Azərbaycan Respublikası adından QƏTNAMƏ Gəncə şəhəri İş № 2(104)-1601/2025 18.11.2025 GƏNCƏ APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı mülki iş üzrə Açar sözlər: müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina; müqavilənin ləğvinin hüquqi nəticələri Hakimlər Həsənov İslam Telman oğlu (sədrlik edən və məruzəçi), Rzaquliyev Şamil Qəhrəman oğlu və Məcidov Rüfət Azadəli oğlundan ibarət tərkibdə, Kərimova Cəmilə Əbülfət qızının katibliyi ilə, İddiaçı "xxxx" KB ASC-nin Cavabdeh qarşı kredit müqaviləsi üzrə yaranmış borcun qaytarılması tələbinə dair mülki iş üzrə Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)-21/2025 nömrəli qətnaməsindən Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə 18 noyabr 2025-ci il tarixdə Gəncə Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası aşağıdakı qətnaməni qəbul etdi. İşin halları
1. Kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli kredit müqaviləsindən görünür ki, borcalana 60 ay müddətinə illik 25 faizlə 10009 manat kredit verilmişdir;
2. Kreditor "xxxx" KB ASC tərəfindən borclu Cavabdeh göndərilmiş xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, borcalana bütün borc məbləğini tam olaraq 3 iş günü müddətində ödəməklə aralarında bağlanmış kredit müqaviləsini 3 iş günü müddətində ləğv etmək təklif edilmişdir (borc məbləği – 9923,80 manat əsas, 443,47 manat faiz, 0,51 manat cərimə borcu göstərilmişdir; bildiriş xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edilmişdir);
3. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli 9/8790 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, hesabdan çıxarış məlumatları və "xxxx" KB ASC ilə Cavabdeh arasında bağlanmış xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli müqavilənin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh xx.xx.2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 10009 manat, faiz borcu üzrə 593,86 manat təşkil edir.
a) İş üzrə qəbul edilmiş məhkəmə aktı Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı "xxxx" KB ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən 9923,8 manat əsas, 461,39 manat faiz, 21,57 manat cərimə - cəmi 10406,76 manat borc və ödənilmiş dövlət rüsumunun əvəzində 121,23 manatın tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
5. İddiaçı "xxxx" KB ASC tələbini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında bağlanmış xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən ona istehlak məqsədləri üçün 60 ay müddətinə, illik 25 faizlə, 10009 manat kredit verilmişdir. Cavabdeh ödəniş cədvəlinə əsasən ödəməli olduğu kredit və hesablanmış faizləri banka ödəməmiş, nəticədə borclu qalmışdır. Borcun ödənilməsi barədə ona xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır.
6. Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)-21/2025 nömrəli qətnaməsi ilə (hakim Mahir Niftəliyev) iddia əsaslı olduğundan təmin edilərək, Cavabdeh 9923,8 manat əsas, 461,39 manat faiz, 21,57 manat cərimə - cəmi 10406 (on min dörd yüz altı) manat 76 (yetmiş altı) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 121,23 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi; Aparılmış ekspertiza tədqiqatına görə Cavabdeh 100 (yüz) manat tutularaq dövlət büdcəsinə köçürülməsi qət edilmişdir.
7. Məhkəmə həmin nəticəyə gələrkən Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 385.1, 462.1, 462.3, 739.1 və 739.2-ci maddələrinə, həmçinin Mülki Prosessual Məcəllənin 14.2, 77.1 və 88-ci maddələrinə istinad etmişdir.
Apellyasiya şikayətinin və ona etirazın dəlilləri b) Apellyasiya şikayətinin dəlilləri
8. Cavabdeh qətnamədən apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsini və iddianın təmin edilməməsi barədə yeni qətnamə çıxarılmasını xahiş etmişdir.
9. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsinin qətnaməsi maddi və prosessual hüquq normalarının pozulması ilə çıxarılmışdır. İş üzrə hərtərəfli, tam və obyektiv araşdırma aparılmamış və işin faktiki hallarına düzgün hüquqi qiymət verilməmişdir. Belə ki, iddiaçı bank onu əvvəlcədən xəbərdar etmədiyi üçün və müqavilə üzrə şərtlərin yerinə yetirilməsi ilə bağlı tərəf olaraq öz aralarında danışıqlar yolu ilə mübahisənin həllinə üstünlük vermək haqqını tanımamış və birinci instansiya məhkəməsi də tərəflər arasında müqavilə hüququnun üstünlüyü prinsipinə əhəmiyyət verməyərək işin məhkəməyə qədər həlli üçün iddiaçının etməli olduğu hərəkətlərin real olaraq nədə ifadə olmasına dair mötəbər sübutlar üzərindən qiymətləndirmə aparmamışdır. İddianın əsas borc hissəsini qəbul etməyi kəlməsi yanlış şərh edilmişdir. «İddianı qəbul edirəm» ifadəsinin hüquqi mahiyyətini tam anlamamış, nəzərdə tutduğu iddia tələbi ilə bağlı razılıq deyil, iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcüdluğunun təsdiqinə yönəlik söz kimi tərəfindən bəyan olunmuşdur. Məhkəmənin bu məsələni onun iddianı etiraf etməsi kimi qəbul etməsi işin ona qarşı olan mahiyyətinə ziddir. İzahatında yer verdiyi xüsusatlar da onu deməyə əsas verir ki, iddianın etirafından söhbət gedə bilməz, sadəcə iddiaçı ilə aralarında həqiqətən müqavilənin mövcüdluğunun təsdiqinə vurğu etməyindən bəhs oluna bilər. İddiaçının pul tələbi iddiasında irəli sürdüyü tələbdə ki fazilərlə razılaşmır, o səbəblə ki, pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla ifadə olunan heç bir hərəkət və hərəkətsizliyə yol verməmişdir. Təəssüf ki, iddiaçı bank onunla lazımi qaydada danışıqlar üçün təşəbbüs nümayiş etdirməyibdir. Hansı ki, müqavilə mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşmasıdır. Müqavilənin mühüm şərtləri haqqında yalnız tərəflərin iradə ifadəsi əhəmiyyət kəsb edir. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. İddiaçı bank ASC ilə müqavilənin mühüm şərtləri barədə razılığa gəlikdə həm də onu razılaşmış oldu ki, birinci halda mübahisələr öz aramızda həllini tapmalıdır və bunun üçün mübahisə yarandığını düşünən tərəf ciddi təşəbüskarlıq nümayiş etdirməlidir. Lakin göründüyü kimi birinci instansiya məhkəməsi ididaçı tərəfindən sadalanan faktlar ilə birgəlikdə yerinə yetirilməsi ilə bağlı müqavilə öhdəliklərinin icrasından imtina etməsini də verilən maddi hüquq normaları işığında ədalətli və obyektiv şəkildə qiymətləndirə bilməmişdir.
c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Apellyasiya şikayətinə etiraz daxil olmamışdır.
d) Prosessual məsələlər
11. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmişlər. Cavabdeh “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə ərizə göndərərək işi ilə əlaqədar məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş və işə baxılmasının təxirə salınmasını xahiş etmişdir. İddiaçı bankın isə nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi, mümkünsüzlüyü barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası işə baxılma müddətini nəzərə alaraq və MPM-nin 376.2-ci maddəsindəki səlahiyyətinə əsaslanaraq işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi
12. Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
13. Maddə 425.1. Öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
14. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür.
15. Maddə 448.1. Əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
16. Maddə 449.1. Özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Qanunda və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə təmin edə bilər.
17. Maddə 739.1. Borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür.
18. Maddə 742.1. Borcalan borcu (həmçinin faizləri və (və ya) haqları) borc müqaviləsində nəzərdə tutulan müddətdə və qaydada (bu Məcəllənin 740-cı maddəsi nəzərə alınmaqla) borcverənə qaytarmalıdır.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi
19. Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir.
20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
21. Maddə 88. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur.
22. Maddə 217.3 Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
23. Maddə 384.0.3. Apellyasiya instansiya məhkəməsi qətnaməni dəyişdirə bilər.
Apellyasiya baxışının hədləri
24. MPM-in 372.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır.
25. MPM-in 372.7-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.
26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qətnaməsinin ləğv edilməsi xahiş edildiyi üçün apellyasiya baxışının hədlərini qətnamənin qanuniliyinin və əsaslılığının tam şəkildə yoxlanılması təşkil edir.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Məhkəmə kollegiyası işin hallarına dair məruzəçi hakimin məruzəsini dinləyib, apellyasiya şikayətinin dəlillərini mülki iş materialları ilə birlikdə araşdırıb işin hallarına mülki qanunvericiliyə əsasən hüquqi qiymət verərək aşağıdakılara əsasən bu nəticəyə gəlir ki, apellyasiya şikayəti qismən təmin edilməli, baxılan iş üzrə birinci instansiya məhkəməsinin qətnaməsi «Cavabdeh 461,39 manat faiz, 21,57 manat cərimə - cəmi 10406 (on min dörd yüz altı) manat 76 (yetmiş altı) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 121,23 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilməli, kredit müqaviləsi üzrə faiz borcu 443,37 manat, cərimə borcu 0.51 manat, cəmi borc 10367,68 manat müəyyən edilməli, iddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 121,1 manatın Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilməsi müəyyən edilməli, apellyasiya şikayəti qalan hissədə təmin edilməməli, qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılmalıdır.
28. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə müvafiq olaraq məhkəmə iclasında tədqiq olunmuş sübutlara istinad edərək və həmin sübutlara adıçəkilən Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra hüquqi qiymət verərək mübahisənin mahiyyəti üzrə həll olunması üçün əhəmiyyəti olan işin faktik halları kimi müəyyən etmişdir ki, kreditor "xxxx" KB ASC ilə borcalan Cavabdeh arasında xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli kredit müqaviləsi bağlanmış və həmin müqaviləyə əsasən borcalana istehlak məqsədləri üçün 60 ay müddətinə illik 25 faizlə 10009 manat kredit verilmişdir. Buna baxmayaraq, borcalan kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və lazımi qaydada icra etməmişdir. Ona borcun ödənilməsi barədə xəbərdarlıq edilmiş, lakin müsbət nəticə olmamışdır. Ona görə də kreditor hazırkı tələblə məhkəməyə müraciət etmişdir.
29. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə qismən razılaşır və bununla bağlı aşağıdakıları qeyd edir.
30. Hazırkı iş üzrə iddia tələbinin kökündə tələb etmənin əsası xx.xx.2023-cü il tarixli 319nkBRD/23 nömrəli kredit müqaviləsi dayanır. Məhz iddiaçı bank həmin müqaviləni rəhbər tutaraq hazırda cavabdehdən əsas, ona hesablanmış faiz və cərimə borcu tələb edir və əsas kimi göstərir ki, borcalan kredit müqaviləsi üzrə üzərinə düşən öhdəlikləri vaxtında və lazımi qaydada icra etməmişdir.
31. İşin halları əsasında məlum olmuşdur ki, birinci instansiya məhkəməsində icraat zamanı məhkəmə-mühasibatlıq ekspertizasının rəyi alınsa da, lakin həmin rəy məsələnin həlli baxımından mötəbər sübut kimi qiymətləndirilə bilməz. Belə ki, iddiaçı bankın cavabdehə kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Borcalan ona bu barədə bildiriş ünvanlanmadığı barədə arqument irəli sürsə də, lakin iş materialları ilə bildirişin xx.xx.2024-cü il tarixdə borcalan tərəfindən qəbzə imza edilməklə qəbul edildiyi məlum olmuşdur. Buna baxmayaraq, ekspert xx.xx.2024-cü il (iddia ərizəsi məhkəməyə verilən tarixə) borc məbləğini hesablamışdır. Başqa sözlə, xx.xx.2024-cü il tarixdən sonra da faiz və cərimə borcu hesablanmağa davam etmiş və iddia ərizəsi məhkəməyə verilən tarixə 461,39 manat faiz və 21,57 manat cərimə borcunun cavabdehdən tutulması qət olunmuşdur.
32. Halbuki, Mülki Məcəllənin 421.3-cü maddəsinə görə, müqavilənin tamamilə və ya hissə-hissə icrasından birtərəfli imtina edildikdə və belə imtinaya bu Məcəllə ilə və ya tərəflərin razılaşması ilə yol verildikdə müqavilə müvafiq surətdə ləğv edilmiş və ya dəyişdirilmiş sayılır.
33. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 29 mart 2023-cü il tarixli Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır.
34. Yuxarıda da göstərildiyi kimi cavabdehə kredit müqaviləsi üzrə borcun tam ödənilməsi barədə son xəbərdarlıq məktubu xx.xx.2024-cü il tarixdə göndərilmişdir. Bununla da iddiaçı bank müqavilənin hissə-hissə icrasından birtərəfli imtina etmiş, nəticədə isə həmin vaxtdan tərəflər arasında bağlanmış müqavilə ləğv edilmişdir.
35. Nəzərə almaq lazımdır ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər.
36. Şərh edilənləri ümumiləşdirərək kollegiyanın qənaəti bundan ibarətdir ki, iddiaçı bank cavabdehdən kredit müqaviləsinin qüvvədə olduğu vaxtadək, yəni xx.xx.2024-cü il tarixədək faiz və cərimə borcu hesablamaq hüququna malik olmuşdur.
37. Kreditor "xxxx" KB ASC-nin borcalan Cavabdeh ünvanladığı xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə borcun ödənilməsi barədə son xəbərdarlıq məktubundan müəyyən olunur ki, həmin tarixə kredit müqaviləsi üzrə 9923,80 manat əsas, 443,47 manat faiz və 0,51 manat cərimə borcu hesablanmışdır. Ona görə də kollegiya hesab edir ki, kredit müqaviləsi üzrə faiz və cərimə borcu son xəbərdarlıq məktubunda göstərilən məbləğdə müəyyən edilməlidir.
38. Göstərilənlərin yekunu olaraq məhkəmə kollegiyası belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsinin qətnaməsi kredit müqaviləsi üzrə faiz və cərimə borcuna dair hissədə dəyişdirilməli və müqavilə üzrə faiz borcu 443,47 manat, cərimə borcu 0,51 manat müəyyən edilməlidir. Faiz və cərimə borcuna dair hissədə qətnamə dəyişdirildiyindən cəmi borc məbləğinə dair hissədə də qətnamə dəyişdirilməli və cəmi borc məbləği (9923,8 manat əsas + 443,47 manat faiz + 0,51 manat cərimə borcu=10367,68 manat) 10367,68 müəyyən edilməlidir. Bununla belə, dövlət rüsumunun tutulmasına dair hissədə də qətnamə dəyişdirilərək cavabdehdən tutulmalı rüsum məbləği 121,1 manat həddində müəyyən edilməlidir.
39. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının MPM-in 372.1, 384, 392-393, 402 və 405-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qət etdi : Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Ağdam Rayon Məhkəməsinin 02 aprel 2025-ci il tarixli 2(013)-21/2025 nömrəli qətnaməsi «Cavabdeh 461,39 manat faiz, 21,57 manat cərimə - cəmi 10406 (on min dörd yüz altı) manat 76 (yetmiş altı) qəpik borc və ödənilmiş dövlət rüsumu əvəzində 121,23 manat tutularaq "xxxx" KB ASC-nin xeyrinə ödənilməsi» hissədə dəyişdirilsin. Kredit müqaviləsi üzrə faiz borcu 443,37 (dörd yüx qırx üç manat otuz yeddi qəpik) manat, cərimə borcu 0.51 (əlli bir qəpik) manat, cəmi borc 10367,68 (on min üç yüz altmış yeddi manat altmış səkkiz qəpik) manat müəyyən edilsin. İddia ərizəsi verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi 121,1 (bir yüz iyirmi bir manat on qəpik) manat Cavabdeh tutularaq "xxxx" KB ASC-yə ödənilsin. Apellyasiya şikayəti qalan hissədə təmin edilməsin. Qətnamə qalan hissədə dəyişdirilmədən saxlanılsın. Qətnamədən işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən tələbləri təmin olunmayan şəxs(lər) tərəfindən 2 (iki) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasına kassasiya şikayəti verilə bilər. Qətnamədən kassasiya şikayəti verilməzsə, o, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində qanuni qüvvəyə minir.