Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1592/2023 09.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri-Hüseynzadə Afiq Hüseyn oğlu (sədrlik edən və məruzəçi), İsgəndərova Aygül Vulqar qızı və Rzaquliyev Şamil Qəhrəman oğlundan ibarət tərkibdə, Məmmədov Elvin İsrayıl oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «tərtib olunmuş akt əsasında yazılmış cərimənin silinməsi» tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(062)-1725/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayətinə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. Birinci instansiya məhkəməsində icraat: İddiaçı cavabdeh «Azəriqaz» İstehsalat Birliyinə qarşı «tərtib olunmuş akt əsasında yazılmış cərimənin silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona əsassız olaraq yazılmış 216 manat cərimənin silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "Azəriqaz" İstehsalat Birliyinin əməkdaşları ona məxsus Tovuz rayonu Düz Cırdaxan kəndində yerləşən fərdi yaşayış evinə quraşdırılmış sayğacın istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilməsi adı ilə sökülüb götürülmüş, yerinə başqa sayğac quraşdırılmışdır. Sonradan isə sayğacın hesablama mexanizminin şüşəsi deşilməsi və nəticədə qaz itkisi yaranması əsası ilə ona 216 manat cərimə hesablanmışdır. Onun qaz sayğacına heç bir müdaxiləsi olmamışdır. Hesab edir ki, cavabdeh təşkilatın bu cür istehlakçı hüquqlarını kobudcasına pozulması tamamilə qanunsuz və əsassızıdr. Belə ki, sayğac cavabdeh təşkilatın nümayəndəsi tərəfindən onun evinə quraşdırılmış və sayğaca plomb vurulmuşdur. Sayğac sökülərkən isə yenə həmin təşkilatın nümayəndələri tərəfindən sökülmüş və plomb onların özü tərəfindən açılmışdır. Yəni, onun tərəfindən ümumiyyətlə nə sayğaca, nə də sayğacın plombuna müdaxilə edilməmişdir. Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(062)-1725/2021 nömrəli qətnaməsi ilə (hakim N.Mustafayev) iddianın təmin edilməsi və «Azəriqaz» İstehsalat Birliyi tərəfindən 31 mart 2021-ci il tarixli, 29/1710-01373-1 saylı akt əsasında İddiaçı barəsində tərtib edilmiş 216 (iki yüz on altı) manat borcun silinməsi qət edilmişdir. İşdə olan sübutlar: “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 42188845 nömrəli, 21 yanvar 2021-ci il tarixli aktın surətindən görünür ki, istehlakçı kimi qeydə alınmış İddiaçı oğlunun yaşadığı ünvanda quraşdırılmış ******* saylı qaz sayğacı növbəti dövlət yoxlaması səbəbi ilə çıxarılmış və yerinə yeni sayğac quraşdırılmışdır. “Qaz sayğacının yoxlanılması barədə 31 mart 2021-ci il tarixli aktın, “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 aprel 2021-ci il tarixli, ******* saylı aktın və dəymiş ziyanın bərpasına dair 15 aprel 2021-ci il tarixli tələbnamənin surətindən görünür ki, ******* zavod nömrəli sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi müəyyən edildiyindən 21603 itirilmiş qaz həcmi müəyyən edilmişdir. Abonentin saldosu adlı sənəddən görünür ki, 2160m3 itirilmiş qaz həcminin dəyəri olan 216 manat 2021-ci ilin aprel ayı üzrə borc qismində iddiaçının hesabına işlənmişdir. Apellyasiya şikayətinin dəlilləri: Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(062)-1725/2021 nömrəli qətnaməsindən narazı qalan “Azəriqaz” İstehsalat Birliyi apellyasiya şikayəti verərək, Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(062)-1725/2021 nömrəli qətnaməsinin ləğv edilməsi və iddia tələbinin rədd olunması barədə yeni qətnamə qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin iddia tələbinin təmin edilməsinə dair gəldiyi nəticə səhvdir və bu səbəbdən əsassız qətnamə qəbul edilmişdir. İddiaçının istismarında olan qaz sayğacının işləmədiyi işin mübahisəsiz halıdır və iddiaçıya xx.xx.2021-ci il tarixdə qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı akt əsasında 216 manat itirilmiş qazın bərpası üçün dəymiş ziyan hesablanmışdır. Sayğacın nisbi xəta ilə işləmə tarixi qeyri-müəyyən olduğundan fakt aşkarlandığı vaxtdan 90 günlük hesabat aparılmışdır. Buna baxmayaraq məhkəmə 2021-ci ilin aprel ayında müəyyən edilmiş məbləğin hamısının silinməsini qət etmişdir. İddia tələbinin ilk hissəsində qeyd edilən 202- ci ilin aprel ayında hesablanmış borc məbləği sayğaca qanunsuz müdaxilə nəticəsində abonent tərəfindən məsrəf edilmiş təbii qaza görə hesablanmışdır və mövcud qaydaların tələblərinə uyğun olaraq iddiaçı tərəfindən tam ödənilməlidir. İştirakçılıqla bağlı prosessual məsələlər və apellyasiya icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasının yeri və vaxtı barədə məhkəmə bildirişi göndərilməsinə baxmayaraq, cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Mülki Prosessual Məcəllənin 376.2-ci maddəsinə əsasən cavadbehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyasının iclasında iştiak edən İddiaçı izahat verib bildirmişdir ki, onun evinə quraşdırılmış sayğacın istismar müddətinin başa çatması ilə əlaqədar dəyişdirilməsi adı ilə sökülüb götürülmüş, yerinə başqa sayğac quraşdırılmışdır. Sonradan isə sayğacın hesablama mexanizminin şüşəsi deşilməsi və nəticədə qaz itkisi yaranması əsası ilə ona 216 manat cərimə hesablanmışdır. Onun tərəfindən ümumiyyətlə sayğaca müdaxilə edilməmişdir. Buna görə də apellyasiya şikayətinin rədd edilməsini xahiş etmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı, 12 may 2011-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə qaydaları”: 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3. Qətnamə iş üzrə müəyyən olunmuş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun əsaslandırılmalıdır. 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun barəsində açıq və ya dolayısı ilə mübahisə edilən hissəsi üzrə, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. 376.2. İşə baxılmanın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş işdə iştirak edən şəxslərin gəlməməsi işə baxılmasına mane olmur. Lakin işdə iştirak edən şəxslər üzürlü səbəblərdən gəlmədiyi hallarda məhkəmə işin baxılmasını təxirə sala bilər. 402.1. Mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib iş materiallarını araşdırıb hesab edir ki, Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(062)-1725/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanmalıdır. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən edilmişdir ki, İddiaçı oğlunun yaşadığı ünvanda quraşdırılmış ******* nömrəli qaz sayğacı növbəti dövlət yoxlaması səbəbi ilə “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 42188845 nömrəli, 21 yanvar 2021-ci il tarixli akta əsasən çıxarılmış və yerinə yeni sayğac quraşdırılmışdır. Çıxarılmış sayğac yoxlamaya göndərilmiş və sayğacın yoxlanması zamanı sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin deşilməsi müəyyən edildiyindən “Qaz sayğacının yoxlanılması barədə 31 mart 2021-ci il tarixli akt tərtib edilmiş, həmin akt əsasında isə “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 15 aprel 2021-ci il tarixli, ******* saylı akt və dəymiş ziyanın bərpasına dair 15 aprel 2021-ci il tarixli tələbnamə tərtib edilərək, 21603 itirilmiş qaz həcmi müəyyən edilmiş və 2160m3 itirilmiş qaz həcminin dəyəri olan 216 manat 2021-ci ilin aprel ayı üzrə borc qismində iddiaçının hesabına işlənmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılşaraq, əlavə olaraq qeyd edir ki, əvvəla “Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında” 42188845 nömrəli, 21 yanvar 2021-ci il tarixli akt tərtib edilib sayğac çıxarılarkən həmin aktda sayğacda hər hansı bir qüsurun olması qeyd olunmamışdır. Halbuki, cavadbehin iddia etdiyi qüsur gözlə görünən qüsur olmuşdur. Hərçənd ki, qaz sayğacı çıxarıldıqdan sonra yoxlamaya göndərlidiyi müddət ərzində ehityyatsızlıqdan və ya hər hansı məqsədə nail olmaq üçün qərəzli olaraq sayğaca müdaxilə edilməsi də istisna olunmayan haldır. Digər tərəfdən sayğacın hesablama mexanizminin qoruyucu şüşəsi deşilməsi sayğacın hesablama mexanizminə müdaxilə edilməsi anlamına gəlməməklə yanaşı, şüşənin deişlməsi sayğacın keçən qazın həcmini qeydə almaması və ya düzgün qeydə almaması nəticəsinə gəlməyə də əsas verməməkdədir. Beləliklə, məhkəmə kollegiyasının iclasında iddiaçının qaz sayağcına müdaxilə etməsi və bununla əlaqədar olaraq da hər hansı bir mülki hüquq pozuntusuna yol verməsi sübut olunmamışdır. Buna görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instasniya məhkəməsi iddianı təmin etməklə düzgün nəticəyə gəlmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 372, 384, 392 və 402, maddələrini rəhbər tutaraq,
q ə t e t d i:
Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli, 2(062)-1725/2021 nömrəli qətnaməsindən cavabdeh “Azəriqaz” İstehsalat Birliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 02 avqust 2021-ci il tarixli 2(062)-1725/2021 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə çıxarıdığı andan qanuni qüvvəyə minir. Qətnamədən şikayət verilə bilməz.