının Azərbaycan Respublikasının Prezidentinin "fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında" 28 fevral 2019-cu il tarixli Fərmanla müəyyən edilməsi ilə əlaqədar həmin işlər üzrə zəruri prosedurlara sərf edilmiş ağlabatan müddətin məhkəmə qərardadında qeyd edilməməsi ilə bağlı mövqeyinə münasibətdə isə qeyd edir ki, iddia müddətinin ötürülməsinin müəyyən edilib-edilməməsi məsələsində həmin qərardad hazırkı iş üzrə hər hansı bir preyudisial əhəmiyyət kəsb etməməkdədir. Qeyd olunan fakt isə o halda iddia müddətinin ötürülməsi səbəbinin üzrlü sayılması və iddia müddətinin bəpa edilməsi üçün əsas hesab oluna bilərdi ki, iddia müddətinin ötürülməsi səbəbləri iddia müddətinin son altı ayında baş vermiş olardı.

38. Məhkəmə kollegiyası, iddiaçının “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydasının 6.16-cı maddəsinə əsasən fiziki şəxslərin kredit borclarının restrukturizasiyası məqsədilə yeni güzəştli kredit müqaviləsinin bağlanması ilə bağlı müraciətlərinin qəbulunun 2019-cu ilin dekabrın 31-də başa çatmasına baxmayaraq, Cavabdeh tərəfindən yeni müqavilə bağlanması üçün müraciət olunmaması ilə bağlı apellyasiya şikayətinin dəlilinə münasibətdə qeyd edir ki, iddiaçı bank 31 dekabr 2019-cu il tarixdən 4 ilə yaxın müddət keçdikdən sonra yəni 2023-cü ilin sentyabr ayında iddia ərizəsi ilə müraciət etmişdir ki, qeyd olunan üç il doqquz aylıq müddətin üzrlü hesab olunmasının əsaslandırmamaqla yanaşı ötürülmüş iddia müddətinin bəpasına dair vəsatətlə də, məhkəməyə müraciət etməmişdir.

39. Məhkəmə kollegiyası iddiaçının Cavabdeh tərəfindən 2022-ci il tarixdə ödəniş etməsi və bununla da iddia müdətinin axımının kəsilməsi ilə bağlı mövqeyinə münasibətdə qeyd edir ki, cavabdeh X2 tərəfindən LPO "xxxx" QSC-yə ünvanlanmış ərizənin surətindən görünür ki, "xxxx" ödəniş sistemi ilə LPO QSC “Bank Standard” KB-də 21 dekabr 2019-cu il tarixli LM111900990 saytı olan kredit borcuna ödəniş edərkən, səhvən xx.xx.2022-ci il tarixində 40 AZN, xx.xx.2022-ei il tarixində 40 AZN, xx.xx.2022-ci il tarixində 40 AZN, ümumi 120 AZN ödəniş məbləğimi səhvən LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcu olan hesabına köçürmüşdür. Bununla əlaqədar LPO QSC “Bank Standard” KB-də olan 06 avqust 2013-cü il tarixli 1xx/xx/4710/13/1 saylı kredit borcuna ödədiyi 120 AZN ödəniş məbləğinin LPO QSC “Bank Standard” KB-də olan 21 dekabr 2019-cu il tarixli LM111900990 saylı kredit borcuna köçürülməsinə göstəriş verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfdən xx.xx.2022, xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə xx.xx.2013-cü il tarixli kredit müqaviləsi üzrə ödənişlər edilməsi artıq bitmiş iddia müddətinin dayanması və ya kəsilməsi üçün əsas hesab edilmir.

40. Beləliklə, yuxarıda qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,

Qət etdi :

Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsindən iddiaçı LPO "xxxx" Qapalı Səhmdar Cəmiyyəti tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 02 may 2024-cü il tarixli, e-2(125)-214/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar