Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1584/2023 31.07.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: pul tələbi Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakim Məmmədov Ədil İsa oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Muradov Rəhman Şaban oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh iştirakı ilə, Gəncə Şəhər Məhkəməsinin 2(125)-1311/2023 saylı mülki iş üzrə 18 aprel 2023cü il tarixli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 31 iyul 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. İşdə olan 24 avqust 2022-ci il tarixli kredit müqaviləsindən görünür ki, İddiaçı tərəfindən Cavabdeh 8500 manat məbləğində borc pul verilmişdir. Cavabdeh krediti 24 yanvar 2023-cü il tarixədək iddiaçıya ödəməyi öz öhdəsinə götürmüşdür.
İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
2. İddiaçı Cavabdeh qarşı pulun tutulması tələbinə dair Gəncə Şəhər Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 9900 manat məbləğində pulun və 119 manat dövlət rüsumunun alınaraq, onun xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
3. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, cavabdehə 8500 manat borc vermiş və müqavilə bağlamışlar. Daha sonra cavabdehə 2400 manat dəyərində 2 baş iribuynuzlu dana kəsib vermiş, cavabdeh həmin borcdan 1000 manatını qaytarmışdır. Lakin,cavabdeh qalan 9900 manat borcunu qaytarmır.
4. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1311/2023 saylı mülki iş üzrə 18 aprel 2023-cü il tarixli qətnaməsi ilə (hakim X.Səfərli) iddia tələbi təmin edilmiş, Cavabdeh 9900 (doqquz min doqquz yüz) manat pulun və 119 manat dövlət rüsumunun alınaraq, İddiaçı verilməsi qət olunmuşdur.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri a) Apellyasiya şikayətinin dəlilləri
5. Cavabdeh apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin qismən ləğv olunmasını və iddianın qismən 3800 manat məbləğində təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qətnamə qanunsuz və əsassızdır. Belə ki, iddiaçıya 1700 manat,1700 manat, 1300 manat və 1400 manat olmaqla ümumilikdə 6100 manat məbləğində pul qaytarmışdır. Bununla bağlı imzalanmış dəftəri məhkəməyə təqdim etsə də, məhkəmə həmin dəftəri sübut kimi qəbul etməmişdir.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verdi və göstərdi ki, iddiaçıya 8500 manat məbləğində borcu olmuş və bu borcun qaytarılması barədə iddiaçı ilə 24 avqust 2022-ci il tarixli kredit müqaviləsi bağlamışlar. Bu müqavilənin bağlanmasından sonra iddiaçı ona daha 2400 manat dəyərində mal ətini nisyə qaydada satmışdır. Həmin ətə ğörə iddiaçının bilavasitə özünə 1000 manat pul vermiş, başqa şəxs vasitəsilə daha 1400 manat pulu iddiaçıya göndərmiş, bununla da iddiaçıdan nisyə qaydada aldığı ətin 2400 manat dəyərini tam ödəmişdir. Ümumulikdə isə iddiaçıya 6100 manat məbləğində pul qaytarmışdır. Ona görə də, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qətnaməsinin dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
10. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Maddə 425. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. 13.Maddə 567.Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. 14.Maddə 600.1. Alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. 15.Maddə 600.4. Əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər.
16. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
17. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır.
18. Maddə 740.1. Borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
19. Maddə 76.1. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
20. Maddə 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
21. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
22. Maddə 78.1. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir.
23. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
24. Maddə 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. 25 Maddə. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 26.Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
27. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
28. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisəli hüquq münasibətini tənzimləyən maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, işin faktiki hallarına düzgün hüquqi qiymət verilmişdir.
30. İş üzrə düzgün qətnamə qəbul edilməməsi ilə nəticələnən maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilmir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin ləğv olunması üçün əsas yoxdur.
31. İşin müəyyən olunmuş faktiki hallarına görə, İddiaçı Cavabdeh notarial qaydada tərtib edilmiş kredit müqaviləsinə əsasən 8500 manat borc vermişdir. Cavabdeh tərəf işin bu halını mübahisələndirməmiş, həmin məbləğdə borcunun olduğunu etiraf etmişdir. Bundan başqa, aralarında olan alverə görə iddiaçı cavabdehə cəmi dəyəri 2400 manat olan mal ətini nisyə qaydada satmışdır. Cavabdeh tərəf işin bu halını da mübahisələndirməmiş, məhkəmədə etiraf etmişdir. 32.Bununla da iddiaçı Cavabdeh 8500 manat borc pul verdiyini, bundan əlavə cəmi dəyəri 2400 manat olan mal ətini nisyə qaydada satdığını sübut etmişdir. Belə olan halda MPM-in sübutlarla bağlı tələblərinə görə, həmin məbləğdə borcun qaytarıldığını sübut etmək yükü cavabdehin üzərinə düşmüşdür.
33. Apellyator şikayətində qeyd edilən məbləğdəki borcdan iddiaçıya 6100 manat qaytardığını qeyd etsə də, bununla bağlı istər birinci instansiya məhkəməsində, istərsə də apellyasiya instansiyasında öz izahatından başqa heç bir mötəbər sübut növünü təqdim edə bilməmişdir. 34.Doğrudur ki, MPM-in 76.2-ci maddəsi tərəflərin izahatlarını işdə sübut növləri kimi nəzərdə tutur. Kollegiya bununla yanaşı qeyd edir ki, tərəflər işin nəticəsində maraqlı olduqlarından, MPM-in 106.1-ci maddəsinin tələblərinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Belə olan halda cavabdehin izahatında göstərdiyi xüsusatları təsdiq edə bilən, əlaqəli, başqa sübutlar da olmalıdır və artıq yuxarıda qeyd edildiyi kimi, cavabdeh bu barədə yalnız özü tərəfindən tərtib edilən əlyazmalarından (dəftərdən) başqa heç bir sübut növünü məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə kollegiyası həmin əlyazmaları isə işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul etmir.
35. Belə ki,qanunvericilyin mənasına görə, sübutların qiymətləndirilməsi təfəkkür prosesi olub, iş üzrə toplanmış sübutetmə materialının həm qanunun tələbinə uyğunluğunun, həm də işə aidliyinin, mümkünlüyünün, obyektivliyinin, mötəbərliyinin müəyyən edilməsini və onların əsasında nəticəyə gəlinməsini ehtiva edir. Sübutların düzgün qiymətləndirilməsi baxılan işin mahiyyəti üzrə həll edilərək, qanuni və əsaslı qətnamənin çıxarılması üçün mühüm əhəmiyyət kəsb edir. Sübut o halda mötəbər hesab olunur ki, yoxlama nəticəsində onun məzmununu təşkil edən məlumatlar işin həqiqi halına uyğun olur. 36.Kollegiya qeyd edir ki, cavabdeh tərəfindən tərtib edilən həmin əlyazmalar tərəflərin arasında ət alqı satqısı və ödənilən pullar barədə cavabdehin apardığı hesabatdır. Həmin hesabatın yalnız 1000 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsı hissəsini iddiaçı etiraf etmiş, iddia ərizəsində və məhkəmədə verdiyi izahatında bunu göstərmiş, qalan qeydlərə etiraz etmiş, onların həqiqəti əks etdirmədiklərini bildirmişdir. Cavabdehin özü tərəfindən tərtib edilən əlyazmalarında qeyd edilənləri (1000 manat pulun cavabdeh tərəfindən iddiaçıya verilməsı hissəsindən başqa) iddiaçı etiraf etmədiyindən məhkəmə kollegiyası həmin əlyazmaları işin hallarının müəyyən edilməsində mötəbər sübut növü kimi qəbul etmir.
37. Ona görə də kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi mübahisəni işin faktiki hallarına uyğun, iş üzrə toplanılmış sübutlara faktlar nöqteyi-nəzərindən hüquqi qiymət verməklə, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməklə düzgün nəticəyə gəlmişdir. İrəli sürülən iddia məhkəmə araşdırmaları nəticəsində təsdiq olunmaqla, iddianın təmin edilməsi üçün qanuni əsaslar Mülki Məcəllənin yuxarıda qeyd edilən normalarında nəzərdə tutulmuşdur. 38.Apellyasiya şikayətinin dəlilləri iş materialları ilə təsdiq olunmur və şikayətin təmin edilməsi üçün qanunda nəzərdə tutulmuş əsaslar yoxdur. Buna görə apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384.0.1, 392, 393, 402-407-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi :
Apellyasiya şikayəti təmin edilməsin. Gəncə Şəhər Məhkəməsinin 2(125)-1311/2023 saylı mülki iş üzrə 18 aprel 2023cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə, ondan kassasiya şikayəti verilməzsə, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qüvvəyə minir.