Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-159/2023 13.03.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apeyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Niftalıyev Rəsul Fərrux oğlunun katibliyi İddiaçi İddiaçı Cavabdeh qarşı pul tələbinə dair mülki iş üzrə Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-178/2022 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı Goranboy Rayon Məhkəməsində iddia qaldıraraq, cavabdehdən 3500 manat və ödənilmiş 30 manat dövlət rüsumunun alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-178/2022 nömrəli (hakim İ.Abdurəhmanlı) qətnaməsi ilə iddia tələbi təmin edilərək, Cavabdeh borc üzrə 3500 manat və ödənilmiş 30 manat dövlət rüsumu alınıb İddiaçı verilməsi qət edilmişdir. Qətnamədən narazı qalan Cavabdeh apellyasiya şikayəti verərək, qətnamənin ləğv olunmasını xahiş etmişdir. İşin faktiki halları: İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh 19 may 2021-ci il tarixdə təcili pula ehtiyacı olduğunu bildirərək ondan 4000 manat borc almış və 2 ay müddətində qaytaracağına söz vermişdir. Borc alması barədə ona yazılı qəbz vermişdir. Cavabdeh aldığı puldan 500 manat qaytarsada, qalanməbləği, yəni 3500 manat qaytarmamışdır. Dəfələrlə cavabdehə telefon zəngləri etmiş, lakin o, aldığı pulu qaytarmaqdan imtina etmişdir. İş üzrə birinci instansiya məhkəməsi tərəfindən yuxarıda göstərilən qətnamə çıxarılmışdır. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, o iddiaçıdan 2 ay müddətinə 4000 manat deyil, 1000 manat borc almış və onun müqabilində pensiya kartını iddiaçıya vermişdir. Lakin iddiaçı onu aldadaraq boş kağıza qol çəkdirmiş və sonradan özü ora 4000 manat borc aldığını qeyd etmişdir. Həmçinin mübahisə yaranan günə qədər iddiaçı onun kartından kifayət qədər pul çıxartmışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı və cavabdeh məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə bildirişi cavabdehə təqdim olunması üçün qeydiyyatda olduğu Goranboy rayon İcra Hakimiyyəti başçısının Qaradağlı kənd inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyinə göndərilmişdir. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. Hüquqi məsələlər: Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli, tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs biləvasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri). Bundan əlavə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1. maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəllənin 372.2. maddəsinə görə, əlavə faktlar və sübutlar məhkəmə tərəfindən o halda qəbul edilir ki, ərizəçi onların birinci instansiya məhkəməsində təqdim edilməsinin ondan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. Həmin Məcəllənin 372.6. maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7. maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. İş materiallarında olan: 19 may 2021-ci il tarixli qəbzin surətindən görünür ki, Cavabdeh İddiaçı 2 ay müddətinə qaytarmaq şərtilə 4000 manat borc almışdır. Birinci instansiya məhkəməsi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 21, 385, 442, 448 və 739-cu maddələrinə istinadən, iddia tələbini təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 739.1. maddəsində göstərilir ki, borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2. maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 740.1. maddəsinə görə, borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2. maddəsinə görə isə borc müqaviləsi üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. (31 may 2016-cı il tarixli, 269-VQD nömrəli Qanunla maddənin mətninin yeni redaksiyası) Həmin Məcəllənin 385.1. maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1. maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Beləliklə, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı Cavabdeh 2 ay müddətinə qaytarmaq şərtilə 4000 manat borc verməsini, cavabdeh isə aldığı borcdan 3500 manat qaytarmadığını əsas gətirərək hazırki iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də iddianı təmin etmişdir. Bundan əvvəldə qeyd olunduğu kimi kollegiya birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. Cavabdeh apellyasiya şikayətində iddiaçıdan 2 ay müddətinə 4000 manat deyil, 1000 manat borc almasını və bunun müqabilində pensiya kartını iddiaçıya verməsini, lakin iddiaçı onu aldadaraq boş kağıza qol çəkdirməsini və sonradan özü ora 4000 manat borc alınmasını qeyd etmişdir. Kollegiya apellyasiya şikayətinin dəlillərini əsassız hesab edir. Belə ki, apellyasiya icraatı zamanı "xxxx" ASC-dən alınmış görüntülərə baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh məxsus kartdan İddiaçı tərəfindən bonkamat vastəsilə pulun məxaric olunmasını təsdiq edən görüntülər aşkar olunmamışdır. Eləcədə, apellyasiya icraatı zamanı iş üzrə məhkəmə-xətşunaslıq ekspertizası təyin edilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 27 dekabr 2022-ci il tarixli 5/1529 nömrəli ekspert rəyi ilə müəyyən olunmuşdur ki, tədqiqata təqdim edilmiş mülki işin 72-ci vərəqində olan xx.xx.2021-ci il tarixli qəbzin mətnində olan “4000” rəqəmlərində hər hansı düzəlişlər (mexaniki üsulla pozma, kimyəvi üsulla silmə, üstdən düzəlişlər və sonradan əlavə etmə) edilməmişdir. Ona görədə kollegiya hesab edir ki, iddianı təmin etməkdə birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 384.0.1. maddəsinə əsasən, apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Həmin Məcəllənin 402.1. maddəsinə əsasən, mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. İşdən müəyyən olunur ki, qətnamə mübahisələndirilən hissədə iddianın qiyməti 5000 manatdan azdır. Belə olan təqdirdə bu qətnamədən kassasiya şikayətinin verilməsi nəzərdə tutulmur. Qeyd olunanlara əsasən, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi müəyyən edilmiş hallardan tərəflər arasındakı münasibətlər üzrə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş materialları və ya digər sübutlarla təsdiq olunmur, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-376, 378-382, 384.0.1, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə T E T D İ: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Goranboy Rayon Məhkəməsinin 11 yanvar 2022-ci il tarixli 2(045)-178/2022 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2(104)-159/2023
Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-159/2023
13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Borc müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver