Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1577/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı borcun tutulması tələbinə dair iş üzrə QƏTNAMƏ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi ilə, “borcun tutulması” tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-138/2025 nömrəli qətnaməsindən iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit razılaşması üzrə müqaviləyə əsasən, İddiaçı QSC Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür.
2. İddiaçı QSC-nin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, Cavabdeh xx.xx.2022-ci il tarixdə bağladığı 034A********** nömrəli kredit razılaşması üzrə müqaviləsinə əsasən xx.xx.2024-cü il tarixə 9597,59 manat məbləğində kredit borcu, 833,31 manat məbləğində faiz borcu və 285,88 manat məbləğində cərimə olmaqla, cəmi 10716,78 (on min yeddi yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borcu vardır.
3. Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1501 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 034A********** nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Razılaşma Müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024cü il tarixinə, yəni maliyyə arayışı müddətinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borcu üzrə - 9358,08 manat, faiz borcu üzrə - 439,35 manat.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı QSC iddia ərizəsi ilə Goranboy Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9597.59 manat məbləğində kredit borcu, 833,31 manat məbləğində faiz borcu və 285.88 manat məbləğində cərimə olmaqla, cəmi 10716,78 (on min yeddi yüz on altı manat yetmiş səkkiz qəpik) manat məbləğində borc və ödənilmiş 122.15 manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İddiaçı QSC ilə xx.xx.2022ci il tarixdə bağladığı 034A********** saylı ərizəyə əsasən Bankın internet səhifəsində yerləşdirilmiş “Bank Xidmətlərinin göstərilməsi haqqında Müqavilənin ümumi şərtləri", Tariflər və Valyuta Məzənnəsi ilə tanış olmuş və ərizə ilə eyni məna daşıdığını öz imzası ilə təsdiq etmişdir. Həmin müqaviləyə əsasən Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə, kredit müqaviləsinin ayrılmaz hissəsi olan 1 saylı əlavədə müəyyən olunmuş ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 12000 (on iki min) manat məbləğində kredit götürmüşdür. Tərəflərin imzaladıqları xx.xx.2023-cü il tarixli 034A**********S saylı sazişlə müqaviləyə və ödəniş planına dəyişiklik edilmişdir. O, xx.xx.2024-cü il tarixdən ödənilməsi planlaşdırılmış aylıq üçün kredit borcu və faiz borcundan ibarət vəsaiti qaytarmamışdır. O götürdüyü kredit borcundan 2402.41 manat ödəniş etmiş və onun iddiaçıya 9597.59 manat məbləğində kredit borcu qalmışdır. Müqavilənin 7.6-cı bəndinə əsasən kreditin ərizədə razılaşdırılmış kart hesabına və ya cari hesaba köçürüldüyü tarix nağd kredit barədə müqavilə üzrə kreditin verilmə tarixi hesab edilir və həmin gündən etibarən bu şərtlərin 7.9-cu bəndi ilə razılaşdırılmış qaydada kredit faizlərinin hesablanması başlayır. Faizlərin hesablanması müqavilənin 7.9-cu bəndində göstərilmiş düstur əsasında aparılır. Müqavilənin 7.11-cı maddəsinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən onun tam qaytarılmasınadək hesablanır. Qeyd edilənlərə əsasən bildirilir ki, o, kredit borcunu və faiz borcunu Kreditora qaytarmadığı üçün xx.xx.2024-cü il tarixə 138 gün üçün hesablanmış faiz borcu 833.31 manat təşkil edir. Müqavilənin 7.20-ci bəndinə uyğun olaraq borclu krediti və kredit faizini vaxtında banka qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0.1% məbləğində cərimə ödəməlidir. xx.xx.2024-cü il tarixə 138 gün üçün kredit müqaviləsi üzrə hesablanmış cərimə 285.88 manat təşkil edir.
6. Goranboy Rayon Məhkəməsinin (hakim T.Mustafayev) xx.xx.2025-ci il tarixli, e- 2(045)-138/2025 nömrəli qətnaməsi ilə iddia qismən təmin edilərək, Cavabdeh İddiaçı QSC-nin xeyrinə 9358,08 manat məbləğində kredit borcu, 439,35 manat məbləğində faiz borcu və 50 manat məbləğində cərimə olmaqla, ümumilikdə 9847,43 manat məbləğində borc pul və ödənilmiş 118,47 manat dövlət rüsumunun əvəzinin tutulması qət edilmişdir.
7. Birinci instansiya məhkəməsinin qətnaməsində qeyd edilmişdir ki, Cavabdeh kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəliyi vaxtında icra etməmiş, iddiaçıya olan borcunu müqavilə ilə nəzərdə tutulan vaxtda və qaydada ödəməmiş, bununla da müqavilənin şərtlərini pozmuşdur. Buna görə də, Cavabdeh onun risk dairəsinə daxil olan öhdəliyin icra edilmədiyi bütün hallar üçün cavabdeh olduğundan, öz öhdəliyinin hər bir təqsirli pozuntusuna görə məsuliyyət daşıyaraq, öhdəliyini icra etməlidir. Məhkəmə iddia tələbinin müqavilə üzrə borcun gecikdirilməsinə görə hesablanmış və tələb olunan 285,88 manat məbləğində cərimə hissəsinə dair qeyd edir ki, bu tələb tənasübsüz surətdə yüksəkdir və Mülki Məcəllənin 467-ci maddəsi əsasən azaldılaraq 50 (əlli) manat məbləğində müəyyən edilməlidir.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 427.1, 442, 739 və 740-cı maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: a)Apellyasiya şikayətinin dəlilləri
9. Cavabdeh qətnamənin dəlilləri ilə razılaşmayaraq apellyasiya şikayəti vermiş, Goranboy Rayon Məhkəməsinin (hakim T.Mustafayev) xx.xx.2025-ci il tarixli, e-2(045)- 138/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir.
10. Apellyasiya şikayətinin məzmununda qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi tərəfindən saxlanılmış 50 manat cərimə də tənasübsüz surətdə yüksəkdir və tamamilə azaldılmalıdır. Bundan başqa, ekspertin rəyi natamam olduğundan iş üzrə təkrar ekspertizanın keçirilməsi zəruri idi. Belə ki, ekspert rəyi ilə iddia tələbindəki məbləğ azaldılsa belə, yenə də onun tərəfindən ödənilmiş əsas ödənişlər düzgün şəkildə hesablanmamış, əsas borc hər bir halda həddən artıq çox göstərilmiş və faiz borcu yüksək hesablanmışdır. Krediti götürdükdən sonra müdəmadi olaraq ödəniş etmiş, hətta bank işçiləri onu kredit müqaviləsinin restruksizasiya etdirdikdə yenə də birdəfəlik ödəniş etmişdir. Ona aylıq ödənişinin azalacağını bildirsələr də, əksinə aylıq ödənişinin məbləği çoxalmışdır. Ekspertizaya bank tərəfindən bütün ödənişlər göndərilməmiş, onun bütün ödənişləri nəzərə alınmamışdır.
b)Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri
11. Apellyasiya şikayətinə qarşı tərəfin etirazı daxil olmamışdır.
c)Apellyasiya icraatı iştirakçılarının izahatları
12. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, iddiaçı məhkəməyə ərizə ünvanlayaraq üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməyəcəklərini bildirmiş, cavabdeh isə Bakı şəhərində başqa məhkəmə iclasında iştirak etdiyindən məhkəmə iclasının başqa tarixə təxirə salınmasını xahiş etmiş, lakin ərizədə qeyd edilən əsası təsdiq edən heç bir sübut təqdim etməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq:
13. Azərbaycan Respublikasının Mülki Məcəlləsi 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 427.1. Əgər öhdəliyin icrası müddəti təyin edilibsə, kreditor müddət çatanadək onun icrasını tələb edə bilməz, lakin borclu onu vaxtından əvvəl icra edə bilər.
442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır
467. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. 739.1. Borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. 740.2. Borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
14. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 384.0.1. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
15. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
16. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit razılaşması üzrə müqaviləyə əsasən, İddiaçı QSC Cavabdeh aylıq faiz dərəcəsi 1.6667% olmaqla 48 ay müddətinə 12000 (on iki min) manat məbləğində kredit verməyi, Cavabdeh həmin məbləğdə krediti qəbul etməyi, kredit üzrə əsas borcu və ona hesablanmış faizləri müqavilədə göstərilən müddətdə və qaydada ödəməyi, habelə ödənişlərdə gecikdirməyə yol verdiyi təqdirdə hesablanmış cərimə məbləğini ödəməyi öhdəsinə götürmüşdür. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmiş, birinci instansiya məhkəməsi tərəfindən tələb qismən təmin edilmişdir.
17. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, hazırkı iş üzrə tələb etmənin əsasında xx.xx.2022-ci il tarixli, 034A********** nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas və ona hesablanmış faiz borcu, həmçinin cərimə borcunu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir. Cavabdeh isə kredit borcun mövcudluğunu inkar etməyərək yalnız borcun düzgün hesablanmadığını, tərəfindən ödənilmiş məbləğlərin nəzərə alınmadığını, həmçinin cərimə borcunun tənasübsüz yüksək olmasını mübahisələndirmişdir.
18. İşin hallarından görünür ki, borcalan kredit müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etməmiş, nəticədə onun kredit təşkilatına borcu yaranmışdır. Yəni, kreditor tərəfindən kredit verilən zaman gözlənilən nəticə cavabdehin üzərinə götürdüyü öhdəlikləri icra etmədiyi üçün baş tutmamışdır. Bununla da kreditorun qanunla qorunan hüquqları pozulmuşdur. Nəticədə cavabdehin kreditora əsas və ona hesablanmış faiz, həmçinin cərimə borcu yaranmışdır.
19. Bununla belə, əsas və faiz borcunun hesablanması məsələsinin həlli mühasibatlıq əməliyyatları aparılmasından keçir ki, bu da həmin sahədə xüsusi bilik tələb edən sualların cavablandırılmasını tələb edir. Bu hal isə MPM-in 97.1-ci maddəsinə əsasən, həmin işlərə baxılarkən ekspertiza təyin olunması zərurətini doğurur.
20. Nəzərə almaq lazımdır ki, “Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında” 18 noyabr 1999-cu il tarixli 758-İQ saylı Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə, məhkəmə ekspertizası məhkəmənin (hakimin) icraatında olan işin halları barədə informasiya daşıyan maddi obyektlər, hadisələr və proseslər haqqında xüsusi elmi biliklər əsasında aparılan tədqiqatdır.
21. Qanunvericiliyin tələblərinə uyğun olaraq, birinci instansiya məhkəməsində icraat zamanı iş üzrə məhkəmə-mühasibatlıq ekspertizası təyin edilmiş və Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 9/1501 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı QSC ilə Cavabdeh arasında bağlanmış 034A********** nömrəli, xx.xx.2022-ci il tarixli Kredit Razılaşma Müqaviləsinin qeyd edilən şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixinə, yəni maliyyə arayışı müddətinə banka olan borcu aşağıdakı kimi müəyyən olunur: əsas borcu üzrə - 9358,08 manat, faiz borcu üzrə - 439,35 manat.
22. Azərbaycan Respublikasının MPM-nin 76.2-ci maddəsində ekspertlərin rəyləri sübut növü kimi müəyyən olunmuşdur.
23. Həmin Məcəllənin 101.3-cü maddəsinin tələbinə görə, ekspertin rəyi məhkəmədə tədqiq olunur və digər sübutlarla yanaşı qiymətləndirilir.
24. Məhkəmə kollegiyası rəyi işdə olan digər sənədlərlə müqayisəli şəkildə təhlil edərək hesab edir ki, rəy əsaslıdır. Ekspert hesablama apararkən təqdim olunmuş mühasibatlıq sənədlərini və tərəflər arasında bağlanmış müqavilənin şərtlərini əsas tutmuşdur.
25. Apellyasiya şikayətində ekspert rəyində əsas və faiz borcunun çox göstərildiyi qeyd olunsa da, lakin tədqiqat zamanı hansı yanlışlığa yol verilməsi konkret olaraq göstərilməmiş, iddia tələbində qeyd olunan borc məbləğindən edilmiş ödənişlərə dair ödəniş qəbzləri, habelə verilmiş rəyin əksini sübut edəcək sənədlər apellyasiya şikayətinə əlavə olunmamış, məhkəməyə təqdim edilməmişdir. Başqa sözlə, iş materiallarındakı mühasibatlıq ekspertizası rəyinin mötəbər sübut olmasını şübhə altına alacaq hər hansı hal mövcud deyildir.
26. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsində göstərilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Mülki Məcəllənin 433.3-cü maddəsinə əsasən, öhdəliyin icrası zamanı borclu icranı kreditorun özünün və ya ixtiyarlı şəxsin qəbul etməsinə dair sübutların təqdim olunmasını tələb edə bilər və bu cür tələb irəli sürülməməsi nəticələrinin riskini daşıyır.
28. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh tərəfindən edilmiş ödənişlər barədə apellyasiya şikayətinə mötəbər sübutlar (ödəniş qəbzləri, mədaxil orderləri və.s.) təqdim edilməmişdir. Halbuki, iş materiallarında olan maliyyə arayışı ilə cavabdehin kredit müqaviləsi üzrə əsas və faiz borcu dəqiqliklə göstərilmişdir. Bir sözlə, həmin maliyyə arayışının mötəbərliyini şübhə altına alacaq əsas olmamaqla məsələnin həlli baxımından həmin hissədə təkrarən xüsusi biliyin tətbiqinə də (mühasibatlıq ekspertizasının təyin olunmasına) zərurət yoxdur.
29. Bundan başqa qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi haqlı şəkildə 285,88 manat cərimə məbləğinin tənasübsüz surətdə yüksək olmasını hesab edərək həmin məbləği 50 (əlli) manat məbləğinə azaltmış, həmçinin ekspertiza xərci və tələb olunan ödənilmiş dövlət rüsumunu tələbin təmin olunmuş hissəsinə müvafiq olaraq bölüşdürmüşdür.
30. Şərh olunan halları ümumiləşdirərək məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən kredit müqaviləsi üzrə əsas, faiz və cərimə borcları düzgün müəyyən edilmişdir, qətnamənin ləğvi və ya dəyişdirilməsi üçün hər hansı əsas yoxdur.
31. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393 və 402-ci maddələrini rəhbər tutaraq,
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(045)-138/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov