Məhkəmə qərarları › İş №2(104)-1570/2024

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1570/2024

23.07.2024 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1570/2024 23.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının hakimləri-X6 (sədrlik edən məruzəçi), Mehtiyev Fikrət Ədilşah oğlu və Muradov Rəhman Şaban oğlundan ibarət tərkibdə, Kərimov Vüsal Mahir oğlunun katibliyi, İddiaçı və Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Cavabdeh «alimentin artırılması» tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə, açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İş materiallarına əlavə olunmuş AZ-İİ seriyalı, 178452 nömrəli, AZ-İİ seriyalı, 649859 nömrəli və AZ-İİ seriyalı, 919260 nömrəli doğum haqqında şəhadətnamələrin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, tərəflərin birgə nikahlarından xx.xx.2008-ci il tarixdə Leyla, xx.xx.2011-ci il tarixdə Nərmin və xx.xx.2012-ci il tarixdə Elvin adlı uşaqları doğulmuşdur. Valideynləri - atası X13, anası X7 qeyd edilmişdir.

2. İş materiallarına əlavə edilmiş Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsinə əsasən, Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cü il tarixdə bağlanmış nikahın pozulması, tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009- cu il tarixdə anadan olmuş Nurəli Abbasovun atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nuray Aslanovanın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səma Aslanovanın anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş Nurayın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

3. İş materiallarına əlavə edilmiş Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2155/15 saylı qərarından görünür ki, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsindən Cavabdeh və İddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2014cü il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh və cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətlərinin qismən təmin edilməsi, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurəli Abbasovun atası Cavabdeh yanında saxlanması hissəsində ləğv edilmiş, xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurəli Abbasovun anası İddiaçı yanında saxlanması, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş Nurayın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik yaşına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 (üç yüz) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi hissəsində qətnamənin dəyişdirilməsi və xx.xx.2009-cü il tarixdə anadan olmuş Nurəli, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nuray və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik çatanadək saxlanması üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı Cavabdeh qarşı «alimentin artırılması» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh tutulan alimentin məbləği artırılaraq hər ay hər uşaq üçün 235 manat, cəmi 705 manat sabit pul məbləğində alimentin tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. İddiaçı iddiasını onunla əsaslandırmışdır ki, Cavabdeh ilə el adəti ilə ailə qurmuşlar və xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından üç az yaşlı uşaq xx.xx.2009-cu il tarixdə anadan olmuş X10, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X12 anadan olmuşdur. Birgə bir müddət yaşadıqdan sonra aralarında münasibətlər pozulmuş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsinə əsasən Cavabdeh ilə İddiaçı arasında xx.xx.2010-cü il tarixdə bağlanmış nikahın pozulması; tərəflərin birgə nikahlarından doğulmuş xx.xx.2009- cu il tarixdə anadan olmuş Nurəli Abbasovun atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nuray Aslanovanın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səma Aslanovanın anaları İddiaçı yanında qalması; Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş Nurayın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Daha sonra Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyası Gəncə şəhər Kəpəz rayon Məhkəməsinin qətnaməsini ləğv edib azyaşlı xx.xx.2009-cü il tarixdə anadan olmuş Nurəli, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nuray və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 80 manat olmaqla, cəmi 240 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Ali Məhkəmənin Mülki Kollegiyasının xx.xx.2015-ci il tarixli, 2(102)-2155/15 saylı qərarı ilə Cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, Gəncə Apellyasiya Məhkəməsi Müiki Kollegiyasının 25 dekabr 2014-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Halhazırda azyaşlı uşaqları onunla birlikdə yaşayır. Cavabdeh imkanına nisbətən az aliment ödəyir. Məhkəmə tərəfindən çıxarılmış qətnamədə qeyd olunmuş 80 manat aliment məbləği hər uşağın tələbatının yarısını belə ödəmir. Uşaqların xərcləri günü-gündən artır. Özünün isə maddi vəziyyəti olduqca ağırdır. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında Azərbaycan Respublikasının Qanununa görə uşaqlar üçün 235 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh uşaqları ilə maraqlanmır və uşaqların bütün eytiyacları o və onun ailəsi tərəfindən qarşılanır.

6. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsi ilə (hakim Xədicə Səfərli) iddia qismən təmin edilərək, Gəncə Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının 25 dekabr 2014-cü il tarixli 2(104)-2005/2014 saylı qətnaməsi ilə müəyyən edilmiş xx.xx.2009-cu il tarixdə anadan olmuş X3, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X1 üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarının artırılması və xx.xx.2009-cu il tarixdə anadan olmuş X3, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh qətnamənin qanuni qüvvəyə mindiyi tarixdən başlayaraq, hər ay hər uşaq üçün 135 manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin tutularaq İddiaçı ödənilməsi qət edilmişdir.

7. Məhkəmənin mövqeyi ondan ibarət olmuşdur ki, alimentin müəyyən edilməsi barədə qətnamənin qəbul edilməsindən 09 ildən çox vaxt keçmiş, həmin müddətdən sonra minimum yaşayış tələbatları artmışdır. Digər tərəfdən, uşaq böyüdükcə onun saxlanması üçün çəkilməli olan xərclərin həcmi də artır. Tərəflərin yetkinlik yaşına çatmamış uşaqların təminatının mümkün qədər maksimal saxlanması imkanlarını, həmçinin tərəflərin maddi vəziyyətini, iddiaçının da uşağın valideyni olaraq onu saxlamaq vəzifəsinin olmasını, bununla belə uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətə layiq olan digər halları və uşaqlar üçün yaşayış minimumunu nəzərə alaraq məhkəmə hesab edir ki, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş alimentin miqdarı artırılmalı, cavabdehdən tutulacaq alimentin məbləği hər ay hər uşaq üçün 135 manat, cəmi 405 manat sabit pul məbləğində müəyyən edilməlidir.

8. Məhkəmə öz hüquqi mövqeyini Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1, 75.4, 76, 78.1, 78.2, 112.1-ci istinad etmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri Apellyasiya şikayətinin dəlilləri

9. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsindən Cavabdeh nümayəndəsi X9 apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsinin ləğv edilib yeni qətnamə qəbul edilməsini xahiş etmişdir.

10. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, o cavabdehin etibarnamə üzrə nümayəndəsi kimi məhkəməyə iddia ərizəsinə qarşı etirazla müraciət edərək Cavabdeh İddiaçı ödədiyi alimentdən başqa Şəmkir Rayon Məhkəməsinin 06 oktyabr 2017-ci il tarixli qətnaməsi ilə 07 sentyabr 2017-ci il tarixdən başlayaraq 14 fevral 2016-cı il tarixdə anadan olmuş Elay adlı uşağın yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 100 (yüz) manat sabit pul məbləğində alimentin tutulub iddiaçı X5 verilməsini, eləcə də Cavabdeh 21 may 2019-cu ildən X9 ilə evli olmasına və həmin nikahdan onların 19 mart 2019-cu il tarixdə anadan olmuş Elvina və Rübabə adlı əkiz uşaqları olduğunu göstərsə də, məhkəmə həmin etirazın vaxtında verilmədiyini bildirib geri ona qaytarmışdır. O, etirazda göstərdiyi məsələləri məhkəməyə verdiyi izahatında göstərsə də, məhkəmə tərəfindən işə baxılarkən buna heç bir əhəmiyyət verilməyərək qətnamə qəbul edilmişdir. O, cavabdehin nümayəndəsi kimi iddiaçının alimentinin artırılmasına dair iddia ərizəsini qismən qəbul edərək, hər bir uşaq üçün 100 (yüz) manat aliment ödənməsinə razıdır. 6 uşaq eyni dərəcədə cavabdeh tərəfindən maddi cəhətdən təmin edilməlidir. Belə ki, ikinci nikahdan olan Elay adlı uşağına Elvin tərəfindən hər ay 100 (yüz) manat ödənilməsi, eləcə də Nəcəfova Raminə yəni onunla birgə nikahdan əkiz uşaqlarının olması və onların da mənafelərinin qorunması məhkəmə tərəfindən araşdırılıb hüquqi nəticə verilmədi. Cavabdeh daimi iş yeri yoxdur. Günəmuzd işləməklə ailəni dolandırır. İddiaçı uşaqların maddi cəhətdən saxlanılması üçün hər ay 240 (iki yüz qırx) manat, digər iddiaçı Nuranə İmranlıya isə 1 uşaq üçün hər ay 100 (yüz) manat aliment ödəyir. Beləliklə, cavabdeh hər ay 340 (üç yüz qırx) manat aliment ödəyir. Eləcə də iki əkiz uşaqların da maddi tələbatını Cavabdeh ödəyir. O Cavabdeh yaşlı valideynlərinə baxdığına görə heç bir yerdə işləyə bilmir. Əkiz uşaqlar da digər uşaqlarla yanaşı maddi cəhətdən təmin olunmalıdırlar. Cavabdehin valideynləri xəstə olmaqla aldıqları təqaüdü ancaq dərmanlarına ödəyirlər. İddiaçı dövlətdən sosial yardım da alır. Birinci instansiya məhkəməsi işə baxarkən cavabdehin nümayəndəsi kimi onun məhkəməyə verilmiş izahatında etirazda göstərilmiş dəlilləri araşdırmadan yalnız iddiaçının izahatını əsas götürməklə qətnamə qəbul etmişdir. Məhkəmə tərəfindən cavabdehin ailə vəziyyətində dəyişikliklər olması nəzərə alınmadı.

Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh nümayəndəsi X2 apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir. Əlavə olaraq isə bildirmişdir ki, cavabdehin aliment ödəmək imkanı yoxdur. Belə ki, cavabdeh günəmuzd işləməklə aylıq qazancı təxmini 300 manat olur. Cavabdeh alimentlərinin ödənilməsində onun valideynləri maddi cəhətdən kömək edirlər.

13. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahat verib bildirmişdir ki, kirayədə yaşayır, hər ay 300 manat kirayə haqqı verir. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. Məhkəmənin suallarında cavab olaraq bildirmişdir ki, o, fərdi əməklə olur və yüksək qazanc əldə etmir. Uşaqların tələbatını qarşılamaqda çətinlik çəkir.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikası Konstitusiyası:

14. 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.

15. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur.

Azərbaycan Respublikasının Ailə Məcəlləsi:

16. 75.1-ci maddəsinə əsasən valideynlər uşaqlarını saxlamağa borcludurlar.

17. 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.

18. 78.2-ci maddəsinə əsasən sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.

“Yaşayış minumumu haqqında” Azərbaycan Respublikası qanunu:

19. 1.0.1-ci maddəsinə əsasən minimum istehlak səbəti - insanın sağlamlığının və həyat fəaliyyətinin minimum səviyyəsi üçün zəruri olan ərzaq, qeyri-ərzaq malları və xidmətlərin elmi normalar əsasında müəyyən edilmiş toplusudur.

20. Həmin qanunun 1.0.2-ci maddəsinə əsasən yaşayış minimumu - minimum istehlak səbətinin dəyəri və icbari ödənişlərin cəmindən ibarət sosial normadır.

21. Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikasının qanununa görə 2024-cü ildə uşaqlar üçün yaşayış minimumu 235 manat müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

22. Maddə 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 81. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz.

25. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

26. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır.

27. Maddə 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

28. Maddə 384.0.1. Apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya baxışının hədləri

29. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır.

30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

32. Hazırkı apellyasiya şikayətində qətnamə alimentin hər uşaq üçün müəyyən edilmiş 100 manatdan artıq hissəsində mübahisələndirildiyindən birinci instansiyası məhkəməsinin aktı həmin hissədə yoxlanıldı.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, iddiaçı Cavabdeh ilə el adəti ilə ailə qurmuşlar və xx.xx.2010-cu il tarixində rəsmi nikaha daxil olmuşlar. Birgə nikahlarından üç az yaşlı uşaq xx.xx.2009-cu il tarixdə anadan olmuş X10, xx.xx.2010-cu il tarixdə anadan olmuş X11 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X12 anadan olmuşdur. Birgə bir müddət yaşadıqdan sonra münasibətləri pozulmuş və Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsi ilə nikahları pozulmuş, birgə nikahlarından doğulmuş xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurəli Abbasovun atası Cavabdeh, xx.xx.2010-cu il tarixdə anadan olmuş Nuray Aslanovanın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səma Aslanovanın anaları İddiaçı yanında qalması, Cavabdeh xx.xx.2010-cu il tarixdə anadan olmuş Nurayın və xx.xx.2012-ci il tarixdə anadan olmuş Səmanın yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün hər ay hər uşaq üçün 150 manat olmaqla, cəmi 300 manat sabit pul məbləğində aliment tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. Həmin qətnamədən iddiaçı apellyasiya şikayəti vermiş, Gəncə Apellyasiya Məhkəməsinin 25 dekabr 2014-cü il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin edilərək, Gəncə şəhəri Kəpəz rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli 2(043)-1379/2014 saylı qətnaməsinin tərəflərin birgə nikahından doğulmuş xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurəlıi adlı uşağın atsının yanında saxlanması hissəsində ləğv edilmiş, xx.xx.2009-cu il tarixdə anadan olmuş Nurəlıi adlı uşağın anası İddiaçı yanında saxlanması, xx.xx.2009-cu il tarixdə anadan olmuş X3, xx.xx.2010-cu il tarixdə anadan olmuş X4 və xx.xx.2012-ci il tarixdə anadan olmuş X8 yetkinlik yaşlarına çatanadək saxlanılmaları üçün Cavabdeh 80 (səksən) manat alimentin tutulması qət edilmişdir. Həmin qətnamədən Cavabdeh kassasiya şikayəti vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2(102)-2155/15 saylı, 27 may 2015-ci il tarixli qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Hazırda isə iddiaçı 80 manat aliment məbləğinin hər uşağın tələbatını ödəmədiyini əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmişdir.

35. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və uşaqlara qayğı göstərməyin, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borclu olmalarını, uşaqların ananın himayəsində olmasını, onların qayğısının çəkilməsinin ananın üzərinə düşməsini, 2024-cü il üçün yaşayış minumumu məbləğinin ölkə üzrə uşaqlara görə 235 manat müəyyən olunmasını nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hər ay hər uşağa 135 (bir yüz otuz beş) manat, cəmi 405 (dörd yüz beş) manat sabit pul məbləğində alimentin alınaraq iddiaçıya verilməsinə dair qanuni və əsaslı nəticəyə gəlmişdir.

36. Məhkəmə kollegiyası cavabdehin az gəlir əldə etməsi, başqa nikahdan uşaqlarının olması, həmçninin cavabdehin ilk nihahından olan ilə bağlı dəlillərini əsassız hesab edir və qeyd edir ki, həmin dəlillər alimentin məbləğinin azaldılmasına əsas vermir. Belə ki, ailə qanunvericiliyinin yuxarıda qeyd edilən tələblərindən görünür ki, valideynlər işləyib-işləməmələrindən asılı olmayaraq uşaqlarını saxlamağa borcludurlar. Cavabdeh ata kimi uşaq hüquqlarına hörmətlə yanaşmağa, uşağın cəmiyyət üçün layiqli vətəndaş kimi formalaşmasında üzərinə düşən vəzifələri yerinə yetirməyə borcludur. Onun uşağını saxlamaq həm qanunla müəyyən olunmuş vəzifəsi, həm də mənəvi borcudur.

37. Bundan başqa məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Ailə Məcəlləsinin 76, 78 və 112-ci maddələrinin şərh edilməsinə dair» 27 iyul 2016-cı il tarixli qərarında göstərilmişdir ki, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, yaşayış minimumunu müəyyən edən qanunvericilik aktlarında göstərilən minimum dolanacaq xərclərinə yaxın məbləğin aliment kimi digər valideyndən tutulmasına əsas ola bilər. Belə ki, aliment ödəyən valideyinin rəsmi olaraq heç bir yerdə işləməməsi və ya qazanca malik olmaması onu uşağı saxlamaq və maddi təminatı ödəmək vəzifəsindən azad etmir.

38. Ona görə də, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin həqiqi hallarına uyğun olmaqla, mübahisənin maddi və prosessual hüquqi əsasları düzgün müəyyən edilmişdir. Qətnamənin ləğv edilməsinə hüquqi əsaslar yoxdur. Ona görə də, apellyasiya şikayəti təmin edilməməli və Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 384, 392, 393, 402, 403, 404, 405 və 406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(125)-2530/2024 saylı qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən şikayət verilə bilməz. Qətnamə qəbul edildiyi andan qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar