Məhkəmə qərarları › İş №2(104)-1571/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1571/2025

12.05.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Gəncə şəhəri İş № 2(104)-1571/2025 12.05.2026 GƏNCƏ APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı “xxxx” ASC-nin cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı iş üzrə Açar sözlər: öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığı; etibarsız əqdin hüquqi nəticələri Hakimlər Həsənov Islam Telman oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Müşfiq Vaqif oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi, Cavabdeh cavabdeh1 iştirakı ilə, Işin halları

1. Kreditor “X2” ASC ilə borcalan cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli ****micKPZ/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsinə əsasən, borcalana əsas kredit müqaviləsi üzrə 30000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir.

2. Kreditor “X2” ASC ilə cavabdeh1 arasında ##.##.2023-cü il tarixli ****micKPZ/** saylı zaminlik müqaviləsi bağlanmışdır.

3. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş ##.##.2026-cı il tarixli **** saylı ambulator məhkəmə psixiatrik ekspertizası rəyindən görünür ki, cavabdeh1 əziyyət çəkdiyi orta dərəcəli əqli gerilik səbəbindən zaminlik müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. cavabdeh1 orta dərəcəli əqli gerilik müəyyən edilir. cavabdeh1 psixi vəziyyətinə görə hal-hazırda öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.

a) Iş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

4. Iddiaçı “X2” ASC cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 qarşı Tərtər Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehlərdən müştərək qaydada “xxxx” ASC-in xeyrinə 29475 manat əsas, 4434,63 manat faiz, 71,37 manat cərimə, ümumilikdə 33981 manat məbləğində pul vəsaiti və ödənilmiş 192,35 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

5. Iddiaçı “xxxx” KB ASC tələbini onunla əsaslandırmışdır ki, bankla cavabdeh cavabdeh3 arasında bağlanmış ##.##.2023-cü il tarixli əsas kredit müqaviləsi üzrə 30000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 manat kredit verilmişdir. Kredit müqaviləsindən irəli gələn öhdəliyin icrasının təmini üsulu olaraq cavabdeh5, cavabdeh4, cavabdeh2 və cavabdeh1 ilə aralarında bağlanmış zaminlik müqaviləsinə əsasən zaminlər kredit alanın öhdəliklərinin tam həcmdə yerinə yetirilməsinə görə məsuliyyət tam olaraq öz üzərinə götürmüşdür. Lakin cavabdehlər müqavilənin bu şərtini pozaraq ödəniş ödəməli olduqları kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımi qaydada icra etməmişlər. Nəticədə kredit müqaviləsi üzrə ## #### 2024-cü il tarixə 29475 manat əsas, 4434,63 manat faiz, 71,37 manat cərimə olmaqla, ümumilikdə 33981 manat borc yaranmışdır.

6. Tərtər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi ilə (hakim Kamil Rzayev) iddia təmin edilərək, cavabdehlər cavabdeh5, cavabdeh4, cavabdeh3, cavabdeh2 və cavabdeh1 müştərək qaydada “xxxx” ASC-in xeyrinə 29475 (iyirmi doqquz min dörd yüz yetmiş beş) manat əsas borc, 4434 (dörd min dörd yüz otuz dörd) manat 63 (altmış üç) qəpik faiz, 71 (yetmiş bir) manat 37 (otuz yeddi) qəpik cərimə, ümumilikdə 33981 (otuz üç min doqquz yüz səksən bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 192 (yüz doxsan iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu alınıb iddiaçı “xxxx” ASC-yə verilməsi qət edilmişdir.

7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 423.2, 442, 449.1, 449.4, 472.1 və 472.2-ci maddələrinə, habelə Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 78.1 və 88-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

8. Cavabdeh cavabdeh1 qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və onunla bağlanmış zaminlik müqaviləsinin etibarsız hesab olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Iş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, cavabdeh cavabdeh1 əsas borclu X1 tərəfindən aldadılaraq banka aparılmış və onun həmin zaminlik müqaviləsinə nə üçün imza atmasından ümumiyyətlə məlumatı olmamışdır. Belə ki, cavabdeh1 “orta dərəcəli əqli gerilik, spesifik şəxsiyyət pozğunluqları, psixopata bənzər davranış” diaqnozu ilə 2-ci dərəcəli əlildir və əmək qabiliyyətsizdir. O, Daşkəsən Rayon Icra Hakimiyyəti Başçısının ##.##.2010-cu il tarixli ** nömrəli sərəncamı ilə xalası X3 qəyyumluğuna verilmişdir. Məhkəməyə təqdim edilən sənədlərdən də aydın görünür ki, həmin şəxs Gəncə şəhər Psixiatriya xəstəxanasında qeydiyyatdadır və həmin xəstəxanada müalicə alır. Iddiaçı bankın əməkdaşları zaminlik müqaviləsi bağlanarkən cavabdeh1 hansı xəstəlikdən əziyyət çəkdiyini, onun psixololi durumunun normal olub-olmamasını və ən əsası əmək qabiliyyətsiz olduğunu yoxlamadan onunla zaminlik müqaviləsi imzalamışlar. Məhkəmə qətnaməsi çıxarıldıqdan sonra kredit borcu məhz cavabdeh1 əlilliklə bağlı aldığı müavinətə yönəlmiş və hazırda yalnız onun müavinətindən tutqu həyata keçirilir. Buradan da tam aydın görünür ki, cavabdeh3 Şəmistan oğlu və digərləri xəstə bir insanın xəstəliyindən istifadə edərək əsassız olaraq varlanmışlar. Bütün bunlar onu deməyə əsas verir ki, iddiaçı bankla cavabdeh cavabdeh1 arasında bağlanmış əqd etibarsızdır və heç bir hüquqi əsası yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Apellyasiya instansiyası məhkəməsində icraat

11. Mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs ASC mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində işə cəlb edilmiş, daha sonra isə onun prosesdə iştirakına xitam verilmişdir.

e) Məhkəmə icraatı iştirakçılarının izahatları

12. Məhkəmə iclasında cavabdeh cavabdeh1 izahat vermək iqtidarında olmamışdır.

13. Məhkəmə iclasında cavabdeh cavabdeh1 əvvəllər qəyyumu olmuş (hazırda qəyyum və nümayəndə deyil) xalası X3 ona verilmiş suala cavab olaraq bildirmişdir ki, cavabdehin psixi xəstəliyi ilə əlaqədar onun adına olan asan imzanın əldə edilməsi və birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayətinin tərtib edilərək verilməsi onun köməkliyi ilə baş tutmuşdur.

14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, digər proses iştirakçıları məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməmələrinin səbəbi və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətlərinə əsaslanaraq, işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

15. Maddə 28.1. Fiziki şəxsin mülki hüquq fəaliyyət qabiliyyəti şəxsin öz hərəkətləri ilə mülki hüquqlar əldə etmək və həyata keçirmək, özü üçün mülki vəzifələr yaratmaq və icra etmək qabiliyyətidir.

16. Maddə 28.8. Ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər.

17. Maddə 324. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Bu Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Əgər nə zahiri ifadəyə görə, nə də başqa hallara görə iradənin məzmunu dəqiq müəyyənləşdirilə bilmirsə, əqd mövcud deyildir.

18. Maddə 337.1. Bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər.

19. Maddə 337.3. Əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir.

20. Maddə 337.4. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

21. Maddə 346.1. Fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

22. Maddə 346.2. Sonradan fəaliyyət qabiliyyətli sayılmış fiziki şəxsin bağladığı əqd, əgər əqdin bağlandığı zaman fiziki şəxsin öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi sübuta yetirilərsə, onun qəyyumunun iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

23. Maddə 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür.

«Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun # ##### 2021-ci il tarixli qərarı

24. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 346.1-ci maddəsinə uyğun olaraq fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özü və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası əsasında anlaqsızlığı sübuta yetirilərsə bağlandığı andan etibarsızdır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

29. Maddə 384.0.2. Apellyasiya instansiyası məhkəməsi qətnaməni tamamilə və ya qismən ləğv edə bilər və birinci instansiya məhkəməsində müəyyən edilmiş hallar və ya əlavə təqdim olunmuş sübutlar əsasında yeni qətnamə qəbul edə bilər;

30. Maddə 385.1.1 Maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.

31. Maddə 386. Maddi hüquq normaları o halda pozulmuş və ya düzgün tətbiq olunmamış hesab edilir ki, birinci instansiya məhkəməsi hüququn tətbiq edilməsində səhv buraxsın, tətbiq edilməli olan qanunu və ya digər normativ hüquqi aktı tətbiq etməsin, yaxud qanunu səhv təfsir etsin.

Apellyasiya baxışının hədləri

32. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun ## ### 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Formalaşmış məhkəmə təcrübəsinə görə məhkəmələr mübahisələndirilən hissəni müəyyən edərkən şikayətin nəticə hissəsində aktın tam və yaxud qismən ləğv edilibedilməməsindən asılı olmayaraq, mübahisələndirilən hissəni şikayətin dəlilləri və şikayət verən şəxsin müvafiq hissəni mübahisələndirməsi ilə bağlı subyektiv hüququnun olubolmaması baxımından müəyyən etməlidir. Əks halda bu, bir tərəfdən şikayət verən şəxsin faktiki olaraq mübahisələndirmədiyi hissənin dizpozitivlik prinsipinə zidd olaraq yoxlanılması məhkəmə aktından şikayət verməmiş digər şəxslərin hüquqlarının məhdudlaşdırılması ilə nəticələnəcəkdir.

36. Bu hüquqi mövqe, mülki prosessual hüquqda nəzərdə tutulmuş «dispozitivlik» prinsipindən irəli gəlir.

37. Apellyasiya icraatında dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanılır. Belə şikayət olmadığı halda apellyasiya icraatı başlanıla bilməz. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “ne eat judex ultra petita partium” – “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “temtum devolutum qantum appelatum” – “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir.

38. Bu baxımdan apellyasiya baxışının hədləri araşdırılarkən müəyyən olunur ki, iddia təmin edilmiş, cavabdehlərdən yalnız cavabdeh1 birinci instansiya məhkəməsinin qətnaməsindən apellyasiya şikayəti vermiş və qətnaməni özünə aid hissədə mübahisələndirmişdir.

39. Məhkəmə kollegiyası prosessual qanunvericiliyin qeyd olunan müddəalarını və onun rəsmi şərhinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarını nəzərə almaqla qeyd edir ki, hazırkı apellyasiya baxışı çərçivəsində birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi və əsaslılığı yalnız apellyatora münasibətdə yoxlanılmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

40. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan, yəni «cavabdeh cavabdeh1 “xxxx” ASC-in xeyrinə 29475 (iyirmi doqquz min dörd yüz yetmiş beş) manat əsas borc, 4434 (dörd min dörd yüz otuz dörd) manat 63 (altmış üç) qəpik faiz, 71 (yetmiş bir) manat 37 (otuz yeddi) qəpik cərimə, ümumilikdə 33981 (otuz üç min doqquz yüz səksən bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 192 (yüz doxsan iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu alınıb iddiaçı “xxxx” ASC-yə verilməsi» hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.

41. Məhkəmə kollegiyası MPM-nin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor “xxxx” KB ASC ilə borcalan cavabdeh3 arasında ##.##.2023-cü il tarixli ****micKPZ/**-EM saylı əsas kredit və bank hesabı müqaviləsi bağlanmış, həmin müqaviləyə əsasən borcalana əsas kredit müqaviləsi üzrə 30000 manat 120 ay müddətinə kredit xətti ayrılmış və ##.##.2023-cü il tarixli əlavə kredit müqaviləsi üzrə borcluya 24 ay müddətinə illik 24 faiz ödəmək şərti ilə 30000 manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminat altına alınması məqsədilə kreditor “X2” ASC ilə cavabdeh1 və qeyriləri arasında ##.##.2023-cü il tarixli ****micKPZ/** saylı zaminlik müqaviləsi bağlanmışdır. Buna baxmayaraq, kredit müqaviləsi üzrə öhdəliklər vaxtında və lazımi qaydada icra edilməmişdir. Borcalana borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.

42. Məhkəmə kollegiyası yoxlanılan hissədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır; belə ki, istənilən iddia ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Bunun üçün isə məhkəmə tərəfindən ilk növbədə işin faktiki halları və hüquqi əsası araşdırılmalıdır.

43. Əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılırsa və faktiki hallar müvafiq maddi hüquq normasının dispozisiya şərtləri ilə uzlaşırsa (habelə cavabdehin etiraz və müdafiə vasitələrinə görə aradan qalxmırsa) iddia təmin olunur, uzlaşmırsa rədd edilir. Ikinci halda hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmış olur. Bu halda əlavə olaraq irəli sürülən dəlillərin araşdırılmasına ehtiyac qalmır, çünki işin həlli üçün bunun əhəmiyyəti yoxdur.

44. Baxılan işdə iddiaçı bank kredit müqaviləsi üzrə öhdəliklərin borcalan tərəfindən vaxtında və lazımi qaydada icra edilmədiyini əsas göstərərək kredit borcunun zaminlik müqaviləsi əsasında zaminlərdən, o cümlədən cavabdeh cavabdeh1 müştərək qaydada tutulmasını tələb etmişdir.

45. Apellyasiya şikayətində isə cavabdeh cavabdeh1 «orta dərəcəli əqli gerilik, spesifik şəxsiyyət pozğunluqları, psixopata bənzər davranış» diaqnozu ilə 2-ci dərəcəli əlil olduğu, bankla aralarında zaminlik müqaviləsi bağlandığı zaman onun öz hərəkətlərinin mənasını başa düşmədiyi və onlara rəhbərlik edə bilmədiyi barədə arqument irəli sürülmüşdür.

46. Bu halda, irəli sürülən tələbdən asılı olmayaraq iddiaçı bankla cavabdeh cavabdeh1 arasında bağlanmış əqdin etibarlılığı yoxlanılmalıdır - belə ki, Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il # ##### tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyə müvafiq olaraq, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir.

47. Əqdin etibarlılığı, bununla da arzu olunan hüquqi nəticəyə səbəb olması barədə hüquqi hallara Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin bir sıra qərarlarında aydınlıq gətirilmişdir. Həmin qərarlarda ifadə edilmiş hüquqi mövqelərə müvafiq olaraq əqdin subyekt tərkibinə, məzmununa, iradə sərbəstliyinə və formasına dair şərtlərə əməl edilməsi zəruridir. Əks təqdirdə, yəni Mülki Məcəllənin müəyyənləşdirilmiş şərtləri pozulmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

48. Əqdlərin ümumi etibarlılıq şərtləri içərisində onun iştirakçılarının anlaqlılığı xüsusi əhəmiyyət daşıyır. Ona görə ki, əqd yalnız şəxsin müəyyən bir hüquqi nəticəni, yəni mülki hüquq və öhdəlikləri yaratmaq üçün etmiş olduğu iradə ifadəsinin nəticəsində əmələ gəlir. Bu səbəbdən, etibarlı bir əqdin yaranması üçün hər şeydən əvvəl əqdi əmələ gətirən iradə mövcud olmalıdır. Iradənin mövcudluğu üçün isə anlaqlılığın olması zəruridir. Şəxsin iradəsini əmələ gətirən onun anlaqlılığıdır, anlaqlılıq olmadığı təqdirdə şəxsin formalaşmış iradəsindən də bəhs oluna bilməz.

49. Anlaqlılıq - fiziki şəxslərə xas olmaqla onun şüurlu şəkildə hərəkət edə bilmə qabiliyyətini ifadə edir. Fiziki şəxsin fəaliyyət qabiliyyəti onun anlaqlılıq səviyyəsinə uyğun olaraq formalaşır.

50. Mülki qanunvericiliyə görə fiziki şəxslərin anlaqlılığına təsir edən başlıca iki faktor mövcuddur. Bunlar azyaşlılıq və şəxsin psixi (əqli) sağlamlıq vəziyyətidir. Fiziki şəxslər anlaqlılıq səviyyələrinə uyğun olaraq tam fəaliyyət qabiliyyətlilər, məhdud fəaliyyət qabiliyyətlilər və fəaliyyət qabiliyyətsizlər şəklində ümumi qruplara ayrılmışdır.

51. Hər bir fiziki şəxsin bağladığı əqdin etibarlılığı da onun fəaliyyət qabiliyyəti baxımından hansı qrupa aid olmasına və həmin kateqoriya üçün müəyyən edilmiş şərtlərə uyğunluğuna əsasən müəyyən edilir.

52. Bununla belə, əqd iradəvi akt olduğundan, etibarlı olması üçün onu bağlayan şəxsin məhz həmin anda anlaqlı olması, şüurlu şəkildə öz hərəkətlərinin mənasını və yarada biləcək nəticələrini dərk edib buna uyğun şəkildə hərəkət etməsi mütləqdir.

53. Mülki Məcəllənin fəaliyyət qabiliyyətli olsa da, öz hərəkətlərinin mənasını başa düşməyən və ya onlara rəhbərlik edə bilməyən fiziki şəxsin bağladığı əqdin etibarsızlığından bəhs edən 346.1-ci maddəsində deyilir ki, fəaliyyət qabiliyyətli olsa da, əqd bağlandığı zaman öz hərəkətlərinin mənasını başa düşmədiyi və ya onlara rəhbərlik edə bilmədiyi vəziyyətdə fiziki şəxsin bağladığı əqd onun özünün və ya əqd bağlanması nəticəsində hüquqları və ya qanunla qorunan mənafeləri pozulmuş digər şəxslərin iddiası ilə məhkəmə tərəfindən etibarsız sayıla bilər.

54. Bu halın araşdırılması tibb sahəsində xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb etdiyindən apellyasiya baxışı zamanı iş üzrə psixiatrik ekspertiza təyin edilmiş və alınan rəylə müəyyən edilmişdir ki, cavabdeh1 əziyyət çəkdiyi orta dərəcəli əqli gerilik səbəbindən zaminlik müqaviləsi bağlanan zaman öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmamışdır. cavabdeh1 orta dərəcəli əqli gerilik müəyyən edilir, o, psixi vəziyyətinə görə hal-hazırda da öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyildir.

55. Şərh edilənlərin məcmusunu nəzərə almaqla kollegiya vurğulayır ki, ##.##.2023cü il tarixli ****micKPZ/** saylı zaminlik müqaviləsi bağlanan anda cavabdeh cavabdeh1 öz hərəkətlərinin mənasını başa düşmək və ya onlara rəhbərlik etmək iqtidarında olmadığından, yəni bağlanan əqd iradəyə əsaslanmadığından, əqd bağlandığı andan etibarsız olmuşdur.

56. Nəzərə alınmalıdır ki, Mülki Məcəllənin əqdlərin etibarsızlığı nəticələrindən bəhs edən 337.4-cü maddəsinə görə, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır.

57. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir (Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» 2021-ci il # ##### tarixli qərarındakı hüquqi mövqe).

58. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı bank kredit borcunun etibarlılıq şərtlərinə cavab verməyən zaminlik müqaviləsinə istinadən cavabdeh cavabdeh1 tutulmasını tələb etməkdə haqlı olmamışdır.

59. Birinci instansiya məhkəməsi isə yoxlanılan hissədə mübahisənin faktiki halları, tərəflərin münasibəti və tətbiq edilməli hüquqla bağlı yanlış nəticəyə gələrək həmin hissədə iddianı təmin etmişdir. Ona görə də birinci instansiya məhkəməsinin qətnaməsi yoxlanılan hissədə ləğv edilməli, həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməməlidir.

60. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-nin 372.1, 384, 385, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Tərtər Rayon Məhkəməsinin ## ###### 2024-cü il tarixli *(***)-****/**** nömrəli qətnaməsi yoxlanılan, yəni «cavabdeh cavabdeh1 “xxxx” ASC-in xeyrinə 29475 (iyirmi doqquz min dörd yüz yetmiş beş) manat əsas borc, 4434 (dörd min dörd yüz otuz dörd) manat 63 (altmış üç) qəpik faiz, 71 (yetmiş bir) manat 37 (otuz yeddi) qəpik cərimə, ümumilikdə 33981 (otuz üç min doqquz yüz səksən bir) manat məbləğində pul vəsaiti və ödənilmiş 192 (yüz doxsan iki) manat 35 (otuz beş) qəpik dövlət rüsumu alınıb iddiaçı “xxxx” ASC-yə verilməsi» hissədə ləğv edilsin. Həmin hissədə yeni qətnamə qəbul edilərək iddia həmin hissədə təmin edilməsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar