Məhkəmə qərarları › İş №2(104)-1580/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1580/2023

06.07.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin artırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1580/2023 06.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakim Süleymanov Loğman Srac oğlunun sədrliyi və məruzəsi, hakimlər Həsənov İslam Telman oğlu və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Musayev Röyal İman oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsindən İddiaçı nümayəndəsi və vəkili Nümayəndə tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “alimentin artırılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ərizə məhkəməyə təqdim edildiyi gündən yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X1 üçün o, yetkinlik yaşına çatana qədər cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin və 50,00 (əlli) manat məbləğində mediasiyaya dair xərcin Cavabdeh tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsi ilə (sədrlik edən Zaman İmanov) İddiaçı Cavabdeh qarşı Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)-986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilən alimentin məbləğinin artırılması tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı nümayəndəsi və vəkili Nümayəndə həmin qətnamədən apellyasiya şikayəti verərək, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, yetkinlik yaşına çatmayan xx.xx.2011-ci il təvəllüdlü X3 onun himayəsindədir. Əvvəlki məhkəmə qətnaməsi ilə müəyyən edilmiş 193 manat məbləğində aliment hazırki dövrdə məktəbdə təhsil alan bir uşağın zəruri xərclərinin belə qarşılanması üçün yetərli deyildir. Məhkəmə öz qətnaməsini belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin gəlirlərinin artması və müsbət yöndə dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmiş və eyni zamanda bir uşağın saxlanılması üçün 193.00 manat məbləği kifayət qədər yüksək məbləğdir. İddiaçı məhkəmə kollegiyasının iclasında apellyasiya şikayətinə müdafiə edərək, oxşar məzmunlu izahat verdi. Həmçinin göstərdi ki, cavabdeh kafe işlədir və kifayət qədər qazancı vardır. Ona görə də apellyasiya şikayətinin təmin edilməsini, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qətnamə qəbul edilməsini xahiş etdi. İş üzrə Cavabdeh işə baxılmanın yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, o, heç bir üzrlü səbəblər olmadan məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası MPM-nin 376.2-ci maddəsinə əsasən, işə Cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb, məruzəçi hakimi, işdə işdə iştirak edən şəxsi dinləyərək, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməklə, iddia təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarına əlavə edilmiş: Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)-986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsindən görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin midarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. “İlkin mediasiya sessiyasında iştirak edilməməsi” barədə xx.xx.2023-cü il tarixli, MŞG/MT007/2023-00307 saylı arayışdan görünür ki, Cavabdeh İddiaçı ilə ailə münasibətlərindən irəli gələn “alimentin artırılması” tələbinə dair mübahisə üzrə xx.xx.2023-cü il tarixdə 11:00 saatlarında keçirilməsi nəzərdə tutulan ilkin mediasiya sessiyasında iştirak etmədiyini təsdiq etmək üçün verilir. Cavabdeh ilkin mediasiya sessiyasının tarixi, saatı və yeri barədə məlumatlandırılmışdır. İddiaçı ilkin mediasiya sessiyasının keçirilməsi üçün “Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019cu il tarixli, 308 nömrəli Qərarı” ilə təsdiq edilmiş ilkin mediasiya zamanı mediasiya xidmətinin göstərilməsinə görə 50 (əlli) manat məbləğində xərci tam ödəmişdir. AZ-İİ seriyalı, 796257 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 19 aprel 2011-ci il tarixdə anadan olmuşdur. Valideynləri atası – Cavabdeh, anası- İddiaçıdır. AZ-İ seriyalı, 236628 nömrəli, 28 iyul 2016-cı il tarixdə, Gəncə şəhər Nizami rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, vətəndaş Cavabdeh və vətəndaş İddiaçı ilə olan nikah ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 28 iyul 2016-cı il tarixdə 218 nömrə ilə qeyd edilmişdir Nikah ləğv olunandan sonra kişiyə “Namazov”, qadına “Pənahova” soyadı verilmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş 23-23 nömrəli, 12 aprel 2023-cü il tarixli arayışdan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətində mühasib köməkçisi işləyən İddiaçı ondan ötrü ki, o, xx.xx.2015-ci il tarixdən işə qəbul olunmuşdur və onun aylıq məvacibi 550,00 (beş yüz əlli) manatdır, əldə etdiyi əmək haqqı isə bütün DSMF ayrımları tutulduqdan sonra 495,25 (dörd yüz doxsan beş manat iyirmi beş qəpik) təşkil edir. Azərbaycan Respublikası Konstitusiyasının: 17-ci maddəsinin İİ bəndinə görə, uşaqların qayğısına qalmaq və onları tərbiyə etmək valideynlərin borcudur. Bu borcun yerinə yetirilməsinə dövlət nəzarət edir. 34-cü maddəsinin İV bəndinə əsasən, ər ilə arvadın hüquqları bərabərdir. Uşaqlara qayğı göstərmək, onları tərbiyə etmək valideynlərin həm hüququ, həm də borcudur. “Uşaq Hüquqları Haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsinə əsasən, hər uşağın yaşamaq, normal şəraitdə fiziki, əqli və mənəvi cəhətdən inkişaf etmək hüququ vardır. Dövlət bu şəraiti təmin edən iqtisadi, sosial hüquq və digər tədbirlər görməyi, sağlam və təhlükəsiz mühit yaratmağı öz öhdəsinə götürür. Həmin Qanunun 13-cü maddəsinə görə, uşağın Azərbaycan Respublikasının Qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ vardır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 112.1-ci maddəsinə əsasən, aliment ödənilməsi barədə saziş olmadıqda, məhkəmə tərəfindən alimentin miqdarı müəyyən olunduqdan sonra tərəflərdən birinin ailə və ya maddi vəziyyətində dəyişiklik olmuşsa, məhkəmə tərəflərdən istənilən birinin tələbi ilə alimentin müəyyən olunmuş miqdarını dəyişə bilər və ya aliment ödəməli olan şəxsi tərəflərin diqqətəlayiq başqa maraqlarını da nəzərə almaqla, aliment ödəməkdən azad edə bilər. “2023-cü il üçün yaşayış minimumu haqqında» Azərbaycan Respublikası Qanununa əsasən 2023-ci il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat müəyyən edilmişdir. İş materiallarından görünür ki, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)- 986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin 2(044)- 1783/2021 saylı, xx.xx.2021-ci il tarixli qətnaməsi ilə müəyyən olunmuş alimentin midarı artırılaraq xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 193 (bir yüz doxsan üç) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməsi qət edilmişdir. Hazırkı iddia ilə ididaçı cavabdehdən tutulan alimentin məbləği artırılaraq hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğinin və 50,00 (əlli) manat məbləğində mediasiyaya dair xərcin tutulmasını xahiş edir. Birinci instansiya məhkəməsi gəldiyi nəticəni belə əsaslandırmışdır ki, iddiaçı cavabdehin gəlirlərinin artması və müsbət yöndə dəyişməsi barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən, eyni zamanda Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)- 986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə xx.xx.2011-ci il təvəllüdlü Sevinc adlı uşağa təyin olunan alimentin məbləği (hər ay 193 manat) kifayət qədər yüksək olduğundan, iddia əsassızdır Məhkəmə kollegiyası qeyd edir ki, uşaqlara qayğı göstərmək, onları tərbiyə etməyin valideynlərin həm hüququ, həm də borcu olmasını, uşağın inkişafı üçün lazım olan həyat şəraitini öz qabiliyyətləri və maliyyə imkanları daxilində təmin etməyə görə məsuliyyət daşımalarını, hər bir uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat hüququ olmasını, valideynlərin uşaqlarını saxlamağa borcludular. İşin müəyyən olunmuş hallarından görünür ki, Sevinc adlı uşağın hazırda 12 yaşı olmaqla, anasının himayəsində yaşayır, atası olan cavabdeh isə onun saxlanması üçün alimentdən əlavə heç bir maddi yardım etmir. Sevinc adlı uşaq böyüdükcə onun bütün qida, geyim, tibbi və digər xərclərinin mütəmadi şəkildə artmaqda davam etməklə yanaşı, iddiaçı tərəfindən ödənilir. Uşağa qulluq, onun sağlamlıq, inkişaf, məişət qayğılarının çəkilməsinin uşağın anasının, yəni iddiaçı üzərinə düşməsi, qanunvericiliklə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminatın aliment kimi atadan, yəni cavabdeh Muraz Məsruridən tutulmasına əsas verir. Məhkəmə kollegiyası qeyd edir ki, qanunverilicik aktlarında uşaqla bağlı bütün məsələlərdə bütün diqqət ilk növbədə uşağın maraqlarının daha yaxşı təmin edilməsinə yönəldilir. Üstün maraqlar termini uşağın rifahını izah edir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 28 mart 2016-cı il tarixli qərarının 8.2-ci bəndinə görə, uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır (“Uşaq hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsi). Azərbaycan Respublikası MPM-nin: 385.1.1.-ci maddəsinə əsasən, maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 385.1.2-ci maddəsinə əsasən, birinci instansiya məhkəməsinin qətnamədə göstərilmiş nəticələrinin işin hallarına uyğun gəlməməsi məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır. 390-cı maddəsinə əsasən, məhkəmənin qətnamədə göstərdiyi dəlillərin işin hallarına uyğun olmaması o halda hesab edilir ki, məhkəmə müəyyən edilmiş faktlardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş olur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin bu iş üzrə gəldiyi nəticə işin faktiki hallarına uyğun olmamış, məhkəmə müəyyən edilmiş hallardan tərəflərin qarşılıqlı münasibətləri üzrə səhv nəticəyə gəlmiş, məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydılaşdırılmamış və mübahisənin maddihüquqi əsaları düzgün müəyyən edilməmişdir ki, bu hallar da qətnamənin apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır.Ona görə də, Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsi ləğv edilməli və yeni qətnamə qəbul edilməli, iddia təmin edilməli, Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)- 986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilməli, artırılmış hissədə alimentin tutulması qətnamənin qanuni qüvvəyə mindiyi gündən hesablanmalı, Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin: 112.1.3-cü maddəsinə əsasən, aliment alınması haqqındakı iddialarda iddianın qiyməti bir il ərzində ödəmənin məcmusu ilə müəyyən edilir. 402.1-ci maddəsinə görə, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası MPM-nin 402.1-ci maddəsinə uyğun olaraq, hazırkı iş üzrə iddianın qiyməti beş min manatdan az olduğu üçün bu qətnamədən kassasiya şikayəti verilə bilməz. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 382, 384-385, 392- 393 və 402.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏT ETDİ: Apellyasiya şikayəti təmin edilsin. Gəncə Şəhər Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(125)-2020/2023 saylı qətnaməsi ləğv edilsin və yeni qətnamə qəbul edilsin. İddia təmin edilsin. Gəncə şəhəri Nizami Rayon Məhkəməsinin e-2(044)-986/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə müəyyən edilmiş sabit pul məbləğində alimentin miqdarı artırılaraq, xx.xx.2011-ci il təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh hər ay 220 (iki yüz iyirmi) manat sabit pul məbləğində aliment və ilkin mediasiya sessiyasında iştirak etmək üçün ödənilmiş 50 manat pul tutularaq İddiaçı xeyrinə ödənilsin. Artırılmış hissədə alimentin tutulması qətnamənin qəbul edildiyi gündən hesablansın. Cavabdeh 30 (otuz) manat dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə qəbul edildiyi andan qüvvəyə minir. Qətnamədən kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar