Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1572/2024 31.07.2024 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı iş üzrə QƏTNAMƏSİ Açar sözlər: alimentin artırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər - Mehtiyev Fikrət Ədilşah oğlu (sədrlik edən və məruzəçi), Muradov Rəhman Şaban oğlu və X4 ibarət tərkibdə, Məmmədov Xəzər Naitq oğlunun katibliyi, Cavabdeh iştirakı ilə, İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-232/2024 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 31 iyul 2024-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)-491/2011 nömrəli qətnaməsinin surətindən görünür ki, həmin qətnamə ilə, tərəflər arasında xx.xx.2007-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində №174 ilə qeydə alınmş nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqlar anası, İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir.
2. AZ-İİ seriyalı, № 234882 nömrəli X5 surətindən görünür ki, xx.xx.2009-cu il təvəllüdlü X2 anası İddiaçı, atası isə Cavabdehdur və o, yetkinlik yaşına çatmayıbdır.
3. AZ-İİ seriyalı, № 594962 nömrəli X5 surətindən görünür ki, xx.xx.2011-ci il təvəllüdlü X8 anası İddiaçı, atası isə Cavabdehdur və o, yetkinlik yaşına çatmayıbdır.
4. Laçın rayon İH başçısının Kürdhacı kənd İƏD üzrə nümayəndəliyinin xx.xx.2024cü il tarixli arayışından görünür ki, Cavabdeh Ağcabədi rayonu, Hacıbədəli kəndi ərazisində yaşayır və hazırda heç bir yerdə işləmir.
5. Laçın rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ № 626134 X6 sürətindən görünür ki, Cavabdeh ilə X10 arasında xx.xx.2013-cü il tarixdə, 25 nömrə ilə qeydə alınmış nikah bağlanmışdır.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı Cavabdeh qarşı alimentin artırılması tələbinə dair iddia ərizəsi ilə Ağdam Rayon Məhkəməsinə müraciət edərək, cavabdehdən Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)-491/2011 saylı qətnaməsinə əsasən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqların saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında müəyyən edilmiş alimentin miqdarı hər ay, hər uşağa görə 235 manat müəyyən edilməklə cəmi 470 manat sabit pul miqdarında tutularaq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
7. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, İddiaçı ilə Cavabdeh aralarında olan nikah aktı qeydinin Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)- 491/2011 saylı qətnaməsi ilə pozulduğunu və birgə nikahlarından doğulmuş 2 övladının iddiaçının himayəsinə verildiyini, xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqlarının yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehin qazancının və başqa gəlirlərinin 1/3 hissəsi miqdarında qət edildiyini, hazırki dövrdə alimentin miqdarınin uşağın müasir tələbatını ödəməyə kifayət etmədiyini, uşaqların böyüdüyünü və gündəlik tələbatlarının da artdığını, Cavabdeh imkanının yaxşı olduğunu, lakin uşaqların saxlanmasında könüllü olaraq təyin olunmuş alimentdən əlavə maddi kömək göstərməkdən imtina etdiyini göstərilmişdir.
8. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-232/2024 nömrəli qətnaməsi (hakim Məmmədov Rafiq) ilə, iddianın qismən təmin edilməsi, Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması, artırılmış alimentin tutulmasına Ağdam Rayon Məhkəməsinin bu iş üzrə 06 fevral 2024-cü il tarixli, 2(013)-232/2024 saylı qətnaməsinin qanuni qüvvəyə mindiyi vaxtdan başlanması, Cavabdeh 40 (qırx) manat məbləğində dövlət rüsumunun dövlət gəlirlərinə alınması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 75, 78.1, 78.2 və 112.1-ci maddələrinə və prosessual hüquq norması kimi isə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 14.2, 77.1, 112.1.3, 119.2, 216-220, 227, 233 və 360-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
10. İddiaçı apellyasiya şikayəti verərək, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-232/2024 nömrəli qətnaməsinin ləğv edilməsini və iddianın tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi qətnaməsində maddi və prosessual hüquq normasının pozulması və ya düzgün tətbiq edilməməsi ilə qəbul edilmişdir. Belə ki, uşaqlar hazırda ödənişli hazırlıqlara gedirlər. Test və hazırlıq dərslikləri, əlavə dərs vəsaitləri pulla alınır. Hər uşaq 4 fəndən ödənişli repitotor yanına hazırlığa gedirlər. Cavabdehin hazırda rəsmi olmasa da Ağcabədi meşəçilik ərazisində 30 başdan çox iri buynuzlu, 180 başa qədər xırdabuynuzlu, 38 ədəd arı yeşikdən ibarət arıçılıq təsərrüfatı və Binə Ticarət mərkəzində biznes nöqtəsi vardır. Cavabdehlə birgə nikah dövründə Merseders markalı avtomobil almışlar. Ona isə toy hədiyyəsi kim qızıl əşyaları alınmışdır. Həmin avtomobil və qızıl əşyaları cavabdehdə qalmışdır. O həmin əmlakları cavabdehdən tələb etməmişdir. Ancaq hazırda uşaqların tələbatlarını tək ödəyə bilmir. Bundan əlavə “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən yaşayış miniumumu ölkə üzrə uşaqlar üçün 235 manat miqdarında məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsi alimentin məbləğini müəyyən edərkən “Azərbaycan Respublikasında 2024-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanunun tələblərini nəzərə almamış və yaşayış minimumdan az aliment təyin etmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərini əsassız hesab edərək, izahatında göstərmişdir ki, İddiaçı ilə xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Onların birgə ailə münasibətlərindən xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 doğulmuşdur. Özü hazırda ikinci dəfə nikaha daxil olaraq ailə qurmuş və həmin nikahdan da himayəsində bir azyaşlı xx.xx.2017-ci il təvəllüdlü X9 adlı uşağı vardır. Özü isə hazırda heç bir yerdə işləmir, onun maddi imkanı o qədər də yaxşı deyil, gəliri yoxdur. İddiaçının qeyd etdiyi miqdarda aliment ödəməyə onun maddi imkanı yoxdur. İddiaçının özü isə cərrahdır və yaxşı gəliri vardır. Odur ki, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını məhkəmədən xahiş etmişdir.
14. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada xəbərdar edilmələrinə və SMS xəbərdarlığın AZEMİS vasitəsilə göndərilməsinə baxmayaraq, o heç bir üzürlü səbəb göstərmədən məhkəmə iclasına gəlməmiş, işə onun iştirakı olmadan baxılması barədə müraciət etmişdir. Məhkəmə Kollegiyasına müraciəti daxil olmamışdır. Məhkəmə Kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikasının MPM-in) 376.2-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası
15. Maddə 17. İİ. Uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir.
16. Maddə 34. İV. Ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. Azərbaycan Respublikasının Ailə Məcəlləsi
17. Maddə 75.1. Valideynlər uşaqlarını saxlamağa borcludurlar.
18. Maddə 75.4. Valideynlər uşaqlarını saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur.
19. Maddə 78.1. Valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və tərəflərdən birinin və ya marağının əhəmiyyətli dərəcədə pozulduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər.
20. Maddə 78.2. Sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
21. Maddə 112.1. Aliment ödənilməsi barədə saziş olmadıqda məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla aliment ödəməkdən azad edə bilər.
“Uşaq hüquqları haqqında” Konvensiya
22. Maddə 3. Sosial təminat məsələləri ilə məşğul olan dövlət idarələri və ya özəl idarələr, habelə məhkəmələr, inzibati orqanlar, yaxud qanunvericilik orqanları tərəfindən həyata keçirilib keçirilməməsindən asılı olmayaraq, uşaqlar barəsində görülən bütün tədbirlərdə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə ilk növbədə diqqət yetirilir.
“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanunu
23. Maddə 5. Dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar.
24. Maddə 8. Hər bir uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır.
25. Maddə 13. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır.
“Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 28 mart 2016cı il tarixli, 8 nömrəli Qərarı
26. 8.2. Uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərcindən az olmayan maddi təminat almaq hüququ vardır. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir.
Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimimu haqqında Azərbaycan Respublikası Qanunu
27. Maddə 1. Əhalinin əsas sosial-demoqrafik qrupları üzrə yaşayış minimumunun məbləği 2023-cü il üçün yaşayış minimumu ölkə üzrə 246 manat, əmək qabiliyyətli əhali üçün 261 manat, pensiyaçılar üçün 199 manat, uşaqlar üçün 220 manat məbləğində müəyyən edilsin.
Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi
28. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
29. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
30. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
31. Maddə 112.1. İddianın qiyməti aşağıdakı qaydada müəyyən edilir: 112.1.3. aliment alınması haqqındakı iddialarda-bir il ərzində ödəmənin məcmusu ilə;
32. Maddə 218.1. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir.
33. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
34. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
35. Maddə 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
36. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.3. qətnaməni dəyişdirə bilər;
37. Maddə 402.1 Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya baxışının hədləri
38. MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
39. MPM-nin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
40. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair Azərbaycan Respublikası Kontitusiya Məhkəməsi Plenumunun 20 may 2011-ci il tarixli qərarında deyilir ki, «Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədlərini həmçinin dispozitivlik prinsipinin mahiyyətini təşkil edən “məhkəmə tərəflərin irəli sürdüyü tələblərdən kənara çıxmamalıdır” tələbi müəyyən edir. Bu tələb məhkəmənin qətnaməsindən şikayət verilməsi mərhələsində “nə qədər şikayət - o qədər qərar” qaydasına çevrilir».
41. Bu baxımdan apellyasiya araşdırmasının hədləri araşdırılarkən müəyyən olunur ki, cavabdeh qətnamənin yalnız təyin edilmiş alimentin miqdarını mübahisələndirir. Ona görə də qətnamənin əsaslılığı yalnız həmin hissə üzrə yoxlanmalıdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
42. Məhkəmə kollegiyası aşağıdakılara əsasən hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)- 232/2024 nömrəli qətnaməsi - Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilməli, Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)- 491/2011 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğdə müəyyən edilməlidir.
43. Belə ki, işin halları ondan ibarətdir ki, tərəflər xx.xx.2007-ci il tarixdə rəsmi nikaha daxil olmaqla ailə qurmuşlar. Tərəflərin birgə nikahlarından xx.xx.2009-cu il təvəllüdlü Nərmin və xx.xx.2011-ci il təvəllüdlü Toğrul adlı uşaqları doğulmuşdur. Daha sonra ailədaxili narazılıqlara görə faktiki olaraq ayrılmışlar. Bundan sonra Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli, 2(013)-491/2011 nömrəli qətnaməsi ilə, tərəflər arasında xx.xx.2007-ci il tarixdə Laçın Rayon Qeydiyyat Şöbəsində №174 ilə qeydə alınmş nikahları pozulmuş, birgə nikahdan olan xx.xx.2009-cu il təvəllüdlü X7 və xx.xx.2011-ci il təvəllüdlü X8 adlı uşaqlar anası, İddiaçı yanında saxlanılmış və onların yetkinlik yaşına çatana kimi saxlanması üçün Cavabdeh qazancının və gəlirlərinin 1/3 hissəsi miqdarında alimentin İddiaçı xeyrinə tutulması qət edilmişdir. Lakin, həmin vaxtdan uzun müddət keçmiş, uşaqlar böyüdüyü və onların xərclərinin artdığı üçün qət edilmiş Cavabdeh qazancının və gəlirlərinin 1/3 hissəsi məbləğində aliment uşaqların saxlanması üçün yetərli olmadığından, cavabdeh uşaqların saxlanması üçün iddiaçıya əlavə maddi yardım göstərmədiyindən, iddiaçı hazırki iddia tələbi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
44. Məhkəmə kollegiyasının qənaətinə görə tərəflər arasında yaranmış hüquq münasibətləri valideynin aliment, habelə məhkəmənin müəyyən etdiyi alimentin miqdarının dəyişdirilməsi ilə bağlı yaranan mübahisədir və Azərbaycan Respublikasının Ailə Məcəlləsinin aşağıdakı müddəaları əsasında həll olunmalıdır.
45. İddia tələbinin hüquqi əsasını təşkil edən Azərbaycan Respublikasının Ailə Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər.
46. Alimentin müəyyən olunmuş miqdarının dəyişdirildiyi hər bir halda, alimentin miqdarı Ailə Məcəlləsinin 78.2-ci maddəsinin tələbinə əsasən tərəflərin maddi və ailə vəziyyəti, diqqətəlayiq olan digər hallar nəzərə alınmaqla, uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutularaq müəyyən edilir.
47. “Azərbaycan Respublikasında yaşayış minimumu haqqında” Azərbaycan Respublikasının qanununa əsasən, 2011-ci ildə uşaqlar üçün yaşayış minimumu 76 manat təşkil edir.
48. Yuxarıda qeyd olunan hüquq normaları əsasında işin halları sistemli şəkildə araşdırıldıqda müəyyən olunur ki, aliment müəyyən olunan vaxtdan sonra uşaqlar üçün qanunla nəzərdə tutulmuş yaşayış minimumu artırılaraq 2023-cü il üçün 220 manat müəyyən edilmişdir. Hazırda hər ay hər uşaq üçün cavabdehdən tutulan qazancının və gəlirlərinin 1/3 hissəsi məbləğində tutulan alimentin miqdarı, uşaqlar üçün müəyyən olunmuş yaşayış minimumu ilə müqayisədə azdır və uşağın saxlanması üçün yetərli deyildir. Uşağın yaşayış minimumunun artması alimentin məbləğinin artırılması üçün qanuni əsas sayıla bilər.
49. Ona görə də, məhkəmə kollegiyası bu nəticəyə gəlir ki, uşağa təyin olunmuş alimentin artırılması üçün Azərbaycan Respublikası Ailə Məcəlləsinin 112-ci maddəsində nəzərdə tutulmuş əsaslar olmuşdur. Alimentin məbləği artırılarkən həm də nəzərə alınmalıdır ki, uşaqları saxlamaq hər iki valideynin vəzifəsidir və onların maddi tələbatları valideynlərinin hər biri tərəfindən ödənilməlidir. Valideyn (işləmədikdə belə) uşağın normal maddi təminatını ödəməyə, uşağın zəruri dolanışıq səviyyəsini təmin etməyə borcludur. Qeyd olunmalıdır ki, tərəflərin maddi və ailə vəziyyəti, habelə diqqətəlayiq olan digər hallar, uşağın minimal dolanışıq səviyyəsindən də aşağı aliment müəyyən olunmasına əsas vermir. Çünki, tərəflərin maddi vəziyyəti və diqqətəlayiq digər hallarla müqayisədə uşaqların mənafelərinə üstünlük verilməli, uşağın maraqlarının daha yaxşı təmin olunması əsas götürülməlidir.
50. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi alimentin məbləğininin artırılmasının mümkünlüyü barədə düzgün nəticəyə gəlsə də, alimentin miqdarını düzgün müəyyən etməmişdir.
51. Məhkəmə kollegiyası, uşağın saxlanması ilə bağlı gündəlik qayğıların iddiaçının üzərinə düşməsini və diqqətəlayiq olan digər halları, hazırda uşaqlar üçün müəyyən edilmiş yaşayış səviyyəsi minimumunu nəzərə almaqla, uşağın maraqlarını rəhbər tutaraq, onun təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması üçün alimentin hər ay 180 manat sabit pul məbləğində aliment müəyyən edilməsini onun mənafeyinə uyğun, həmçinin tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolverilən hesab edir.
52. Uşağın valideynlərdən birinin himayəsinə verilməsi, uşağa qulluq, onun sağlamlıq, təhsil, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın himayəsində olduğu valideynin üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi digər valideyndən tutulmasına əsas verir. Aliment ödəyən əmək qabiliyyətli valideynin rəsmi olaraq heç bir yerdə işləməməsi və qazanca malik olmaması onu uşağı saxlamaq, qanunvericiliklə müəyyən olunmuş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatı ödəmək vəzifəsindən azad etmir (Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxılarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndi).
53. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdehdən tutulan alimentin məbləğinin artırılaraq 180 manat məbləğdə müəyyən edilməsi tərəflərin maddi və ailə vəziyyəti ilə müqayisədə yolveriləndir.
54. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərinə ümumilikdə hüquqi qiymət verərək hesab edir ki, həmin dəlillər hazırkı işin hallarına münasibətdə qismən əsaslıdır.
55. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayəti qismən təmin olunmalı, Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-232/2024 nömrəli qətnaməsi - Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması - hissəsində dəyişdirilməli, Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 nömrəli qətnaməsi ilə Cavabdeh İddiaçı xeyrinə xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X1 üçün hər ay tutulan alimentin miqdarının dəyişdirilərək, hər ay hər uşaq üçün 180 manat olmaqla, cəmi 360 manat məbləğdə müəyyən edilməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanmalıdır.
56. Məhkəmə kollegiyası həmçinin izah edir ki, iddia tələbi qismən təmin edildiyindən ona hər ay cavabdeh tərəfindən ödənilməli olan sabit pul məbləğində alimentin artırılmış hissəsinin bir il ərzində məcmusu cəmi 3600 manat təşkil edir.
57. Göründüyü kimi, hazırki iddianın qiyməti 5000 (beş min) manatdan az olduğundan Azərbaycan Respublikası MPM-nin 402-ci maddəsinin tələblərinə uyğun olaraq qətnamədən kassasiya şikayəti verilə bilməz.
58. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 10- 1,372.1, 382, 384.0.3, 385.2, 392, 393 və 402.1-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2(013)-232/2024 nömrəli qətnaməsi - Ağdam Rayon Məhkəməsinin 15 noyabr 2011-ci il tarixli 2(13)-491/2011 saylı qətnaməsi ilə alimentin müəyyən olunmuş miqdarının dəyişdirilərək (artırılaraq) xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanması üçün Cavabdeh İddiaçı xeyrinə hər ay, hər uşağa 130 (bir yüz otuz) manat olmaqla cəmi 260 (iki yüz altmış) manat sabit pul məbləğində alimentin tutulması hissəsində dəyişdirilsin. xx.xx.2009-cu il təvəllüdlü X2 və xx.xx.2011-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh İddiaçı xeyrinə tutulan alimentin miqdarı artırılaraq hər ay hər uşaq üçün 180 (bir yüz səksən) manat olmaqla, cəmi 360 (üç yüz altmış) manat miqdarında müəyyən edilsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Bu qətnamə çıxarıldığı andan qanuni qüvvəyə minir. Bu qətnamədən kassasiya şikayəti verilə bilməz.