Məhkəmə qərarları › İş №2(104)-1591/2023

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-1591/2023

21.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1591/2023 21.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası - hakimlər Rzaquliyev Şamil Qəhrəman oğlu (sədrlik edən və məruzəçi), Süleymanov Loğman Srac oğlu və Hüseynzadə Afiq Hüseyn oğlundan ibarət tərkibdə, Allahverdiyev Ömər Taleh oğlunun katibliyi, İddiaçı ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-495/2023 saylı qətnaməsindən Cavabdeh1 verdiyi apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq Müəyyən etdi: Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-495/2023 saylı qətnaməsi ilə (hakim F.Əliyev) iddia tələbinin qismən təmin edilməsi, İddiaçı ASC ilə Cavabdeh1 ilə arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 39080***-*******01 saylı kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12618,48 manat məbləğində əsas, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu və 20 manat cərimə borcu olmaqla, cəmi 13807,59 manat (on üç min səkkiz yüz yeddi manat əlli doqquz qəpik) manat pulun alınaraq İddiaçı ASC-yə verilməsi, iddia ərizəsinin verilməsi üçün dövlət rüsumu olaraq ödənilmiş 131,97 (bir yüz otuz bir manat doxsan yeddi qəpik) manat pulun əvəzinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada alınaraq İddiaçı ASC-yə verilməsi, iddia tələbinin qalan hissədə təmin edilməməsi qət edilmişdir. Cavabdeh1 apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 14 mart 2023cü il tarixli 2(062)-495/2023 saylı qətnaməsinin ləğv edilməsini və iş üzrə müvafiq ekspertiza rəyi alınaraq onun əsasında qətnamə qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı ASC-nin nümayəndəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kredit borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək Cavabdeh1 ilə İddiaçı ASC arasında bağlanmış 39080***-*******01 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə müştərək qaydada 12618,48 manat məbləğində əsas kredit borcu, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 201,09 cərimə olmaqla, cəmi 13988,68 manatın, həmçinin iddia qaldırılması üçün ödənilmiş 131,97 manat dövlət rüsumunun ödənilməsi haqqında qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə bağlanmış 39080***-*******01 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17000 manat məbləğində kredit verilmişdir. Kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 39FİZAM********** saylı zaminlik müqaviləsi bağlanmış və o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Həmin müqaviləyə əsasən, cavabdehlər kreditləri və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissə-hissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsinə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 12 618,48 manat məbləğində əsas kredit borcu, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 201,09 manat cərimə olmaqla, cəmi 13 988,68 manat məbləğində vəsait borcu qalmaqdadır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Bu səbəbdən məhkəməyə müraciət etmişlər. İş üzrə yuxarıda göstərilən məhkəmə aktı qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətini əsaslandırmaq üçün göstərmişdir ki, birinci instansiya məhkəməsinin qətnaməsi əsassızdır. Belə ki, o, üzrlü səbəbdən məhkəmə iclasında iştirak edə bilməmişdir. O, İddiaçı ASC-dən 08 iyun 2021-ci il tarixü kredit müqaviləsinə əsasən 30 ay müddətinə 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17000 manat məbləğində kredit götürmüşdür. Həmin krediti vaxtı-vaxtında ödəsə də sonradan maddi problemi olduğuna görə kredit borcunu ödəyə bilməmişdir. Bu səbəbdən də Bank hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edib. Məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə o ödədiyi məbləğlərin bank tərəfindən faiz və cəriməyə silindiyini məhkəmədə deyə bilməmişdir. Hesab ediər ki, Bankın ona qarşı irəli sürdüyü iddia tələbi şişirdilib. Onun ödədiyi məbləğlər bank tərəfindən əsas borcdan silinməyib. O, məhkəmədə iştirak edə bilmədiyinə görə qeyd etdiyi halları məhkəmə iclasında deyə bilməmişdir. Ona görə də məhkəmə bu halı nəzərə almamış və bununla da iş üçün əhəmiyyətli olan hallan tam araşdırmamışdır. Apellyasiya şikayəti üzrə izahatlar: Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respubilkasının MPM-in 376.2-ci maddəsinə əsasən işə gəlməmiş şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə razılaşmayıb həmin şikayətin təmin edilmədən, qətnamənin isə dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respubilkasının MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. Həmin Məcəllənin 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası məruzəçi hakimi və iddiaçının nümayəndəsini dinləyib, iş materiallarını apellyasiya şikayətinin dəlilləri ilə əlaqəli şəkildə tam, obyektiv və qərəzsiz araşdırıb, toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, aşağıdakılara əsasən birinci instansiya məhkəməsi iddia tələbini təmin etməkdə haqlı olmuşdur. Belə ki, Kreditor İddiaçı ASC ilə borcalan Cavabdeh1 arasında bağlanmış xx.xx.2021-ci il tarixli, 39080***-*******01 saylı kredit müqaviləsindən görünür ki, kreditor tərəfindən borcalana 30 ay müddətinə illik 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17000 manat məbləğində kredit verilməsi barədə tərəflər razılığa gəlmişlər. İş materiallarında olan Kreditor İddiaçı ASC ilə zamin Cavabdeh2 arasında bağlanmış xx.xx.2021-ci il tarixli 39FİZAM********** saylı zaminlik müqaviləsindən görünür ki, zamin borcalan Cavabdeh1 kreditor qarşısında xx.xx.2021-ci il tarixli, 39080***- *******01 saylı kredit müqaviləsindən irəli gələn öhdəlikləri üçün onunla birgə məsuliyyət daşımağı öz üzərlərinə götürmüşdür. İş materiallarında olan Kreditor İddiaçı ASC tərəfindən təqdim edilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 kreditora həmin tarixə 12618,48 manat məbləğində əsas, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 201,09 cərimə borcu olmaqla, cəmi 13988,68 manat borcu vardır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, İddiaçı ASC ilə bağlanmış 39080***- *******01 saylı xx.xx.2021-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh1 30 ay müddətinə illik 19 faiz kreditdən istifadəyə görə haqq ödəmək şərti ilə 17000 manat məbləğində kredit verilmiş, kredit üzrə öhdəliklərin icrasının təmini kimi digər Cavabdeh2 ilə xx.xx.2021-ci il tarixli 39FİZAM********** saylı zaminlik müqaviləsinə əsasən, o, kredit müqaviləsi üzrə öhdəliklərinin icrası üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Kredit müqaviləsinə əsasən, borclu krediti və kreditdən istifadəyə görə aylıq faiz məbləğini hissəhissə ödənilməsi öhdəliyini öz üzərinə götürmüşdür. Lakin kredit müqaviləsinə üzrə öhdəliklərini bank qarşısında tam icra etməyən cavabdehlərin xx.xx.2022-ci il tarixə İddiaçı ASC-yə 12 618,48 manat məbləğində əsas kredit borcu, 1169,11 manat məbləğində kredit müqaviləsi üzrə hesablanmış faiz borcu, 201,09 manat cərimə olmaqla, cəmi 13 988,68 manat məbləğində borcu yaranmışdır. Cavabdehlərə dəfələrlə şifahi və bildirişlə müraciət etməklərinə baxmayaraq, kreditin və kreditdən istifadəyə görə faizlərin ödənilməsi üçün tədbir görülməmiş, müqavilələrdən irəli gələn öhdəlikləri lazımi qaydada icra etməmişlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn pul ödəməli, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinin tələbinə görə icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 445.2-ci maddəsinəəsasən öhdəliyin onun icra üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da öhdəliyin icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 449.1-ci maddəsinə görə özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 739-cu maddəsinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 472.1 və 472.2-ci maddələrinə görə borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. Yuxarıda da qeyd olunduğu kimi zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır və kreditor borclu tərəfindən kredit müqaviləsinin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi halda həm borclu, həm də zaminə qarşı kredit müqaviləsi üzrə tələblərini irəli sürə bilər. Həmin Məcəllənin 475-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Həmin Məcəllənin 462.3-cü maddəsinə əsasən tərəflər dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu mümkün zərərdən çox ola bilər. Lakin dəbbə pulunun miqdarı zərərdən tənasübsüz dərəcədə yüksək olmamalıdır. Dəbbə pulunun məbləği kreditorun zərərinə tənasübsüz surətdə uyğun olmadıqda istər qanun üzrə, istərsə də müqavilə ilə müəyyən edilmiş dəbbə pulunun məbləği məhkəmənin təşəbbüsü ilə azaldıla bilər. Yenə də həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Məhkəmə kollegiyası hesab edir ki, mülki qanunverciliyin yuxarıda şərh olunmuş normaları və tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtləri baxımından cavabdehin hərəkətləri öhdəliyin icra edilməməsi kimi qiymətləndirilir və belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddia tələbini əsas kredit borcu, əsas borca hesablanmış faiz borcu hissəsində tam təmin etməkdə haqlı olmuşdur. İddiaçı tərəfindən tələb olunan dəbbə puluna münasibətdə məhkəmə kollegiyası hesab edir ki, məhkəmə işin hallarını nəzərə alaraq cavabdehdən tutulmalı olan dəbbə pulunu azaltmaqda haqlı olmuşdur. Məhkəmə kollegiyası apellyasiya şikayətinin ekspertizanın təyin edilməli olmasına dair dəlili ilə razılaşmır. Çünki hesabdan çıxarışdan göründüyü kimi cavabdeh tərəfindən edilmiş bütün ödənişlər nəzərə alınmış, Cavabdeh1 iddiaçı tərəfindən kredit müqaviləsi üzrə qalıq borcun düzgün hesablanmamasına dəlalət edən mötəbər sübut təqdim etmədiyinə görə onun şikayətinin həmin dəlilini də əsassız sayır. Kollegiya apellyasiya şikayətinin məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilmədiyinə görə o ödədiyi məbləğlərin bank tərəfindən faiz və cəriməyə silindiyini məhkəmədə deyə bilməməsi dəlili ilə bağlı qeyd edir ki, kreditverənlə borcalan arasında bağlanmış kredit müqaviləsinin 2.04-cü bəndinə əsasən vəsaitlər hesaba mədaxil edildikdən sonra kreditverən tərəfindən cərimə, xərclər (əgər varsa), faiz və əsas borcun ödənilməsi məqsədi ilə silinir. Göründüyü kimi borcalan tərəfindən kredit müqaviləsi üzrə edilmiş ödənişlər əvvəlcə cərimə, sonra faiz borcu, daha sonra isə əsas borca silinir. Ona görə də kollegiya apellyasiya şikayətinin həmin dəlilini də əsassız sayır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsəsən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Beləliklə də, məhkəmə kollegiyası yuxarıda şərh olunanlara hüquqi qiymət verib hesab edir ki, şikayətlə mübahisələndirilən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmış, maddi və prosessual hüquq normalarının tətbiqində səhvə yol verilməmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin iş üzrə qətnaməsi həmin apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanmalıdır. Azərbaycan Respublikası MPM-in 384.0.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər. Yuxarıda şərh olunanları və Azərbaycan Respublikası MPM-in 372, 384, 392, 393, 402-406-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(062)-495/2023 saylı qətnaməsi Cavabdeh1 apellyasiya şikayətinə münasibətdə dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində ondan Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamə şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar