Məhkəmə qərarları › İş №2(104)-1582/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1582/2023

19.06.2023 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1582/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: pulun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Gəncə Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(125)-1195/2023 nömrəli qətnaməsindən İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. İddiaçı Cavabdeh 470 manat borc verməsini iddia etmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

2. İddiaçı Cavabdeh qarşı pul tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 470 manat və vurduğu maddi ziyanın əvəzi kimi 1000 manat olmaqla, ümumilikdə 1470 manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

3. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Qarabağ Əlilləri və X1 sədridir. 2021-ci ilin təxminən may ayında Cavabdeh 2 nəfər başqa şəxslə birliyə gələrək birliyin üzvlərinə xidmət göstərmək niyyətində olduqlarını bildirmişlər. O, bir müddət onlarla işləmiş, lakin bir ay sonra cavabdeh nişanlı olmasını və nişanlısına bəzi əşyalar almaq üçün ona pul lazım olduğunu deyərək ondan 100-200 manat borc istəmişdir. O da Birliyin üzvləri olan Rauf və Elmanın yanında cavabdehə 200 manat vermişdir. Təxminən bir ay sonra cavabdeh Bakı şəhərinə getdiyini və ona pul lazım olduğunu bildirmiş, yaşadığı evdə ondan 70 manat almışdır. Bir necə gün sonra cavabdeh guya Bakıdan ona zəng edərək 100 manat da borc istəmiş, o, da həmin məbləği onun bank kartına köçürmüşdür. Təxminən 7-10 gün sonra cavabdeh nişanlısının yanına gedəcəyini bildirərək ondan pul istəmiş, həmin vaxt cavabdehə 100 manat borc vermişdir. Beləliklə cavabdehə ümumilikdə 470 manat borc vermişdir. Təxminən 2021-ci ilin dekabr ayında cavabdeh birliyə gəlmiş və bildirmişdir ki, borc aldığı 470 manatı gətirmişdir. Cavabdehə avtomobilin açarını vermiş və pulu avtomobilin saxlanc yerinə qoyduğunu demişdir. Cavabdeh ondan açarı alıb getmiş, sonra qayıdıb yenə yanına gəlmiş və bildirmişdir ki, pulu oraya qoymuşdur. Sonra onlar birlikdə çay içmək üçün dəmiryol vağzalının yaxınlığında olan çay evinə getmişlər. Evə gələndən sonra avtomobilin bardaçokunda pulun olmadığını görmüş və bundan sonra cavabdehdən polis bölməsinə şikayət etmişdir. 2-ci Polis Şöbəsinə müraciət etsədə, lakin tələbi mülki xarakter daşıdığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin hərəkətləri nəticəsində ona 1000 manat ziyan dəymişdir. Belə ki, sahibkarlıq obyekti var və 470 manatlıq mal alıb-satsaydı 1000 manat gəlir əldə edəcəkdi.

4. Gəncə Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(125)-1195/2023 nömrəli qətnaməsi ilə (hakim Z.İmanov) İddiaçı Cavabdeh ona borclu olduğu 470 manat pulun və vurduğu maddi ziyanın əvəzi kimi 1000 manat pulun, ümumilikdə 1470 (bir min dörd yüz yetmiş) manat pulun alınaraq ona verilməsinə dair iddiası rədd edilməsi qət olunmuşdur.

5. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 386.1, 442, 445.2.1, 448, 739, 740 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2, 217, 216-220, 357, 360, 362ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

6. İddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddia tələbində göstərilənlərlə yanaşı apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalrının tələblərini pozaraq, iş üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparmadan iddianı təmin etməmişdir. Belə ki, Cavabdeh ondan pul almadığı halda nəyə görə polisə müraciət etmiş olsun. 2-ci Polis Şöbəsində material var, lakin birinci instansiya məhkəməsi bu istiqamətdə heç bir araşdırma aparmamışdır. Şahid dəvət etmək hüququ ona izah olunmamış və subutlarının olub-olmaması soruçulmamışdır.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

8. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək, iddia ərizəsinin və şikayətin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, Cavabdeh kartına 100 manatı uşaq köçürmüş, qalan pulu isə cavabdehin özünə vermişdir. Lakin pul verməsi ilə bağlı yazılı subutu yoxdur. Cavabdeh 470 manatı avtomobilin bardaçokuna qoyduğunu desədə, lakin ondan ayrıldıqdan sonra avtomobildə pul olmadığını görmüşdür. İddiaçı sonda məhkəmə kolelgiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instasniya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş, eləcə də gəlməməsinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi

11. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.

12. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.

13. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər.

14. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.

15. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.

16. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.

17. Maddə 740.2. Borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

19. Maddə 88-ci maddəyə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

20. Maddə 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

21. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;

22. Maddə 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.

Apellyasiya baxışının hədləri

23. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

24. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

25. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

26. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair iddianı təmin etməməkdə düzgün nəticəyə gəlmişdir.

27. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən olunmur. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması üçün əsas yoxdur.

28. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunmuşdur ki, İddiaçı müxtəlif vaxtlarda Cavabdeh ümumilikdə 470 manat borc verməsini, sonuncunun isə aldığı borcu qaytarmamasını əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etməmişdir.

29. Bu qətnamənin 26-cı bəndində də qeyd olunduğu kimi, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni qanuni və əsaslı hesab edir. Belə ki, İddiaçı müxtəlif vaxtlarda cavabdehə ümumilikdə 470 manat borc verməsini iddia etsədə, lakin bu barədə hər hansı möhtəbər subutu məhkəməyə təqdim etməmişdir. Halbu ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Apellyasiya şikayətinin Cavabdeh ondan pul almadığı halda nəyə görə polisə müraciət etməsi, 2-ci Polis İdarəsində material olması, lakin birinci instansiya məhkəməsinin bu istiqamətdə heç bir araşdırma aparmaması, şahid dəvət etmək hüququnun ona izah olunmaması və subutlarının olub-olmamasının soruşulmaması dəlilini kollegiya əsassız hesab edir. Belə ki, iddiaçı apellyasiya şikayətində 2-ci Polis İdarəsinə müraciət etdiyini qeyd etsədə, lakin həmin İdarədə onun müraciəti əsasında araşdırma aparılmasını, eləcədə bunun nəticəsi olaraq müvafiq qərar qəbul olunub-olunmamasını təsdiq edən sübutu məhkəməyə təqdim etməmişdir. Şahid dəvət etmək hüququnun ona izah olunmaması, subutlarının olubolmamasının soruçulmamasına münasibətdə isə kollegiya qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsində icraat zamanı iddiaçıya məhkəmə bildirişi göndərilmiş, eləcədə həmin bildirişdə sübutların təqdim olunması qeyd olunmuşdur. Həmçinin işdə iştirak edən şəxslərin prosessual hüquq və vəzifələrinin izahına dair Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsindən çıxarış göndərilmişdir. Şikayətin qeyd olunan dəlili ilə əlaqədar kollegiya xüsusilə qeyd etməyi zəruri hesab edir ki, birinci instansiya məhkəməsinin 14 fevral 2023-cü il tarixdə keçirilən hazırlıq iclasında İddiaçı sədrlik edənin sualına cavab olaraq bildirmişdir ki, iddianı müdafiə edir, əlavə sənəd və sübutları yoxdur, mövcud sübutlar əsasında işə baxılmasını və işin məhkəmə baxışına təyin edilməsini xahiş edir. Göründüyü kimi işə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən prosessual hüquq normalarının pozuntusuna yol verilməmişdir.

31. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsi müəyyən edilmiş hallara uyğun olaraq tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsas yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

32. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur.

33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 30 mart 2023-cü il tarixli 2(125)-1195/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar