Məhkəmə qərarları › İş №2(104)-1599/2025

Gəncə Apellyasiya Məhkəməsi Qərardad — İş №2(104)-1599/2025

20.08.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Gəncə şəhəri İş № 2(104)-1599/2025 20.08.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər İsgəndərova Aygül Vulqar qızı (sədrlik edən və məruzəçi), Həsənov İslam Telman oğlu və Bayramov Azər Vahid oğlundan ibarət tərkibdə, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2499/2025 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə yazılı icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçı Ağdam Rayon Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək, Cavabdeh dəymiş ziyana görə 10000 (on min) manat və ödənilmiş dövlət rüsumu əvəzində 120 (yüz iyirmi) manat alınaraq ona verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2499/2025 nömrəli qərardadı ilə (hakim M.Niftəliyev) iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması qərara alınmışdır. Məhkəmənin qərardadında qeyd edilmişdir ki, iddia ərizəsində cavabdehin yaşayış yeri (faktiki), yazışmaların aparılmasının istənildiyi digər ünvan, mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. Belə olan halda cavabdehə məhkəmə sənədlərinin çatdırılması, onun məhkəməyə dəvət olunması, hüquq və vəzifələrinin izah olunması, iddia təmin ediləcəyi təqdirdə qətnamənin icra edilməsi qeyri-mümkün olacaqdır. Qərardadın dəlilləri ilə razılaşmayan İddiaçı şikayət verərək, ləğv olunmasını xahiş etmiş, şikayət MPM-in 149.2.2-ci maddəsi ilə əsaslandırılmış, əlavə olaraq qeyd edilmişdir ki, iddia ərizəsinin giriş hissəsində cavabdehin ünvanı və şəxsiyyət vəsiqəsi haqqında məlumatlar dəqiq göstərilmişdir. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2499/2025 nömrəli qərardadı ilə şikayət təmin edilməmiş və baxılması üçün Gəncə Apellyasiya Məhkəməsinə göndərilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin (bundan sonra MPM) 397.2-ci maddəsinə müvafiq olaraq işə yazılı icraat qaydasında baxılması məqsədəmüvafiq hesab edilmişdir. Məhkəmə kollegiyası şikayətin dəlillərini iş materialları ilə əlaqəli şəkildə araşdıraraq aşağıdakılara əsasən hesab edir ki, şikayət təmin edilməli, Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2499/2025 nömrəli qərardadı ləğv edilməli, iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün araşdırılması üçün mülki iş birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 372.7-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin məhkəmə müdafiəsi hüququnun reallaşdırılması yollarından biri onun pozulmuş hüquqlarının bərpa olunması üçün məhkəməyə müraciət etmək hüququdur. Bu hüququn mülki mühakimə icraatında həyata keçirilməsini müəyyən edən MPM-in 4.1-ci maddəsinə görə, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 5.1-ci maddəsində göstərilmişdir ki, hər hansı fiziki və yaxud hüquqi şəxs öz hüququnun və ya qanunla qorunan mənafeyinin müdafiəsi və yaxud təsdiqi üçün məhkəməyə müraciət etdiyi hallarda məhkəmədə iş başlanılır. Məhkəməyə müraciət etmək hüququnun məhdudlaşdırılmasına yol verilmir. Konstitusiyanın 71-ci maddəsində göstərilmişdir ki, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsini heç kəs məhdudlaşdıra bilməz. Bu Konstitusiyanın heç bir müddəası insan və vətəndaş hüquqlarının və azadlıqlarının ləğvinə yönəldilmiş müddəa kimi təfsir edilə bilməz. Azərbaycan Respublikasının ərazisində insan və vətəndaş hüquqları və azadlıqları birbaşa qüvvədədir. MPM-in 1.2-ci maddəsində də qeyd olunur ki, Azərbaycan Respublikası Konstitusiyasının normaları Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə və birbaşa təsirə malikdir. Azərbaycan Respublikası Konstitusiyasının normaları və məhkəmə icraatı qaydasını tənzimləyən normalar arasında ziddiyyət olduqda, Azərbaycan Respublikası Konstitusiyasının normaları tətbiq edilir. Lakin nəzərə alınmalıdır ki, məhkəməyə müraciət hüququ mütləq hüquq deyildir və şəxsin məhkəməyə yazılı müraciətinin qəbul olunması üçün bəzi şərtlər, məhdudiyyətlər müəyyən olunmuşdur. Buraya dövlət rüsumunun ödənilməsi, mübahisənin məhkəmədənkənar həlli qaydasına riayət olunması, iddia ərizəsinin səlahiyyətli şəxs tərəfindən imzalanması, iddia ərizəsi təmsilçi tərəfindən verildiyi halda onun səlahiyyətlərinin lazımi qaydada rəsmiləşdirilməsi, iddia ərizəsinə əlavə edilmiş sənədlərin siyahısı, iddia ərizəsinin ərazi aidiyyəti üzrə düzgün məhkəməyə verilməsi, iddia ərizəsinin forma və məzmunu ilə bağlı bir sıra tələblər və.s kimi qanunla nəzərdə tutulmuş hallar aiddir. Məhkəmə kollegiyası göstərir ki, əks yanaşma yəni məhkəməyə müraciət etmək hüququnun əsassız məhdudlaşdırılması və ya nəzərdə tutulmaması son nəticədə Konstitusiyada müdafiəsinə təminat verilən hüquqların bəyanedici xarakter daşıdığına dəlalət etmiş olur. Birinci instansiya məhkəməsi iddia ərizəsinin geri qaytarılması barədə gəldiyi qənaətini onunla əsaslandırmışdır ki, iddia ərizəsində cavabdehin yaşayış yeri (faktiki), yazışmaların aparılmasının istənildiyi digər ünvan, mobil telefon nömrələri, elektron poçt ünvanı göstərilməmişdir. MPM-in 152-ci maddəsində iddia ərizəsinin geri qaytarılmasının əsasları müəyyən edilmişdir. Həmin maddədə göstərilən halların mövcudluğu, şəxsin müraciəti əsasında icraatın başlanmasını istisna edir. Mülki Prosessual Məcəllənin 152.1.1-ci maddəsində təsbit edilmişdir ki, iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və qeyd edir ki, MPM-in 149.2.2-ci maddəsinə əsasən, ərizədə iddiaçının, onun nümayəndəsinin (əgər iddia ərizəsini nümayəndə təqdim edirsə), cavabdehin və işdə iştirak edən digər şəxslərin, şahidin və məhkəmə iclasına dəvət etmək istədiyi digər şəxslərin soyadı, adı, atasının adı (hüquqi şəxsə münasibətdə adı), şəxsiyyəti eyniləşdirməyə imkan verən digər məlumatlar, yaşayış yeri və ya olduğu yer (həm faktiki, həm də rəsmi qeydə alındığı ünvanı), yazışmaların aparılmasının istənildiyi digər ünvan, olduğu halda – iş yerinin ünvanı, telefon nömrələri, o cümlədən mobil telefon nömrələri, elektron poçt ünvanı, cavabdehin və işdə iştirak edən digər şəxslərin eyniləşdirmə məlumatları (şəxsiyyət vəsiqəsinin seriya nömrəsi və ya VÖEN, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin, xarici hüquqi şəxslərin və ya onların nümayəndəsinin eyniləşdirmə məlumatları) göstərilməlidir. Hazırkı iş üzrə iddia ərizəsinin giriş hissəsində cavabdehin ünvanı ilə yanaşı, şəxsiyyət vəsiqəsi məlumatları – seriya və FİN nömrəsi qeyd edilmişdir ki, həmin məlumatlar da birinci instansiya məhkəməsinə cavabdehin şəxsiyyətini eyniləşdirməyə imkan verir. Belə olan halda iddia ərizəsinin geri qaytarılması barədə məhkəmənin gəldiyi nəticə qanuni və əsaslı olmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş materialları iddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün araşdırılması üçün birinci instansiya məhkəməsinə qaytarılmalıdır. MPM-in 398.0.2-ci maddəsinə görə, apellyasiya instansiyası məhkəmənin qərardadını tam və ya qismən ləğv edib, yaxud dəyişib işi birinci instansiya məhkəməsinə göndərmək səlahiyyəti vardır. Həmçinin diqqətə çatdırılmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman apellyasiya instansiyası məhkəməsinin qərardadının əsaslandırma hissəsində göstərilən hüquqi mövqe nəzərə alınmalıdır. MPM-in 399-cu maddəsində göstərilmişdir ki, birinci instansiya məhkəməsinin qərardadını ləğv edib işi yenidən baxılmağa göndərdikdə apellyasiya instansiyası məhkəməsinin qərardadında müəyyən olunmuş göstərişlər işə baxan birinci instansiya məhkəməsi üçün məcburidir. Yuxarıda şərh olunanlara əsasən və MPM-in 149, 152, 263-264, 267, 398 və 402.2-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin edilsin. Ağdam Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, e-2(013)-2499/2025 nömrəli qərardadı ləğv edilsin. İddia ərizəsinin icraata qəbul edilməsinin mümkünlüyünün araşdırılması üçün mülki iş Ağdam Rayon Məhkəməsinə qaytarılsın. Qərardad qətidir və ondan şikayət verilə bilməz. Qərardad çıxarıldığı andan qanuni qüvvəyə minir. Sədrlik edən Aygül İsgəndərova, Hakimlər İslam Həsənov, Azər Bayramov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar