Məhkəmə qərarları › İş №2(104)-1572/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1572/2023

02.08.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1572/2023 02.08.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maddi ziyanın ödənilməsi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və Məmmədov Ədil İsa oğlundan ibarət tərkibdə, Məmmədov Xəzər Natiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-602/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 02 avqust 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 129 nömrəli arayışdan görünür ki, bir baş üç illik 400 kq çəkidə iribuynuzlu heyvanın (inək) qiyməti 1300-1400 manat təşkil edir.

İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı vurulmuş maddi ziyanın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh ona vurulmuş maddi ziyana görə 1500 manat pulun və 35 manat dövlət rüsumunun alınıb ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2021-ci ilin payız fəslində özünə məxsus olan 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla cəmi 7 baş iribuynuzlu heyvanını 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər saxlamaq üçün əvvəllər tanıdığı Cavabdeh vermişdir. Cavabdeh onun heyvanlarını Tovuz rayonu “Ceyrançöl” qışlağında saxlamaq üçün o cavabdehə 1000 manat pul vermişdir. 2022-ci ilin yaz ayında Cavabdeh onun heyvanlarını özünə qaytararkən 1 baş inəyini qaytarmamışdır. O, bunun səbəbini soruşduqda Cavabdeh ona inəyinin birinin öldüyünü demişdir. Halbuki o Cavabdeh heyvanlarını saxlamaq üçün verərkən heç bir xəstəliyi olmamışdır. Hazırda Cavabdeh ona bir baş inəyini qaytarmadığına görə 1500 manat ziyan vurmuşdur. Belə ki, o həmin inəyi 1500 manata almışdır. Bununla bağlı qiymətləndirmə arayışını da ərizəsinə əlavə etmişdir. Ona görə də, cavabdehdən ona vurulmuş ziyana görə 1500 manat məbləğində pulun alınıb ona verilməsini tələb etməkdə haqlıdır. O, heyvanlarını cavabdehə saxlamaq üçün verərkən yanında başqa şəxslər də olmuşdur. Həmin şəxslər Gədəbəy rayonu, İnəkboğan kənd sakini Şahid1 və Gədəbəy rayonu, Arıqıran kənd sakini Şahid2 olmuşdur. Şahid1 heyvanları maşına yükləyən şəxs, Şahid2 isə maşını sürən sürücü olmuşdur.

4. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-602/2022 nömrəli qətnaməsi (hakim Marif Kazımov) ilə iddianın təmin edilməsi, Cavabdeh vurulmuş maddi ziyana görə 1400 (min dörd yüz) manat məbləğində pul alınıb İddiaçı verilməsi, ödənilmiş 35 (otuz beş) manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

5. Məhkəmə həmin nəticəyə gələrkən maddi hüquq norması kimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2, 777.1, 779.1, 783.1, 783.2 783.3, 1096.1 və 1097.1-ci maddələrinə istinad etmiş, prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 76.1, 76.2, 77.1, 119.1, 216-220, 227, 233.1-ci və 360-cı maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri

6. Cavabdeh apellyasiya şikayəti verərək, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-602/2022 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.

7. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, o iddiaçıya məxsus mal-qaranı o saxlamaq üçün “Ceyrançöl” qış otlaq sahəsinə aparmışdır. Həmin vaxt bu inəklərin yanında olan inəklərin yanında olan balaları və digər inəklər iddiaçıya sağ-salamat təhvil verilmişdir. Yuxarıda qeyd etdiyi kimi, bu inək nə xəstəlikdən, nə də aclıqdan ölməyib. Bu heyvan baş menenjitindən ölmüş və bunu iddiaçıya dəfələrlə zəng edərək telefon vasitəsi ilə bildirmişdir ki, gəlib heyvanları götürsün. Lakin, iddiaçı gəlib heyvanları götürməmişdir. Buna görə də iddiaçının ondan 1400 manat pul tələb etməsinə heç bir hüququ yoxdur. Bundan əlavə, iddiaçı məhkəmədə ifadə verən zaman heyvanların qiymətinin 1500 manat olduğunu bildirmişdir. Belə olan halda iddiaçı heyvanları ona verən zaman qiymətləri 1000 manat olmuşdur. Daha sonra məhkəmə işə baxarkən onu çağırmamış, məhkəmə iclaslarından onun məlumatı olmamış və məhkəmə çəkişmə prinsipini pozmaqla qətnamə qəbul etmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, apellyasiya şikayətin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

10. İş üzrə Cavabdeh, məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə lazımı qaydada xəbərdar edilməsinə və məhkəmə bildirişini imzalayaraq almasına baxmayaraq, o, heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, gəlməməyin mümkünsüzlüyü və işə onun iştirakı olmadan baxılması barədə Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Cavabdeh məhkəmə bildirişinin çatdırılması üçün onun yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına məhkəmə bildirişi göndərilmişdir. Ona görə də cavabdehə məhkəmə bildirişi rəsmi qaydada verilmiş hesab edilir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra- Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.

12. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

13. Maddə 777.1. Tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

14. Maddə 777.2. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir.

15. Maddə 779.1. Vəkalət alan tapşırığı qəsdən və ya ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır. Əvəzsiz tapşırıq müqaviləsi üzrə vəkalət alan tapşırığı qəsdən və ya kobud ehtiyatsızlıq üzündən kifayət qədər vicdanla icra etməməsi nəticəsində vəkalət verənə dəyən zərər üçün məsuliyyət daşıyır

16. Maddə 783.1. Vəkalət verən vəkalət alanın tapşırığı vicdanla icra edərkən çəkdiyi xərclərin əvəzini, o cümlədən faizləri ödəməli və onu bu məqsədlə götürdüyü öhdəliklərdən azad etməlidir.

17. Maddə 783.2. Vəkalət verən vəkalət alana yalnız o halda muzd ödəməlidir ki, bu, şərtləşdirilmiş olsun və ya belə qəbul edilmiş olsun, xüsusən o hallarda ki, şəraitə görə vəkalət alan müstəqil peşə fəaliyyəti şəklində bu cür əqdlər bağlayır və ya xidmətlər göstərir.

18. Maddə 783.3. Əgər bu Məcəllənin 783.2-ci maddəsində nəzərdə tutulan hallarda muzdun miqdarı müəyyənləşdirilməyibsə, tarif olduqda bu tarifə uyğun muzd, tarif olmadıqda isə vəkalət alanın olduğu yerdə qəbul edilmiş muzd şərtləşdirilmiş muzd sayılır.

19. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir).

20. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər.

Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi

21. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

22. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

23. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

24. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına

25. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.

26. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

27. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

28. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

30. Maddə 385.2. Birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

31. Maddə 402.2 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

32. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

33. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».

35. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, apellyasiya şikayətinin dəlilləri qətnamənin ləğvinə yönəldiyindən qətnamənin əsaslığı tam yoxlanmalıdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

36. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.

37. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

38. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-602/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

39. Beləliklə, işin halları ondan ibarətdir ki, İddiaçı ilə Cavabdeh arasında olan şifahi tapşırıq müqaviləsinə əsasən, İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla, cəmi 7 baş iribuynuzlu heyvanının cavabdeh tərəfindən 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər Tovuz rayonu “Ceyrançöl” qışlağında saxlamaq üçün 1000 manat müqabilində razılığa gəlmişlər. İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyə olmaqla cəmi 7 baş iribuynuzlu heyvanı 2021-ci ilin oktyabr ayında cavabdehə saxlanılması üçün təhvil verilmişdir. İddiaçıya məxsus həmin heyvanların cavabdehə təhvil verilməsi Şahid2 ifadəsi ilə öz təsdiqini tapır. Cavabdeh tərəfindən həmin məbləğdə pul iddiaçıya qaytarılmır.

40. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MM-in) 14.2.1-ci maddəsinə əsasən, qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biridir. Azərbaycan Respublikasının MM-in 386.1-ci maddəsinin tələbinə görə öhdəliyin əmələ gəlməsinin əsaslarından biri tərəflər arasında müqavilənin olmasıdır.

41. Azərbaycan Respublikasının MM-in 329.3-cü maddəsinə əsasən şifahi bağlana bilən əqd o halda bağlanmış sayılır ki, şəxsin əqdi bağlamaq iradəsi onun rəftarından məlum olur.

42. Azərbaycan Respublikasının MM-in 406.2-ci maddəsinə əsasən əgər tərəflər müqaviləni müəyyən formada bağlamaq barəsində şərtləşiblərsə, həmin müqavilə növü üçün bu Məcəllə ilə belə forma tələb edilməsə də, müqavilə şərtləşdirilmiş formaya salındıqdan sonra bağlanmış sayılır.

43. Azərbaycan Respublikasının MM-in 777.1-ci maddəsində tapşırıq müqaviləsinin anlayışı müəyyən edilərək göstərilir ki, tapşırıq müqaviləsinə görə, tapşırığı həyata keçirməyi öhdəsinə götürən şəxs (vəkalət alan) başqa şəxsin (vəkalət verənin) ona tapşırdığı əqdləri, işləri və ya digər xidmətləri konkret nəticə əldə olunmasına təminat vermədən icra etməyi öhdəsinə götürür.

44. Tapşırıq müqaviləsi həm şifahi, həm də yazılı formada bağlana bilər. Müqavilə vəkalət alanın tapşırığı qəbul etməsindən sonra qüvvəyə minir (Mülki Məcəllənin 777.2-ci maddəsi).

45. Məhkəmə kollegiyası qeyd edir ki, tərəflər arasında tapşırıq münasibətləri mövcud olmuşdur. Belə ki, iddiaçı ilə cavabdehin aralarında olan şifahi tapşırıq müqaviləsinə əsasən, iddiaçı ona məxsus heyvanların “Ceyrançöl” qışlağında saxlanılması üçün 2021-ci ilin payızından 2022-ci ilin yazına qədər cavabdehə təhvil vermiş, cavabdeh isə həmin müddət ərzində heyvanların saxlanılmasını və 2022-ci ilin yaz aylarında həmin heyvanları cavabdehə qaytarmağı öhdəsinə götürmüşdür. Lakin, cavabdeh isə öz üzərinə götürdüyü öhdəliyi lazımınca yerinə yertirməmiş və 2022-ci ilin yaz ayında razılaşma üzrə heyvanları iddiaçıya qaytararkən təhvil götürdüyü heyvanlardan 1 baş inəyi qaytarmamışdır. Belə olan halda, iddiaçıya həmin iribuynuzlu heyvanın dəyərində, yəni 1400 manat məbləğində ziyan dəymişdir. Lakin, cavabdeh tərəfindən bu öhdəliyə əməl edilməmişdir.

46. Azərbaycan Respublikasının MM-in 425.1-ci maddəsinin tələbinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.

47. Azərbaycan Respublikasının MM-in 448.1-ci maddəsində deyilir ki, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.

48. Məhkəmə kollegiyasının qənaətinə görə, cavabdeh şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə öhdəliyin şərtlərinə əməl etməmiş, İddiaçı borclu olduğu pulu müəyyən olunmuş müddətdə və məbləğdə ödəməmiş və bununla da iddiaçının hüquqlarını pozmuşdur.

49. Azərbaycan Respublikasının MM-in 442-ci maddəsində göstərilmişdir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.

50. Azərbaycan Respublikasının MPM-in 76.1-ci maddəsində sübutlara verilən tərifə görə, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.

51. Məhkəmə kollegiyası xatırladır ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq «əsaslı şübhədən kənar» sübut standartları tətbiq edilir. Bü cür sübutlar olmadığı və ya kifayət qədər olmadığı halda, məhkəmə iddiaçının istinad etdiyi faktik hallara, yəni iddia tələbinin faktik əsaslarına mövcud olmayan hallar kimi qiymət verə bilər və iddia tələbini rədd edə və ya sübut edilən həddə uyğun qismən təmin edə bilər.

52. İddiaçının özünün izahatı və onun tərəfindən birinci instansiya məhkəməsinə dəvət edilmiş Şahid2 ifadəsi ilə də göstərilən hallar öz təsdiqini tapmışdır.

53. Belə ki, Şahid2 birinci instansiya məhkəməsinin iclasında bildirmişdir ki, o, Gədəbəy rayonu, Arıqıran kəndində yaşayır. İddiaçı onların qonşu kəndində yaşayır. Onun özünə məxsus yük maşını vardır. 2021-ci ilin oktyabr ayında Cavabdeh ona zəng vuraraq İddiaçı məxsus iribuynuzlu heyvanların Tovuz rayonu “Ceyrançöl” qışlağına aparmasını bildirmişdir. O, həmin vaxt gəlib İddiaçı məxsus 3 baş inək, 3 baş dana və 1 baş düyədən ibarət ümumilikdə 7 baş iribuynuzlu heyvan ona məxsus yük maşınına yüklənmiş və o həmin heyvanları “Ceyrançöl” qışlağında X1 təhvil vermişdir. Heyvanları avtomobilə isə Şahid1 yükləmişdir.

54. Nəzərə alınmalıdır ki, iş üzrə tərəflərin (nümayəndələrinin) izahatlarının xüsusiyyəti ondan ibarətdir ki, həmin məlumatlar işin nəticəsində maraqlı olan şəxslər tərəfindən verilir, bu isə məhkəməni onlara kifayət qədər ehtiyatlı yanaşmağa məcbur edir. Ona görə də iş üzrə tərəflərin (nümayəndələrinin) izahatları yalnız başqa obyektiv sübutlarla təsdiq edildiyi halda məhkəmə tərəfindən qəbul edilə bilər. Çünki işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir (MPM-in 106.1ci maddəsi).

55. Şahid2 ifadələrinə gəldikdə isə qeyd olunmalıdır ki, şahidlər tərəflər arasında olan münasibətləri aydın və müfəssəl diktə etmiş, münasibətlərin hansı tarixdə yaranması dəqiq qeyd olunmuşdır. Eyni zamanda həmin şahid birbaşa tərəflərin arasında yaranan münasibət zamanı prosesdə iştirak etmişdir. Cavabdeh tərəfindən götürülən heyvanların hansı tarixdə və nə qədər götürülməsi dəqiq və aydın göstərilmişdir.

56. Həmçinin, cavabdeh şikayətinin dəlillərində mübahisəli heyvanların dəyərinin iddia tələbində göstərilən məbləğdən az olmasını bildirsə də, bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Bu halda sübutetmə yükü cavabdehin üzərinə düşür. Çünki, Azərbaycan Respublikasının MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

57. Bir qayda olaraq «sübut etmə yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür» prinsipi rəhbər tutulur. Sübutlar kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər.

58. Əksinə iddiaçı tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş Gədəbəy rayonu "xxxx" MMC tərəfindən verilmiş 25 aprel 2022-ci il tarixli, 129 nömrəli arayışdan görünür ki, bir baş üç illik 400 kq çəkidə iribuynuzlu heyvanın (inək) qiyməti 1300-1400 manat təşkil edir.

59. Apellyasiya şikayətində cavabdehin məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmaması dəlili ilə bağlı kollegiya qeyd edir ki, bu dəlil əsassızdır.

60. Çünki, iş materiallarından görünür ki, Cavabdeh yaşadığı ünvana məhkəmə bildirişi göndərilmiş və xx.xx.2022-ci il tarixə, saat 10:00-a təyin edilmiş məhkəmə baxışının iclası barədə bildirişi poçt xəbərnaməsinə imza etməklə rəsmi qaydada qəbul etmişdir.

61. Azərbaycan Respublikasının MPM-in 185-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

62. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 100-cü maddəsinin 3-cü bəndinə görə məhkəmə qərarları hakimlərin sərbəst daxili inamına və məhkəmə araşdırmasının nəticələrinə əsaslanmalıdır.

63. Azərbaycan Respublikası Konstitusiyasında ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması (127-ci maddənin İİ hissəsi), məhkəmə icraatının çəkişmə prinsipi əsasında həyata keçirilməsi (127-ci maddənin Vİİ hissəsi) təsbit olunmuşdur.

64. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti təmin olunmamalı, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

65. Məhkəmə kollegiyası həmçinin izah edir ki, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikasının MPM-in 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.

66. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 382, 384.0.1, 385.2, 392, 393, 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : Apellyasiya şikayəti təmin edilməsin. Gədəbəy Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(042)-602/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar