Məhkəmə qərarları › İş №2(104)-160/2025

Gəncə Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(104)-160/2025

20.10.2025 · Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-160/2025 20.10.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı mülki iş üzrə QƏTNAMƏSİ Açar sözlər: maneənin aradan qaldırılması Gəncə Apellyasiya Məhkəməsinin Mülki Kollegiyası, Hakimlər Muradov Rəhman Şaban oğlu (sədrlik edən və məruzəçi), X6 və Mehtiyev Fikrət Ədilşah oğlundan ibarət tərkibdə, Əsgərli Yelmar Yaşar oğlunun katibliyi, İddiaçı, Cavabdeh, eləcədə onun etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil və üçüncü şəxs X3 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə Gədəbəy Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli, 2(042)-97/2024 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 20 oktyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qətnaməni qəbul etdi. İşin halları

1. Gədəbəy RİHB-nın Gərgər kənd İƏD üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 aprel 2023-cü il tarixli, 266 saylı arayışdan görünür ki, Aslanov X7 RİHB-nın Gərgər kənd İƏD üzrə nümayəndəliyinin 2021-2025-ci illəri əhatə edən 05 saylı ev təsərrüfatlarının uçotu kitabının 65-ci səhifəsində, 414-cü şəxsi hesaba əsasən qeydiyyatdadır.

2. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 22 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Kər-Kər kəndində yerləşən fərdi yaşayış evi və 0,2377 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

3. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən 23 sentyabr 2023-cü il tarixli ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Gədəbəy rayonu Kər-Kər kəndində yerləşən 0,0123 ha torpaq sahəsi İddiaçı xüsusi mülkiyyətindədir.

4. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gədəbəy rayonu AİK-nın 29 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Gədəbəy rayonu Gər-Gər kəndində yerləşən 6374 kv.m torpaq sahəsi X4 verilmişdir.

5. Torpaq sahəsinin planı və ölçüsündən görünür ki, Gədəbəy rayonu AİK-nın 29 noyabr 1997-ci il tarixli 13 nömrəli qərarı ilə Gədəbəy rayonu Gər-Gər kəndində yerləşən 1639 kv.m torpaq sahəsi X4 verilmişdir.

a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat

6. İddiaçı Cavabdeh qarşı avtomobil yolundan istifadəyə edilən maneələrin aradan qaldırılması tələbinə dair iddia ərizəsi ilə Gədəbəy Rayon Məhkəməsinə müraciət edərək, Gədəbəy rayonu Gər-Gər kəndində yerləşən xüsusi mülkiyyətində olan evinə gedən avtomobil yoluna Cavabdeh tərəfindən edilən maneələrin (hər hansı formada) və çirkab sularının başqa istiqamətə yönəltməsinə qadağa qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

7. İddiai tələbi onunla əsaslandırılmışdır ki, Gədəbəy rayonunun Gər-Gər kəndində yaşayır. Cavabdeh ilə yaxın qonşu olmaqla yaxın qohumluq əlaqələri də var. Onun evinə və həyətinə gedən avtomobil yolu cavabdehin tövləsinin arxa hissəsindən keçir. Cavabdeh evinin damından və tövləsinin damından axan suları yola buraxmaqla yanaşı yolunun kənarına daş parçaları düzərək gediş-gəlişinə manelər yaradır. Eyni zamanda saxladığı mal-qaranın sidiyini də yola buraxdığından üfünətli iyi ətrafı bürüyür. Dəfələrlə cavabdehə, eləcə də kənd bələdiyyəsinə müraciətlər etsə də müsbət nəticə əldə olunmamışdır.

8. Gədəbəy Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(042)-97/2024 nömrəli (hakim M.Kazımov) qətnaməsi ilə iddia tələbi qismən təmin edilərək, Gədəbəy rayonu, Gər-Gər kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması; İddia tələbi qalan hissədə təmin edilməməsi; Ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməsi qət edilmişdir.

9. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1, 157-ci maddələri, Mülki Prosessual Məcəllənin 14.2, 77.1, 217.4, 216- 220, 220.5, 307-311, 360, 362-ci maddələrinə istinad etmişdir.

Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri

10. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, ləğv edilməsini və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. Belə ki, iddiaçının özü qeyd olunan yolu zəbt etmişdir. Yolun kənarına daş yığaraq onu çəpərə almışdır. Belə olan halda isə yolun eni daralmışdır və nəticədə giriş çıxışına maneələr yaranmışdır. İş üzrə ekspertiza təyin edilərək torpaq sahələrinin koordinatları və yolun eni müəyyən edilməlidir. Həmçinin məhkəmə kollegiyası tərəfindən də qeyd olunan əraziyə yerində baxış keçirilərək mübahisə araşdırılmalıdır. Eləcədə o qeyd olunan iddia tələbində tərəf ola bilməz. Belə ki, həmin torpaq sahəsi X3 mülkiyyətindədir.

12. Apellyasiya icraatı zamanı X5 üçüncü şəxs qismində işə cəlb edilmişdir.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

13. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.

d) Məhkəmə icraatı iştirakçılarının izahatları

14. Məhkəmə kollegiyasının iclasında iştirak edən Cavabdeh apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, onun tərəfindən ümumi istifadədə olan yola onun tərəfindən hər hansı formadə maneə yaradılmamışdır. Belə ki, yolun kənarına daş düzməmiş, yağış yağarkən yola su yuxarı hissədə axıb gəlir. Eyni zamanda saxladığı mal-qaranın sidiyi də yola axıdılmır. Əksinə iddiaçı saxladığı malqaranın peyinini onların yaşadığı evə yaxın məsafəyə tökür və pis qoxu ətrafı bürüyür. Cavabdeh sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.

15. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə nümayəndəsi (vəkil) Vəkil da nümayəndəsi olduğu şəxslə eyni məzmunlu izahat vermişdir.

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verdikdən sonra əlavə olaraq bildirmişdir ki, əvvəllər yola cavabdehin saxladığı mal-qaranın sidiyi axıdılsada, lakin hal-hazırda malın sidiyi yola axıdılmır və sidik axıdılan boronun ağzı tam bağlanmışdır. Buna baxmayaraq cavabdeh tərəfin tövləsinin şiferinin yağış suları yola tökülür, eləcədə cavabdeh çəpərin dibinə daş parçaları yığaraq yoldan istifadəni məhdudlaşdırmışdır. İddiaçı sonda məhkəmə kollegiyasından apellyasiya şikayətinin təmin olunmamasını və qətnamənin dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.

17. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 izahatında bildirmişdir ki, iddiaçı ilə yaxın qohumluq (qaynı oğludur) münasibətləri olsada, lakin münasibətləri sərindir. Mübahisəli yol ümumi istifadədədir hə hər ikisi yoldan istifadə edir. Yola istər onun, istərsədə oğlu Faiq tərəfindən hər-hansı maneə törədilmir. Tövlədən yola çıxan borunun ağzı isə uzun müddətdir ki, bağlanıb. Yola yağış suları isə yuxarı hissələrdən axıb gəlir. X1 məhkəmə kollegiyasından ədalətli qərar qəbul edilməsini xahiş etmişdir.

Tətbiq edilən hüquq Azərbaycan Respublikası Mülki Məcəlləsi

18. Maddə 157.4. Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vastəsilə tələb edə bilər.

19. Maddə 170.1. İkitərəfli təsirlərin törəyə biləcəyi hər bir torpaq sahəsi və ya digər daşınmaz əmlak qonşunun sahəsi və ya əmlakı sayılır.

20. Maddə 170.2. Qonşu torpaq sahələrinin və ya digər daşınmaz əmlakın mülkiyyətçiləri, qanunda nəzərdə tutulmuş hüquq və vəzifələrindən əlavə, bir-birinə qarşılıqlı hörmət bəsləməlidirlər.

Azərbaycan Respublikasının Torpaq Məcəlləsi

21. Maddə 5. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabərhüquqludur və dövlət tərəfindən qorunur. Mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində-Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.

22. Maddə 18.2. Küçə və yol kimi nəzərdə tutulan torpaq sahələri ümumi istifadədə olan torpaq sahələridir.

23. Maddə 20. Yaşayış məntəqələrinin torpaqlarından onların baş planlarına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə və eləcə də yerquruluşu-təsərrüfat planlarına müvafiq surətdə istifadə edilir.

24. Maddə 47. Ümumi istifadədə olan torpaqlar bələdiyyə mülkiyyətinə aid olmaqla, ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin-küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir.

25. Maddə 49. Hüquqi və fiziki şəxslərin torpaq üzərində xüsusi mülkiyyət hüququtorpaqlar üzərində qanunla və müqavilə ilə müəyyən edilən məhdudiyyətlərə və digər şərtlərə riayət etməklə sahiblik, istifadə və sərəncam hüququdur. Torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

26. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.

27. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

28. Maddə 87.2. Məhkəmə sübutları, xüsusən şahidləri dindirməklə, ekspertiza təyin etməklə, yazılı və maddi sübutları tələb və müayinə etməklə təmin edir.

29. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.

30. Maddə 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır.

31. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.

32. Maddə 385.1. Məhkəmə aktının apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar aşağıdakılardır:

33. 385.1.1. maddi hüquq normalarının və ya prosessual hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi;

34. 385.1.2. məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki halların aydınlaşdırılmaması;

35. Maddə 388. Apellyasiya instansiyası məhkəməsində yeni sübutlar tədqiq edilərkən işin nəticəsinə təsir edən digər faktiki hallar müəyyən edilərsə, bu halda məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış hesab edilir. Apellyasiya baxışının hədləri

36. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.

37. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

38. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün hazırki apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

39. Məhkəmə kollegiyası ilkin olaraq qeyd etməyi zəruri hesab edir ki, bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

40. İşin müəyyən olunmuş faktiki hallarından görünür ki, iddiaçı Aslanov X7 rayonu Kər-Kər kəndində yerləşən fərdi yaşayış evinə gedən və ümumi istifadədə olan yoldan istifadəyə Cavabdeh tərəfindən maneə törədilməsini (daş tökülməsi, yağış sularının axıdılması, eləcədə saxladığı heyvanların sidiyinin axıdılması) əsas gətirərək hazırkı iddia ilə məhkəməyə müraciət etmiş, işə baxan birinci instansiya məhkəməsidə iddianı qismən təmin etmişdir.

41. Məhkəmə kollegiyasıda birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və bununla bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir.

42. Apellyasiya icraatı zamanı X2 Mülki Kollegiyasının 30 sentyabr 2024-cü il tarixli 2(104)-1723/2024 nömrəli qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki və torpaqşunaslıq ekspertizası təyin edilsədə, lakin ekspertizanın aparılmasından imtina olunmuş və əsas kimi qeyd olunmuşdur ki, ekspertiza qarşısında qoyulmuş sualın həlli “tikinti-texniki obyektlərin tədqiqi” ixtisası üzrə ekspertin səlahiyyətlərinə aid deyil.

43. 08 sentyabr 2025-ci il tarixdə tərəflərin iştirakları ilə mübahisəli əraziya baxış keçirilmişdir. Baxış zamanı müəyyən olunmuşdur ki, ümumi istifadədə olan yolun hərəkət istiqaməti enişli-yoxuşlu olmaqla aşağıdan yuxarıya doğru istiqamətlənir. İddiaçının evi yolun yuxarı hissəsində, cavabdehin yaşadığı ev isə ondan aşağı hissədədir. Yol hər iki tərəfin piyada gediş-gəliş və avtomobildən istifadəsi üçün nəzərdə tutulub. Avtomobil və ya piyada üçün gediş-gəlişə cavabdeh tərəfindən törədilə biləcək hər hansı maneə aşkar olunmur. Yol istifadə üçün tam açıq vəziyyətdədir. Yola daş parçaları tökülməmişdir. Cavabdeh tərəfin tovləsindən yola çıxan boru isə bağlı vəziyyətdədir. İddiaçı bildirdi ki, artıq ümumi istifadədə olan yola cavabdeh tərəfindən malın sidiyi axıdılmır, yalnız yağış suyu axıdılır. Həmçinin müəyyən olundu ki, iddiaçının mülkiyyətində olan fərdi yaşayış evi cavabdeh tərəfin yaşadığı fərdi yaşayış evinin yuxarı hissəsində yerləşir. Yerləşmə baxımından iddiaçının evi cavabdehin yaşadığı evə nisbətdə hündürdədir.

44. Göründüyü kimi mübahisəli yol tərəflərin hər ikisinin ümumi istifadəsi üçün nəzərdə tutulmuşdur. İddiaçının həmin yoldan piyada və avtomobillə istifadəsinə cavabdeh tərəfindən hər hansı maneə törədilmir.

45. Kollegiya qeyd edir ki, iddiaçının iddia tələbi ilə bağlı irəli sürdüyü faktiki hallar, onun tələbinin qanuni əsasının dispozisiya əlamətləri ilə uzlaşmır. Nəzərə alınmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.

46. Yağış sularının yola axıdılmasına münasibətdə isə kollegiya qeyd edir ki, yerli baxış zamanıda müəyyən olunmuşdur ki, ümumi istifadədə olan yolun hərəkət istiqaməti enişli-yoxuşlu olmaqla aşağıdan yuxarıya doğru istiqamətlənir. İddiaçının evi yuxarı hissədə, cavabdehin yaşadığı ev isə ondan aşağı hissədədir. Yağış sularının yola tökülməsi isə təbii prosesdir və bu hal cavabdehin hər hansı hüquqazid hərəkət və ya hərəkətsizliyi ilə əlaqələndirilə bilməz.

47. Mülki prosessual qanunvericilikdə müəyyən edilmişdir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İşdə olan sübutlar əsasında işə baxmaq mümkün olmadıqda, məhkəmə zəruri əlavə sübutlar təqdim etməyi tərəflərə təklif edə bilər. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər təqdim edilir. Məhkəmə baxışı zamanı sübutların təqdim edilməsinə o halda yol verilir ki, bunun üçün əsaslar məhkəmə baxışı gedişində əmələ gəlmiş olsun və ya işdə iştirak edən şəxslər işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər sübutların təqdim edilməsinin onlardan asılı olmayan səbəblərə görə mümkün olmadığını əsaslandırsın. İşdə iştirak edən şəxsin işdə iştirak edən və iştirak etməyən şəxslərdən və ya orqanlardan onlarda olan zəruri sübutları müstəqil əldə etmək imkanı olmadıqda o, həmin sübutları tələb etmək barədə vəsatətlə məhkəməyə müraciət edə bilər. Vəsatətdə bu sübutlarla iş üçün əhəmiyyətli olan hansı halların müəyyən edilməsi, sübutların əlamətləri və olduğu yer göstərilməlidir. Zəruri olan hallarda məhkəmə işdə iştirak edən şəxsə sübutun əldə edilməsi üçün sənəd verə bilər. Məhkəmənin tələb etdiyi sübutu onda olan şəxs bilavasitə məhkəməyə göndərir, yaxud məhkəməyə çatdırmaq üçün sorğunu təqdim edən şəxsə verir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1, 77.3, 78.1, 78.2, 80, 88-ci maddələri).

48. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Gədəbəy Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(042)-97/2024 nömrəli qətnaməsi “Gədəbəy rayonu, Gər-Gər kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməsi” hissədə ləğv edilməli, həmin hissədə iddia tələbi təmin olunmamalı, ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilməlidir.

49. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 372, 385, 392, 393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Gədəbəy Rayon Məhkəməsinin 12 fevral 2024-cü il tarixli 2(042)-97/2024 nömrəli qətnaməsi “Gədəbəy rayonu, Gər-Gər kəndində yerləşən İddiaçı məxsus olan fərdi yaşayış evinə gedən avtomobil yolundan istifadəsinə Cavabdeh tərəfindən yaradılan hər cür maneələrin aradan qaldırılması, ödənilmiş 100 manat dövlət rüsumunun əvəzi Cavabdeh alınıb İddiaçı verilməsi” hissədə ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qətnamə qəbul edilsin. İddiaçı Cavabdeh qarşı ümumi istifadədə olan yola törədilən maneənin aradan qaldırılması tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar