Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1593/2023 19.06.2023 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: kredit borcunun tutulması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), Məmmədov Ədil İsa oğlu və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi Cavabdehlər Cavabdeh1 və Cavabdeh4 iştirakları ilə, İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Tovuz Rayon Məhkəməsinin 28 mart 2023cü il tarixli 2(062)-745/2023 nömrəli qətnaməsindən iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayətinə 19 iyun 2023-cü il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsindən görünür ki, İddiaçı ASC tərəfindən Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə qrup üzvlərinin hər birinə ayrı-ayrılıqda 1000 manat olmaqla cəmi 5000 manat kredit verilmişdir.
2. Maliyyə arayışından görünür ki, qrup üzvləri olan Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 3192 əsas, 10392 manat faiz, 5000 manat dəbbə olmaqla, cəmi 18584 manat ödənilməmiş borc vardır.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə Tovuz Rayon Məhkəməsinə müraciət edərək, 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsinə xitam verilməsi, cavabdehlərdən müştərək qaydada 3192 əsas, 10392 manat faiz, 5000 manat dəbbə olmaqla, cəmi 18584 manat borc və ödənilmiş 30 manat dövlət rüsumu alınaraq İddiaçı ASC-nin xeyrinə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
4. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 arasında 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsi bağlanmış və illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə qrup üzvlərinin hər birinə ayrı-ayrılıqda 1000 manat olmaqla, cəmi 5000 manat kredit verilmişdir. Tərəflər arasında tərtib edilmiş ödəniş qrafikinə əsasən kreditin və kredit faizlərinin borclular tərəfindən banka qaytarılmasının müddətləri və qaydası müəyyən edilmişdir. Lakin borclular müqavilə öhdəliklərini lazımınca icra etməmiş və nəticədə 3192 əsas, 10392 manat faiz, 5000 manat dəbbə olmaqla, cəmi 18584 manat borc yaranmışdır. Bank tərəfindən dəfələrlə şihafi xəbərdarlıq və yazılı bildirişlər göndərilməsinə baxmayaraq borcun qaytarılması təmin edilməmişdir.
5. Tovuz Rayon Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2(062)-1585/2015 nömrəli qiyabi qətnaməsi ilə (hakim K.Məmmədov) iddia tələbi təmin edilmişdir.
6. Cavabdeh2 qiyabi qətnamənin ləğv olunması barədə ərizə vermiş və Tovuz Rayon Məhkəməsinin 27 yanvar 2023-cü il tarixli 2(062)-1585/2015 nömrəli qərardadı ilə ərizə təmin edilərək, Tovuz Rayon Məhkəməsinin 09 iyun 2015-ci il tarixli 2(062)-1585/2015 nömrəli qiyabi qətnaməsi ləğv olunmuş və işə mahiyyəti üzrə baxılması təzələnmişdir.
7. Tovuz Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(062)-745/2023 nömrəli qətnaməsi (hakim F.Əliyev) ilə İddiaçı ASC-nin ləğvedicisi “X1 Company” MMC-nin cavabdehlər Cavabdeh2 və qeyrilərinə qarşı kredit borcunun ödənilməsi tələbinə dair iddiası təmin edilməməsi; İddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməsi qət olunmuşdur.
8. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2.1, 372, 373, 375, 377, 385, 386.1 maddələri və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1, 217, 218.1, 216-220 maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
9. İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi və iddia tələbinin təmin olunması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
10. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi maddi və prosessual hüquq normalarının tələblərini pozaraq, iş üzrə tam, hərtərfəli və obyektiv araşdırma aparmadan qətnamə çıxarmışdır. Belə ki, cavabdehlərdən Cavabdeh2 iddia tələbinə münasibət bildirmişdir. Müştərək borclulardan birinin borcunun olmaması və iddia müddətinin tətbiqinə dair ərizə verməsi digər borclulara aid edilməməlidir. Beləki, bir neçə iddiaçı tərəfindən bir necə cavabdehə qarşı qaldırıldıqda iddia müddətinin tətbiqi məsələsi hər bir iştirakçıya münasibətdə ayrılıqda həll edilməlidir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır.
d) Məhkəmə icraatı iştirakçılarının izahatları
12. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh1 apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, qrup kredit müqaviləsi üzrə müştərək məsuliyyət daşıyırlar. İşə baxılmasından xəbəri olmamışdır. Cavabdeh1 sonda məhkəmə kollegiyasına iddia müddətinin tətbiqi barədə ərizə verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh4 da apellyasiya şikayətini qəbul etməyərək, izahatında bildirmişdir ki, qrup kredit müqaviləsi üzrə müştərək məsuliyyət daşıyırlar. İşə baxılmasından onun da xəbəri olmamışdır. Cavabdeh4 sonda məhkəmə kollegiyasına iddia müddətinin tətbiqi barədə ərizə verərək qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
14. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq, iddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi, cavabdehlər Cavabdeh5 və Cavabdeh3 məhkəmə iclasına gəlməmişlər, eləcə də gəlməmələrinin səbəbləri və mümkünsüzlüyü barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
15. Maddə 372 Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. Hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır.
16. Maddə 373.2. Müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir.
17. Maddə 374.1. Əgər müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətləri və onların hesablanması qaydası bu Məcəllə ilə müəyyənləşdirilir.
18. Maddə 375 Hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır.
19. Maddə 377.1. İddia müddətinin axımı şəxsin öz hüququnun pozulduğunu bildiyi və ya bilməli olduğu gündən başlanır. Bu qaydadan istisnalar bu Məcəllə ilə müəyyənləşdirilir.
20. Maddə 377.2. İcra müddəti müəyyənləşdirilmiş öhdəliklər üzrə iddia müddətinin axımı icra müddəti bitdikdə başlanır.
21. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
22. Maddə 442 Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
23. Maddə 739.1. Borc müqaviləsinə görə iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür.
24. Maddə 739.2. Borc müqaviləsinin predmeti hər hansı pul məbləğ olduqda, o, kredit müqaviləsi adlandırılır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
25. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
26. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
28. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
29. Maddə 384.0. Apellyasiya instansiyası məhkəməsi: 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər;
Apellyasiya baxışının hədləri
30. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
31. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
32. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
33. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqinə dair ərizəni nəzərə alaraq iddia tələbini rədd etməkdə düzgün nəticəyə gəlmişdir.
34. Birinci instansiya məhkəməsinin qəbul etdiyi qətnamədə maddi və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq olunmaması halları müəyyən edilməmişdir. Bu baxımdan birinci instansiyası məhkəməsinin qətnaməsinin həmin hissədə ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
35. Belə ki, məhkəmə kollegiyasının iclasında müəyyən olunur ki, İddiaçı ASC ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4, Cavabdeh5 və Cavabdeh3 arasında bağlanmış 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsi bağlanmış və illik 36 faiz ödəmək şərti ilə 12 ay müddətinə qrup üzvlərinin hər birinə ayrı-ayrılıqda 1000 manat olmaqla, cəmi 5000 manat kredit verilmişdir. Borcalanlar müqavilə üzrə öhdəliklərini vaxtında və lazımi qaydada əməl etmədiklərinə görə kreditor hazırki tələblə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsi də Cavabdeh2 tərəfindən verilmiş iddia müddətinin tətbiqi barədə ərizəni nəzərə alaraq iddianı rədd etmişdir.
36. Apellyasiya şikayətinin müştərək borclulardan birinin borcunun olmaması və iddia müddətinin tətbiqinə dair ərizə verməsi digər borclulara aid edilməməlidir dəlilini kollegiya əsassız hesab edir. Belə ki, 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsinin 1.3. bəndində qeyd olunmuşdur ki, birgə borclulardan biri (bir neçəsi) öz öhdəliyini yerinə yetirə bilmədikdə, bu halda onun (onların) öhdəliyi avtomatik olaraq qalan digər borcluların üzərinə keçir. Göründüyü kimi qrup üzvlərinin hər birinə ayrı-ayrılıqda 1000 manat kredit verilsədə, lakin borcalanlar biri-digərinə münasıbətdə cəmi verilən 5000 manat kreditə görə kreditor qarşısında birgə məsiliyyət götürmüşlər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 502ci maddəsinə görə, birgə borclunun kreditora qarşı müqavilənin mahiyyətindən irəli gələn və ya yalnız özünün hüququ çatan, yaxud birgə borcluların hamısı üçün ümumi olan bütün qarşılıqlı tələbləri irəli sürmək ixtiyarı var. Tərəflər arasında bağlanmış 22 iyul 2009-cu il tarixli 456 nömrəli qrup kredit müqaviləsi üzrə öhdəliyin son icra tarixi 22 iyul 2010-cu il müəyyən olunmuşdur. Göründüyü kimi 22 iyul 2013-cü i tarixədək cavabdehlərə qarşı iddia qaldırmalı olduğu halda, kreditor 30 aprel 2015-ci il tarixdə məhkəməyə müraciət etmişdir.
37. Kollegiya həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddia müddəti institutu mülki dövriyyənin, hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasınıtəmin etmək məqsədi daşıyır. Belə ki, pozulmuş hüquqların məcburi müdafiəsi üçün ağlabatan müddət məhdudiyyətlərinin olmaması işin baxılması üçün əhəmiyyət kəsb edən sübutların toplanmasının və saxlanmasının lazım olduğunu nəzərə almayan cavabdehlərin və üçüncü şəxslərin qanunla qorunan hüquq və maraqlarının pozulmasına gətirib çıxarardı.Mübahisə tərəfinin ərizəsi əsasında məhkəmə tərəfindən iddia müddətinin tətbiqi mülki mübahisə tərəflərini əsaslandırılmamış çəkişmələrdən qoruyur və eyni zamanda, onları öz hüquqlarını vaxtında həyata keçirmələrinə və müdafiəsinə məcbur edir.
38. Eləcədə kredit münasibətləri müddətlidir və həyata keçirilmə müddəti vaxt çərçivəsi ilə təyin olunmuş müqavilə münasibətləridir. Kredit müqaviləsində müəyyənləşdirilmiş öhdəliklər, yəni əsas borcun ödənişləri ilə bağlı öhdəliklərin və kredit müqaviləsi üzrə faizlərin ödənilməsi ilə bağlı öhdəliklərin yerinə yetirilmə müddəti müqavilədə əvvəlcədən nəzərdə tutulmuş qaydaya uyğun olaraq müəyyən olunur.
39. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 384.0.4-cü maddələrinin şərh edilməsinə dair 03 iyun 2013-cü il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun qərarında qeyd olunur ki, kredit münasibətlərindən yaranan mübahisələrə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.2-ci maddəsində nəzərdə tutulan üç illik iddia müddəti tətbiq edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373.2 və 377.2-ci maddələrinin mənasına görə kredit müqaviləsində başqa hal nəzərdə tutulmayıbsa, iddia müddətinin axımı bu müqavilədə müəyyənləşdirilmiş bütün öhdəliklər üzrə icra müddəti bitdikdə başlanır.
40. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının düzgün tətbiq edilməsi ilə çıxarılmışdır, apellyasiya şikayətində göstərilənlər əsassızdır, formal mülahizələrdir, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi qanuni və əsaslıdır, mübahisə mahiyyəti üzrə düzgün həll edilmişdir, qətnamənin ləğvi üçün əsaslar yoxdur. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.
41. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372-376, 378-382, 384, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : İddiaçı ləğv prosesində olan İddiaçı ASC-nin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Tovuz Rayon Məhkəməsinin 28 mart 2023-cü il tarixli 2(062)-745/2023 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə şikayət verilməzsə 2 (iki) ay müddət keçdikdən sonra qanuni qüvvəyə minir. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Gəncə Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər.